Peşə Tədris
Mərkəzinin yaradılması layihəsi
müzakirə edildi
Yanvarın
24-də Təhsil Nazirliyində Qabaqcıl Texnologiyalar üzrə
Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin
müzakirəsinə dair iclas keçirilib.
İclas iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycanda texniki peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə Maliyyə, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və digər dövlət qurumlarının verdikləri dəstəkdən söz açıb. Nazir bildirib ki, 2007-ci ildə Cənubi Koreya tərəfinin təklifi ilə respublikamızda Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin reallaşdırılması üzrə razılığa gəlinib, bununla bağlı mütəxəssislərin qarşılıqlı səfərləri təşkil olunub və bir sıra təşkilati məsələlər həllini tapıb. Layihə haqqında məlumat verən Misir Mərdanov Peşə Tədris Mərkəzinin yaradılması üçün Cənubi Koreya hökumətinin 22 milyon dollar ayıracağını nəzərə çatdırıb və qeyd edib ki, mərkəzdə 8 ixtisas üzrə il ərzində 800 nəfər peşə təlimi ala biləcək.
Təhsil
naziri 4 nömrəli Bakı Peşə Liseyinin bazasında
yaradılması nəzərdə tutulan mərkəzdə 2
illik ümumi və qısamüddətli kursların təşkil
ediləcəyini söyləyib. Ölkə Prezidenti İlham Əliyevin
texniki peşə təhsilinin inkişafına prioritet məsələlərdən
biri kimi yanaşdığını vurğulayan nazir
qarşıda duran işlərin uğurla yerinə yetiriləcəyinə
əminliyini ifadə edib.
Qabaqcıl
Texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin
yaradılmasına dəstək göstərən hər kəsə
təşəkkürünü bildirən Cənubi Koreya
İnsan Resursları Departamentinin nümayəndəsi Can Cey
Mun çıxışında layihənin əsas məqsədləri
barədə məlumat verib. Layihə çərçivəsində
əsas və orta, eləcə də ali məktəbləri
bitirmiş şəxslərin peşə təhsili
almasının mümkün olacağını söyləyən
qonaq mərkəzdə ən yüksək tələblər
səviyyəsində tədris şəraitinin
yaradılacağını, şagirdlərin yataqxana ilə təmin
ediləcəyini nəzərə çatdırıb.
Cənubi
Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Li Ci-Ha Qabaqcıl Texnologiyalar üzrə Peşə
Tədris Mərkəzinin yaradılması layihəsinin əhəmiyyətindən
bəhs edib. Ölkəsinin Azərbaycanla
qarşılıqlı əməkdaşlıqda maraqlı
olduğunu bildirən səfir bu layihənin də uğurla
reallaşdırılacağına inandığını
söyləyib.
Sonda
məsələ ətrafında fikir mübadiləsi
aparılıb, layihənin həyata keçirilməsi istiqamətində
görüləcək işlər müzakirə edilib.
Azərbaycan
müəllimi.- 2011.- 28 yanvar.- S.2.