Qardaş ölkədən qonaqlar Naxçıvan Dövlət Universitetində olublar

 

Qars Qafqaz Universitetinin rektoru, professor doktor Sami Özcan və ali məktəbin 23 nəfərlik akademik heyəti Naxçıvan Dövlət Universitetində səfərdə olmuşlar. Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli heyəti qəbul edərək universitetlə tanış etmişdir. Qonaqlar universitetin beynəlxalq münasibətlər və xarici dillər fakültəsində linqvistika və kompüter mərkəzlərində tədris prosesində müasir texnologiyalardan istifadədən razı qalmışlar. Olimpiya tipli idman kompleksində universitetin idmanın ən müxtəlif sahələri üzrə qazandığı möhtəşəm uğurları sərgiləyən idman muzeyi, idmançı tələbələrlə görüş xüsusi maraq doğurmuşdur.

Qars Qafqaz Universitetinin nümayəndələri NDU-nun incəsənət fakültəsində müxtəlif kafedra və siniflərdə olmuş,  müəllim və tələbələrin hazırladıqları mini-konsert proqramı böyük rəğbətlə qarşılanmışdır.

Türkiyəli qonaqlar universitet televiziyasında tədris yönlü verilişlərin hazırlanması, jurnalist tələbələrin praktiki fəaliyyəti üçün yaradılan mükəmməl şəraitdən razı qalmış, ali məktəb televiziyasının əməkdaşına müsahibə vermişlər.

Sonra rektorluqda  işgüzar görüş keçirilmişdir. Rektor, akademik İsa Həbibbəyli universitetin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti ilə bağlı ətraflı məlumat vermişdir. Azərbaycan və Türkiyə arasındakı sarsılmaz birlikdən və tarixi köklərdən danışan rektor qeyd etmişdir ki, 37 ölkə ilə beynəlxalq əlaqəyə malik Naxçıvan Dövlət Universiteti qardaş Türkiyənin Ankara, Ərdahan, Van 100-cü il, Kocaeli universitetləri ilə dayanıqlı elmi əməkdaşlığa malikdir.  Bu tərəfdaşlıqda xüsusi yeri olan Qars Qafqaz Universiteti ilə 1999-cu ildən başlayan əlaqələr universitetlərin ən müxtəlif sahələrdə inkişafı, dünya elm, tədris sisteminə inteqrasiyası üçün əsas zəmin olmuşdur. Xatırladılmışdır ki, Qars Qafqaz Universitetinin təşəbbüsü ilə Bakı-Tbilisi-Ərdahan-Qars dəmiryolu üzərində yerləşən ali məktəblərin əməkdaşlığı layihəsi uğurla həyata keçirilməkdədir. NDU-nun baytarlıq ixtisası tələbələrinin mütəxəssis kimi yetişmələrində Qars Qafqaz Universitetinin baytarlıq fakültəsinin mühüm xidmətləri var.  İsa Həbibbəyli bu əməkdaşlığın qurulmasında Qars Qafqaz Universitetinin sabiq rektorları Necati Kaya və Abamüslüm Güvenin əməyini xüsusi qiymətləndirmiş, yeni seçilmiş rektor, professor doktor Sami Özcanın universitetlərarası əlaqələrin gələcək inkişafına böyük dəstək olacağına əminliyini bildirmişdir.

Qars Qafqaz Universitetinin rektoru, professor doktor Sami Özcan Naxçıvan Dövlət Universitetinin elmin, təhsilin tərəqqisi, müasir texnologiyaların tətbiqi, yeni tədris üsullarının mənimsənilməsi istiqamətində böyük inkişaf yolu keçdiyini söyləmişdir. Qars Qafqaz Universiteti haqqında geniş məlumat verən rektor gələcək əməkdaşlıq haqqında yeni təkliflər vermişdir.

Müzakirə zamanı bakalavr, magistratura, doktorantura təhsil pillələri üzrə elmi-pedaqoji kadr və tələbə mübadiləsi hər iki ali məktəbdə mükəmməl ixtisasa yiyələnmiş məzunlara qoşa diplomların verilməsinin mümkünlüyü məsələlərindən söhbət açılmışdır.

NDU-nun tədris işləri üzrə prorektoru, əməkdar elm xadimi Hüseyn Həşimli və tərbiyə işləri üzrə prorektoru, əməkdar müəllim Məmməd Rzayev, Qars Qafqaz Universitetinin rektor yardımçıları - professor doktorlar Hidayət Mətin Ərdoğan və Cavid Arslan universitetlərarası əlaqələrin yeni mərhələdə inkişafı ilə bağlı bir sıra məsələləri müzakirə etmişlər.

Belə ki, "Araz hövzəsi: Naxçıvan və Qars", "Qafqaz və Türkiyə mənbələrində Naxçıvan və Qars" adlı beynəlxalq simpoziumların, uluslararası Qafqaz şairlərinin toplantısı, şeir gecələri, mədəniyyət kollektivlərinin qastrolları, idman yarışlarının təşkili ilə bağlı razılaşmalar əldə edilmişdir.

Görüş zamanı fevral-mart aylarında Qarsda imzalanacaq qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin ilkin variantı müzakirə olunmuşdur.

Qars Qafqaz Universitetinin rektor yardımçısı, baytarlıq fakültəsinin dekanı Hidayət Mətin Ərdoğan və fakültənin bir qrup nümayəndəsinin də qatıldığı heyət  Naxçıvan MR Elmi-Tədqiqat Baytarlıq Stansiyasında da olmuşlar. Naxçıvan Dövlət Universitetinin baytarlıq ixtisası tələbələri üçün elmi-təcrübi baza rolunu oynayan bu stansiyada yaradılan şəraitlə tanışlıq, əməliyyat otaqları, diaqnostika-müayinə laboratoriyaları türkiyəli həmkarların marağına səbəb olmuşdur.

Türkiyəli heyəti Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov qəbul etmişdir. 

 

 

Azərbaycan müəllimi.- 2011.- 28 yanvar.- S.5.