Kimyaçı
qadınlar BDU-da "dəyirmi
masa" keçirdilər
Bakı
Dövlət Universitetində Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü
və təşkilatçılığı ilə "Azərbaycan
kimyaçı qadınları "Beynəlxalq Kimya ili"ndə:
problemlər və perspektivlər" mövzusunda "dəyirmi
masa" keçirilib. Tədbiri giriş sözü ilə
açan universitetin rektoru, akademik Abel Məhərrəmov
YUNESKO tərəfindən 2011-ci ilin "Kimya ili" elan edilməsinin
əhəmiyyətindən danışıb. "Dəyirmi
masa"da iştirak edən kimyaçıların bu sahənin
inkişafı istiqamətində gördüyü işlərə
diqqət çəkən rektor, qadınların ictimai-siyasi,
elmi və digər sahələrdə oynadıqları
xüsusi rolu da yüksək qiymətləndirib.
Daha
sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Hicran Hüseynova
çıxış edərək "dəyirmi
masa"nın ölkədə kimya elminin inkişafında
qadın alimlərin roluna həsr olunduğunu qeyd edib. Bildirilib
ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası
qoyulmuş dövlət siyasətinin məntiqi nəticəsi
kimi bütün sahələrdə qadınların fəaliyyəti
üçün geniş imkanlar yaradılıb və bu
istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi
altında yeni uğurlu addımlar atılmaqdadır. Hicran
Hüseynova onu da qeyd edib ki, Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili
Mehriban Əliyevanın qadınların problemlərinə,
onların ictimai həyatda aktiv rolunun təmin edilməsinə
diqqəti bütün cəmiyyət üçün
nümunədir.
Daha
sonra ombudsman Elmira Süleymanova və digər
çıxış edənlər Azərbaycan
kimyaçı qadınlarının elmimizə verdiyi dəyərli
töhfələrdən danışıblar.
Azərbaycan
müəllimi.- 2010.- 28 yanvar.- S.5.