Azərbaycanın Milli Qəhrəmanları

 

Novruzov Ələsgər Xanlar oğlu

 

1949-cu il avqustun 1-də Laçın rayonunun Kürdhacı kəndində anadan olub. 1966-cı ildə kəndlərindəki orta məktəbi bitirib və 1968-1970-ci illərdə əsgəri xidmətdə olub. Hərbi xidmətini başa çatdırdıqdan sonra 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olub. 1973-cü ildə texnikumu bitirərək bədən tərbiyəsi (indiki fiziki tərbiyə) müəllimi ixtisasına yiyələnib. 1979-cu ildə Xocalı şəhərinə köçərək öz ixtisası üzrə müəllim işləyib. 1988-ci ildə yaranan Xocalının Müdafiyə Şurasının ilk beş üzvündən biri də Ələsgər olub. Azğınlaşmış erməni işğalçılarına qarşı keçirilən əməliyyatlarda o, həmışə fərqlənib. Eyni zamanda Ələsgər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıya hücumu zamanı soydaşlarımızın təhlükəsizliyini təmin etmək üçün bütün bacarığı ilə vuruşub.

Ə.Novruzovu düşmən həmin döyüşlər zamanı çox çətinliklə də olsa əsir götürüb və işgəncə ilə qətlə yetiriblər.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 553 nömrəlı Fərmanı ilə Novruzov Ələsgər Xanlar oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Laçın rayonunun Kürdhacı kəndində dəfn olunub. 

 

Nuriyev Elnur Eyvaz oğlu

 

1975-ci il avqustun 22-də Zəngilan rayonunun Cahangirbəyli kəndində anadan olub. 1992-ci ildə kəndlərindəki orta məktəbi bitirib. 1993-cü ildə Zəngilan Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına hərbi xidmətə çağırılıb. Qısa müddət sınaq-məşq toplantısı keçdikdən sonra döyüşlərdə iştirak etmək üçün Füzuli bölgəsinə göndərilib. Elnur  sonra xidmət etdiyi hərbi hissədən Tərtər bölgəsinə yollanıb. Qapanlı, Seysulan kəndlərinin  erməni işğalçılarından azad edilməsində xüsusi döyüş əzmkarlığını nümayiş etdirib. O, qəlbində Vətən sevgisi, torpaq istəyi olan cəsur bir döyüşçü kimi komandirləri tərəfindən verilən bütün döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirib. Döyüşçü yoldaşlarının, dostlarının hörmətini, məhəbbətini qazanıb.1994-cü ildə Gəncə şəhərinə göndərilib.

E.Nuriyev 1994-cü il Gəncə hadisələri zamanı döyüş tapşırığını yerinə yetirərkən həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 nömrəli Fərmanı ilə Nuriyev Elnur Eyvaz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Kürdəmir şəhərində Şəhidlər xiyabanında dəfn olunub.

 

Ocaqverdiyev Sərxan Surxay oğlu

 

1967-ci il iyulun 16-da Goranboy rayonunun Səfikürd kəndində anadan olub. 1985-ci ildə Tatarlı kənd orta məktəbini bitirdikdən sonra Xabarovsk şəhərində hərbi xidmətdə olub. 1988-ci ildə hərbi xidmətini başa çatdıraraq Vətənə qayıdıb və Gəncə Maşınqayırma Texnikumuna daxil olub. 1991-ci ildə təhsilini müvəffəqiyyətlə başa çatdıraraq Gəncə Maşınqayırma Zavodunda əmək fəaliyyətinə başlayıb. Vətənini, xalqını, torpağını sonsuz məhəbbətlə sevən Sərxan 1992-ci ildə Goranboy özünümüdafiə batalyonuna üzv yazılıb. Şəfəq, Zeyvə, Tap-Qaraqoyunlu kəndlərinin müdafiəsi zamanı erməni işğalçılarına qarşı gedən qanlı döyüşlərdə bacarıqlı bir əsgər kimi igidliklər göstərib. O, eyni zamanda düşmənə qarşı aparılan döyüş əməliyyatları vaxtı komandirlərinin verdiyi bütün tapşırıqları nümunəvi bir şəkildə yerinə yetirib.

S.Ocaqverdiyev 1992-ci il mayın 5-də ermənilər Talış kəndinə hücuma keçərkən  həmin qanlı döyüşdə qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Ocaqverdiyev Sərxan Surxay oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Goranboy rayonunun Səfikürd kəndində dəfn olunub. Təhsil aldığı Tatarlı kənd orta məktəbi onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulub.

 

Orucov Vəzir Surxay oğlu

 

1956-cı il dekabrın 26-da Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Orta təhsilini  doğma kəndlərindəki orta məktəbdə alıb. 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olub.1975-ci ildə hərbi xidmətə çağırılıb. Vəzir 1977-ci ildə ordudan tərxis olunduqdan sonra yarımçıq qalmış təhsilini davam etdirib. O, 1984-cü ildə Rusiyanın Arxangelsk vilayətinə köçüb. 1992-ci ildə Vətənə  dönərək mayın 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olub. Sıravi döyüşçü kimi mübarizəyə başlayan Vəzir batalyon komandirinin müavini vəzifəsinə kimi yüksəlib. V.Orucov torpaqlarımız uğrunda gedən döyüşdə şücaət göstərib. Düşmənin bir çox "mühüm" planlarını pozub. O, 1992-ci il sentyabrın 1-də Çıldıran kəndi uğrunda  gedən döyüşdə yaralanıb. Müalicə olunaraq yenidən cəbhə bölgəsinə qayıdıb.

V.Orucov 1993-cü il martın 22-də Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 nömrəli Fərmanı ilə Orucov Vəzir Surxay oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.

 

Paşayev Baxşeyiş Xanəhməd oğlu

 

1936-cı il mayın 1-də Ağdam rayonunun Əhmədavar kəndində anadan olub. Yeddinci sinfi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. 1954-cü ildə texnikumu bitirərək Ağdam Atçılıq Sovxozunda mexanizator işləməyə başlayıb. 1965-ci ildən sürücü kimi fəaliyyətə başlayan B. Paşayev sonralar xalq hərəkatına qoşulub və tez bir zamanda "Qarabağ Müdafiə Şahinləri" dəstəsinin ən fəal döyüşçülərindən olub. Xramort kəndinin erməni işğalçılarından təmizlənməsində igidlik göstərib. Baxşeyiş mahir atıcı olmaqla yanaşı, həm də gözəl kəşfiyyatçı kimi dəfələrlə Fərrux, Aranzəmin, Naxçıvanik, Xanabad kəndlərində kəşfiyyatda olub.

1992-ci il iyulun 12-də Xanabad kəndinə hücuma keçən zaman Baxşeyişin dəstəsi düşmənin 7 postunu ələ keçirib. Gərgin keçən həmin döyüşdə B.Paşayev qəhrəmancasına həlak olub.

Ailəli idi. Doqquz övladı var.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə Paşayev Baxşeyiş Xanəhməd oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ağdam rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.

 

 

Azərbaycan müəllimi.- 2011.- 28 yanvar.- S.22.