Şimali Kipr Türk Respublikasının təhsil sistemi

 

Şimali Kipr Türk Respublikası

   

Ərazisi:                                3355 km2  

Əhalisi:                                300 min nəfər

Paytaxtı:                              Lefkoşa

Dövlət dili:                           türk dili

Pul vahidi:                            türk lirəsi

 

Təhsil sistemi

 

Şimali Kipr Türk Respublikası Aralıq dənizinin şərq sahillərində yerləşir. Ölkənin müstəqilliyi Türkiyə Cümhuriyyətindən başqa heç bir dövlət tərəfindən tanınmayıb. Bununla belə, Şimali Kipr Türk Respublikası de-fakto müstəqil dövlətdir. 1985-ci ildə qəbul edilmiş Konstitusiyaya görə, dövlət başçısı prezidentdir.

Ölkədə son illər təhsil sahəsinin sürətli inkişafı müşahidə edilməkdədir. Təhsil sisteminə nəzarət, müvafiq qanunların və yeni normativ-hüquqi sənədlərin hazırlanması işi Milli Təhsil, Gənclik və İdman Nazirliyi  tərəfindən həyata keçirilir.

Məktəbəqədər təhsil, ibtidai təhsil və orta təhsilin 12-14 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş birinci mərhələsi icbari xarakter daşıyır. Məktəblərin əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Dövlət məktəbləri ilə yanaşı, genişləndirilmiş təhsil proqramları təklif edən özəl tədris ocaqları da fəaliyyət göstərir.

Şimali Kiprin təhsil sistemi aşağıdakı pillələrə bölünür:

* Məktəbəqədər təhsil - 6 yaşa qədər olan uşaqlar üçün nəzərdə tutulub;

* İbtidai təhsil - 6-11 yaşlı uşaqlar üçün nəzərdə tutulub;

* Orta təhsilin aşağı pilləsi (əsas təhsil) - 12-14 yaşlı uşaqlar üçün nəzərdə tutulub;

* Orta təhsilin yuxarı pilləsi - 15-17 yaşlı uşaqlar üçün nəzərdə tutulub;

* Peşə təhsili;

* Ali təhsil.

Orta təhsilin yuxarı pilləsində şagirdlər əsasən, lisey və peşə məktəblərində oxuyurlar. Orta təhsilin yuxarı pilləsi universitetlərə hazırlıq mərhələsi hesab olunur.

Tam orta təhsil 11 ildir. 12 illik təhsilə keçmək planlaşdırılsa da, qarşıya çıxan maneələr aradan qaldırılmamış bu məsələnin reallaşdırılması mümkün olmayacaq.

Ölkə üzrə təxminən 1 müəllimə 30 şagird nisbəti qeydə alınıb. Dərs ili sentyabr ayında başlayır və iyun ayının sonunda başa çatır.

Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən universitetlər müasir təhsil ənənələrini uğurla tətbiq edir, daha yüksək səviyyəli mütəxəssis hazırlığı istiqamətində rəqabət aparırlar. Şərqi Aralıq Dənizi Universiteti, Yaxın Şərq Universiteti, Kipr Beynəlxalq Universiteti,  Girnə Amerikan Universiteti, Lefke Avropa Universiteti, Türkiyənin Orta Şərq Texniki Universitetinin və İstanbul Texniki Universitetinin Şimali Kiprdəki filiallarında nəinki yerli, həmçinin kifayət qədər əcnəbi tələbələr təhsil alır.

 

Məktəbəqədər təhsil

 

Şimali Kiprdə məktəbəqədər təhsil müəssisələri sırasına körpələr evi və kreşlər  daxildir. Körpələr evinə 4 yaşına qədər uşaqlar cəlb edilir. Kreşlərdə isə 4-6 yaşlı uşaqlar təhsil alırlar.

5 yaşlı uşaqların məktəbə hazırlığını nəzərdə tutan məktəbəqədər təhsil proqramları 2004-cü ildən etibarən icbari xarakter daşıyır. Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsil ödənişsiz əsaslarla həyata keçirilir.

Məktəbəqədər təhsil proqramlarının əsas məqsədi şagirdlərin ümumi və emosional inkişafını təmin etməkdən ibarətdir. Bununla yanaşı, uşaqların məktəbə hazırlığı məsələlərinə də xüsusi diqqət yetirilir, müvafiq kurikulumlar əsasında tədris aparılır.

 

İbtidai təhsil

 

Uşaqlar 6 yaşından etibarən I sinfə qəbul olunur. Qeyd etdiyimiz kimi, 5 illik ibtidai təhsil icbari xarakter daşıyır və ödənişsiz əsaslarla aparılır.

2002-2003-cü tədris ilinin statistik məlumatlarına görə, Şimali Kiprdə 344 ibtidai məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 60 mindən çox şagirdin təlim-tərbiyəsi ilə təxminən 4000 müəllim məşğul olur.

Dövlət məktəbləri ilə yanaşı, özəl ibtidai təhsil müəssisələri də fəaliyyət göstərir. Özəl  məktəblərə də Milli Təhsil, Gənclik və İdman Nazirliyi nəzarət edir.

İbtidai təhsil (6-11 yaş) əsas təhsil mərhələsinin birinci pilləsi hesab olunur. Orta təhsilin 3 il davam edən aşağı pilləsi isə (12-14 yaş) əsas təhsilin ikinci mərhələsidir. Əsas təhsil ödənişsiz və icbari xarakter daşıyır.

İbtidai təhsil şagirdlərin məktəb həyatında ən mühüm mərhələ hesab olunur. İbtidai siniflərdə şagirdlərə əsasən oxu və yazı bacarıqları aşılanır, tarix, riyaziyyat, ədəbiyyat, coğrafiya və digər fənlər tədris olunur.

İbtidai məktəblərdə şagirdlərə əsasən, eyni müəllim dərs keçir. Musiqi və bədən tərbiyəsi və digər bu kimi fənləri isə yalnız fənn müəllimləri tədris edirlər.

Şagirdlər ibtidai təhsil mərhələsini tamamladıqdan sonra öz təhsillərini orta məktəblərdə davam etdirirlər.

 

Orta təhsil

 

Şimali Kiprdə 12-17 yaşlı uşaqlar orta təhsil pilləsində oxuya bilərlər. Orta təhsil iki mərhələdə həyata keçirilir. İlkin mərhələ adlandırılan orta məktəbin aşağı siniflərində 12-15 yaşlı uşaqlar təhsil alır. Təhsilin bu mərhələsi icbari və ödənişsiz əsaslarla həyata keçirilir. Bu təhsil mərhələsi Türkiyədə olduğu kimi, "orta okul" adlandırılır.

Orta təhsilin yuxarı pilləsində 3 illik proqram tədris edilir. Şagirdlər orta təhsilin yuxarı pilləsində lisey və gimnaziyalarda oxuyurlar.

Orta təhsilin yuxarı pilləsində əsasən əsas təhsil pilləsini uğurla başa vuran şagirdlər təhsil alır. Orta məktəbin son 3 ilində əsasən təmayüllər üzrə tədris aparılır. Bu zaman şagirdlər ixtisas fənlərini və əlavə fənləri seçməkdə sərbəstdirlər.

Dövlət tərəfindən maliyyələşdirilən məktəb və kolleclərdə tədris əsasən türk dilində aparılır. İngilis, alman və fransız dilləri xarici dil kimi tədris olunur. Orta məktəblərdə şagirdlərin hamısı vahid məktəbli formasından istifadə edir.

Dövlət və özəl məktəblərdə tədris Milli Təhsil, Gənclik və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş kurikulum əsasında aparılır. Şagirdlərin bilikləri 1-10 ballıq şkala üzrə qiymətləndirilir.

Özəl məktəblərdə və kolleclərdə tədris dili kimi əsasən ingilis dilindən istifadə olunur. Türk dili isə ikinci dil kimi tədris edilir. Özəl tədris müəssisələrinin fəaliyyətinə də Milli Təhsil, Gənclik və İdman Nazirliyi nəzarət edir. Qeyri-dövlət məktəblərinin nizam-intizam məsələləri və tədris standartları da nazirlik tərəfindən tənzimlənir.

Məktəblərdə şagirdlərin dərsdənkənar məşğələlərə cəlb olunması işinə xüsusi diqqət yetirilir. Təhsil ocaqlarında təsviri incəsənət, musiqi, idman və digər dərnəklər fəaliyyət göstərir. Bütün bunlar uşaqların fərdi yaradıcılıq qabiliyyətinin və istedadının inkişaf etdirilməsinə xidmət edir.

 

Peşə təhsili

 

Kiprdə icbari təhsili başa vuran şagirdlərin təxminən 20 faizi öz təhsilini texniki və ya peşə məktəblərində davam etdirir. Bu tədris ocaqlarında təhsil əsasən iki istiqamətdə - nəzəri və texniki istiqamətlərdə aparılır.

Texniki və peşə məktəblərində kənd təsərrüfatı, tibb bacısı, turizm, otel menecmenti və iaşə xidməti ixtisaslarına yiyələnmək mümkündür. Onu da qeyd edək ki, peşə təhsili də orta təhsilin bir hissəsi hesab edilir.

Milli Təhsil, Gənclik və İdman Nazirliyi texniki və ya peşə məktəblərində tədris olunan ixtisasların müəyyənləşdirilməsi, eləcə də məzunların məşğulluğunun təmin olunması məqsədilə Əmək və Sosial Müdafiə Nazirliyi ilə yaxından əməkdaşlıq edir. Odur ki, peşə məktəblərində əsasən əmək bazarının tələblərinə uyğun ixtisaslar tədris edilir.

Texniki və peşə təhsili proqramları çərçivəsində yaşlıların təhsilinə də imkan yaradılır. Yaşlıların peşə təhsili proqramları ömürboyu öyrənmə və təkmilləşmə prinsipinə əsaslanır.

 

Ali təhsil

 

Son illər Şimali Kipr Türk Respublikasında ali təhsil sahəsinin sürətli inkişafı müşahidə edilməkdədir. Ölkə universitetləri yüksək səviyyəli təhsil proqramları sayəsində dünya arenasında tanınmağa iddialıdır.

Avropa ölkələrinin əksər hissəsində olduğu kimi, ali təhsil pilləsində bakalavriatura səviyyəsi 4 il davam edir. Şimali Kipr Türk Respublikası Boloniya prosesinə qoşulmasa da, bu dərəcə 240 Avropa Kredit Transferi Sisteminə uyğun gəlir.

Magistratura səviyyəsi diplomdansonrakı dərəcə kimi qəbul olunur. Bakalavriatura səviyyəsini bitirən məzunlar öz təhsillərini magistratura səviyyəsində müvafiq ixtisaslar üzrə davam etdirə bilərlər.

Elmi araşdırmaları əhatə edən doktorantura ali təhsilin üçüncü səviyyəsi hesab olunur. Doktoranturaya yalnız magistraturanı bitirmiş məzunlar qəbul edilirlər. 3 illik təhsil və elmi tədqiqat fəaliyyətini əhatə edən doktorantura səviyyəsinin sonunda hər bir doktorant konkret nəzəri müddəalarını sübuta yetirməli, araşdırmaların nəticələri ortaya qoyulmalıdır.

Şimali Kiprdə fəaliyyət göstərən ali təhsil müəssisələri ilbəil beynəlxalq əlaqələrini və tələbə mübadiləsinin səviyyəsini yüksəltməyə nail olur. Kipr Beynəlxalq Universiteti, Şərqi Aralıq Dənizi Universiteti, Lefke Avropa Universiteti, Girnə Amerikan Universiteti, Yaxın Şərq Universiteti, Lefkoşa Atatürk Təlim Akademiyası, Türkiyənin Orta Şərq Texniki Universitetinin və İstanbul Texniki Universitetinin Şimali Kiprdəki filiallarında həyata keçirilən layihələr bu tədris ocaqlarının nüfuzunu daha da artırır, onların qarşısında yeni perspektiv inkişaf imkanları açır.

Yüksək nüfuzu ilə fərqlənən Şərqi Aralıq Dənizi Universiteti beynəlxalq statusa malikdir. Bu ali məktəbdə dünyanın müxtəlif ölkələrindən tələbələr təhsil alır. Universitetdə ümumilikdə 14000-ə yaxın tələbə müxtəlif ixtisaslara yiyələnir və 1000-dən çox işçi çalışır.

Lefke Avropa Universiteti, Beynəlxalq Kipr Universiteti, Girnə Amerikan Universiteti, Orta Şərq Texniki Universiteti Şimali Kipr filialı və digər ali məktəblərdə də həm yerli, həm də əcnəbi tələbələr təhsil alırlar. Bəzi universitetlərdə təlim dili kimi ingilis dilinə də yer verilir. Kipr universitetlərinə Birləşmiş Krallıq, Almaniya, Türkiyə, MDB respublikaları, İordaniya, Hindistan, Misir, Pakistan, Sudan və digər ölkələrdən olan tələbələr daha çox maraq göstərirlər.

 

Beynəlxalq əməkdaşlıq

 

Şimali Kipr təhsil və elmi əməkdaşlıq sahələrində beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir. Bu baxımdan Boloniya prosesi və onun müddəalarının tətbiqi, universitetlərarası və beynəlxalq təşkilatlarla ikitərəfli razılaşmalar, birgə əməkdaşlıq məsələləri daim diqqət mərkəzində saxlanılır.

ERASMUS mübadilə proqramı, Aralıq dənizi ölkələri əməkdaşlıq proqramları və digər təhsil proqramları üzrə əlaqələr genişləndirilir. Tələbə mübadiləsi sahəsində ilbəil daha müsbət nəticələr qazanılır, elmi əlaqələrin inkişafına hərtərəfli dəstək verilir.

Onu da qeyd edək ki, Şimali Kipr Türk Respublikası ilə Azərbaycan arasında elm və təhsil sahəsindəki əlaqələr ilbəil inkişaf etməkdə, əməkdaşlığın yeni-yeni istiqamətləri müzakirə olunmaqdadır.

 

 

Bəşarət MƏMMƏDOV,

 

Dilrubə BAYRAMOVA

 

Yazının hazırlanmasında Şimali Kipr Türk Respublikası Milli Təhsil, Gənclik və İdman Nazirliyinin rəsmi məlumatlarından istifadə olunub.

 

 Azərbaycan müəllimi.- 2012.- 6 aprel.- S.6.