Pedaqoji prosesdə diferensiasiya və inteqrasiya
Bunu bilib nəzərə
almağın mənimsəmədə rolu
Diferensiasiya və inteqrasiya yunan sözləridir.
Birinci söz vahidin, bütövün fikrən hissələrə
ayrılması, ikinci söz isə əksinə, hissələr
arasında qarşılıqlı
əlaqə sayəsində tama, bütövə
çevrilməsi prosesidir. Bu hadisə pedaqoji prosesə də xasdır.
Milli pedaqogikada dörd pedaqoji kateqoriya: təlim,
tərbiyə, təhsil və psixoloji inkişaf vahid olan pedaqoji prosesdə birləşir, yəni inteqrasiya edir. Milli pedaqogikada müəyyənləşdirilmişdir
ki, diferensiasiya və inteqrasiya hadisəsi
nəinki pedaqoji kateqoriyalar arasında, hətta kateqoriyalar daxilində də mümkündür. Nisbi mənada müstəqil olan
hər bir kateqoriyada digər kateqoriyaların əlamətləri bu və ya digər dərəcədə iştirak edir. Məsələn, təlim
kateqoriyasında təhsilin də, tərbiyənin də,
psixoloji inkişafın da əlamətlərini sezmək mümkündür,
yaxud təhsil kateqoriyasında təlim, tərbiyə və psixoloji inkişaf əlamətlərini və ya
tərbiyə kateqoriyasında təlim, təhsil və psixoloji inkişaf əlamətlərini
görmək çətin deyil.
Pedaqoji elmin 200 ildən artıq inkişaf tarixində pedaqoji proses kateqoriyasında gedən diferensiasiya və inteqrasiya hadisələri, ən dialektik proseslər bu elmə məlum olmamışdır. O səbəbdən də tərbiyə kateqoriyası uzun müddət pedaqoji elmin tədqiqat mövzusu hesab edilmişdir.
Bir
çox yeniliklərin, o cümlədən də pedaqoji proses
kateqoriyasının pedaqoji elmin tədqiqat sahəsi hesab edilməsi,
orada cərəyan edən dialektik hadisələrin
açılması və s. yeniliklər, demək olar ki, Azərbaycan
Respublikasının dövlət müstəqilliyi ilə
bağlıdır. Müstəqillik Azərbaycan vətəndaşlarına
imkan yaratmışdır ki, düşündüklərini sərbəst
ifadə etsinlər. Sərbəst
formalaşdırılmış fikirlərdən biri məhz
pedaqoji prosesin tamlığı
ilə, onun tərkib hissələrinin inteqrasiyası və
diferensiasiyası ilə əlaqədar
olmuşdur.
Sevindirici
haldır ki, ibtidai təhsilin
pedaqogikası və metodikası ixtisası üzrə çərçivə
kurikulumuna və Təhsil Qanununa pedaqoji prosesin
tamlığı ideyası da daxil edilmişdir. Lakin orada təfsilata
imkan olmadığından, mahiyyəti
açılmamış qalmışdır. Onu da xatırlatmaq yerinə düşərdi
ki, pedaqoji prosesin
tamlığı ideyası 1996-cı ildə
"Maarif" nəşriyyatı tərəfindən
çap olunmuş "Pedaqogika" dərsliyində ətraflı
şərh olunmuşdur.
Lakin
təəssüf hissi ilə qeyd
edilməlidir ki, respublika müəllimlərinin xeyli hissəsi
pedaqoji prosesin tamlığı
ideyasından bəhrələnə
bilmir, çünki onlar ənənəvi
pedaqogikadan qidalanmışlar; bir qismi isə əsasən
bilik və bacarığın öyrədilməsi ilə məşğul olur,
şagirdlərin tərbiyəsi və psixoloji
inkişafına az maraq göstərir
və buna sinif rəhbərinin,
tərbiyə işləri üzrə direktor müavininin, hətta məktəbdə
psixoloqun varlığı ilə bəraət
qazandırmağa çalışır.
Problemin
müasirliyini, təhsildə islahatın uğuru
üçün əhəmiyyətini nəzərə alaraq,
ona yenidən
qayıtmağı özümüzə borc bilirik.
İstər
ibtidai məktəb olsun, istərsə ali məktəb, istər
fizika fənni olsun, istərsə ədəbiyyat fənni, fərqi
yoxdur, hər bir fənnin tədrisində bu və ya digər dərəcədə təlim, təhsil, tərbiyə və
psixoloji inkişaf əlamətləri
iştirak edir. Deməliyik ki, bu əlamətlərin
olması, iştirakı obyektiv səciyyə daşıyır, müəllimdən
asılı olmur. Lakin fənnin tədrisində təlim, tərbiyə,
təhsil və psixoloji inkişaf
əlamətlərinin iştirak səviyyəsi müəllimin pedaqoji ustalıq səviyyəsindən
asılı olur.
Bu
asılılığın mahiyyətindən hali olan müəllimin tədris
işində təhsillilik, tərbiyəlilik
və psixoloji inkişaf səviyyəsi,
adətən, yüksək olur; həmin asılılığın
mahiyyətindən xəbəri olmayan müəllimin
şagirdlərində isə təhsillilik, tərbiyəlilik
və psixoloji inkişaf səviyyəsi,
adətən, aşağı olur.
Unutmayaq
ki, vahid olan real pedaqoji prosesdə
təlim, tərbiyə, təhsil və psixoloji inkişaf əlamətləri bir-birini
tamamlaya, biri digərinə dayaq ola, biri digərində
iştirak edə bilir.
Təlim
kateqoriyasının mahiyyətinə dair Milli pedaqogika anlamını oxucuya xatırladaq: təlim
müəllimin məqsədyönlü, planlı və
mütəşəkkil rəhbərliyi altında fənn üzrə sistemləşdirilmiş
biliklərin, bacarıq və vərdişlərin şagirdlər
(tələbələr) tərəfindən mənimsənilməsi
və bu zaman onların tərbiyə olunmaları, habelə
psixoloji cəhətdən inkişaf etmələri prosesidir.
Bu
anlamın yeniliyi təkcə
orasında deyil ki, pedaqoji prosesin tamlığını,
onun əlamətlərinin ardıcıllığını,
qarşılıqlı əlaqəsini, bir-birinə dayaq
olduğunu dəqiq və aydın ifadə edir; həm də orasındadır ki, təlimdə
müəllimin və şagirdlərin aparıcı vəzifələrini
açıb göstərir: müəllimin əsas vəzifəsi
şagirdlərin mənimsəmə fəaliyyətini, tərbiyə olunmalarını və psixoloji
inkişafını təşkil etmək, ona istiqamət vermək,
rəhbərlik etməkdir, şagirdlərin əsas vəzifəsi
isə tərbiyə və psixoloji inkişaf imkanları olan bilik və
bacarıqları müəllimin göstərişinə
uyğun olaraq mənimsəməkdir.
Təlim
kateqoriyasının mahiyyətindən göründüyü
kimi, burada qabarıq şəkildə özünü göstərən
fənn üzrə bilik və bacarıqların mənimsənilməsidir;
təlim zamanı şagirdlərin
(tələbələrin) tərbiyə olunmaları və
psixoloji cəhətdən inkişafları isə müəyyən
dərəcədə kölgədə qalır. Pedaqoji ustalıq səviyyəsi
aşağı olan müəllimin bu sonuncu iki cəhət
diqqətindən, adətən, yayınır.
Topladığımız
faktlar əsasında qətiyyətlə, böyük inamla
deyə bilərik ki, təlim zamanı şagirdlərin tərbiyə
olunmalarına və psixoloji
inkişaflarına əhəmiyyət verməmələri bir
çox müəllimlərimizin uğursuzluqlarının
başlıca səbəblərindən birinə
çevrilir.
Eyni
sözlər təhsil kateqoriyasına da şamil edilə bilər.
Təhsilin mahiyyətinə dair Milli pedaqogika anlamına nəzər
salaq: Təhsil sosial-iqtisadi həyatın sahələrindən
biri olub, müvafiq tədris müəssisəsində müəyyən
müddətə məqsədyönlü, planlı və mütəşəkkil öyrənilən,
tərbiyə və psixoloji inkişaf imkanları olan, təlimin
bir halda zəruri şərti, digər halda gedişi,
üçüncü halda nəticəsi kimi özünü
göstərən sistemləşdirilmiş biliklərin,
bacarıq və vərdişlərin, habelə mənəvi
keyfiyyətlərin məcmusudur.
Təhsilin
mahiyyətinə dair yeni anlamdan aydın
göründüyü kimi, burada da təlim, tərbiyə və psixoloji inkişaf məsələləri nəzərə
alınmışdır. Lakin
bir məqam diqqəti xüsusilə özünə cəlb edir: təhsilin məzmununu təşkil
edən biliklərin, bacarıq və vərdişlərin,
habelə mənəvi keyfiyyətlərin hərəkətə
başlaması, yəni təlimin zəruri şərti olan təhsilin
tədricən onun gedişinə və nəticəsinə
çevrilməsi aydın sezilir; təhsil
kateqoriyasının mahiyyətində tərbiyə və
psixoloji inkişaf məsələləri isə o qədər
də aydın sezilmir. Müəllim
bu cəhəti bilməli və təhsilin tərbiyəvi
imkanlarını da, psixoloji inkişaf imkanlarını da
reallaşdırmağın yollarını Milli pedaqogika ruhunda yazılmış
kitablar əsasında, o cümlədən "Tətbiqi pedaqogika" və ya "Pedaqoji
ustalığın problemləri" adlı dərsliklər əsasında
öyrənmək olar.
Tərbiyə
kateqoriyasının mahiyyətinə də bəzi yeniliklər
gətirilmişdir. Təəssüflər olsun ki, bir
çox müəllimlərimiz Milli pedaqogikanın bu yeniliklərindən
də xəbərsizdirlər.
Milli
pedaqogikada müəyyənləşdirilmişdir ki, tərbiyə,
hər şeydən əvvəl, insanların
davranışı ilə əlaqədar olan pedaqoji hadisədir.
Xeyirxahlıq və ya paxıllıq, səmimilik və ya
qeyri-səmimilik, qayğıkeşlik və ya biganəlik, səxavətlilik
və ya xəsislik, sözlə əməlin üst-üstə
düşməsi və ya düşməməsi, halallıq
və ya haramlıq, vətənpərvərlik və ya vətənə
laqeydlik, zəhmətsevərlik və ya zəhmətə xor baxmaq və
yüzlərlə bu cür müxtəlif formalı və məzmunlu
davranış tərzləri buna misal ola bilər.
Tərbiyə
kateqoriyasının mahiyyətini səciyyələndirən
yeniliklərdən biri də tərbiyə işinin
aparıldığı mühitlə əlaqədardır. Milli
pedaqogikaya görə, tərbiyə işi üçün
münasib şərait yaradılmalıdır. Əks təqdirdə,
istənilən nəticəni almaq çətinləşir. Şagirdlərin hüquqları heç
bir cəhətdən
pozulmayan məktəbdə, şagirdlərə
pedaqoji prosesin obyekti kimi deyil, subyekti
kimi baxılan, onlarla
məsləhətləşmələr aparılan məktəbdə
tərbiyəvi tədbirlər yüksək səviyyədə
keçirilir.
Nəhayət,
tərbiyə kateqoriyasının müasir anlamını səciyyələndirən
üçüncü cəhət adamlarda inam hissinin
yaradılmasıdır. İnam hissi isə, hər şeydən
əvvəl, tərbiyəçinin özündən
qaynaqlanmalıdır. Onun özü təbliğ etdiyi, aşılamaq istədiyi
ideyanın reallığına, doğruluğuna dərindən
inanmalıdır. Belə olduqda dinləyicilər tərbiyəçinin
dediklərinə inanır, onun dediklərini qəbul edir, məsləhətlərini
heç bir şübhə etmədən yerinə yetirirlər.
Tərbiyəçinin özü boğazdan yuxarı
danışırsa, dediklərinin reallığına dinləyicilərdə
inam yarada bilmirsə, fikirlərinin səmimiliyinə onlarda
şübhə yaranırsa, məqsəddən uzaq
düşmüş olur. Belə olduqda şəxsin tərbiyə
işinə girişməməsi məsləhət olardı.
Deyilən
əlamətləri nəzərə alan Milli pedaqogika tərbiyə
kateqoriyasının mahiyyətini belə dəyərləndirir:
tərbiyə - davranışla əlaqədar olan əsaslandırılmış
mənəvi keyfiyyətlərə dair adamlarda inam hissinin məqsədyönlü,
planlı və mütəşəkkil qaydada
formalaşdırılması prosesidir.
Burada bir cəhəti unutmaq olmaz. Məsələ burasındadır
ki, hər hansı mənəvi keyfiyyətlə (məsələn,
halallıqla) əlaqədar
tədbir keçirilən
zaman iştirakçılar
halallıq nümunələrinə
dair ayrı-ayrı şəxsiyyətlər barədə,
onların fikirləri
haqqında yeni-yeni məlumatlar eşidirlər; şagirdlərin
görüş dairələri
xeyli genişlənir,
mənəvi keyfiyyətlə
yanaşı, real bilik
və bacarıqlara da sahib olurlar.
Bundan əlavə, davranışdan
ayrılmaz olan mənəvi keyfiyyətlərlə
zənginləşmiş insanların
psixoloji qüvvələri
də müəyyən
dərəcədə işə
düşmüş olur;
hansısa fikirlə razılaşır, hansılarlasa
razılaşmır, etiraz
edir, öz mülahizəsini söyləyir.
Bir sözlə, ənənəvi pedaqogikadan
qidalanmış müəllimlərin
şagirdlərində (tələbələrində)
davranışla bağlı
mənəvi keyfiyyətlərin
formalaşmasında təlim
əlamətləri ilə
yanaşı, psixoloji
qüvvələri də müəyyən dərəcədə
fəaliyyətdə olur.
Təhsildə müəllimin yüksək
göstəricilərə nail olması üçün
isə təlimdə psixoloji qüvvələrin
müəyyən dərəcədə iştirakı
Milli pedaqogikada qətiyyən qənaətbəxş
hesab edilmir. Milli pedaqogikada sübut olunmuşdur ki, psixoloji qüvvələri
təlimdə inkişaf
etdirmək nəinki mümkündür, hətta
son dərəcə faydalıdır.
Psixoloji qüvvələr
deyəndə diqqət,
iradə, hafizə, təfəkkür, təxəyyül
və s. nəzərdə
tutulur. Təlimdən
ayrılmaz olan həmin psixoloji qüvvələr müəllimin
qayğısına çevrildikdə,
dərsboyu müəllim
şagirdlərdə (tələbələrdə)
diqqətin yayınmasını,
iradə zəifliyini və
s. psixoloji nöqsanları
səbrlə, dözümlə
aradan qaldırdıqca
psixoloji qüvvələr
inkişaf edir, gah təlimin nəticəsinə, gah da onun əsasına
çevrilir; təhsildə
uğurun etibarlı amili olur. Bu səbəbdən psixoloji inkişaf Milli pedaqogikada pedaqoji prosesin dörd kateqoriyasından biri kimi müəyyənləşmişdir.
Soruşmaq olar: pedaqoji prosesdə təlim, tərbiyə, təhsil və psixoloji inkişaf kateqoriyalarının
cəmləşdiyini, yəni inteqrasiya etdiyini, bəzən də onun diferensiasiyaya
uğradığını, yəni müstəqil kateqoriyalar kimi fəaliyyət göstərdiyini
bilmək müəllimə
nə verir? Hər şeydən əvvəl müəllimin
pedaqoji ustalığının
artmasına səbəb olur; bu da şagirdlərdə (tələbələrdə) mənimsəmənin
səviyyəsini əhəmiyyətli
dərəcədə artırır.
Yenə
sual: Necə? Cavab: Pedaqoji prosesdən diferensiasiya edilən, yəni ayrılaraq müstəqil
tətbiq olunan, məsələn, təlimdə
müəllimin başı
yalnız aparıcı
cəhətə (bilik
və bacarıq öyrənilməsinə) qarışmır;
onun diqqətindən yayına biləcək tərbiyənin və psixoloji qüvvələrin
də işə qoşulmasına hökmən
xüsusi qayğı
göstərməli olur.
Tərbiyə imkanları və psixoloji qüvvələrdən
istifadə imkanları
isə dərsdə kifayət qədərdir. Müəllimi
inandırmaq istədiyimiz
cəhət budur ki, dərsin həmin imkanlarını
öyrənsin, bilsin və təcrübədə işə
salsın.
Tamdan, yəni pedaqoji prosesdən ilk baxışda
təlim kimi, tərbiyə kimi, ya təhsil kimi və ya
psixoloji inkişaf kimi diferensiallaşan, yəni ayrılan pedaqoji kateqoriya hər dəfə digər kateqoriyalarla inteqrasiya edərsə, yəni onlarla qovuşarsa, görün bizim gənc nəslin təhsillilik və tərbiyəlilik səviyyəsi, psixoloji inkişaf səviyyəsi eyni zaman kəsiyində nə qədər yüksəlmiş
olar!
Gənc
nəslin təhsillilik
və tərbiyəlilik
səviyyəsini yüksəltməkdə,
habelə psixoloji inkişaf səviyyəsini
qaldırmaqda pedaqoji prosesin diferensiasiya və inteqrasiya imkanlarından istifadəyə
dair bu yenilikləri
müəllimlərimiz nə
qədər ətraflı
öyrənib öz işlərində tətbiq
etsələr, bir
o qədər
Azərbaycan xalqının
xeyrinə olar; bununla yanaşı, orta ümumi təhsilimizdəki
kəsirləri
aradan qaldırmağa
yönələn şagirdlərin
repetitorlar yanına göndərilməsi üçün
valideynlərin çəkdikləri
əlavə xərc də aradan qalxar.
Nurəddin KAZIMOV
Azərbaycan müəllimi.-
2011.- 28 yanvar.- S.14.