"Məktəbəqədər və ibtidai təhsil" jurnalı 40 ildə

 

Respublikamızda təhsil sisteminin inkişafı çox mühüm təşkilati və idarəetmə amilləri ilə yanaşı, həm də onun pedaqoji təminatından asılıdır. Məlumdur ki, istər təlimin, istər inkişafın, istərsə də tərbiyənin mütəşəkkil təşkilinin ilk addımları məktəbəqədər müəssisələrdə, xüsusilə ibtidai siniflərdə atılır. Fəaliyyətinin normal təşkil olunmasında onun pedaqoji təminatı xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq 1970-ci ildə - ibtidai təhsilin ilk dəfə ciddi eksperimental axtarışlara məruz qaldığı bir dövrdə "Azərbaycan məktəbi" jurnalının nəzdində "İbtidai məktəb və məktəbəqədər tərbiyə" məcmuəsinin yaradılması qərara alındı. İldə 6 dəfə 25-28 min tirajla çap olunan bu məcmuə təhsilin aşağı pilləsini elmi əsaslarla idarə edən, yeni uğurlara yönəldən yeganə mətbu orqan idi.  30 illik yubileyindən sonra məcmuəyə müstəqil jurnal statusu verildi. 2009-cu ildən jurnal təhsil qanununa uyğun olaraq "Məktəbəqədər və ibtidai təhsil" adlandı. 40 il əvvəl belə bir məcmuənin meydana çıxması həyatın tələbi, qaçılmaz zərurət idi.

Məcmuənin 1-ci nömrəsində oxuculara belə müraciət edilir: "Mövcud çətinlikləri aradan qaldırmaq üçün hər bir müəllim yorulmaq bilmədən oxumalı, yeni proqramların tələblərini həyata keçirmək üçün öz ixtisasını artırmalı, metodik ustalığını təkmilləşdirməlidir. Bu işdə məcmuə sizə yaxından kömək edəcəkdir. Onun səhifələrində sizi maraqlandıran metodik məsələlərə dair məqalələr oxuya biləcəksiniz.

Məcmuədə sinif müəllimlərinin, uşaq bağçası tərbiyəçilərinin qabaqcıl iş təcrübəsini əks etdirən materiallar, proqramın çətin və mürəkkəb bölmələrinin tədrisinə kömək edəcək metodik göstərişlər, uşaqlarla aparılan tərbiyə işlərinə dair məqalələr dərc olunacaqdır".

Beləliklə, məcmuə oxucuları istiqamətləndirir, onların faydalanacaqlarına təminat verir.

Məcmuə yarandığı gündən başlıca olaraq iki istiqamətdə fəaliyyətə başladı: a) pedaqoji kadrların elmi-nəzəri səviyyələrinin yüksəldilməsi; b) məktəbəqədər tərbiyə və ibtidai təhsil müəssisələrinin təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi və yayılması.

Məcmuənin fəaliyyətinin düz 20 ili sovet hakimiyyəti dövrünə təsadüf edir. Həmin illərdə məcmuə SSRİ Pedaqoji Elmlər Akademiyası tərəfindən işlənmiş təhsil sistemi dairəsində fəaliyyət göstərmişdir. Təhsilin həyatla əlaqələndirilməsi, ikiilliksiz təlim, təlimin intensivləşdirilməsi, təlim prosesində fərdiləşdirmə, təlimin texniki vasitələrindən istifadə, proqramlaşdırılmış təlim, təlim prosesinin optimallaşdırılması, problemli təlim və s. məsələlərlə əlaqədar yazılar, pedaqoji eksperimentlər məktəblərimizə yeni nəfəs gətirmişdi.

Məcmuə sadalanan yenilikləri təsvir etmək deyil, onların mahiyyətini açmaq, yerli şəraitə uyğunlaşdırmaq, müəllimləri şüurlu fəaliyyətə qoşmaq istiqamətində xeyli iş görmüş, böyük təşkilatçı rolunu oynamışdı. Akademik L.V.Zankovun məcmuədəki məqalələri müəllimləri yaradıcı axtarışlara, tədqiqatçılığa qoşdu. Riyaziyyat, təbiətşünaslıq fənləri və müxtəlif problemlərlə əlaqədar görkəmli rus alimlərinin məqalələrindən müəllimlər xeyli bəhrələndilər. Az müddət ərzində məcmuə  ətrafına onlarca pərəstişkar toplaya bildi.

O zaman üçillik ibtidai təhsil sisteminə keçilməsi, 6 yaşdan təlimə başlanması, beşgünlük tədris həftəsinə keçilməsi ilə əlaqədar eksperimental tədqiqatların mahiyyətinin müəllimlərə, təhsil işçilərinə çatdırılması məcmuənin ilk 20 ilinin əlamətdar hadisələridir.

Nəzəri səviyyənin yüksəldiyi, hesab fənninin riyaziyyatla əvəzləndiyi, təbiətşünaslığın tədrisinə I sinifdən başlandığı, yalnız yaddaşa deyil, həm də əsasən, təfəkkürə əsaslanmağın zəruriliyinin qarşıya çıxdığı dövrdə müəllimləri silahlandırmaq tələb olunurdu. Akademik L.V.Zankovun "Şagirdlərə gücləri çatan ən yüksək çətinlik səviyyəsində biliklərin verilməsi" ideyası eksperimentin məzmununu və yollarını müəllimlərə çatdırmaq vəzifəsini irəli sürürdü. Bunun nəticəsidir ki, üçillik təlimin müvəffəqiyyətlə həyata keçirilməsində məcmuə mühüm rol oynadı.

Məcmuə 70-ci illərin əvvəllərindən  başqa bir problem üzrə təbliğata və praktik köməyə başladı. Bu, azsaylı xalqların uşaqlarının məktəbdə, azərbaycanlıların isə uşaq bağçalarında məktəbə hazırlanmaları üçün proqramların, metodik göstərişlərin müəllimlərə təqdim olunması, müəllimlərin fəaliyyətinin düzgün istiqamətləndirilməsi idi.

Bir-iki ildən sonra həmin problem başqa aspektdə inkişaf etdi. 6 yaşdan təlimə başlamaq ideyası qarşıya çıxdı. Problemlə əlaqədar məcmuədə sanballı məqalələr dərc olundu.

Bununla əlaqədar məcmuə xüsusi fəallıq göstərdi. 6 yaşdan təlimin sistemi, məzmunu, eksperimentin gedişi yolları işlənib müəllimlərə çatdırıldı. Beləliklə, məcmuə müəllimin bu işə hazırlığını təmin etdi. Uşaq bağçalarının hazırlıq qrupları və məktəblərdə təşkil olunmuş hazırlıq siniflərində alınan müsbət nəticələr məktəb təliminə bir il tez başlamaq fikrini reallaşdırdı. 1992-ci ildə 6 yaşdan kütləvi təhsilə keçildi.

Axtarışlarla dolu olan bu dövrdə (1981-1984-cü illər)  beşgünlük tədris həftəsi üzrə işin təşkili 10 uşaq bağçası və 40 məktəbdə sınaqdan keçirildi, jurnal onun da gedişini şərh etdi nəticəsi oxuculara çatdırıldı.

Bütün bunlar müəllimlərin ixtisasının artırılmasına, təhsil quruculuğuna faydalı xidmət olmaqla jurnalın təşkilatçılıq və təbliğatçılıq bacarığını necə yerinə yetirdiyini göstərdi. Bu prosesdə məcmuənin özü formalaşdı.

Belə anlaşılmamalıdır ki, məcmuə yalnız kütləvi eksperimentlərin təbliği və tətbiqinə xidmət etmişdir. Bunlarla yanaşı, məcmuənin səhifələrində elm, təhsil və tərbiyənin rəngarəng sahələri əhatə olunmuşdur.

Jurnal, hər şeydən əvvəl, dövlətimizin ideologiyasına, təhsil siyasətinə, məktəb quruculuğuna, Respublika Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlərin dəstəklənməsinə və təbliğinə sədaqətlə xidmət etmişdir. Bu gün jurnal müstəqil respublikamızın təhsil islahatından irəli gələn vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi istiqamətində yorulmadan fəaliyyət göstərir. Bu prosesdə o, Təhsil Nazirliyinin qərar və göstərişlərini əldə rəhbər tutur.

Məcmuənin ərsəyə gəlməsində və formalaşmasında onun redaksiya heyətinin üzvləri, elmlər namizədləri Muxtar Həmzəyev, Əfşan Qədimbəyova, Məcid İsmixanov, Nüsrət Sadıqov, Əliağa Şükürov, Ziyad Osmanov, Paşa Hacıyev, Məmmədhənifə  Musayev,  Sosialist Əməyi Qəhrəmanı Məsmə Atakişiyeva, əməkdar müəllim Lətifə Qoşqarlı, qabaqcıl müəllim Roza Mehdiyeva, Məhərrəm Səfərlinin əməyi böyük olmuşdur. Bir neçə ildən sonra   Nağı Günəşli, Əjdər Ağayev,   Məhəmməd Baharlı baş redaktorun müavini kimi xüsusi xidmət göstərmişlər.

Məcmuənin ilk nömrələrindən M.Muradxanov, A.Abdullayev, H.Əhmədov, N.Kazımov, Ə.Həşimov, Ə.Əfəndizadə, C.Əhmədov, B.Əhmədov, Ə.Əlizadə, Ə.Ağayev, V.Xəlilov və başqa  görkəmli professorlar öz məqalələri ilə oxucuları düzgün istiqamətləndirmişlər.

Yüzdən artıq elmlər doktoru, elmlər namizədləri tədqiqata başlayarkən öz ideyalarını məcmuənin "meydanında" sınaqdan keçirmiş, qələmlərini "itiləmiş", alim kimi formalaşmışdır. Beləliklə, nəzəriyyə ilə təcrübə arasında üzvi əlaqə təmin edilmişdir. Məcmuə dissertant, aspirant kimi gənc qüvvələri özünə cəlb etdi. Bu gün elmlər namizədləri Ə.Abbasov, M.Həsənov, L.Bağırova, Z.Məhərrəmli, V.Bəşirov, M.İsmıxanov, P.Əliyev, N.Bəşirov, L.Cəfərova, N.Çələbiyev, Z.Aslanova, A.İmanlı, R.Ağayev, R.Hüseynov  və başqaları fəal müxbir kimi tanınırlar. Beləliklə, məktəbəqədər tərbiyə və ibtidai təhsil sahəsində yüksək ixtisaslı kadrların - pedaqoq, psixoloq və metodistlərin yetişdirilməsində jurnal çox mühüm rol oynayır.

Yarandığı gündən məcmuə praktik aspektə ciddi əhəmiyyət vermiş, öz səhifələrini tərbiyəçilərin, müəllimlərin üzünə geniş açmış, qabaqcıl təcrübəni müntəzəm əks etdirmişdir.

Qabaqcıl müəllimlərdən Q.Tağıyeva (291 nömrəli Araz Ekologiya Liseyinin müəllimi), Səmagül Əliyeva (102 nömrəli məktəb), A.İbrahimova (Bakı şəhər Müasir Təhsil Kompleksinin müəllimi), Afaq Əliyeva (Gəncə Şəhər Təhsil Şöbəsinin metodkabinetinin müdiri), Fəridə Babayeva (Qax Rayon Təhsil Şöbəsinin metodkabinetinin metodisti), L.Balakişiyeva (Qusar 3 nömrəli məktəbin müəllimi), Cavanşir Abbasov (Lənkəran Dövlət Universitetinin müəllimi), Sədaqət Rəhimova (240 nömrəli uşaq bağçasının müdiri), Zemfira Əsədova (175 nömrəli körpələr evi-uşaq bağçasının müdiri) və başqaları fəal iştirak edirlər.

Gənc nəslin tərbiyəsi problemi jurnalın fəaliyyətində aparıcı yer tutur. Jurnalda alim və müəllimlərin mənəvi tərbiyə, vətənpərvərlik, ekoloji tərbiyə, estetik tərbiyə, milli adət və ənənələr, düzlük və doğruçuluq, əməyə, əmək adamlarına münasibət, qənaətcillik, mədəni davranış qaydaları, müəllim-şagird münasibətləri, ailə tərbiyəsi, özünütərbiyə və s. haqqında məqalələr dərc olunur.

Bu gün jurnalda pedaqoji kadrların peşə hazırlığının artırılmasına xüsusi diqqət yetirilir. Müəllimin nəzəri hazırlığını zənginləşdirən, onları müasir yeniliklərlə tanış edən, ayrı-ayrı fənlər üzrə nəzəri hazırlığını yüksəldən, təhsil müəssisəsində psixoloji xidmətin elmi əsaslar üzrə təşkilinə dair məqalələr diqqəti cəlb edir.

Uşaqların sağlamlığının mühafizəsi daim diqqət mərkəzində olmuş, gün rejiminin fizioloji əsasları, şəxsi gigiyena, bədənin möhkəmləndirilməsi, yoluxucu xəstəliklərin profilaktikası məsələləri əhatə edilmişdir. Xüsusi məktəblərin problemləri də jurnalın nəzərindən kənarda qalmır. Jurnalın səhifələrindəki surdo, tiflo, oliqofren pedaqogika ilə əlaqədar məqalələr inklüziv təhsilin elmi əsaslar üzrə təşkilinə yaxından kömək göstərir.

Jurnalın səhifələrində görkəmli maarifpərvər, elm və incəsənət xadimləri Nəsirəddin Tusi, Mahmud Kaşğari, Tağı Şahbazi Simurq, Ömər Faiq Nemanzadə, Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Hüseyn Cavid, Süleyman Sani Axundov, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mir Cəlal, Mehdi Mehdizadə və başqaları haqqında yazılar müəllim və tərbiyəçilərimizi təhsilimizin, məktəbimizin, elmimizin, incəsənətimizin tarixi ilə tanış edir.

Jurnal oxucularını xarici ölkələrin pedaqoji fikir tarixinə dair məlumatlarla da tanış edir. "Yaponiyada məktəbəqədər tərbiyə", "Almaniya Demokratik Respublikasının məktəblərində", "Hollandiya və İngiltərədə təhsil" məqalələri, Lev Tolstoy, K.D.Uşinski, Y.A.Korçakın pedaqoji fikirləri haqqında yazılar  və s. buna misal ola bilər.

40 il ərzində jurnalın 180 nömrəsi çap olunub. Bu nömrələrdə 850 çap vərəqi həcmində 2400 məqalə dərc edilmişdir. Bu məqalələr müxtəlif sahələri əhatə etmişdir: nəzəri məsələlər 75, yeni pedaqoji texnologiyalar 49, məktəbəqədər təhsil 435, fənlərin tədrisi və qabaqcıl təcrübə 929, tərbiyə məsələləri 311, psixologiya və defektologiya 94, məsləhət 129, uşaqlar üçün 48, görkəmli sənətkarlar haqqında 36, digər məsələlər haqqında 294.

Jurnalın rubrikaları vaxtaşırı dəyişmişdir. İndi daimi rubrikalar aşağıdakılardır: "Yeni pedaqoji texnologiyalar", "Məktəbəqədər təhsil", "Fənlərin tədrisi və qabaqcıl təcrübə", "Tərbiyə məsələləri", "Psixologiya və defektologiya", "Sizin kitab rəfiniz", "Bizim iş yoldaşlarımız", "Tənqid və biblioqrafiya", "Müdriklər demişlər". Bundan əlavə, vaxtaşırı "Nəzəri məsələlər", "Pedaqoji fikir tariximiz", "Müəllimin şəxsi təhsili", "Xaricdə təhsil", "Suallara cavab", "Sağlamlıq və gigiyena", "Mahnı töhfələri", "Gənc istedadlar", "Valideynlərin maarifi", "Dərslik problemi", "Pedaqoji mühazirələr" və s. verilir.

Gələcəkdə jurnalda tərbiyəçi və müəllimlərin şəxsi təhsilinə, təlim məşğələlərinin, dərslərin, fakültativ kursların təşkilinə, müəllimlərin ilin müəllimi müsabiqəsinə hazırlanmalarına, dərsliklər və dərs vəsaitlərinin təhlilinə həsr olunmuş məqalələrə geniş yer veriləcəkdir.

Jurnalın ayrı-ayrı nömrələrinin təhsil müəssisələrində geniş müzakirəsinin keçirilməsi, irəli sürülən tənqidi qeydlər və təkliflər əsasında onun keyfiyyətinin yaxşılaşdırılması təxirəsalınmaz vəzifə olacaqdır.

Jurnalın redaksiya heyəti çalışacaq ki, jurnal təhsil islahatının müvəffəqiyyətlə həyata keçirilməsi, Respublika Təhsil Nazirliyinin əmr və sərəncamlarına əməl olunması, məktəbəqədər və ibtidai təhsil sahəsində arzuların doğrulması, bütövlükdə təhsil sistemimizin çiçəklənməsi sahəsində ləyaqətlə fəaliyyət göstərsin. Bu, bizim amalımızdır.

 

 

 Azərbaycan müəllimi.- 2011.- 28 yanvar.- S.6.