Bakıdakı
164 nömrəli orta məktəbdə kurikulumların tətbiqi yüksək qiymətləndirildi
Yanvarın 24-də
Bakıdakı 164 nömrəli orta məktəbdə I-III siniflərdə fənn
kurikulumlarının tətbiqi, IV siniflərdə isə fəal
təlim metodları ilə aparılan "açıq dərs"lərlə
bağlı tədbir keçirildi. Tədbirə Təhsil Nazirliyindən,
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən,
Təhsil Problemləri İnstitutundan, Azərbaycan Müəllimlər
İnstitutundan, Bakı
Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutundan, Qafqaz Universitetindən və
digər təhsil müəssisələrindən bir çox mütəxəssis və ekspertlər dəvət
olunmuşdu.
Öncə
iştirakçılar məktəbin II mərtəbəsindəki
dəhlizdə mövzu ilə bağlı təşkil
olunmuş geniş sərgiyə baxış keçirdilər.
Sərgi ilə tanış olan nümayəndələr fənn
kurikulumlarının strukturunu, dərs vəsaitlərini, təlim
resurslarını və digər materialları əks etdirən
stendləri, fənn kurikulumlarının izahı, təbliği,
müəllimlərin və valideynlərin maarifləndirilməsi
istiqamətində görülmüş işləri yüksək
qiymətləndirdilər.
Sonra
məktəbin müəllimləri Mehparə Heydərovanın
1"A" sinfində ana dili fənnindən "G" hərfinin
öyrədilməsi , Rəna Kazımovanın
1"C" sinfində ana dili fənnindən
"əlifba", Viola Nəbiyevanın 1 "D" sinfində
həyat bilgisi fənnindən "Yol hərəkəti
qaydaları", Afət Allahverdiyevanın 2"A" sinfində
Azərbaycan dili fənnindən "Mürəkkəb
sözlər", Turan Hüseynovanın 2"C" sinfində
həyat bilgisi fənnindən "Dinlər", Fink
Veranın 2 "G" sinfində rus dili fənnindən "Nəzakətli
sözlər", Arzu Quluzadənin 2 "D" sinfində
informatika fənnindən "Doğru və yalan mülahizələr",
Qafilə Əliyevanın 3 "A" sinfində riyaziyyat fənnindən
"Tez hesablama", Zülfiyyə Məmmədovanın 3
"B" sinfində riyaziyyat fənnindən
"Çoxbucaqlıların perimetrinin hesablanması",
Lalə Əhmədovanın 3"G" sinfində həyat
bilgisi fənnindən "Hissiyyat üzvləri", Emilya
Şaydulovanın 4"D" sinfində musiqi fənnindən
"Üzeyir Hacıbəyovun
yaradıcılığı" mövzularında
apardıqları dərslər dinlənildi.
Biz 3"B" sinfində
"açıq dərs"də iştirak etdik. Riyaziyyat fənnindən
"Çoxbucaqlıların perimetrinin hesablanması"
mövzusunda Zülfiyyə Məmmədovanın keçdiyi dərsi
məzmun və keyfiyyət baxımından qənaətbəxş
hesab etmək olardı. Belə ki, şagirdləri qruplara
bölən Zülfiyyə müəllim mövzunun tədrisi
üçün əqli hücum və müzakirə
üsullarını seçərək suallarla motivasiya yaratdı.
Müəllimin bu məqsədlə verdiyi suallar şagirdlər
tərəfindən ətraflı cavablandırıldı.
Tapşırıqları icra edən qrupların liderləri
çoxbucaqlıların perimetrinin hesablanmasını
lövhəyə çıxararaq göstərir və müəllim
qrupun işini qiymətləndirirdi. Müasir təlim
metodlarından və tədris vəsaitlərindən istifadə
edən müəllim qiymətləndirməni kompüter vasitəsilə
aparırdı. Dərsin sonunda hər bir qrupun fəaliyyəti
bir neçə parametr üzrə qiymətləndirildi və
yekun qiymətlər hesablandı.
"Açıq
dərs"lər başa çatdıqdan sonra "dəyirmi
masa" ətrafında müzakirələr aparıldı. Müzakirəni
açan Təhsil Nazirliyinin Kənd rayonları üzrə
ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov
görülən işləri müsbət qiymətləndirərək,
kurikulum islahatının uğurla həyata keçirildiyini və
bu yöndə aparılan işlərin artıq öz bəhrəsini
verdiyini bildirdi. O, müəllimlərin əksəriyyətinin
kurikulumların mahiyyətini düzgün dərk edib, dərslərində
bacarıqla tətbiq etdiklərini və kurikulumun istər
müəllimlərə, istərsə də şagirdlərə
müsbət təsir etdiyini qeyd etdi. A.Əhmədov
iştirak etdiyi dərsin çox uğurlu
alındığını, müəllimin şagirdlərə
tam sərbəstlik verdiyini, onların fikirlərinə diqqətlə
yanaşdığını və təlim resurslarından
bacarıqla istifadə etdiyini nəzərə
çatdırdı.
Müzakirələrdə
söz alan ekspert və mütəxəssislər
kurikulumların tətbiqi ilə bağlı məktəbdə
görülən işləri, dinlədikləri dərsləri
yüksək qiymətləndirdilər. Qafqaz Universitetinin
prorektoru Kənanbulut Cihan belə tədbirlərin
keçirilməsini tədqirəlayiq hal hesab etdi. O,
"açıq dərs"lərin keçirilməsini və
ətraflı müzakirə olunmasını təhsilin
inkişafına xidmət etdiyini vurğuladı. Bildirildi ki,
dünyanın bir çox inkişaf etmiş ölkələrində
bu səpgidə aparılan işlərə nadir hallarda rast gəlmək
olur. Azərbaycan təhsilinin sürətlə inkişaf etməsindən
söz açan qonaq bununla qürur hissi keçirdiyini
söylədi.
Müzakirəni
yekunlaşdıran Aydın Əhmədov "açıq dərs"lərin
yüksək səviyyədə keçdiyini, müəllimlərin
səviyyəsinin qənaətbəxş olduğunu qeyd etdi. O,
müəllimlərə məsləhət və tövsiyələr
verərək, fəaliyyətlərində uğurlar
arzuladı.
Sonra
nümayəndələr məktəbin akt zalında Sevinc Məcidovanın
rəhbərliyi altında
ibtidai sinif şagirdlərinin iştirakı ilə
hazırlanmış "Azərbaycan - dünyam mənim!"
adlı bədii tədbirdə iştirak etdilər.
Tədbiri
giriş sözü ilə açan məktəbin direktoru Kəmalə
Qədirova kurikulum islahatı haqqında söhbət
açdı. O, kurikulum islahatının Azərbaycan təhsilinə
böyük uğurlar gətirəcəyinə və gələcək
nəsillərin bundan maksimum dərəcədə
yararlanacaqlarına əmin olduğunu vurğuladı. Bildirildi
ki, ulu öndər Heydər Əliyevin ideyalarının həyata
keçirilməsi ilə gündən-günə inkişaf
edən respublikamızda bütün sahələrdə
olduğu kimi, təhsil sahəsi də sürətlə
inkişaf edir. Ölkə Prezidenti cənab İlham Əliyevin
diqqət və qayğısı nəticəsində Azərbaycan
təhsili dünya təhsil sisteminə
sürətlə inteqrasiya edir. Sevindirici haldır ki, bu
gün respublikamızın bütün bölgələrində
təhsil strukturu yenilənmiş, müasir standartlara cavab verən
maddi-texniki baza yaradılmışdır. Belə yeniliklərdən
biri də kurikulum islahatıdır. Bildirildi ki, Milli Kurikulum
ictimai-siyasi, mədəni və sosial həyatın
qloballaşdığı, informasiya-kommunikasiya
texnologiyalarının rolunun artdığı, rəqabətin
gücləndiyi müasir dövrdə hər bir şəxsin
istedad və qabiliyyətinin müstəsna əhəmiyyət
kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar
qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə
və bacarıqlara malik olmasına, cəmiyyətin
inkişafının əsas hərəkətverici qüvvəsi
olan insanın formalaşdırılmasına və problemlərin
həllinə yönəlmişdir. K.Qədirova tədbirdə
iştirak edən şəxslərə minnətdarlığını
bildirərək çıxışını
yekunlaşdırdı.
Sonra
iştirakçılar şagirdlərin ifasında bədii
hissəyə tamaşa etdilər. Vətənpərvərlik
mövzusunda və təbii sərvətlərimiz haqqında
hazırlanmış kompozisiyalar nümayiş olundu. "Vətən
anadır" mahnısının sədaları altında
oğlunu cəbhəyə yola salan ana-oğul dialoqu
iştirakçıları təsirləndirdi. Ana rolunu ifa edən
bədii rəhbər Sevinc Məcidovanın göz
yaşlarını görməmək mümkün deyildi.
Sonra
söz Respublika Təhsil Şurasının sədri Əjdər
Ağayevə verildi. O, belə tədbirlərin mümkün
qədər tez-tez keçirilməsinin vacibliyini
vurğuladı. Qeyd etdi ki, son illər təhsildə
aparılan uğurlu islahatların nəticəsidir ki, ibtidai
sinif şagirdləri çox sayda izləyici
qarşısında tam sərbəst
şəkildə şeirlər söyləyir, mahnılar ifa
edirlər. Bu uğurları kurikulumun nəticəsi kimi qiymətləndirən
Ə.Ağayev məktəbin rəhbərliyinə və
pedaqoji kollektivinə gələcək işlərində
uğurlar arzuladı.
Tədbir
haqqında fikir bildirən Təhsil Nazirliyinin Dərslik və
nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı
məktəbdə kurikulumların uğurla tətbiq
olunduğunu bildirdi. O, şagirdlərin ifasından qürur
hissi keçirdiyini və gələcəyimizin möhkəm əllərdə
olacağına əmin olduğunu qeyd etdi. Bildirildi ki, bu
gün Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin
ideyaları əsasında formalaşır. O, gənclərə
vətəni sevərək qorumağı və bunun
üçün daim çalışmalarını, müəllim
və valideynlərin tapşırıqlarına əməl
etmələrini tövsiyə etdi.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2011.-
28 yanvar.- S.7.