Ömrü uzun, yükü ağır dünyada...
Çaylar
geri dönmədən öz məcrasında axaraq uzun bir məsafəni
qət edib mənsəbinə qovuşduğu kimi, insanlar da
Allah dərgahından onlara pay verilmiş ömür yolunda
yorulmadan addımlayırlar. Və hər bir insan
sevib-seçdiyi peşəsində fəaliyyət göstərməklə
yaşayıb arxada qoyduğu ötən illərdə
qazandığı nailiyyətləri, xalqına və vətəninə
verdiyi töhfələri ilə seçilib sayılır,
ictimaiyyət tərəfindən qəbul edilərək
sevilirlər.
Belə
insanlardan biri, 40 ildən artıq respublikanın müxtəlif
mətbu orqanlarında aktuallığı ilə geniş
oxucu auditoriyası tərəfindən maraqla oxunan publisist
yazıları, oçerkləri, məqalə və
zarisovkaları dərc edilən, gənc jurnalistlərin
yetişməsində böyük əməyi olan,
ömrünün 37 ilini "Azərbaycan müəllimi"
qəzetində çalışmış, 7 publisist
kitabın müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin
üzvü, "Təhsil" jurnalının baş redaktoru
Malik Novruzov haqqında söz açmaq niyyətindəyik.
Malik
Novruzovla 10 ilə yaxın "Azərbaycan müəllimi"
qəzeti redaksiyasında birgə işləmişik. Mən
bölgə müxbiri idim, o isə məsul katib. Uzun illər
bir sıra mətbu orqanlarında müxtəlif səpgili
yazılarla çıxış etsəm də, "Azərbaycan
müəllimi" qəzetinə bölgə müxbiri təyin
olunandan sonra sahə qəzeti olduğu üçün təhsil
haqqında yazılar yazmaqda çətinlik çəkirdim. Məsul
katib kimi bəzi məqalələrimdə nöqsanlar tapar,
iradlarını bildirər və bununla yanaşı tövsiyələrini
də əsirgəməzdi. Bir müddət işlədikdən
sonra bu qəzetin ab-havasını götürdüm. Məktəb,
şagird, müəllim, bir sözlə, tədrislə
bağlı yazılar yazmağa çətinlik çəkmədim.
Və Malik müəllim məqalələrimi tərifləməyə,
məni ruhla işləməyə sövq etdi.
Tale elə gətirdi ki, onunla iki
il bir kabinetdə
oturmalı olduq. Həmin iki il ərzində hər gün yaxından ünsiyyətdə
olduğumuz üçün
onun zəngin daxili aləminin, insana və insanlığa bəslədiyi
münasibətinin, sadəliyi
və səmimiliyinin,
bir sözlə, yüksək insani keyfiyyətlərinin şahidi
oldum. Paxıllıq və tamah hissindən
uzaq olan bu insanın arzusu həmişə xeyirxahlıq olub. Ən böyük amalı isə dostluğa sədaqəti,
başqalarına kömək
əlini uzatmasıdır.
Elə bu səbəblərdən onunla
aramızda olan yoldaşlıq münasibəti
səmimi və təmənnasız dostluğa çevrilmişdir.
Təsadüfi deyil ki, Malik Novruzov "Təhsil" jurnalına baş redaktor təyin ediləndən sonra bu mətbu
orqanında da onunla birgə işləməli olduq. Burada da hər
hansı istənilən
işi mənə etibar etməsi onun səmimiliyinin bariz nümunəsidir.
2011-ci il yanvarın 5-də, beşgünlük bayram istirahətindən sonra, elə bayram ovqatı ilə işə gəlirdim.
2010-cu ilin payızı
anomal keçdiyi üçün hələ
də havalar soyumamışdı, hər
tərəfdə yaz hərarəti duyulurdu. Üç gün qabaq fasiləsiz yağan yağış düzü-dünyanı yuyub
təmizləmiş, körpə
təbəssümü qədər
saf bir mənzərə
yaratmışdı. Redaksiyaya
çatanda Malik müəllimin kresloda oturub dərin xəyala daldığını
gördüm. İki
ay bundan qabaq İrandan müalicədən
qayıtmışdı. Rəngi,
rufu hələ indi-indi özünə gəlirdi. Əvvəlkinə
nisbətən gümrah
görkəmi ətrafındakılara
rahatlıq gətirməklə
bir arxayınçılıq
yaradır. Saçı
çallaşmış, gümüşü
rəng almış, sifətində insan çöhrəsini nura qərq edən cizgilər görünürdü.
Bu hal isə həyatının barlı-bəhrəli,
qızılı payız
fəslini yaşadığını,
ömrünün müdrik
çağına qovuşduğunu
büruzə verirdi. Fikirlər aləminə qərq olduğu üçün gəlişimdən
xəbər tutmamışdı.
Gözlərini məchul
bir nöqtəyə dikib sanki nəyisə
götür-qoy edir, nəyinsə haqqında düşünürdü. Bəlkə,
uzun illərin arxasından boylanıb, uşaqlığını, yeniyetməliyini,
gənclik illərini xatırlayır və ya bu gün
tarixə dönmüş
keçdiyi ömür
yolunu xəyal süzgəcindən keçirirdi.
Bəlkə də yaşayaraq arxada qoyduğu illərdə qazandıqlarını və
arzusunda olub əldə edə bilmədiklərini götür-qoy
edir. Və bəlkə də mizan-tərəzi qurub bu dünyanın haqq-hesabını çəkirdi.
Dünyanın da ömrü uzun, yükü isə ağırdır. Və bu yükü çəkib hesablamağa
nə mizan-tərəzinin
gücü çatır,
nə də düşünən, fikirləşən
insan beyni yönünə-yöndəminə qoya bilir. Onu
xəyal dünyasından
ayırmaq istəməsəm
də, birdən gözləri mənə sataşdı. Qapı ağzında sakitcə dayanıb ona baxdığımı gördü.
Ayağa qalxıb mehribanlıqla mənimlə
görüşdü.
- Qapı ağzında niyə dayanmısan? - deyə soruşdu.
- Romantik görkəm alıb dərin xəyala dalmışdın,
səni bu şirin xəyalından ayırmaq istəmirdim.
- Hə, ömür quş kimi ötür,
bir də gözünü açıb
görürsən ki,
60-ı haqlamısan, 70 də
qapını döyüb
gəlməyə hazırlaşır.
Fevralın 1-i ad günümdür.
60 illik yubileyim! - deyib əlini divardan asılmış təqvimə uzatdı.
Gülə-gülə bəri başdan onu təbrik etdim:
- Onsuz da haqqında
yubileyinlə bağlı
məqalə hazırlamalıyam,
dəfələrlə demişəm,
etiraz etmisən. Oturaq, ötən günlərinə, yola saldığın 60 illik ömür yoluna bir işıq salaq, - dedim.
...Masa arxasında üz-üzə oturub ona verdiyim suallara
rəğmən Malik
müəllim bu gün nağıla dönmüş keçən
günlərini xəyalən
yenidən yaşayır,
ömründən ötən
illərin tarixə dönmüş həyat kitabının saralmış
səhifələrini vərəqləyir,
bəzən sifətində
qara kölgələr
görünür və
bəzən də çöhrəsi nura qərq olur, gözlərindən sevinc
yağırdı. Bu isə
keçdiyi ömür
yolunun şirinli, acılı günlərindən xəbər
verirdi. Beləliklə,
Malik müəllimin iki saata qədər
vərəqlədiyi həyat
salnaməsinin müəyyən
məqamlarını oxuculara
təqdim edirik.
Malik Novruzov 1951-ci il fevralın 1-də Masallı
rayonunun Qəriblər
kəndində dünyaya
göz açıb.
1967-ci ildə Masallı
şəhər 2 nömrəli
orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan
Dövlət Universitetinin
jurnalistika fakültəsinə
verib, qəbul imtahanlarından lazım olan balı toplamadığına görə
müsabiqədən keçməyib.
Ruhdan düşməyən
Malik arzusuna çatmaq, jurnalistikanın
sirlərinə yiyələnmək
üçün o zaman
Masallıda nəşr
edilən "Çağırış"
qəzeti redaksiyasının
mətbəəsində mürəttib
işləməyə başlayıb.
Nəhayət, 1969-cu ildə
qəbul imtahanlarını
müvəffəqiyyətlə verərək ADU-nun jurnalistika
fakültəsinin əyani
şöbəsinə daxil
olub. Universitetdə təhsil aldığı
illərdə respublikanın
mətbu orqanlarında
müxtəlif mövzularda
məqalələrlə çıxış
edib. 1974-cü ildə
bu ali təhsil
ocağını başa
vurduqdan sonra "Azərbaycan müəllimi"
qəzetinə işə
götürülüb. İşgüzarlığı,
peşəkarlığı ilə başqalarından seçilən Malik qısa müddət ərzində irəli çəkilərək xüsusi
müxbir, şöbə
redaktoru və məsul katib vəzifələrinə qədər
yüksəlib. Qəzetin
bel sütunu olan məsul katib vəzifəsində
18 il fasiləsiz işləyib. Bu mətbu orqanında işlədiyi
37 il müddətində
pedaqoji iş təcrübəsini, təhsil
sistemində aparılan
islahatları və yenilikləri dəqiqliyi ilə ictimai mühitə çatdıraraq
Azərbaycan jurnalistikasının
inkişafında xüsusi
rol oynamış, gənc jurnalistlərin yetişməsi üçün əlindən
gələni əsirgəməmişdir.
"Ürəkdə yanan işıq", "Müəllim
əməyinin izi",
"Maarif fədailəri",
"Təhsilimizin uca
insanları", "Günəş
məktəbdən doğur",
"Müəllim ziyası
- gələcəyin aynası",
"Məktəbə bağlı
ömür" adlı
publisist kitabların müəllifidir.
Yaxşı işinə görə
müxtəlif illərdə
"Qızıl qələm"
media mükafatı, "Qabaqcıl
təhsil işçisi"
döş nişanı,
"Kamil sənətkar"
ali jurnalist mükafatı, Təhsil Nazirliyinin və Azərbaycan Jurnalistlər
Birliyinin bir sıra fəxri fərmanları və diplomları ilə təltif olunub. 2010-cu ilin mart ayında irəli çəkilərək
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin orqanı olan "Təhsil" jurnalına baş redaktor təyin edilib.
Ölkədə təhsil sahəsində
islahatların getdiyi, təhsilimizin dünya təhsili sisteminə inteqrasiya olduğu bir vaxtda jurnalın
üzərinə düşən
məsuliyyəti dərindən
dərk edən Malik Novruzov bütün bacarığını
Azərbaycan təhsilində
görülən işlərin
təbliğinə sərf
edir, aktuallığı
ilə seçilən,
zamanın tələbinə
uyğun, maraqlı yazıları jurnalın səhifələrində dərc
etdirir. Elə bunun nəticəsidir ki, qısa müddət
keçməsinə baxmayaraq,
jurnal geniş oxucu auditoriyasının rəğbətini qazanmışdır.
Dünyanın ömrü uzun,
yükü isə ağırdır. Və bu ağırlığı
çiyinlərində mərdliklə
daşıyanlar ömürlərini
xeyirxah işlərə
sərf edir, vətəninin çiçəklənməsi,
xalqının tərəqqisi
üçün çalışırlar.
Bu uzun və çətin, lakin mənalı yolun yolçusu olan Malik müəllimi 60 yaşının tamam olması münasibətilə
təbrik edir, ona möhkəm cansağlığı, sevinc
və fərəh dolu illər arzulayırıq.
Nizami MİRZƏ
Azərbaycan müəllimi.- 2011.- 28 yanvar.-S.15.