İnsan alverinin qarşısının alınması çərçivəsində regional konfrans
İyirmi birinci yüzillik
yaşadığımız dünyanın, elmin,
texnikanın, təhsilin, mədəniyyətin
son dərəcə sürətli və yüksək səviyyədə
inkişaf etməsi ilə səciyyələnir. Lakin
bütün bunlarla yanaşı, cəmiyyətin bir sıra bəlaları
vardır ki, onlar hər bir ölkənin vətəndaşlarını
narahat edir. Narkomaniya, QİÇS, insanların hüquq və
azadlıqlarının məhdudlaşdırılması,
hegemon və güclü dövlətlər tərəfindən
bəzi ölkələrin suverenliyinə, ərazi
bütövlüyünə, müstəqilliyinə qəsd
edilməsi, bir ölkənin ərazisinin digər ölkə
tərəfindən işğal edilməsinə dünya
dövlətlərinin biganə qalması, göz yumması və
s. buraya daxil edilə bilər.
İnsan
alveri müasir dünyanın ən təhlükəli bəlalarından,
gender zorakılığının başlıca
formalarından biridir. İnsan alveri qurbanlarının sayı
hər il 700 min nəfəri ötür. Bundan əldə edilən
illik gəlir 60 milyard ABŞ dolları təşkil edir.
İnsan alveri və yaxud trafikinq (ingiliscədə - trafficking
in human beings, yaxud human trafficking) müasir köləlik
forması olub, amansızlıq və laqeydlik münasibətləri,
insan hüquq və azadlıqlarının kobud şəkildə
məhdudlaşdırılması ilə müşayiət
olunur. Kiminsə aldanılaraq istəmədiyi işi (fahişəliyi,
ağır, əzabverici əməyi, dilənçiliyi və
s.) yerinə yetirməyə məcbur edilməsi və bu məqsədlə
yaşadığı ərazidən başqa yerlərə
aparılması insan alveri
adlanır.
İnsan
alverinin məqsədi seksual istismar, məcburi əməyə
cəlb etmək, insanları kölə vəziyyətinə
salmaq, qul kimi onlardan faydalanmaq, dilənçilik etməyə
sürükləmək, insan orqanlarının
satışı ilə məşğul olmaq, uşaqları
oğurlayıb, ehtiyacı olanlara satmaq və sairdir.
Hazırda bəşəriyyət insan alveri və onun
qarşısının alınmasının vacibliyinə diqqət
yönəltsə də, bu alver qurbanlarının sayı,
çox təəssüf ki, getdikcə artmaqdadır.
Özü də bu sahədə yeniyetmə və gənclər
daha çox əziyyət çəkirlər.
İnsan
alveri mütəşəkkil cinayət formalarından biri kimi
ağır cinayət hesab olunur. Bu bəla öz əhatə
miqyası etibarilə narkotik və silah ticarəti ilə bərabər
tutulur. İnsan alveri şəxsiyyətin şərəf və
ləyaqətinin kobud şəkildə pozulmasına - vətəndaş
hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına,
həyat və sağlamlığına qəsd edilməsinə
şərait yaradır.
İnsan
alverinin profilaktikası və aradan qaldırılması
istiqamətində vətəndaşlar, o cümlədən
böyüməkdə olan nəsil arasında maarifləndirmə
işlərinin aparılması son dərəcə vacibdir. Bu
sahədə ailənin, məktəbin, hüquq-mühafizə
orqanlarının, habelə
ictimai və beynəlxalq təşkilatların üzərinə
mühüm vəzifələr düşür.
Ailədə
və məktəbdə, müvafiq təşkilatlarda maarifləndirmə
məqsədilə yeniyetmə
və gənclər arasında iş aparılarkən onlara
başa salınmalıdır ki, Azərbaycan vətəndaşı
ona xaricdə işə düzəlmək və ideal həyat
şəraiti yaratmaq vəd edildiyi təqdirdə
yaxşı-yaxşı düşünməli, necə deyərlər
"yüz ölçüb, bir biçməli", ailə
üzvləri, ən yaxın qohumları, müvafiq təşkilatlarla
məsləhətləşməlidir. Unutmaq olmaz ki, belə
"başgicəllədən", əfsanə, şirin
röya, cənnət kimi görünən təkliflər bir
sıra hallarda adamların istismarı, şərəf və
ləyaqətinin alçaldılması və tapdalanması,
bəzən hətta intiharı ilə nəticələnir.
Yeniyetmə
və gənclər xarici ölkələrdə təhsil
almaq istəyirlərsə, bir sıra məlumatlara malik
olmalıdırlar. Buraya xaricdə təhsil almaq təklifi ilə
yanaşı, rəsmi müqavilənin (bu müqavilə
mütləq başa düşülən dildə
olmalıdır) təqdim olunması; xarici ölkədə təhsil
almağa gedərkən gəncə tələbə
vizasının verilməsi; xarici ölkədə təhsil
almağa razılıq verdikdə, bu ölkənin Azərbaycanda
yerləşən nümayəndəliyinə hökmən rəsmi
şəkildə müraciət edərək, həmin təhsil
müəssisəsi haqqında məlumatın alınması
daxildir. Xarici ölkənin Azərbaycanda nümayəndəliyi
yerləşmədiyi təqdirdə respublika Təhsil
Nazirliyinə müraciət edilə bilər.
Gənclər,
habelə müəyyən yaş həddinə
çatmış şəxslər xaricə getmək istədikdə insan alveri təhlükəsi ilə
üz-üzə gəlməmək üçün bir
sıra təhlükəsizlik qaydalarını bilməlidirlər.
Yeniyetmə
və gənclərlə maarifləndirmə işi
aparılarkən onlara öyrətmək lazımdır ki,
xarici ölkəyə yola düşməzdən qabaq Azərbaycan
səfirliklərinin və konsulluqlarının əcnəbi
dövlətlərdəki telefonlarını öyrənməli,
lazım gəldikdə vaxt itirmədən onlarla əlaqə
yaratmalıdırlar. Təhsilalma, biznes, ailə üzvləri
ilə birləşmək üçün viza növləri
vardır ki, həmin viza növləri olmadan ölkəni tərk
etmək yolverilməzdir. Bundan başqa, xarici ölkəyə
çatdıqda Azərbaycan səfirliyi, yaxud konsulluğunda,
müvafiq ərazinin polis orqanlarında qeydiyyata düşmək
vacibdir.
Vətəndaşları
bir çox hallarda məhz yaxınları,
tanıdıqları şəxslər insan alverinə cəlb
edirlər. Viza və pasport alınmasını başqa şəxslərə
həvalə etmək olmaz. Bu və
ya digər ölkədən iş, təhsil, yaxud nikah
ittifaqına girmək barədə təklif olunarsa, həmin
ölkədəki Azərbaycan səfirliyi əməkdaşlarına
müraciət edərək, bu müqavilələrin həqiqi,
qanuni, yoxsa saxta olduğunu araşdırmaq lazımdır. Əcnəbi ölkədə vizada
nəzərdə tutulmuş müddətdən artıq
yaşamaq ciddi qanun pozuntusudur. Xarici ölkədə işə
düzəlmək istədikdə, onun vizası turist, yaxud
qonaq vizası deyil, əmək vizası, təhsil almağa
yollandıqda tələbə vizası, nikah ittifaqına girmək
istədikdə, bu, nişanlı vizası olmalıdır. Tələbə
vizası ilə işləmək qanunsuz sayılır.
Miqrasiya
üzrə Beynəlxalq Təşkilatın dəstəyi ilə
hələ 2008-ci ildə regionda - Azərbaycan,
Gürcüstan və Ermənistanda insan alverinin
qarşısının alınması üzrə məktəb
çərçivəsi layihəsi həyata keçirilməyə
başlanmışdır. Layihənin məqsədi adları
çəkilən respublikalarda ümumtəhsil məktəbləri
şagirdlərinin, habelə müəllimlərin və
valideynlərin insan alverinin təhlükəsinin aydın
şəkildə başa düşülməsinə kömək
göstərəcək tədris materiallarının
hazırlanması və yayılmasından, məktəblilər
arasında maarifləndirmə işlərinin
aparılmasından ibarətdir.
Layihənin iki il ərzində reallaşdırılması və
2010-cu ildə başa çatdırılması, nəticələrinin
təhlili və yekun rəyin hazırlanması nəzərdə
tutulmuşdur. Bu istiqamətdə
artıq iki ildir ki, hər üç respublikada iş
görülür. Xüsusi hazırlanmış tədris və
metodik vəsaitlərin yardımı ilə müəllimlər
hazırlıq kurslarından keçmişlər.
Regional
layihənin uğurla həyata
keçirilməsində hər üç respublikanın təhsil
nazirliklərinin köməyindən yararlanmaq nəzərdə
tutulmuşdur. Layihənin məqsədi, həmçinin insan
alverinin profilaktikası və aradan
qaldırılmasının müəyyən sistemini,
strukturunu formalaşdımaq, fəaliyyətin səmərəli
formalarını və həyata keçirilməsi
yollarını müəyyənləşdirmək idi ki, bu
iş də, ilk növbədə, həmin istiqamətdə insan alveri barədə məlumatların
və bu sosial bəlaya
qarşı mübarizənin aparılması üzrə ayrı-ayrı məsələlərin
tədris planlarına daxil edilməsini nəzərdə
tuturdu.
Ötən
ilin dekabr ayında Gürcüstanın paytaxtı Tbilisi şəhərində
regional konfrans keçirilmişdir. Beynəlxalq Miqrasiya Təşkilatının
(BMqT) Gürcüstandakı nümayəndəliyinin rəhbəri
Meri Şihan, Gürcüstanın təhsil və elm nazirinin
müavini İrine Kurdadze və İsveçrə
İnkişaf və Əməkdaşlıq Agentliyinin
Gürcüstandakı nümayəndəliyinin milli proqram rəhbəri
Natalya Qvinqadze və Azərbaycan
Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Faiq
Şahbazlı nümayəndələri salamladılar. Sonra hər
üç respublikanı təmsil edən nümayəndə
heyətinin üzvləri təqdim olundu, ötən dövr ərzində
ölkələrdə layihə ilə bağlı əldə
olunmuş nailiyyətlərin təqdimatı keçirildi. Respublikamız
tərəfindən BMqT Azərbaycan
nümayəndəliyinin proqram koordinatoru Səltənət
Məmmədova məlumat verdi.
Yerinə
yetirilmiş layihə çərçivəsində
respublikalarda insan alverinə qarşı mübarizə, insan
alverinin profilaktikası və aradan qaldırılması, bu
istiqamətdə əhali və gənc nəsil arasında
aparılan maarifləndirmə tədbirləri ilə
bağlı sual-cavab və müzakirələr oldu.
Ayrı-ayrı
respublikalar hazırladıqları tədris vəsaitlərini
təqdim etdilər. Audio-vizual materialların da təqdimatı
oldu. İnsan alveri qurbanlarının cəlb edilməsinə
dair tədris filmləri nümayiş etdirildi. Sonra həmin
filmlərə münasibət bildirildi.
Azərbaycan
tərəfindən hazırlanmış "Günahkarlar və
günahsızlar" filmi də maraqla qarşılandı.
Filmdə uğursuz ailədaxili münasibətlər nəticəsində
ata-anasından ayrı düşmüş, özünü
köməksiz, tənha hiss edən, yetkinlik yaşına
çatmamış qızın öz rəfiqəsigildə
yaşaması, rəfiqəsinin xalasının ucbatından
xaricə gedərək əldən-ələ düşməsi,
bir sözlə, insan alverinin qurbanı olması təsvir
olunur. Müvafiq təşkilatların köməyilə Vətənə
qayıdan qız başına gələnləri
danışır, yaşıdlarını, yaşından
asılı olmayaraq bütün vətəndaşları
ayıq olmağa, insan alverinin qurbanı olmamağa səsləyir.
Konfransda
tələbə auditoriyalarında da insan alveri və onunla
mübarizə tədbirlərinin həyata keçirilməsi
məqsədəuyğun hesab edildi.
Konfrans
iştirakçıları insan alveri barədə maarifləndirmə
işlərinin aparılması, bu təhlükəli bəlaya
qarşı mübarizə tədbirləri barədə məlumatın verilməsi məqsədilə
fakültativ məşğələlərin keçirilməsini,
tədris proqramlarına daxil
edilməklə xüsusi saatların və mövzuların nəzərdə
tutulmasını vacib hesab etdilər.
Akif ABBASOV,
Səltənət MƏMMƏDOVA
Azərbaycan müəllimi.- 2011.- 28 yanvar.- S.13.