Bakı Avropa Liseyi təlimdə innovative
yanaşmalara dair
seminar keçirdi
Son illər liseyin uğurla
tətbiq etdiyi İnkişafetdirici Fənlərarası
Təlim (FAT) proqramının
təqdimatı oldu.
Əsasən intellektual cəhətdən istedadlı
uşaqların ümumi təhsil alması üçün nəzərdə
tutulmuş Bakı Avropa Liseyi yarandığı gündən
özünün yüksək təhsil göstəriciləri
ilə fərqlənir. Ölkənin ən yüksək reytinqə malik
ümumtəhsil müəssisələrindən
biri sayılan liseyin uğurlarının əsas səbəbi,
mütəxəssislərin fikrincə, burada yüksək təlim
mühitinin mövcud olması, təlimin təşkilinə
innovativ yanaşmalar, lisey rəhbərliyinin və pedaqoji
kollektiv üzvlərinin bu sahədə apardıqları məqsədyönlü
elmi-metodik axtarışlar və onların nəticələrinin
tədrisə tətbiqi, dərslərdə ən müasir təlim metod və texnologiyalarından
istifadədədir. Xeyli müddətdir ki, respublikamızda yeganə olaraq məhz
bu təhsil ocağında intellektual istedada malik şagirdlərin
yüksək idraki tələbatlarının ödənilməsinə
imkan verən xüsusi təlim proqramı -
İnkişafetdirici Fənlərarası Təlim (FAT)
proqramı tətbiq olunur. Qeyd olunan istiqamətlərdə
toplanmış təcrübəni paylaşmaq, FAT proqramı
üzrə keçilən dərsləri nümayiş etdirmək
məqsədi ilə yanvarın 21-də liseydə "Təlimdə
innovativ yanaşmalar" mövzusunda
seminar keçirildi.
Seminarda
Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanov, nazir müavini İsgəndər İsgəndərov,
nazirliyin şöbə müdirləri Fərzəli Qədirov,
Aydın Əhmədov, Təranə Hacıyeva, Bayram
Hüseynzadə, Təhsil Problemləri İnstitutunun direktor
müavini Ənvər Abbasov, professor Mirzəli Murquzov, əməkdar
müəllim Arif Muradov, paytaxtın bir sıra məktəblərinin direktorları
iştirak edirdilər.
Seminar zamanı liseyin müəllimləri Bahar Kərimovanın
FAT proqramı üzrə 3 "a1" sinfində
"İnsanın insana təsiri birbaşa və dolayı ola
bilər", Xumar Əhmədbəylinin 5 "a1" sinfində
"İzlər keçmişi bərpa etməyə imkan
verir", Viktoriya Nazarovanın 8 "r2" sinfində
"Adaptasiya: tolerantnost kak fenomen sosialnoy adaptasii", Aynur
Rüstəmovanın 7 "a1" sinfində Azərbaycan
dilindən "Feli bağlama haqqında ümumi məlumat",
Gülzar Ramazanovanın 8 "a2" sinfində fizikadan "Səs
dalğaları", İlhamə Abdullayevanın 5
"a1" sinfində riyaziyyatdan "Birrəqəmli ədədə
bölmə" mövzularında dərslərinin
dinlənilməsi nəzərdə
tutulmuşdu.
Konfrans zalında
təhsil naziri Misir Mərdanovu və digər
iştirakçıları səmimi salamlayan liseyin direktoru, əməkdar
müəllim Zülfiyyə Veysova seminarın məqsədi və
proqramı haqqında onlara qısa məlumat verdikdən sonra
seminar iştirakçılarının dinləniləcək
dərslər üzrə
bölgüsü aparıldı.
Təhsil naziri Misir Mərdanov müəllim Xumar Əhmədovanın
5 "a1" sinfində Fənlərarası Təlim
proqramı üzrə apardığı dərsdə
iştirak etdi.
"İzlər keçmişi bərpa etməyə imkan
verir" mövzusu öyrənilən dərsdə müəllim
öncə varislik nədir sualı ətrafında iş
apardı. Lövhədən müxtəlif tarixi mərhələlərdə
yaşamış insanların başları və kəllə
skeletlərinin şəkilləri əks olunan plakat
asıldı. Şəkillər əsasında insanın
inkişaf prosesini izləyən şagirdlər bu prosesdə
varisliyin mühüm rol oynadığı qənaətinə
gəldilər və varislik haqqında fikirlərini söylədilər.
Sonra keçmişdən qalan izlərin insan həyatında nə
kimi əhəmiyyət kəsb etməsi məsələsi
aydınlaşdırıldı. Müəllim sinfi hər
birində 4 şagird olmaqla 8 qrupa bölərək qruplara
mövzu ilə bağlı müstəqil iş tapşırdı.
Təhsil naziri sonra müşahidəsini müəllim
İlhamə Abdullayevanın 4 "a1" sinfində
keçdiyi riyaziyyat dərsində davam etdirdi. Bu dərsdə də müəllim
əyani vəsaitlərdən geniş istifadə edərək
"Birrəqəmli ədədə bölmə"
mövzusunu şagirdlərə mənimsətdi. Bu zaman şagirdlərin çoxrəqəmli ədədlərin
mərtəbələrinə ayrılması, üçrəqəmli
ədədin təkrəqəmli ədədə
bölünməsi ilə bağlı əvvəlki dərslərdə
aldıqları biliklərinə istinad olundu, müstəqil
işi təşkil edildi.
Dərslərin dinlənilməsi başa çatdıqdan
sonra təhsil naziri bir neçə sinif otağına baş
çəkərək dərslərin gedişi, siniflərin
tərtibatı ilə maraqlandı, müəllim və şagirdlərlə
söhbət etdi.
Müəllimlər, naziri müşayiət edən
direktor Z.Veysova siniflərdəki vəziyyət, onların tərtibatı
haqqında nazirə məlumat verdilər. Aparılan tərtibat
işlərində, liseydə yüksək təlim mühitinin
yaradılmasında valideynlərin yaxından
iştirak etdikləri
vurğulandı.
Təhsil naziri liseydə gördüklərindən
razı qaldığını söyləyərək
bütün bunların çox böyük zəhmət
bahasına başa gəldiyini bildirdi. Ayrı-ayrı sinif otaqlarında
yaradılmış şəraiti, onların tərtibatını
yüksək qiymətləndirən nazir siniflərdə
müşahidə etdiyi bəzi cəhətləri, o cümlədən
hər sinfin özünəməxsus tərtibatı
olmasını, ayrı-ayrı sinif otaqlarında şagirdlərin
reytinq cədvəllərinin, müəllimlərin şagirdlərlə
birlikdə şəkillərinin, Azərbaycan
Respublikasının inzibati xəritəsinin
asılmasını, şagirdlərin vahid məktəbli
formasında olmasını, valideynlərin, təcrübəçi
tələbələrin dərslərdə
iştirakını xüsusi qeyd edib, bunların onda xoş təəssürat
yaratdığını bildirdi.
Valideynlərin sözünün ictimai rəyə
güclü təsiri olduğunu söyləyən nazir təhsil
ocaqları ilə valideynlərin əlaqəsinin daha da
gücləndirilməsinin, onlarla müəllimlər
arasında isti münasibətlər yaradılmasının
vacibliyini diqqətə
çatdırdı.
Sonra liseyin
konfrans zalında dinlənilən dərslərin müzakirəsi
aparıldı. Təhsil naziri və seminarın digər
iştirakçıları dinlədikləri dərslərin
çox maraqlı olduğunu, yüksək səviyyədə
qurulduğunu, FAT proqramı ilə işləyən müəllimlərin
yüksək hazırlıq və metodik məharət
nümayiş etdirdiklərini, şagirdlərin dərslərdə
fəal iştirak etdiklərini, fəal təlim metodlarına
geniş yer verildiyini qeyd edib onları yüksək qiymətləndirdilər,
bəzi məsləhət və
tövsiyələrini verdilər.
Seminarda
Bakı Avropa Liseyinin direktoru Zülfiyyə
Veysova özünün və pedaqoji kollektivin təlimə
innovativ yanaşma sahəsində yaradıcı
axtarışlarının nəticəsi kimi tədris ocağında
1993-cü ildən tətbiq olunan və son illər uğurlu nəticələr
verən Fənlərarası Təlim (FAT) proqramı
haqqında geniş təqdimatla çıxış etdi.
Təqdimatında
öncə proqramın zəruriliyindən, intellektual cəhətdən
inkişaf etmiş istedadlı uşaqların xüsusiyyətlərindən
söz açan Z.Veysova diqqətə çatdırdı ki,
İnkişafetdirici Fənlərarası Təlim (FAT)
proqramı məktəbin baza proqramını asanlıqla
qavrayan və yaşıdlarından intellektual cəhətdən
daha çox inkişaf etmiş uşaqlar üçün nəzərdə
tutulub. Hazırda I-IX siniflərdə tətbiq
olunan həmin proqram üzrə dərsləri liseyin ən
hazırlıqlı, yüksək intellektə malik, yenilikləri
öyrənməyə və tətbiq etməyə
böyük həvəsi olan
müəllimlər aparırlar.
Fənlərarası təlim kursunun
dünya təcrübəsində elmi cəhətdən təsdiq
olunmuş və istedadlı uşaqlara yönəlmiş tədris
prinsipləri əsasında yaradıldığını deyən
təqdimatçı bildirdi ki, proqramın əsas məqsədi
istedadlı uşaqların xüsusi idraki tələbatlarının
ödənilməsi, yaradıcı potensialının və
intellektual səviyyələrinin tam inkişafını təmin
edəcək şəraitin yaradılması, yaradıcı,
tənqidi və məntiqi təfəkkürünün,
problemi həlletmə bacarığının inkişafı,
həyata səmərəli uyğunlaşmasının və
müvəffəqiyyət qazanmasının təmin edilməsi,
biliklərin sərbəst əldə olunması, elmi-tədqiqat
bacarıq və vərdişlərinin formalaşdırılması və
sairdir.
Sonra Z.Veysova proqramın əsasını təşkil
edən standartlar, hər standart üzrə şagirdlərin
əldə etdiyi təlim nəticələri,
İnkişafetdirici Fənlərarası
Təlim (FAT) proqramının
əsas prinsipləri,
məzmunu haqqında məlumat verdi.
Bildirdi ki, Fənlərarası Təlim Proqramı özündə tematik fənlərarası inteqrasiya
konsepsiyasına əsaslanan
təlimi əks etdirir. Bu növ
inteqrasiyanın əsasını
təbiətdə, cəmiyyətdə,
insan həyatında və onun yaratdığı
əşyalarda mövcud
olan ümumi, fəlsəfi qanunauyğunluqlar
təşkil edir.
Proqramın quruluşu haqqında
danışan liseyin direktoru tədris planına əsaslanaraq hər bir tədris
ili üçün
bir qlobal fəlsəfi mövzunun ayrıldığını və
beləliklə, I sinifdən
başlayaraq IX sinfədək
9 mövzunun (1.Struktur; 2. Dəyişmə; 3.Təsir;
4.Qayda; 5.Varislik; 6.Sistem; 7.Qüvvə, 8.Adaptasiya;
9.Qarşılıqlı əlaqələr.)
öyrənildiyini, hər hansı tədris ilinə məxsus olan bölmənin seçilməsinin
ümumtəhsil proqramının
xüsusiyyətlərindən, fənlərarası təlim
kursunun məntiqi quruluşundan və şagirdlərin yaşlarına
uyğun maraqlarından
asılı olduğunu
vurğuladı.
Təqdimatda
FAT proqramının tərkib hissələri, istifadə olunan
metodlar, təlim texnologiyaları, resurslar, şagirdlərin
işləri, məktəbdənkənar məşğələlər
və əldə olunan nəticələr barədə də
ətraflı məlumat verildi.
Təqdimat
başa çatdıqdan sonra Z.Veysova seminar
iştirakçılarını maraqlandıran bəzi məsələlərə
aydınlıq gətirdi. Tədbirdə seminar
iştirakçılarına FAT-la bağlı liseyin
hazırladığı metodik vəsaitlər paylandı.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.-
28 yanvar.- S.3.