"Elektron təhsil" layihəsinin təqdimatı
Yanvarın 25-də Təhsil Nazirliyində
"Elektron təhsil"
layihəsinin təqdimat mərasimi keçirilib.
Mərasim
iştirakçılarını salamlayan təhsil naziri Misir
Mərdanov ölkəmizdə təhsil sisteminin
informasiya-kommunikasiya texnologiyaları ilə təminatı məsələlərinə
xüsusi diqqət yetirildiyini bildirib. Nazir "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" çərçivəsində 20 orta təhsil
müəssisəsinin "Elektron məktəb" pilot layihəsinə
qoşulduğunu, yaxın müddətdə isə daha 30 tədris
ocağında bu yeniliyin tətbiq olunacağını nəzərə
çatdırıb.
Təhsil
sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə
görə Azərbaycanın MDB məkanında öncül
yerlərdən birini tutduğunu qeyd edən "Ultra"
şirkətinin prezidenti Tahir Mirkişili "Elektron təhsil"
layihəsi haqqında məlumat verib. Artıq ölkə
üzrə 1000 məktəbdə elektron dərslərdən
istifadə imkanının olduğunu vurğulayan
T.Mirkişili Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının
məlumat sistemləri (TİMS) şöbəsinin məlumatları
əsasında 4500 məktəbin şagird və müəllim
kontingenti barədə məlumatların Data mərkəzə
daxil edildiyini söyləyib.
"Elektron
təhsil" layihəsinin həyata keçirilməsi istiqamətində
görülmüş işləri nəzərə çatdıran
"Ultra" şirkətinin şöbə müdiri Sərxan
Məmmədov layihənin üstün cəhətlərini
sadalayıb. "Elektron təhsil" layihəsinin Təhsil
Portalı (www.edu.az), "Elektron məktəb" İdarəetmə
Proqramı (ASM), Elektron Dərsləri İdarəetmə
Proqramı (AeL), Elektron Dərslər (SCORM standartları) və
Milli Təhsil Məlumat Bazasını (NED) özündə
birləşdirdiyinə diqqət çəkən S.Məmmədov
layihənin məktəb idarəetməsi, qiymətləndirmə,
tədrisin səviyyəsinin yüksəldilməsi, valideyn-məktəb
münasibətləri, təhsil sahəsinə dair müxtəlif
statistik göstəricilərin vahid bazada toplanması
baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Sonda
iştirakçıları maraqlandıran suallar
cavablandırılıb, "Elektron təhsil" layihəsinin
gözlənilən nəticələri verməsi
üçün həyata keçiriləcək tədbirlər
müzakirə olunub.
Azərbaycan
müəllimi.- 2011.- 28 yanvar.- S.2.