Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "dəyirmi masa" keçirildi

 

Yanvarın 26-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Sosial iş" ixtisası üzrə "I yarım ilin yekunları və perspektivləri" mövzusunda "dəyirmi masa" keçirildi. Tədbirdə institutun professor-müəllim heyəti, Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi  Məlahət Hacıyeva, "Hilsfwerg" Avstriya təşkilatının direktoru Aytəkin Hüseynova, "Sosial Xidmətlər Təşəbbüsü"nün icraçı direktoru Mehman Kərimov , "Sosial iş" ixtisası üzrə təhsil alan müdavimlər və digər şəxslər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan BPKİYİ-nin rektoru, professor Asəf Zamanov Azərbaycanda uşaqlara, qadınlara daim qayğı göstərildiyini bildirdi. Qeyd edildi ki, 1988-ci ildən başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı öz torpaqlarını itirmiş insanlara sosial qayğının göstərilməsi geniş vüsət almışdır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu bu sosial siyasət bu gün hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sosial problemlərin həlli yolunda verilmiş sərəncam və fərmanlar,  2010-cu ildə Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradılması və bir neçə QHT-nin bu işə cəlb olunması bunun bariz nümunəsidir. Professor A.Zamanov bu yöndə görüləcək işlərdə institutun üzərinə düşən vəzifələrdən söz açaraq, layihənin həyata keçməsi üçün əzmlə çalışacaqlarını və bunun öhdəsindən gələcəklərindən ümidvar olduğunu bildirdi.

Sonra söz Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyevaya verildi. Təhsil Nazirliyi,  BPKİYİ, "Sosial Xidmətlər Təşəbbüsü"-nün birgə layihəsi olan "Sosial iş" ixtisası üzrə kadrların hazırlanmasının vacibliyini vurğulayan M.Hacıyeva müəssisələrdəki uşaqların evlərə verilməsi və onların müdafiəsinin təşkil edilməsinin məsuliyyətli və cətin iş olduğunu bildirdi. Qeyd edildi ki, sosial işçilər bu prosesi tənzimləyən və həyata keçirən şəxslərdir ki, onların da yüksək səviyyədə hazırlanması vacib amillərdən biridir. M.Hacıyeva BPKİYİ-nin bu yöndə apardığı işlərdən razı qaldığını bildirərək, institut rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirdi. "Dəyirmi masa"da "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı(2006-2015-ci illər)"na uyğun olaraq institutda hazırlanan "Sosial iş" ixtisası üzrə mütəxəssislərin təhsilinin təşkili,  I yarım ilin yekunları, professor-müəllim heyətinin hesabatı, növbəti yarımildə nəzərdə tutulan iş planının müzakirəsi, layihədə  yeni  kadr  potensialından istifadə və digər məsələlər müzakirə edildi.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2011.- 28 yanvar.- S.4.