SSRİ-nin həbsxana
və düşərgələr şəhəri
Maqadana 10 mindən
çox azərbaycanlı sürgün olunub
(Əvvəli qəzetimizin
14 yanvar tarixli nömrəsində)
Heç yana
qaçmaq mümkün deyildi...
Vilayətin əbədi buzlaq ərazi
olduğunu nəzərə alsaq, buraya ərzaq, geyim, ümumiyyətlə,
hər şey səkkiz min kilometr uzaqdan gəmilərlə gətirilirdi.
O da yalnız simal dənizlərinin buzu əriyəndə
mümkün idi. Mən də Oxot dənizi sahilindəki
Naqayev buxtasında su donanda oldum. Amma bu gün buzqıran
yük gəmiləri bu yerlərə qışda da gedib-gələ
bilirlər. 30-cu illərdə Kalımda yaradılan mədənlərdə
azad insanlar da, xüsusı komsomol putyovkası ilə buraya
göndərilənlər də işləyirdilər. Bu mədənlərin
yanında tikanlı məftillər arasında isə həbs
düşərgələri vardı. Həmin düşərgələrin
hər birində orta hesabla 2 min nəfər dustaq olub. Bu qədər
adamı yeməklə təmin etmək çox böyük
problem idi. Buranın qışı isə çox çəkir.
Ona görə də dustaqlar azad və ya qismən azad adamlarla
alış-veriş edirdilər. Bunun üçün burada
"qara bazar" kimi bir alış-veriş mövcud idi. Amma
bu alış-verişdə nə pul, nə də tərəzi
var idi. Məsələn, on qram çayın dəyəri on
qram qızıla bərabər idi. Beləliklə, maxorka,
çörək və qəndə dəyişdirilən
qızılların taleyi rəhbərliyi azacıq da olsa,
narahat etmirdi.
Əvvəla,
dustaqlar arasında olan satqınların xəbərçiliyi
ilə baraklarda və yaxud ərazidə gizlədilən
qızılları qəfil axtarış aparmaqla aşkar
edirdilər. İkincisi isə buradan heç yana qaçmaq
mümkün deyildi. Bir tərəf dəniz, okean, digər tərəf
isə tayqa meşələri. Qaçan dustaqlar isə canavarlara
və ya Şimal ayılarına yem olurdular, ya da yenidən həbs
olunub güllələnirdilər. Onsuz da açıq havada
işləyənlərin bəziləri mənfi 50-60 dərəcə
şaxtaya tab gətirməyib donur və ya acından
ölürdülər. Belələri, sadəcə
olaraq, əşya kimi çıxdaş olunurdu. Şifrələnmiş
düşərgə terminologiyasında bu "Arxiv-tri"
adlanırdı. Sakinlərinin sayı orta hesabla 2 min olan bir düşərgənin
"Arxiv-tri"nin nə qədər böyük
siyahısı olduğunu təsəvvür edin. Lakin növbəti
"xalq düşmənləri"nin gətirilməsinə
qədər burada olan ucuz işçi qüvvələrini həm
də qoruyub saxlamaq lazım idi. Bəlkə də elə buna
görə idi ki, mərkəzdən gələn əmrlərin
bəzilərində "bu siyahıdakıların güllələnməsini
təklif edirik" yazılırdı.
Həmin düşərgələrin yaxınlığında qəbiristanlıqlar olub. Ona görə ki, burada ən çox lazım olan da elə bu idi. Çünki bu düşərgələrdə hər gün ölənlər olurdu. Çox vaxt əvvəlcədən lağımlar qazılır, 10-15 və daha çox adam bir yerdə basdırılırdı. Adətən hər qəbirin baş tərəfində bir dirək basdırılıb və onun üzərinə konserv qabının ağız kəsiyində həmin adamın nömrəsi mismarla deşilərək yazılmışdı. Məsələn, "A-28". Bir çox dirəklərdə isə nə dəmir parçası, nə ad, nə də tarix var. Bu kütləvi qırğın qurbanlarının sayının və kimliyinin gizlədilməsi üçün bəzi düşərgələrdə baraklar da, qəbirüstü dirəklər də sökülüb. Diqqətimi çəkən o oldu ki, sağ qalanlar bu gün də burada o zaman baş verən hadisələr haqqında danışmaqdan qorxurlar. Sürgün olunanların övladları da həmçinin.
Acı taleli
insanların axtarışında
1956-cı ildə həbsdən azad
olunanların bəzilərinin materikə geri dönməsinə
qadağa qoyuldu. Getmək icazəsi olanlar arasında isə
geriyə dönmək istəməyənlər də
vardı. Həmin adamlar dustaqlar tərəfindən
tikilmiş baraklarda qalıb yaşayıblar. Amma daha həbsxana rejimi və silahlı gözətçilər
yox idi. Onlar yenə mədənlərdə qızıl dənəcikləri
yığıb təhvil verib, pul qazanıb, ailə qurub, elə
burada da ömür sürüblər. Belə insanların
ömrü öz Vətənindən xeyli uzaqda itkin
düşmüş adam kimi başa çatıb. Bu gün mən
elə bu acı taleli insanların axtarışındayam. Sərt
soyuğu və amansız şimal küləyi ilə məşhur
olan Maqadan vilayətindəki həbs düşərgələrinin
çətin yollarından keçən və keçə
bilməyənlərin 90 faizinin acınacaqlı taleyi hələ
də onların doğmaları üçün qaranlıq
qalmaqdadır. Arxiv sənədlərindən biri: 20.02. 1938 O/u
XDİK. 8-ci şöbə. Çerenkovaya ..."Eyni zamanda
70 nəfər müttəhimin istintaq işini sizə göndərirəm.
Bu adamlar üçlüyün qərarı ilə ən yüksək cəzaya məhkum
olunub. Həbs olunanların hamısı Xatınnaxa göndərilib.
UŞ üzrə XDİK-in R.Ş rəis müavini
Malişevski". Xatınnax ölümə məhkum
olunanların həbsxana və ölüm düşərgəsi
idi.
Xatınnax da Kalım yolu boyunca olan düşərgələrdən, mədənlərdən biridir. Həmin 70 nəfər bu düşərgənin ərazisində güllələnib. Amma təkcə bu 70 nəfər yox, buna bənzər bir neçə qərar və əmrlərə rast gəlmək olar. Bu gün bu ərazidə nə qədər insan uyuduğunu təsəvvür etmək çətin deyil. Ümumiyyətlə, güllələnmə aktlarının icraçısı kimi leytenant Kedrov, serjant Melnikov, XDİK-də rəis müavini Volodin, XDİK-in komendantı Kuzmenko kimi soyadlara tez-tez rast gəldim. Güllələnmə aktlarının hər birində icraçı kimi (YPKM) Fəhlə və Kəndli Milis İdarəsinin rəisi Kedrov iştirak edib.
Yalnız
6 və 8 avqust 1938-ci ildə 138 nəfər güllələnib.
Aktlarda adamların kütləvi şəkildə güllələnmə
yerləri kimi Orotukan, mərkəz OQPU, mədənlər
"Verxniy At-Uryax", "Nijniy At-Uryax",
"Tumannıy","Maldyak" göstərilmişdi.
Ölüm
aktları tez-tələsik yazılıb. Məsələn,
11 aprel 1938-ci ildə Maqadanda güllələnən
Bakıdan sürgün edilmiş Aşımov Mali
Aşım-Zarenin (olduğu kimi yazıram) arxiv nömrəsi
P 16338, soyadı 1989-cu ildə reabilitasiya (bəraət) haqda əmrdə
Babaqaşim-zade kimi yazılmışdır. Bəzən
adamlar güllələnir, sonra aktlar tərtib edilirdi.
1989-cu ildə reabilitasiya olunmuş bir azərbaycanlı haqqında məlumat yalnız Qəmbər oğlu kimi yazılmışdır. Arxiv nömrəsi P 17192. Göründüyü kimi, bəzi insanların adları, soyadları və atalarının adlarını göstərməyi belə vacib bilməyiblər. Vacib olan aktı tərtib edən zabit və ya serjantların soyadı ilə imzası və Uzaq Şərq üzrə Xalq Daxili İşlər Komissarları İdarəsi rəisinin imzası və möhürü olan bir kağız parçası idi. Qalan işləri buradakı insanlıq dərəcəsindən çıxmış cəlladlar yerinə yetirirdilər.
Yerli əhalinin
dediklərindən...
Anatoli
İvanoviç Starkov, RF Jurnalistlər Birliyinin üzvü,
jurnalist:
- Burada
olan həbsxana və düşərgələri əsl insan
üyüdən dəyirmana bənzətmək olar. Elə
bilirsən insanları məhv etməklə işlərini
bitmiş bilirdilər? Xeyr. Onlar bunun üçün akt tərtib
edib insanları yararsız əşya kimi çıxdaş
edirdilər. Vaxtı ilə geoloqlar üçün buraya gətirilmiş
xizəkli evləri sonralar çəkib düşərgələrə
gətirib, bu evlərin içində barmaqlıqlar düzəldiblər.
15-20 nəfəri həmin evlərin içinə
yığıb əvvəlcədən düşərgədən
aralı qazılmış böyük xəndəyin
yanına çəkib onları şaxtanın ixtiyarına
buraxırdılar. Səhər isə gedib artıq donmuş cəsədləri
basdırırdılar. Bu məhbuslar da "güllələnsin"
əmri ilə aktlaşdırılırdı.
Mixail
İsakoviç Knyajanskini burada hamı
tanıyırdı.1973-cü ildə vəfat etdi.
O deyirdi
ki, bir çoxları kimi mən də cəzamı çəkib
başa vurdum. Məni düşərgə qapısından
çölə buraxan əsgər arxadan tüfəngin
qundağı ilə vurub,"get, onsuz da gəbərəcəksən"-dedi.
Başımdan vurduğuna görə hər şey gözlərim
önündə qaraldı. Ətrafı yaxşı
görmürdüm. Bu yerlərin şaxtasında hərəkətsiz
qalmaq ölüm demək idi. Elə buna görə də irəliyə,
azadlığa tələsirdim. Yol boyu məndən əvvəl
buraxılanların donmuş cəsədlərinə
ilişirdim. Özümü ya qəsəbəyə, ya da
Kalım yoluna çatdırmağa
çalışırdım. Donub ölməkdən qorxurdum.
Gözümü açanda özümü bir qadının
evində gördüm. Sən demə, yola çıxan bu
qadın məni tapıb, nəfəs aldığımı
görüb sürüyə-sürüyə evinə gətirib.
Birdən ağlıma gəldi ki, axı mən niyə ateist
olmuşam. Tanrı var imiş. Doğrusu, mən ilk dəfə
idi ki, pıçıltı ilə deyirdim: "Çox
şükür sənə, Allah, sağ qaldım".
Qəsəbə
sakinləri həbsdən buraxılanlara kömək etmək
üçün tez -tez bu yola çıxırdılar...
Anatoli İvanoviç buna bənzər olaylardan mənə
çox danışdı. Amma onların içərisində
bir fikir diqqətimi daha çox cəlb etdi. O, fəxrlə
qeyd etdi ki, "materik"dən fərqli olaraq Şimalda
yaşayan insanlar bir-birinə, xüsusi ilə də qonağa
kömək etməyə çalışırlar. Bu adət
bəlkə də o zamanlardan qalan adətdir. Mən həqiqətən
də Maqadan vilayətində bu
qonaqpərvərliyin şahidi oldum.
Butuqıçaq "ölüm
düzənliyi" deməkdir
Çoxsaylı
Kalım düşərgələri sırasında
Butuqıçaq düşərgəsi xüsusi ilə fərqlənirdi.
Ərazisinin uzunluğu 12, eni isə 3-4 kilometr olan bu
düşərgə qadın dustaqlar tərəfindən
inşa edilmişdir. Bu qadınlar sürgün edilmiş
kişilərin həyat yoldaşları, anaları,
bacıları, qızları idilər. Onlar beş ərazidən,
"zon"dan ibarət olan düşərgədən
başqa, iki düzənlik və iki aşırmadan keçən
məşhur "Butuqıçaq dairəsi" adlanan yol da
salmışlar. Bunu heç yerli tarixçilər də
bilmirlər.
1938-ci il
oktyabrın 8-də bu düşərgə Cənub-Şərqi
Dağlıq İstehsalat
İdarəsinin tərkibinə daxil edildi. Beləliklə,
"Dalstroy"un çoxsaylı düşərgələrinin
sayı artmaqda idi. Görəsən çoxdan pas
atmış konserv qapaqları üzərində adları
şifrələnmiş bu insanlar kimlər olub, adları nə
idi?! Çox təəssüflər olsun ki, hələ
dünyanın heç bir tarixçisi bu suala da dəqiq cavab
tapa bilməyib.
İkinci
Dünya müharibəsinin başlanması buraya da öz təsirini
göstərdi. Düşərgədə dustaqlara nəzarət
rejimi gücləndirildi, iş saatı artırıldı.
"Dalstroy"un rəisi Nikişovun 1941-ci il mayın 13-də
imzaladığı əmrə əsasən qızılyumada
işlədilən dustaqlar 11 saatlıq iş gününə
keçirildi. Bir həftə sonra bu, 12 saata
qaldırıldı.
Ümumiyyətlə,
"Dalstroy"un düşərgələrində
dustaqların saxlanma rejimi təxminən eyni olub.
Butuqıçaqda həlak
olanların sayı daha çox idi. Ona görə ki, burada
uran emal etmək üçün torpağı əl
arabası ilə mədəndən bayıra, oradan da fabrikə
daşıyırdılar. Bu yazıqlar heç
ağıllarına belə gətirmirdilər ki, bu,
açıq-aşkar ölümdür. Sağ qalmış
dustaqların dediyinə görə, burada ildə təxminən
20-25 min adam məhv olurdu. Even dilindən tərcümədə
Butuqıçaq "ölüm düzənliyi" deməkdir.
Bu
ağır iş rejimi dustaqlar arasında kütləvi xəstəliklərə
gətirib çıxarırdı. Onlar ürək
çatışmazlığından tələf olurdular. Az
sonra sinqa adlanan xəstəlik nəinki Butuqıçaqda, eləcə
də bütün Kalım ərazisində
qarşısıalınmaz bir bəlaya çevrildi. Bu xəstəliyə
tutulanlar başgicəllənməsi, dişlərin
tökülməsi və ürək bulanmasından şikayətlənirdilər.
Ölüm hadisələrinin sayı gündən-günə
çoxalırdı. Bu vəziyyət 1948-ci ildə daha da
böyük vüsət aldı. Çünki həmin il
Butuqıçaqda 5 nömrəli xüsusi düşərgə
olan "Berlaq"ın 4
nömrəli düşərgə məntəqəsi
yaradılmışdı. "...Bununla əlaqədar olaraq
burada uran yataqları yaxınlığında 1 nömrəli
kombinat istehsalata buraxılmışdı. Kombinat
üçün çalışan düşərgə məntəqələrində
dustaqların sayı 2243 nəfər idi". "...1951-ci ildə
"Dalstroy"un birinci bölməsində 12 minə
yaxın adam işləyirdi. 1955-ci ilin yanvar ayında
"Dalstroy"un rəisi Mitrakovun əmri ilə
"Butuqıçaq" mədəninin fəaliyyəti
dayandırıldı.
Butuqıçaq Kalım torpağının həqiqətən ağrı-acısıydı. Bu gün də buranın səmasında haray çəkən ruhların ahı, naləsi sanki hiss olunur. Törədilən vəhşiliklərin şahididir Butuqıçaq. Lakin görünməmiş vəhşiliklərin canlı şahidini qoruyub saxlamaq, muzey kimi gələcək nəsillərə göstərmək barədə, təəssüf ki, heç düşünmürlər. Hətta Butuqıçaqdakı köhnə qəbiristanlıqda üstü açılmış qəbirlər gördüm. Üzərində şifrələnmiş olan, çıxarılıb atılmış məzarüstü dirəklər isə sanki, öz yerini axtarırdı. O vaxtdan 70-80 il keçməsinə baxmayaraq, buradakı hər bir düşərgə aləti, yanı üstə düşmüş dirəklər üzərindəki tikanlı məftillər diqqətimi cəlb edirdi. Bələdçim mənə yarısökülü bir tikili göstərdi - BUR. Bu, Gücləndirilmiş Rejimli Barak olub. Dəmirçi sexində əllə düzəldilmiş barmaqlıqlar sökülüb barakın ortasına atılıb. Mənim nəzərimi daha çox cəlb edən isə qapı oldu. Artıq istifadəsiz hala düşmüş bu qapının üzərindəki kilid sanki hələ də öz işini görməkdə davam edirdi. Diametri 1 metr olan dəmir boru isə bu cəhənnəmin qalın divarında yerləşdirilib. Bu isə içəriyə soyuq hava doldurmaq üçündür. Qanunlara tabe olmayanlar, yeni quruluş haqda xoşagəlməz söz deyənlər, işə çıxmağa etiraz edənlər və s. buranın sakinləri olurdular.
(Ardı var)
Binnət ƏSGƏROV
Azərbaycan müəllimi.- 2011.-
28 yanvar.- S.21.