Azərbaycanın ilk folklorşünas alimi

 

Görkəmli alim, istedadlı dramaturq, gözəl müəllim Məmmədhüseyn Abbasqulu bəy oğlu Təhmasib 12 aprel 1907-ci ildə Naxçıvanda anadan olmuşdur.   Hər bir əsilli ailə kimi ruhani tacir Abbasqulu bəyin də ailəsini əhatə edən mədəni mühitdə dini dəyərlər, xalq ədəbiyyatı və yazılı sənət əsərləri başlıca yer tutmuşdur. Üstəlik ailənin böyük oğlu Rza Təhmasibin Tiflisdəki 8 illik kommersiya məktəbini bitirməsi bu mühitdə rus və Avropa mədəniyyəti nümunələrinin də təsirinə şərait yaratmışdır.   M.Təhmasib "Məktəbi-tərbiyə"də oxumuş, qardaşı Rza Təhmasibin rejissor kimi tamaşaya qoyduğu, özünün Kefli İsgəndəri oynadığı "Ölülər"də kiçik qardaş Cəlal obrazını ifa etmiş, geniş mütaliəsi ilə seçilmişdir.  M.Təhmasib Bakıya gəlmiş, texnikuma daxil olmuşdur. 1928-ci ildə Azərbaycan Mərkəzi Beynəlmiləl Pedaqoji Texnikumunu (indiki Azərbaycan Dövlət Pedaqoji Kolleci) bitirən M.Təhmasib iki il müəllim işlədikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olunmuş, ali təhsili başa vurandan sonra Kürdəmir, Əli Bayramlı (indiki Şirvan) və Göyçay bölgələrində müəllim kimi fəaliyyət göstərməklə yanaşı, nənəsi Nazlı xanımın, bibisi Durna xanımın təsiri ilə qəlbində oyanmış el ədəbiyyatına məhəbbətin təsiri ilə folklor nümunələri toplamışdır.

 

Pedaqoji fəaliyyət göstərməklə yanaşı, folklor toplamağa və bu istiqamətdə ilkin araşdırmalara başlayan filoloq 1938-ci ildə artıq Azərbaycan Dövlət Universitetində folklordan mühazirələr oxuyurdu. O, həm müəllim kimi çalışır, həm də folklorumuzun qədim növlərindən olan mövsüm və mərasim nəğmələrini öyrənib tədqiq edir, bayatı, lətifə, nağıl və dastan nümunələrini yazıya alırdı.

1941-1945-ci illərdə ədəbi işçi kimi Azərbaycan radiosunda çalışan M.Təhmasib müharibə dövründə diktor kimi fəaliyyət göstərmiş, aydın diksiyalı səsi, duyumlu və orijinal oxusu ilə Azərbaycanın "Levitanı" adını almışdır.

Böyük yaradıcılıq eşqi və həvəsi ilə yaşayan M.Təhmasib radioda çalışmaqla yanaşı, bayatı və başqa folklor nümunələri toplamağa davam etmişdir. Onu daha çox Nizami əsərlərinin təsiri ilə yaradılmış el ədəbiyyatı nümunələri maraqlandırmışdır. O, bu sahədə işi H.Əlizadə ilə birlikdə başa vurmuşdur.

Ötən əsrin 40-cı illəri M.Təhmasib yaradıcılığında xüsusi bir mərhələ olmuşdur. Belə ki, 1943-cü ildə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda "Xalq ədəbiyyatımızda mövsüm və mərasim nəğmələri" mövzusunda əsəri üzərində işə başlayan M.Təhmasib həmin il nəşr olunan ikicildlik "Azərbaycan ədəbiyyatı tarixi"ndə bir fəsil elmi-tədqiqat işini geniş oxucu auditoriyasına təqdim etmişdir.

M.Təhmasib 1945-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək Azərbaycan EA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunun folklor şöbəsinə müdir təyin olunmuşdur. Folklorumuzun ən qədim janrlarından biri olan mövsüm və mərasim nəğmələrini müqayisəli şəkildə tədqiq və təhlil edən, bu gün də elmi əhəmiyyətini itirməyən fikirlər məhz M.Təhmasib tərəfindən söylənilmişdir. "Xalq ədəbiyyatımızda mövsüm və mərasim nəğmələri" Azərbaycan folklorşünaslığında ilk irihəcmli elmi-tədqiqat əsəri, ilk namizədlik dissertasiyası olmuşdur.

Bundan sonrakı təqribən 20 illik bir dövr M.Təhmasibin həyatında çox mühüm bir mərhələ olmuşdur. Belə ki, o, Azərbaycanı kəndbəkənd gəzmiş, qədim əlyazmaların haşiyələrindəki, cüng və yaddaşlardakı müxtəlif janrlı el sənəti nümunələrini səbr və təmkinlə yazıya alıb sistemləşdirmiş, tərtib edib nəşrini reallaşdırmış, ön sözlər yazmış, şərhlər hazırlamış, araşdırmalar aparmışdır.

Bu illər ərzində M.Təhmasib həm toplama işləri ilə məşğul olmuş, həm araşdırmalar aparmış, həm də doktorluq dissertasiyası üzərində çalışmışdır.

Bütün bunlarla yanaşı, görkəmli alim folklorşünas kadrların hazırlanmasında yaxından iştirak etmişdir: elmi rəhbər olmuş, opponent kimi çıxış etmişdir.

M.Təhmasib həm də bədii yaradıcılıqla məşğul olmuş, bir neçə pyes yazmış, iki ssenari qələmə almışdır. Professor M.Təhmasib 1982-ci ildə sentyabr ayının 3-də dünyasını dəyişmişdir. Böyük alimin Azərbaycan folklorunun toplanılması, tədqiqi və nəşri sahəsində başladığı işlər yetirmələri və xələfləri tərəfindən davam etdirilməkdədir.

 

Zəngin folklorumuzun toplayıcısı, təbliğatçısı 

 

"Folklorun istər nəşri, istərsə də tədqiqi ancaq səmərəli toplama işinə istinad edir", - fikri böyük bir elmi həqiqətin ifadəsidir.

M.Təhmasib Azərbaycan folklorunun bir fənn kimi tədrisi sahəsində ilk addımlar atmış, kursun proqramını hazırlamış, mühazirələri ilə diqqəti cəlb etmişdi. Sonra tarixi-ictimai şəraitlə bağlı iş yeri dəyişiləndə, radioda əməkdaşlıq edəndə də o, folklor toplamaqdan qalmamışdır.

Onun toplayıcılıq sahəsində ilk uğuru "Nizami əsərlərinin el variantları" olmuşdur. "Nizami əsərlərinin el variantları" adlı 20 çap vərəqi həcmində kitab mütəfəkkir şairin 800 illik yubileyi münasibətilə Hümmət Əlizadə ilə Məmmədhüseyn Təhmasibin birgə toplayıb tərtib etdikləri dəyərli mənbə idi. Azərbaycan el ədəbiyyatının, yaddaş ədəbiyyatının bu qüdrətli biliciləri milli folklordan qaynaqlanaraq Azərbaycan ədəbiyyatına dünya şöhrəti qazandıran şairin əsərlərinin təsiri ilə yaradılmış, xalq tərəfindən maraqla qarşılanaraq kütləviləşən, folklorlaşmış əfsanə, nağıl və dastanları yaddaşlardan yazıya köçürməklə folklorşünaslıq elmi üçün yeni tədqiqat obyekti araya-ərsəyə gətirmişdilər.

Azərbaycan folklorunun müxtəlif mövzulu, vahid və sevimli ədəbi qəhrəmanı Molla Nəsrəddin lətifələri təbiətən ciddi, lakin atmacaları böyük gülüş doğurmuş M.Təhmasibin toplama, tərtib və tədqiq obyektlərindən olmuşdur. Lətifələrimizin elmi tədqiqinin əsasının qoyulması, sistemli şəkildə toplanılması, nəşri də M.Təhmasibin adı ilə bağlıdır. Onun toplayıb tərtib etdiyi, nəşrinə nail olduğu "Molla Nəsrəddin" lətifələri dil-üslub xüsusiyyətləri, milli-bəşəri motivlərin obrazlı-lakonik ifadə zənginliyi ilə diqqəti cəlb edir. M.Təhmasib lətifələrlə bağlı araşdırmalarında lətifələrin yaradılmasında ayrı-ayrı fərdlərin rolunu qəbul etmiş, bunların sonradan ağızdan-ağıza keçərək, cilalanaraq kollektiv məhsuluna çevrildiyini təsdiqləmişdir.

Azərbaycan nağıllarının toplanılması və tərtibində, nəşri və təhlilində də M.Təhmasibin xidmətləri böyük və danılmazdır. Hələ ötən əsrin 60-cı illərində nağıllarımızdan ibarət iki cildliyin rus dilində nəşrində, sonralar 5 cildlik "Azərbaycan nağılları"nın tərtibi və nəşrində Ə.Axundov, N.Seyidovla... birlikdə M.Təhmasib elmi hünər göstərmiş, ön söz və şərhləri ilə nəşrlərin elmiliyini təmin etmişdir.

Onun tərtib etdiyi nağıllar kitabı 1965-ci ildə "Qisseyi-Azərbaycan" adı ilə Tehranda farsca nəşr olunub.

Professor M.Təhmasib şifahi ədəbiyyatımızın qədim, zəngin və möhtəşəm janrı olan dastanların toplanılması sahəsində də ciddi işlər görmüşdür. Belə ki, folklor şöbəsinin xətti ilə çoxsaylı dastanlarımızın müxtəlif variantları yazıya alınmış, müqayisələr aparılmış, daha geniş yayılmış variant əsas götürülərək 5 cildlik "Azərbaycan dastanları" 60-cı illərdə işıq üzü görmüşdür.

M.Təhmasibin həmin nəşrə yazdığı geniş müqəddimədə dastanın bir janr kimi ədəbi-bədii xüsusiyyətləri şərh olunmuş, bu janrın tarixən daşıdığı adlara aydınlıq gətirilmişdir. Azərbaycan dastançılığının ənənələri geniş izah olunan müqəddimədə aşıq, buta, buta verilməsi, buta vermədə Xızır İlyas, nurani dərviş, Həzrət Əli kimi obrazların bədii-estetik funksiyaları haqqında məlumatlar əksini tapmış, ayrı-ayrı dastanların mövzu və motiv müxtəlifliyinə toxunulmuşdur.

Dünya xalqlarının eposları ilə müqayisədə ləyaqətli yer tutan "Koroğlu"nun ən mükəmməl nəşri M.Təhmasibin çoxillik əməyinin məhsulu sayılır.

Eposa müqəddimə və şərhlər yazmış M.Təhmasib "Koroğlu" ilə bağlı araşdırmalarını bununla bitirməmişdir. Professor M.Təhmasib doktorluq dissertasiyalarından birinə yazdığı rəydə "Koroğlu" eposu ilə bağlı qeyd etmişdir: "Öz yayılma vüsətinə görə dünya eposunda "Koroğlu" kimi bir əsər təsəvvür etmək çətindir. O, din və dil ayrılıqlarına baxmayaraq, orta əsrlərdə çox möhkəm olmuş bütün siyasi-inzibati sərhədləri aşmış, ən azı Qafqaz, İran, Əfqanıstan, Orta Asiya, Ərəbistan, Sibir və Avropanın bir sıra xalqları içərisində çox geniş şəkildə yayılmış, variantlar, versiyalar əmələ gətirmişdir".

Professor M.Təhmasib "Dədə Qorqud boyları haqqında" məqaləsində "Dədə Qorqud" boylarının sonrakı dövr dastanlarımıza təsiri faktlarına toxunmuş, yeni araşdırmalar üçün bir növ istiqamət vermişdir.

"Bir tarixi həqiqətin eposdakı izləri" adlı məqalə 1981-ci ildə yazılmışdır. M.Təhmasibin bu son məqaləsi Qorqudşünaslıq qarşısında yeni elmi istiqamətlər açmışdır. "Konseptual səciyyə daşıyan" (M.Qasımlı) bu məqalədə folklorşünas alim tarixi-ədəbi araşdırmalar aparmış, eposdakı tarixi həqiqətin izlərini inam və səbrlə, diqqət və obyektivliklə, dəqiqlik və mənbələrə istinad etməklə təsvir, şərh etmişdir. Beləliklə, folklorşünas alim böyük tarixi fakt və ədəbi həqiqət olan eposun Azərbaycanla bağlılığını təsdiqləyən onlarca fikrin sayını artırmışdır.

Professor M.Təhmasib toplayıcı və naşir kimi xalqa xidmət etmiş, Qorqudşünaslığa öz töhfəsini vermiş, Koroğluşünaslıq elmi məktəbini yaratmış, lətifələrin nəşrini öz adı ilə bağlamışdır.

M.Təhmasib Azərbaycanda, eləcə də keçmiş Sovet İttifaqında, Türkiyə və İranda epos nəzəriyyəsi sahəsində görkəmli mütəxəssis kimi qəbul olunmuşdu. 60-70-ci illərdə eposşünaslıqla bağlı elmi konfrans və seminarlarda böyük alim kimi onun adı çəkilmiş, fikirlərinə mənbə kimi yanaşılmışdır.

Onun mövsüm və mərasim nəğmələrini araşdırdığı namizədlik, eposşünaslığın fundamental əsaslarından olan doktorluq dissertasiyası buna zəmin olmuşdur.

1965-ci il Azərbaycan folklorşünaslığı tarixində əlamətdar bir il sayılır: həmin il respublikamızda elmlər doktoru alimlik dərəcəsi almaq üçün birinci dissertasiya müdafiə olmuşdur. "Azərbaycan xalq dastanları (orta əsrlər)" adlı dissertasiya əslində 30 illik axtarışın bəhrəsi, Azərbaycan eposşünaslığının fundamental tədqiqinin nəticəsi idi.

Həcminin kəmiyyət, məzmununun keyfiyyət göstəricilərinə görə ümumtürk xalqları və eləcə də ümumdünya eposşünaslığında yüksək dəyərləndirilən "Azərbaycan xalq dastanları (orta əsrlər)" doktorluq dissertasiyası keçmiş İttifaq miqyasında elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır. Belə ki, Sovetlər zamanı Özbəkistan SSR EA-nın akademikləri: fəlsəfə elmləri doktoru, professor Vahid Zahidov, filoloji elmlər doktoru, professor Abdullayev, Türkmənistan SSR EA-nın akademiki B.A.Karrıyev, professor A.Kəkilov, filoloji elmlər doktoru, professor M.Y.Çikovani, Qaraqalpaq Ədəbiyyat, Tarix və Dil İnstitutunun professoru K.M.Maksetov, Berlin Humbolt Universitetinin professoru K.Həzayi, Bolqarıstan alimlərindən professor R.Mollof və başqaları "Azərbaycan xalq dastanları" əsərini türkologiya aləmində yaxşı bir təşəbbüs adlandırmış, bütün türk xalqları, hətta, ümumiyyətlə, Şərq xalqları şifahi ədəbiyyatının tədqiqində onu bir örnək kimi qiymətləndirmişlər. Dastanların müəllif tərəfindən irəli sürülmüş yeni təsnifatını alimlər başqa xalqların eposu üçün də yaxşı bir nümunə kimi qəbul edir, M.Təhmasibin bu əsəri ilə sovet folklorşünaslıq elmini zənginləşdirmiş olduğundan danışırdılar...

 

İstedadlı dramaturq, ssenarist

 

Məmmədhüseyn Təhmasib görkəmli folklorşünas alim, tanınmış və fədakar şifahi ədəbiyyat toplayıcısı və naşiri olmaqla yanaşı, həm də istedadlı ədib, C.Cabbarlı, S.Vurğun ənənələrini davam etdirən orijinal üslublu dramaturq olmuşdur.

1939-cu ildə M.Təhmasibin folklor motivlərini dedektiv janrın elementləri ilə üzvi şəkildə əlaqələndirdiyi "Bahar" pyesi yaranır. Əsər gənc rejissor Mehdi Məmmədovun quruluşunda  Kirovabadda (indiki Gəncə), sonra Bakıda Dövlət Dram Teatrında  tamaşaya qoyulur, böyük maraqla qarşılanır. Onun "Aslan yatağı" pyesi Böyük Vətən müharibəsi illərində Krım tatarlarının faşizmə qarşı mübarizəsinə həsr olunub. Əsər 1942-ci ildə dövlət teatrının səhnəsində oynanılıb. Az sonra Krım tatarlarına inamsızlıq yarandığı üçün onlar Orta Asiyaya sürgün edildiklərinə görə əsər repertuardan çıxarılıb.

1955-ci ildə M.Təhmasibin Azərbaycan folklorunun poetikası əsasında qələmə aldığı "Çiçəkli dağ" pyesi Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılır. Tamaşanın quruluşçu rejissoru Moskvada ali təhsil almış Ağaəli Dadaşov idi. Ondan bir il sonra nəinki təkcə Azərbaycan şifahi xalq ədəbiyyatının, eləcə də Türk və Şərq xalqlarının folklorunun bilicisi Təhmasibin hind ədəbiyyatının şah əsəri "Kəlilə və Dimnə"nin motivləri əsasında qələmə aldığı "Hind nağılı" adlı pyesi göstərilir. Əsərin başlıca ideyası budur: "Başqasına quyu qazan özü düşər".

"Çiçəklənən arzular", "Çiçəkli dağ", "Bahar", "Aslan yatağı", "Hind nağılı" pyesləri onun qələminin məhsullarıdır. "Çiçəkli dağ" pyesinin motivləri əsasında müəllif "Bir qalanın sirri" adlı ssenari yaratmışdır. Araşdırıcı Aydın Dadaşov filmin ssenarisi ilə bağlı yazısında  vurğulayır ki,  sosializm şəraiti dastan, əfsanə və nağıl nümunələrinə ideoloji müdaxilə etmiş, ilkinliyin itirilməsinə gətirib çıxarmışdır.

Professor M.Təhmasib "Bahar" pyesini sonralar cilalayıb təkmilləşdirmiş, "Onu bağışlamaq olarmı?" bədii filminin ssenarisini araya-ərsəyə gətirmişdir. Əsərin quruluşçu rejissoru professor Rza Təhmasib olmuşdur. 

 

Ustad pedaqoq

 

Professor Məmmədhüseyn Təhmasib həm də ustad pedaqoq, aydın nitqi ilə seçilən, obyektiv və prinsipial təbiətli alim-müəllim olmuşdur. Hələ 30-cu illərin sonlarında ADU-da folklordan mühazirələr oxumuş, sonra radioda işə dəvət olunmuşdur.

50-ci illərin əvvəllərində yenidən Azərbaycan Dövlət Universitetində (BDU) işə başlayan M.Təhmasib Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti kimi ədəbiyyatşünaslığımızın korifeyləri - H.Araslı, F.Qasımzadə, M.Cəlal, C.Xəndan, M.Cəfər, A.Zamanov ilə çiyin-çiyinə pedaqoji fəaliyyət göstərmiş, filoloq, jurnalist, şərqşünas kadrların hazırlanmasında bilik, bacarıq və ustalığını əsirgəməmişdir.

Məmmədhüseyn Təhmasib Azərbaycan Dövlət Universitetində sonralar alim və təhsil işçiləri kimi tanınmış professor Pənah Xəlilov, pedaqoji elmlər namizədi Mirabbas Aslanov, filologiya elmləri namizədi Məmməd Məmmədov və onlarca başqasına dərs demişdir. O günləri xatırlayan professor P. Xəlilov yazır: "Məmmədhüseyn Təhmasibi ilk dəfə... Azərbaycan folklorundan mühazirələr oxuyan zaman görmüşdük. İmtahan zamanı qorxumuzun əsassız olduğu aydınlaşdı və biz tələbələr onu rəhmli, qayğıkeş, mehriban bir müəllim kimi daha artıq sevdik".

Professor M.Təhmasib APİ-nin filologiyasını (indiki ADPU)  70-ci ildə bitirənlərin böyük bir dəstəsinə - professor N.Xudiyevə, professor M.Əliyevə, mərhum filoloji elmlər namizədləri Ə.Əliyev və V.Paşayevə, dosent A.Məmmədovaya, filologiya elmləri doktoru R.Yusifoğluna, sətirlərin müəllifinə və təhsil sistemində fədakarlıq  göstərən yüzlərlə müəllimə folklordan dərs demiş, dünya eposşünaslığından mühazirələr oxumuşdur.

 

***

 

1970-ci ilin yanvar tətilindən qayıtmışdıq. Azərbaycan elminin müxtəlif sahələrinə görkəmli mütəxəssislər bəxş etmiş, ölkənin ümumtəhsil və peşə məktəbləri üçün ali təhsilli kadrlar hazırlamış Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsinin IV kursunda mühazirə və seminarlar başlanmışdı. Günlərin birində o vaxtlar dekan müavini işləyən dosent Mürsəl Həkimov (Allah rəhmət eləsin) 166-cı auditoriyanın qapılarını açıb, özü ilə gələn orta boylu, saçları kül rəngində olan, ciddi baxışlı bir nəfəri özündən əvvəl otağa buraxdı.

Ötkəm təbiətli, fəqət ürəyiyumşaq  Mürsəl müəllimi görən kimi hamı ayağa qalxdı. Ani olaraq otağa nəzər salan dekan müavini: - Yəqin ki, hamınız "Bir qalanın sirri ", "Onu bağışlamaq olarmı?" filmlərinə baxmışsınız?  - deyə soruşdu. Xorla cavab verdik: - Baxmışıq.

- Həmin filmlərin ssenari  müəllifi, görkəmli folklorşünas alim  Məmmədhüseyn Təhmasib sizə folklordan xüsusi kurs mühazirələri oxuyacaq, - dedi.

Mürsəl müəllim auditoriyadan çıxdı. Qartal baxışlı professor 75 nəfərlik birləşməni ciddi nəzərlərlə süzüb kursla bağlı ədəbiyyat siyahısını yazdırdı. Nə qeydə, nə də bir mühazirə mətninə baxdı. Aydın diksiyalı, səlis və ölçülü-biçili cümlələr başa çatdı. Ani olaraq sükutdan sonra: - Bir istək və tələbim var, - dedi. - Çalışın məndən sonra auditoriyaya girməyin. Mühazirəm xoşunuza gəlməsə, dərsə girməyə bilərsiniz...

Və ilk mühazirə başlandı. Ona qədər şumerlər barədə çox az məlumatımız vardı: dil tarixi dərsində professor Əbdüləzəl Dəmirçizadə danışmışdı. İndisə xəyalən neçə əsr qədimlərə qiyabi səyahətə aparılmışdıq;  bu dəfə "Bir qalanın sirri" barədə deyil,  dünya eposşünaslığının ilkin incilərindən olan "Bilqamıs" dastanı haqqında söhbət başlanmışdı... Sonrakı dərslərdə "Nart" dastanı, ulu abidəmiz "Dədə Qorqud", qırğız "Manas"ı haqqında bir-birindən maraqlı mühazirələr dinlədik.

Professor M.Təhmasibin qəribə və orijinal  tədris sistemi vardı: mövzunu bir dərsdə bitirməzdi, elə bil serial idi; elə bir məqamda mühazirəni saxlardı ki, maraq içində qalardıq. Növbəti mühazirəni başlayardı və birdən suallarla bizi ötənləri yada salmağa vadar edərdi. Verilən zəif və rabitəsiz cavabları tamamlayardı. Bir növ əks-əlaqə idi, bir növ tələbələrin dərsdə fəallığının təmin olunması idi.           

 

"Ümumtürk eposşünaslığının proqramı"

 

Bəhlul ABDULLA, əməkdar elm xadimi, professor

 

Ona yaxınları, yaşıdları "Məmmədhüseyn", tanışları, tələbələri "Təhmasib müəllim", - deyə müraciət edirdilər. Yetmiş beş il ömür yaşamış (1907-1982) bu sözübütöv, özü bütöv kişinin cavanlıq çağları o qədər də ürəkaçan olmayıb. "37"-nin xofu heç sonralar da canından çıxmamışdı. Özünün dediklərindən də yadımdadır: - Bizim familiyamız (onda soyad deyilmirdi) Təhmasibəyli idi. Bu "bəy"lə bilmirdik nə edək. Adında "bəy", "xan", "yüzbaşı" olanlar vahimə içində yaşayırdılar. Bir dəfə Cavid əfəndi (Hüseyn Cavid) bizə dedi ki, a kişi, nə yapışıbsız bu bəydən. Birdəfəlik olun "Təhmasib" qurtarıb getsin. Bax, beləcə Təhmasibbəylidən dönüb olduq Təhmasib.

Bir dəfə evimizdə ad günüydü. İçərişəhərdəki evimizdəydik. Dadaşım (böyük qardaşı, xalq artisti, görkəmli sənətkar Rza Təhmasib) dedi ki, get Cavid əfəndini də dəvət elə, gəlsin. Getdim. İçəridə səs-küy vardı. Qorxa-qorxa üzümü pəncərənin şüşəsinə söykəyib diqqətlə içəri baxdım. Bir neçə qarageyimlinin mənzili töküb-töküşdürdüyünü seçdim. Cavid əfəndi də bir küncə sıxışdırılıb. Bax, Cavid əfəndini belə tutub apardılar. O gedən getdi.

Azərbaycanın tanınmış müəllimlərindən olmuş Bilqeyis xanımla ailə quranda da Təhmasib müəllimin başı az ağrımayıb. Nədi-nədi, Bilqeyis xanım türkiyəli türkün qızıdır. Təhmasib bunu partiyadan gizlədib.

1943-cü ildə Mehdi Hüseynin müqəddiməsi ilə Təhmasib müəllimin "Bayatılar" kitabı çap olunub. Amma o, bu kitabın adını heç vaxt əsərlərinin siyahısına daxil etmirdi. Bir kərə bunun səbəbini soruşduq. Dedi: - Bu işi Hümbət Əlizadə ilə birgə görmüşdük. Nümunələrin də çoxunu o toplamışdı. Hümbəti nahaqdan dolaşdırdılar. "Bayatılar" məcburi şəkildə mənim adıma çıxdı. Nə etmək olardı. Zaman belə zaman idi. Odur ki, o kitabı mən öz kitabım bilmədim.

Heç siz də bilməyin.

Bəlkə elə belə-belə xoflar, qorxutmalar idi ki, Təhmasib müəllim repressiyalara son qoyulduqdan sonra da az danışırdı. Ehtiyatla danışırdı. Hətta kiməsə bağışlayacağı kitabına yazacağı bir-iki cümlə xatirəni də əvvəlcə ayrı kağıza yazardı, yaxınları ilə məsləhətləşərdi. Xətasızlığına arxayın olandan sonra kitaba köçürərdi. Doğrudur, Təhmasib müəllim bədii əsərlər də yazırdı. Onun folklor motivli dram əsərləri səhnədə oynanılıb, əsərləri əsasında filmlər çəkilib. Amma Təhmasib müəllim sözün bütöv və böyük mənasında folklorçu və folklorşünas idi. O, bir folklorçu olaraq Azərbaycanı qarış-qarış gəzmiş, folklor örnəklərimizi toplayıb nəşr etdirmişdir. Folklorşünas kimi topladıqlarına dair hər sözü, cümləsi istifadə, müraciət qaynağı olmuş, olacaq araşdırmalar yazmışdır.

Təhmasib müəllim Azərbaycanda mifşünaslığın yaradıcılarındandır. Onun namizədlik dissertasiyası "Xalq ədəbiyyatımızda mövsüm və mərasim nəğmələri" (1945) əsəri sonrakı mifoloji araşdırmalar yoluna effektli işıq salmışdır.

"Koroğlu" eposunun ilk mükəmməl nəşri də Təhmasib müəllimin adı ilə bağlıdır. Özü az gülən ustad-müəllim "Molla Nəsrəddin" lətifələrini dönə-dönə çap etdirməklə oxucuları gülməkdən və düşündürməkdən yorulmamışdır. Bu gün nadir nüsxələrə çevrilmiş 5 cild "Azərbaycan nağılları"nın, 5 cild "Azərbaycan dastanları"nın üstündə Təhmasib müəllimin əlinin sığalı vardır. Beynəlxalq kataloq indeksi almış "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər"in yaradıcısı Təhmasib müəllimdir.

"Kitabi-Dədə Qorqud" eposu Təhmasib müəllimin yaradıcı ömrünün xüsusi mərhələsidir. O, V.V.Bartoldun Bakıda akademik H.Araslı ilə birlikdə çapa hazırladıqları "Dədə Qorqud"a az qala elə abidənin özü boyda izah və qeydlər yazmaqla, eposa dair araşdırmaları ilə Azərbaycanda Qorqudşünaslığın inkişafına qızğınlıq gətirmişdir. "Kitabi-Dədə Qorqud"a vurulan yasaq möhürü Təhmasib müəllimi də az ağrıtmamışdır. Elə buna görədir ki, abidə haqqında bəraət məqaləsi (1957) yazanların - M.Arif, Ə.Dəmirçizadə, H.Araslı - sırasında professor M.Təhmasib də vardır.

Alim var ki, kitablarının sayı ilə öyünsə də, özü öyülmür. Təhmasib müəllimin isə cəmi bir araşdırma kitabı çap olunub: "Azərbaycan xalq dastanları (orta əsrlər)". 1972-ci ildə nəşr olunmuş bu əsər yalnız Azərbaycan yox, ümumtürk eposşünaslığının qəbul olunmuş proqramıdır.

 

"Novruz bayramı haqqında elmi əsaslandırmanı hazırlamaq ona tapşırılmışdı"

 

Məhərrəm QASIMLI, filologiya elmləri doktoru, professor

 

"Koroğlu" eposunun ən möhtəşəm nəşri M.Təhmasibin adı ilə bağlıdır. Təqribən 25 il yüzdən çox aşığın repertuarındakı "Koroğlu"nu yazıya almış alim 50-dən artıq variantı səbr və təmkinlə toplamış, daha dolğun variantı əsas götürmüş, variantlar arasındakı fərqləri əks etdirən şərh-açıqlamalarla eposu 17 qol şəklində 62 il əvvəl nəşr etdirmişdir.

M.Təhmasib nəşri həm bir xalq qəhrəmanı kimi Koroğlu obrazının özünə, həm də eposa misilsiz bir möhtəşəmlik və əzəmət gətirmişdir. Milli şüur və qəhrəmanlıq-yurdsevərlik ruhunun güclənməsində Təhmasib "Koroğlu"sunun ölçüyəgəlməz dərəcədə mühüm rolu olmuşdur.

Dünya eposları ilə müqayisədə fəxri, ləyaqətli yer tutan "Koroğlu"nun hələlik ən mükəmməl  nəşri  onun  çoxillik  əməyinin  məhsuludur.

Folklorşünaslığımızda M.Təhmasib mərhələsində folklor toplanılmasının həm rahat, həm də çətin tərəfləri var idi. İşin rahatlığı onunla şərtlənirdi ki, həmin dövrdə folklor söyləyicisi problemi yox idi. Sinəsində elin söz yatırını daşıyan adamlara az qala hər addımbaşı rast gəlmək olurdu. Saz-söz bilicisi olan ustad aşıqların sayı da kifayət qədər çoxuydu. Ancaq bunun müqabilində işin başqa bir çətin tərəfi folklorçulardan xüsusi fədakarlıq tələb edirdi: yol-nəqliyyat çətinliyi kəndlərə, söyləyicilərin yanına getməyi problemə çevirirdi. Bəzən atla, bəzən də piyada saatlarla yol getmək lazım gəlirdi. Söyləyicinin danışıqlarını yazmaq üçün lazımi texnoloji imkanlar (səs və görüntü qeydə alan cihazlar) olmadığından, kağız-qələm vasitəsilə yazıyaalma kimi ağır, yorucu üsul tətbiq edilirdi. Təhmasib müəllim digər əməkdaşlarla birlikdə illər uzunu Naxçıvanı, Göyçəni, Borçalını, Qazax-Qarabağı, Şəki-Şirvanı, Muğanı, Abşeronu addım-addım gəzib dolaşaraq, hər cür çətinlik və məşəqqətlərə qatlaşa-qatlaşa, yorulub usanmadan şifahi ədəbiyyat inciləri toplamaqla məşğul olur, Bakıya döndükdən sonra isə onların sistemləşdirilib nəşrə hazırlanması üzərində çalışırdı.

M.Təhmasibin elmi nüfuzunu təsdiqləyən əlamətdar hadisələrdən biri də Novruz bayramının qeyd olunması ilə bağlıdır. Bilindiyi kimi, XX əsrin iyirminci illərinin sonlarından Novruz bayramına dini rəng verilərək onun keçirilməsi rəsmi şəkildə qadağan olunmuşdu. Altmışıncı illərdə siyasi sistemin mülayimləşməsi nəticəsində Novruz bayramına bəraət qazandırmaq imkanı ortaya çıxanda həmin mövzuda elmi əsaslandırmanı hazırlamaq respublikanın ən nüfuzlu folklor mütəxəssisi kimi M.Təhmasibə həvalə edilmişdi. Novruz bayramının gerçək tarixi mahiyyətini əks etdirən elmi əsaslandırmanı yüksək səviyyədə hazırlayan görkəmli alimin həmin arayışı 1966-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetinin 12 mart tarixli nömrəsində - Novruz ərəfəsində çap olunmuşdur. Məlum olduğu üzrə artıq bundan bir il sonra - 1967-ci ildə Bakıda Novruz mərasimi kütləvi xalq bayramı kimi böyük təntənə ilə qeyd edilmişdir. 1979-cu ildə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Novruz bayramının Azərbaycan televiziyası ilə translyasiya olunmasına hazırlıq işləri gedərkən də M.Təhmasib əsas elmi məsləhətçi kimi həmin mötəbər tədbirdə ləyaqətli yer almışdı. 

 

 

Şamxəlil MƏMMƏDOV

 

Azərbaycan müəllimi.- 2011.- 28 yanvar.- S.8-9.