2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında Azərbaycan tarixi fənni üzrə nəticələr barədə 

 

Qədim zamanlardan başlayaraq insan cəmiyyətində baş vermiş hadisələri, ictimai, iqtisadi, sosial və mədəni prosesləri öyrənən elm tarix adlanır. Müasir cəmiyyətdə gedən proseslərin demək olar ki, hamısı yaxın və ya uzaq keçmişdən qaynaqlanır. Onların inkişaf dinamikasını müəyyən etmək, proqnozlaşdırmaq, zəruri hallarda isə bu proseslərə birbaşa təsir imkanı qazanmaq üçün tarixi bilmək vacibdir. Tarix - insanın özünü dərk etməsinin əsas formalarından biridir.

Tarix fənni bütövlükdə insan cəmiyyətinin keçdiyi yolu izləməklə yanaşı, şagirdlərə öz yurdunun, elinin-obasının, xalqının və Vətəninin keçmişini də  öyrənməyə imkan yaradır. Sözsüz ki, hüquqi və demokratik cəmiyyət quruculuğuna, milli və dünyəvi dəyərlərə önəm verən vətəndaşın yetişməsində bu fənnin müstəsna rolu vardır.

Tarix fənni Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin V-XI siniflərində tədris olunur. Tədris prosesində ənənəvi təlim üsulları ilə (informativ və reproduktiv) yanaşı, interaktiv metodlardan (disput, mini-konfrans, debat, müxtəlif rollu oyunlar və s.) getdikcə daha çox istifadə edilir. Ənənəvi dərsdə əsas diqqət şagirddə bacarıqların formalaşmasından çox biliklərin mənimsənilməsinə yönəlirdi. İnteraktiv metodlardan istifadə olunan dərslərdə isə şagirdlər təlim prosesinin aktiv iştirakçısına çevrilir, onlarda tənqidi təfəkkürün inkişafına daha çox diqqət yetirilir və başlıca olaraq aşağıdakı bacarıqları formalaşdırmaq tələbi qarşıya qoyulur:

- əsas və ikinci dərəcəli materialları təhlil edib istifadə etmək;

- faktlar və fikirlər arasındakı fərqləri, hər hansı məlumatdakı qeyri-obyektivliyi, qərəzliliyi və stereotipləri görmək;

- mühüm tarixi anlayışları başa düşmək;

- səbəb-nəticə əlaqələrini izləmək, faktlara əsaslanan nəticələr çıxarmaq;

- hadisə və prosesləri müqayisə etmək, qiymətləndirmək, təsnifatını aparmaq və ümumiləşdirmək;

- əldə olunan bilik və bacarıqları təcrübədə tətbiq etmək.

Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının nəticələri əsasında aparılan statistik və analitik təhlillər təhsilalanların Azərbaycan tarixi fənni üzrə həm bilik, həm də yuxarıda göstərilən bacarıqlara nə dərəcədə yiyələndikləri barədə fikir söyləməyə imkan verir.

Buraxılış imtahanlarında şagirdlərə Azərbaycan tarixi fənnindən (biri Azərbaycan Respublikasının Konstitusiyasından olmaqla) dərslik əsasında tərtib olunmuş və Vətən tarixinin bütün mərhələlərini, mühüm tarixi hadisə və prosesləri xronoloji ardıcıllıqla əhatə edən sadə, orta və çətin olmaqla 15 sual təklif olunur. 

Məzmuna - relevantlığa görə testlər faktoloji, hesablama, izah, ümumiləşdirmə, xronologiya, termin və ya anlayışlarla bağlı tapşırıqlardır. Bir qayda olaraq, tarixdən proqnoz tipli tapşırıqlar tərtib olunmur. Amma gələcəkdə şagirdlərin hadisə və proseslərə münasibətini, onların arasındakı oxşar və fərqli cəhətləri seçmək, ümumiləşdirmək, nəticə çıxararaq proqnoz vermək bacarıqlarını aşkara çıxarmaq məqsədilə belə tapşırıqlardan da istifadə etmək nəzərdə tutulur.

2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanında şagirdlərə tarix fənnindən təklif olunmuş test tapşırıqlarından bir neçəsinə diqqət yetirək:

1. Daş dövrünə aid deyil:

A) Odun əldə edilməsi

B) Siklopik tikililər

C) Anaxaqanlığının yaranması

D) Qəbilə icması

E) Ulu icma

Bu tapşırıq 6-cı sinif "Azərbaycan tarixi" dərsliyinin "Azərbaycan ərazisində ibtidai icma quruluşu" adlı I bölməsinin materialları əsasında tərtib olunub. Orta mürəkkəblik dərəcəsində olan faktoloji sualdır. Səciyyəvi əlamətlərinə görə Daş dövrünün ayrı-ayrı mərhələlərini bir-birindən ayırmağı bacaran şagird müəyyən edə bilir ki, odun əldə edilməsi, anaxaqanlığının yaranması, qəbilə icması və ulu icma Daş dövrünün paleolit mərhələsinə aid xüsusiyyətlərdəndir. Xalq arasında "Təpəgöz qalaları" adı ilə tanınan siklopik tikililər isə Tunc dövrünün sonu və Erkən Dəmir dövrünə aiddir. Şagirdlərin 72%-i bu tapşırığı düzgün cavablandırmışdır. Ümumilikdə isə imtahanda ibtidai icma cəmiyyəti mövzusu ilə bağlı təklif olunan testlərin cavablara görə statistik nəticələri o biri suallarla müqayisədə yüksəkdir: 50-75% arası. Bu göstərir ki, bəhs olunan mövzu şagirdlər tərəfindən yaxşı mənimsənilir.

Doğru cavab: B.

 

2. Soyurqal torpaq mülkiyyəti:

A) dövlətə məxsus idi

B) hökmdara məxsus idi

C) XV əsrdə geniş yayılmışdır

D) yalnız mülki xidmətə görə verilirdi

E) dini mahiyyət daşıyırdı

Tapşırıqda "soyurqal" anlayışının izahı tələb olunur. Azərbaycan tarixi dərsliklərində (xüsusilə VII-IX siniflərdə) torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyətlərlə bağlı xeyli material var. Soyurqal haqqında isə VIII sinif "Azərbaycan tarixi" dərsliyinin III bölməsində (Azərbaycan XV əsrdə) ətraflı bəhs olunur.  Monqolca ehsan, bəxşiş mənasını verən soyurqal şərti torpaq mülkiyyəti forması XV əsrdə - Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin mövcud olduğu dövrdə geniş yayılmışdır. Belə şərti torpaqlar, bir qayda olaraq, qoşunun dayağı olan hərbi-köçmə əyanlara xidmət müqabilində verilirdi. Orta əsrlərdə bir sıra Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da dövlətin mülkiyyətində olan torpaqlar "divan torpaqları" (bəzən də xəlifə, sultan, xəzinə, xalisə), ayrı-ayrı hökmdarların və sülalələrin mülkiyyətində olan torpaqlar "xass" (və ya xalisə), dini mahiyyət daşıyan torpaqlar isə "vəqf" adlanırdı. Şərti torpaqlar həm hərbi, həm də mülki xidmətə görə paylanırdı.

Bu test tapşırığına şagirdlərin 48,8%-i düzgün cavab vermişdir. Bəzi istisnalar olmaqla, bütün variantlarda belə testlərin düzgün cavablarının orta statistik göstəricisi 49-62% arasındadır ki, bunu da qənaətbəxş hesab etmək olar.  

Doğru cavab: C

 

3. I Şah İsmayılın hakimiyyəti dövrünə aiddir:

A) Amasiya sülhü

B) Xorasanın işğalı

C) Şərur döyüşü

D) Şəkinin birləşdirilməsi

E) Tamğa vergisinin ləğvi

 

VIII sinif "Azərbaycan tarixi" dərsliyinin IV bölməsinin materialları əsasında tərtib olunmuş bu test tapşırığı mürəkkəblik dərəcəsinə görə çətin olub şagirddən ümumiləşdirmə qabiliyyəti tələb edir. Şagird həm I Şah İsmayılın, həm də I Şah Təhmasibin hakimiyyətdə olduğu illəri dəqiq bilməlidir. Bundan sonra o müəyyən edə bilər ki, osmanlılarla Amasiya sülhünün imzalanması (1555), Şəkinin Səfəvi dövlətinə birləşdirilməsi (1551) və tamğa vergisinin ləğv edilməsi (1565) I Şah Təhmasibin fəaliyyəti ilə bağlıdır. 1501-ci ilin ortalarında gənc İsmayıl Şərur döyüşündə Ağqoyunlu Əlvənd Mirzə üzərində qələbə çaldıqdan sonra Təbrizdə özünü şah elan etmiş və yeni dövlətin hökmdarı kimi hakimiyyətə gəlmişdir. 1510-cu ildə Mərv döyüşündə Şeybanilərə qalib gələn I Şah İsmayıl  böyük Xorasan vilayətini Səfəvi dövlətinə qatmışdır.

 

Bu tapşırığa şagirdlərin 41%-i düz, 51%-i isə yanlış cavab vermişdir. Ümumilikdə götürdükdə isə şagirdlərin eyni və oxşar məzmunlu suallara verdiyi düzgün cavabların orta statistik göstəricisi aşağıdır: 22-32%.

Doğru cavab: B

 

 4. 1920-ci ilin yayında Azərbaycan üçün səciyyəvi idi:

A) ərzaq vergisinin tətbiq olunması

B) hərbi kommunizm siyasətinin tətbiq olunması

C) yeni iqtisadi siyasətə keçilməsi

D) kəndli təsərrüfatının kollektivləşdirilməsi

E) sənayeləşdirmənin başlanması

Test tapşırığı XI sinif "Azərbaycan tarixi" dərsliyinin III bölməsinin (Azərbaycan 20-30-cu illərdə)  materialları əsasında tərtib olunub. Şagirddən ümumiləşdirmə, həm də faktların - baş vermiş hadisələrin ardıcıllığını bilmək  tələb edən bu tapşırıq da mürəkkəblik dərəcəsinə görə çətindir. Testlərin təhlili göstərir ki, şagirdlər Azərbaycan SSR-in XX əsrin 20-30-cu illəri ilə bağlı mövzuları çətin mənimsəyirlər. Təsadüfi deyildir ki, nümunə gətirilən bu test tapşırığına şagirdlərin yalnız 31%-i düzgün cavab vermişdir. 53 %-ə yaxın şagird isə yanlış cavabları seçmişdir.  Halbuki, dərslikdə aydın şəkildə qeyd olunur ki, 1921-ci ilin mayında Azərbaycanda Yeni iqtisadi siyasətə keçilmiş, 1922-ci ilin yazından isə ərzaq vergisi tətbiq olunmuşdur. 1925-ci ildən ölkədə sənayeləşdirmə başlanmış, 20-ci illərin sonundan (1929-dan) kollektivləşmə xətti irəli sürülmüşdür. Azərbaycanda hərbi kommunizm siyasətinin tətbiq olunması isə 1920-ci ilin yayına təsadüf edir.

Doğru cavab: B

 

5. Hadisələrin xronoloji ardıcıllığını göstərin:

1. Azərbaycan Respublikasının Dövlət himninin təsdiq edilməsi

2. Azərbaycanın İslam Konfransı Təşkilatına üzv qəbul olunması

3. H.Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi

4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılması

A) 3, 1, 2, 4

B) 1, 3, 4, 2            

C) 4, 1, 2, 3                         

D) 1, 4, 2, 3            

E) 2, 1, 3, 4

Azərbaycan Respublikasının tarixi ilə bağlı xronoloji sualdır. XI sinif "Azərbaycan tarixi" dərsliyinin sonuncu - VI bölməsinin materialları əsasında tərtib olunub. Xüsusi hazırlığa malik, müasir dövrdə ölkəmizin həyatında baş verən mühüm tarixi hadisələri ardıcıl izləyən, ümumiləşdirmə qabiliyyəti ilə seçilən, həm də yaxşı hafizəsi olan şagird 1991-ci ildə Azərbaycanın İslam Konfransı Təşkilatına üzv qəbul olunduğunu, 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himninin təsdiq edildiyini, 1993-cü il iyunun 15-də (tarixə "Milli Qurtuluş günü" kimi daxil olub) Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildiyini və 1998-ci ildə Konstitusiya Məhkəməsinin yaradıldığını müəyyənləşdirib, bəhs olunan xronoloji test tapşırığını həll edir və düzgün cavabı (E variantını) tapır.

Qarşıdakı buraxılış imtahanlarında da şagirdlərin qabiliyyətlərini, bilik və bacarıqlarını yoxlamaq məqsədilə müxtəlif səpgili test tapşırıqları təklif olunacaqdır. Onlardan bəzi nümunələri nəzərdən keçirək:

 

1. Eneolit və Erkən Tunc dövrləri üçün səciyyəvi olan ümumi cəhət:

A) Ata xaqanlığının hökm sürməsi

B) Sosial və əmlak bərabərsizliyi

C) Xış əkinçiliyinin mövcud olması

D) İbadətgahların tikilməsi

E) Metal alətlərdən istifadə edilməsi

Azərbaycanda ibtidai icma cəmiyyətinin mərhələlərindən bəhs edən mövzunun materialları əsasında tərtib olunmuş bu test ümumiləşdirmə bacarığı tələb edir və mürəkkəblik dərəcəsinə görə çətin tapşırıqdır. Şagird əvvəlcə yuxarıda qeyd olunan arxeoloji dövrlərin hər biri üçün səciyyəvi olan xüsusiyyətləri müəyyənləşdirməli, sonra isə hər ikisi üçün ortaq olan ümumi cəhəti tapmalıdır. Təklif edilən tapşırıqda A, B, C, D variantlarındakı xüsusiyyətlər Erkən Tunc dövrünə aiddir. Metal alətlərdən istifadə edilməsi isə həm Eneolit, həm də Erkən Tunc dövrü üçün səciyyəvidir. Belə ki, Eneolit dövründə ilk metal olan mis, Tunc dövrünün ilk mərhələsində isə yeni metal olan tunc əldə olunmuş, bundan sonra əmək alətləri, bəzək və məişət əşyaları, silahlar təkcə daşdan deyil, həm də metaldan da hazırlanmışdır.

Doğru cavab: E

 

2. Qızılbaşlar Şəməsi döyüşündə kimə qarşı vuruşmuşlar?

A) Osmanlılara                   

B) Şirvanşahlara                 

C) Ağqoyunlulara

D) Qaraqoyunlulara

E) Şeybanilərə

 

Orta mürəkkəblik dərəcəsində izahat səciyyəvi tapşırıqdır. VIII sinif "Azərbaycan tarixi" dərsliyi əsasında tərtib olunub. Digər dərsliklərlə müqayisədə bu dərslikdə daha çox (40-a yaxın) döyüş adı çəkilir ki, onların da əksəriyyəti mühüm tarixi hadisələrlə bağlıdır. Həmin döyüşlərin (məsələn, Didqori, Sərdrud, Otluqbeli, Çıldır və b.) nəticələri, kimlər arasında baş verməsi ilə əlaqədar testlərə şagirdlər tez-tez rast gəlir. Verilən nümunəyə diqqət yetirsək görərik ki, qızılbaşlar qaraqoyunlularla toqquşmayıb. Şirvanşahlarla Şahdağ (1488) və Cabanı (1500), Şeybanilərlə Mərv döyüşündə (1510) qarşılaşıblar. Osmanlılarla qızılbaşların arasında çox döyüşlər olub (Çaldıran, Qoçhissar, Çıldır, Məşəl və b.). 1484-cü ildə Şəməsi adlı yerdə ağqoyunlularla qarşılaşan qızılbaşlar  məğlubiyyətə uğramış və  Şeyx Sultanəli həlak olmuşdur.

Doğru cavab: C

 

3. Uyğunluq gözlənilmişdir:

 

Fətəli xan Əfşar                 I. Urmiya xanı

Qara xan                            II. Lənkəran xanı

Hacı Çələbi xan                 III. Şəki xanı

A) 1 – I, 2 – II, 3 – III             

B) 1 – II, 2 – III, 3 – I

C) 1 – II, 2 – I, 3 – III

D) 1 – III, 2 – II, 3 – I

E) 1 – III, 2 – I, 3 – II 

 

Bu nümunə Azərbaycan xanlıqlarına həsr olunan mövzunun (IX sinif) materialları əsasında tərtib edilmiş orta mürəkkəblik dərəcəsində test tapşırığıdır. Fətəli xan Əfşar XVIII əsrin ortalarında Azərbaycanın cənub torpaqlarında yaranan güclü Urmiya xanlığının banisi olmuşdur. Nadir şahın ölümündən sonra Səfəvilər nəslindən olan ərdəbilli Seyid Abbasın oğlu, Qara xan adlandırılan Cəmaləddin Mirzə bəy (1747-1787) Lənkəran xanlığını müstəqil idarə etməyə başlamışdır. Hacı Çələbi isə hələ Nadir şahın sağlığında - 1743-cü ildə Şəki vilayətini müstəqil xanlıq, özünü isə onun xanı elan edərək Azərbaycan tarixində ilk müstəqil xanlığın əsasını qoymuşdur. Bu izahatdan sonra müəyyən etmək olar ki, göstərilən testin A variantında uyğunluq gözlənilmişdir.

Doğru cavab: A

 

4. Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında imzalanmış sülh müqaviləsi:

A) Ərzincan         

B) Mudros           

C) Sevr

D)Batum

E)Brest-Litovsk

Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyəti mövzusuna aid (XI sinif) materiallar əsasında tərtib olunan sadə, izah tələb edən faktoloji sualdır. Şagird göstərilən müqavilələrin hansı dövlətlərin arasında imzalandığını müəyyənləşdirməlidir. Ərzincan barışığı 1917-ci ilin dekabrında Zaqafqaziya (Cənubi Qafqaz) Komissarlığı ilə Osmanlı dövləti arasında olmuşdur. Osmanlı dövləti Birinci Dünya müharibəsinin sonunda (1918) müttəfiqlərlə Mudros, müharbədən sonra (1920) Sevr müqaviləsini imzaladı. Brest-Litovsk sülhü 1918-ci ilin martında Rusiya ilə Almaniya və onun müttəfiqləri arasında bağlanıb. 1918-ci il 4 iyunda Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında "Sülh və dostluq" müqaviləsi imzalanmışdır.

Doğru cavab: D

 

5. Rəssamların sırasına daxildir:

1. Bəhruz Kəngərli

A) Mustafa Topçubaşov

B) Adil İsgəndərov

C) Rüstəm Mustafayev

D) Qara Qarayev

E) Mirəli Qaşqay

 

Mədəniyyətlə bağlı orta mürəkkəblik dərəcəsində test tapşırığıdır. XI sinif "Azərbaycan tarixi"nin materialları əsasında tərtib olunub. Dərslikdəki mədəniyyət mövzularını öyrənib mənimsəyən, Azərbaycan elmi və incəsənəti ilə maraqlanan şagirdlər çətinlik çəkmədən müəyyən edə bilərlər ki, Mustafa Topçubaşov məşhur cərrah, Adil İsgəndərov rejissor, Qara Qarayev bəstəkar, Mirəli Qaşqay geoloq alim olmuşdur. Rüstəm Mustafayev isə tanınmış rəssam olub və hazırda respublikamızın İncəsənət muzeyi onun adını daşıyır.

Doğru cavab: C

 

 Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında əldə olunan təcrübə və ilkin statistik nəticələr aşağıdakıları söyləməyə imkan verir:

1. Şagirdlər faktoloji, termin və anlayış tipli sualları cavablandırmaqda çətinlik çəkmirlər;

2. İzahetmə və hadisələrin ardıcıllığının müəyyənləşdirilməsi tələb olunan testlərə zəif cavab verilir, bəzən isə bu tipli tapşırıqların həllindən imtina olunur;

3. Azərbaycan Respublikasının Konstitusiyası əsasında tərtib olunmuş sadə tipli testlərin  şagirdlər tərəfindən zəif cavablandırılması (45-50% arası) təəssüf doğurur. Bu nəticə məktəblərdə həmin fənnin tədrisinə diqqətin artırılmasının zəruriliyini ortaya çıxarır;

4. Şagirdlər Azərbaycanın XX əsr tanınmış elm və mədəniyyət xadimləri ilə (xüsusilə alim, rəssam, aktyorlarla) bağlı tapşırıqları da çətin cavablandırırlar;

5. Buraxılış imtahanlarının nəticələri haqqında statistik göstəricilərin təhlili şagirdlərə təklif olunmuş hər bir test tapşırığının qiymətləndirmə vasitəsi kimi dəyərliliyini müəyyən etməyə imkan verir.

Azərbaycan tarixi fənnindən müxtəlif dövrləri əhatə etməklə lakonik şəkildə tərtib olunmuş test tapşırıqları bütövlükdə məqbul sayılsa da, gələcəkdə onları daha da təkmilləşdirmək və yeni test modelləri ilə zənginləşdirmək nəzərdə tutulur. 

 

 

Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi

 

Azərbaycan müəllimi.- 2011.- 28 yanvar.- S.11-12.