Musiqi dərslik
komplekti barədə
Təhsil
sisteminin yeni inkişaf istiqamətlərini özündə
ehtiva edən Milli Kurikulum sənədində musiqi kurikulumu da mühüm
konsepsiya kimi irəli sürülmüşdür. Mənəvi-estetik
təsirinə, didaktik mahiyyətinə, vətənpərvərlik,
humanizm ruhunda tərbiyəedici
təsir qüvvəsinə görə bu fənn çox
böyük əhəmiyyət kəsb edir. Ən azı ona
görə ki, musiqinin dili, onun insan psixologiyasına təsiri çox sadədir, tərcüməçi,
vasitəçi tələb etmir, yaşından, intellektindən
asılı olmayaraq, hər kəsin musiqiyə mənəvi
ehtiyacı var.
Ümumtəhsil
məktəblərində musiqi təliminin əsas məqsədi
milli və bəşəri sənət nümunələri əsasında
şagirdlərdə musiqi mədəniyyətinin
formalaşdırılması və inkişafını təmin
etməkdən ibarətdir.
Təbii ki, bu istiqamətlər 1-ci sinifdən 3-cü sinfədək musiqi fənni üzrə məzmun xətlərində, nəzəri-praktik materiallarda öz əksini tapmışdır. Bütün materiallar, mövzular sadədən mürəkkəbə doğru prinsipi əsasında verilmişdir. İstər bəstəkar, istər xalq, istərsə də klassik musiqi haqqında verilən məlumatlar, nümunələr, həmçinin musiqi nəzəriyyəsi haqqında ilkin bilgilər, musiqi janrları və onlara aid nümunələr şagirdləri musiqi aləminə aparmaqla yanaşı, həm də onların özü tərəfindən musiqi əsərinin dəyərləndirilməsi, estetik dünyagörüşünün formalaşması həyata keçirilir. Musiqinin qavranılması şagirdin mənəvi aləminin zənginləşməsinə, hiss və duyğularının formalaşmasına, emosional fəaliyyətinin meydana çıxmasına şərait yaradır.
İbtidai sinif müəllimi kimi hər gün bu hiss və duyğularla təmasda musiqi dərslərində şagirdlərin yüksək əhvali-ruhiyyəsinin şahidi olduğum üçün deməliyəm ki, musiqi dinləmək, musiqili-ritmik hərəkətləri icra etmək, uşaq musiqi alətlərində çalmaq, sujetli musiqiləri, mahnıları səhnələşdirmək və ya ifa etmək onların şəxsiyyət kimi formalaşmasında müstəsna əhəmiyyətə malikdir. Amma gəlin görək rayon, kənd məktəblərində musiqi dərslərinin musiqi fənn kurikulumunun məzmun xətlərindən irəli gələn prinsiplərin və ya vəzifələrin həyata keçirilməsi baxımından təşkili üçün lazım olan şərait varmı? Musiqi dərslik komplekti, yəni dərslik, iş dəftəri və müəllim üçün vəsait çox gözəldir. Yeni təlim texnologiyaları əsasında yüksək səviyyəli dərs qurmaq üçün bu vəsaitlərdə həqiqətən zəngin materiallar, təlim üsulları var. Təəssüf ki, əyalət müəlliminin sinifdə hər şeyi yoxdur. Dərslikdə verilmiş hansısa mahnını və ya musiqini dinləməyə, çalmağa ən adi bir maqnitofon, ya bir musiqi aləti yoxdur. Nəzərə alsaq ki, rayonlarda 1-ci sinfə gələn uşaq əsasən bağçadan deyil, ailədən gələcək və onun musiqidən heç bir anlayışı yoxdur, təbii ki, belə halda yüksək səviyyəli dərs qurmaq daha da çətinləşir.
Ümumiyyətlə,
bu yaşda uşaqların şifahi nitqi də o qədər
inkişaf etmədiyindən, hətta 3-cü sinifdə bir
çoxları verilən terminləri nəinki öyrənə,
çoxları heç düzgün tələffüz edə
bilmir. Həftədə 1 saat tədris olunan dərsdə
onlara nəzəri bilikləri mənimsətmək, hansısa
mahnı mətnlərini əzbərlətmək, mənə
elə gəlir ki, dərsin səmərəliliyini
aşağı salır. Uşaq mahnılarından ibarət
disklər məktəblərə göndərilsə, məktəbdə
təlimin texniki vasitələri
olsa, əlbəttə, biz də öz işimizin öhdəsindən
daha yaxşı gələrik.
Təklifim
nədir?
1. Kənd
rayonlarında mövcud uşaq bağçalarında musiqi məşğələləri
ixtisaslı tərbiyəçilər tərəfindən
aparılsın və bağçaların uşaq musiqi alətləri
ilə təchizatı yaxşılaşdırılsın.
2. Məktəblərə,
heç olmasa dərslikdə verilmiş musiqi nümunələrindən
ibarət kompakt-disklər göndərilsin.
Bu, əyaniliyi
qismən təmin etmiş olar.
3.
Musiqi dərsliyinin dili və verilmiş musiqi terminləri
uşaqların yaş səviyyəsinə, mövzular isə
mövcud bazaya uyğunlaşdırılsın.
İnanırıq
ki, müəlliflər bütün bunları nəzərə
alaraq dərslik komplekti üzərində yenidən işləyərkən
daha mükəmməl, sadələşdirilmiş, şagirdlərin
hazırlıq səviyyəsini dəyərləndirərək,
kənd məktəblərinin mövcud bazasını nəzərə
alaraq musiqi fənn kurikulumunu əks etdirən bir dərslik
hazırlayacaqlar.
Fənarə
HÜSEYNZADƏ
Azərbaycan müəllimi.- 2011.-
28 yanvar.- S.24.