Azərbaycan təhsili yeni inkişaf mərhələsində

 

Əməkdar elm xadimi, professor Misir Mərdanovun bu fundamental əsəri müstəqil dövlətimizin indiki mərhələsində milli təhsilimizin uğurlu yolla irəlilədiyini təsdiq edir

 

Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində əsasını ulu öndər Heydər Əliyevin qoyduğu siyasi və iqtisadi kurs son zamanlar ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, suveren dövlətimiz təkcə regionun deyil, həm də Avropanın siyasi cəhətdən ən sabit ölkəsinə çevrilmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmış, iqtisadi inkişaf tempinə görə dünyada lider ölkələr sırasına daxil olmuşdur. Əlbəttə, qısa müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafı dövlət başçısı İlham Əliyevin yeni idarəetmə modeli sayəsində mümkün olmuşdur. Təsadüfi deyildir ki, dünyanın nüfuzlu ekspertləri və iqtisadçıları Azərbaycanın dinamik inkişafının səbəblərini də məhz İlham Əliyevin ölkəni elmi tədqiqatlara və strateji təhlillərə əsaslanan proqramlarla idarəetmə modelinin nəticəsi kimi qiymətləndirirlər.  Olduqca təqdirəlayiq faktdır ki, Prezident İlham Əliyevin ölkəmizdə uğurla həyata keçirilən yeni idarəetmə modeli təhsil sistemində də müasir menecment modellərinin tətbiqini şərtləndirmişdir. Son illərdə təhsil sahəsində əhəmiyyətli uğurların əldə olunması da bilavasitə təhsilin idarəolunması sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Təhsil Nazirliyinin strukturunda dəyişikliklərin aparılması, o cümlədən monitorinq və qiymətləndirmə, təhsilin idarəolunmasının məlumat sistemləri, strateji təhlil, planlaşdırma və kadrların idarəolunması, akkreditasiya şöbələrinin yaradılması nazirliyin idarəetmə potensialını xeyli gücləndirmiş, çevik idarəetməyə zəmin yaratmışdır.

 

Müstəqillik illərində Azərbaycan təhsili ümummilli lider Heydər Əliyevin "Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır" müddəasına əsaslanan islahatlar nəticəsində tarixi təcrübə və nailiyyətlər zəminində bir çox diqqətəlayiq uğurlar qazanmış, milli dəyərlərə söykənməklə beynəlxalq təhsil sisteminə uğurla inteqrasiya edə bilmişdir.

Ulu öndərin uzaqgörən siyasi kursunun mübariz davamçısı olan İlham Əliyevin "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir" konsepsiyası isə cəmiyyətin inkişafında yeni zəmin yaratmaqla yanaşı, dövlət başçısının bu uzaqgörən fikirlərini bir daha təsdiqləyir: "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir".

Təhsil sisteminin qarşısında duran əsas vəzifələri müəyyənləşdirərkən Prezident İlham Əliyev belə bir vacib məqamı xüsusi vurğulamışdır: "Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır".

"Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik" müddəasını əsaslandıran dövlət başçısının dediyi kimi, "təhsil əsri" elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır. Təcrübə göstərir ki, hər hansı bir dövlətin inkişafını təbii sərvətlərin bolluğu deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsi təmin edir.

Təhsil sahəsindəki bu uğurlu inkişafın ən bariz nümunəsi Azərbaycan Respublikasının təhsil naziri, əməkdar elm xadimi, professor Misir Mərdanovun "Çaşıoğlu" nəşriyyatında nəfis şəkildə çapdan çıxmış "Azərbaycan təhsili yeni inkişaf mərhələsində" adlı fundamental əsərində özünün geniş əksini tapmışdır. 2000 nüsxə tirajla buraxılmış 528 səhifəlik kitabda son illərdə Azərbaycanda təhsilin inkişafı, Təhsil Nazirliyinin beynəlxalq qurumlarla birlikdə həyata keçirdiyi islahatlar, ayrı-ayrı təhsil pillələri üzrə reallaşdırılan dövlət proqramları, bu istiqamətdə qazanılan nailiyyətlər, eyni zamanda təhsil sahəsində mövcud olan problemlər və inkişaf perspektivləri kifayət qədər geniş şəkildə əhatə olunmuşdur.

"On söz"dən, "Giriş"dən və 9 fəsildən ibarət olan bu kitabda milli təhsil strategiyasının ən mühüm istiqamətlərinə aydınlıq gətirilmiş, müstəqillik dövründə milli təhsil siyasətinin təşəkkülü və inkişaf istiqamətlərinin hərtərəfli təhlili verilmişdir. Kitabda statistik rəqəmlər əsasında təhsil sisteminin bütün vəsilələrində-məktəbəqədər tərbiyə və ümumi təhsil müəssisələrində, texniki peşə, orta ixtisas və ali məktəblərdə aparılan islahatların gedişi, nəticələr və perspektivlər ətraflı şərh olunmuş, eləcə də əlavə təhsil, ali məktəb elmi məsələləri diqqətlə araşdırılmışdır. Müəllif olduqca zəngin faktlar və rəqəmlər əsasında Azərbaycan təhsilinin hər bir pilləsi və səviyyəsi üzrə inkişaf meyilləri, problemlər və perspektivlər barədə fikirlərini, həyata keçirilən konkret tədbirlər haqqında məlumatları, ölkə təhsilində aparılan islahatların nəticələrini məntiqi və xronoloji ardıcıllıqla oxucuların diqqətinə çatdırmışdır.

Kitab müəllifi haqlı olaraq qeyd edir ki, təhsil xərclərinin ilbəil artması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. Belə ki, son illərdə təhsil xərclərinin artmasının əsasında da həmin konseptual müddəalar dayanır. Məsələn, təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2008-ci ildə 1.1 milyard manata çatmış, 2009-cu ildə isə 1.3 milyard manat təşkil etmişdir. Ayrı-ayrı təhsil pillələri üzrə bir təhsilalana düşən xərc də son illərdə dinamik şəkildə inkişaf etmiş, bu rəqəm ildən-ilə müəyyən qədər yüksəlmişdir. Bütün təhsil işçilərinin əməkhaqqı, tələbələrin, aspirantların təqaüdləri hiss olunacaq dərəcədə artırılmışdır.

Kitabda göstərildiyi kimi, son illərdə baş vermiş əsaslı yeniliklərdən biri də budur ki, təhsil sistemi elmi şəkildə əsaslandırılmış proqramlar əsasında idarə olunur. Təhsil tariximizdə ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuşdur və uğurla həyata keçirilməkdədir.

Müəllif iftixarla yazır ki, son illərdə 350 min şagird yerlik 1300-dək yeni məktəb binasının tikilməsi çağdaş təhsil tariximizin ən parlaq səhifələrindən biridir. Ümumiyyətlə, ötən dövrdə 700 mindən çox şagird, yəni bütün şagirdlərin təxminən 50 faizi müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı qazanmışdır. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" və "Uşaq evləri və internat məktəbləri" proqramları çərçivəsində son illərdə təhsilin bütün vəsilələrində maddi-texniki baza yüksək səviyyədə yaxşılaşdırılmış, son illərdə 226 yeni məktəb tikilmiş, 39 məktəb, 10 uşaq bağçası əsaslı təmir olunmuşdur.

Müəllifin vurğuladığı kimi, tədqiqatlar göstərir ki, məktəbəqədər təhsil uşaqların erkən yaş dövründə intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəb təliminə hazırlanmasında, onlarda mənəvi keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur. Bu yaş dövründə uşağın inkişafına xərclənən vəsait sonradan 17 dəfə artıq gəlir gətirir. Bu səbəbdən son illərdə məktəbəqədər təhsilin inkişafı Təhsil Nazirliyinin strategiyasında mühüm prioritet təşkil edir.

Müəllif yazır: "Etiraf etmək lazımdır ki, təhsil sisteminin bu vacib sahəsini dövrün tələblərinə uyğunlaşdırmaq üçün uzun müddətdən bəri xeyli cəhdlər göstərilsə də, ictimaiyyəti razı salan uğurlu nəticələrə hələ nail olunmamışdır. Ona görə də uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi xeyli müddətdir ki, 16 faizdən yuxarı qalxmır. Halbuki həmin göstərici Finlandiyada 99, Fransada, Belçikada 95, Almaniyada 90, bir sıra MDB ölkələrində isə 50-85 faiz təşkil edir". Kitabda göstərildiyi kimi, yaranmış vəziyyətlə bağlı aparılan təhlillər bir daha sübuta yetirdi ki, məktəbəqədər təhsil sahəsində yığılıb qalmış problemlərin dövlət səviyyəsində həllinə imkan və şərait yaradan proqram xarakterli sənəd qəbul olunmalıdır. Əks halda, ölkə üzrə yaşayış məntəqələrinin 30 faizində məktəbəqədər müəssisələrin olmaması, kənd rayonlarında əksər uşaq bağçalarının heç bir təlim-tərbiyə şəraiti olmayan uyğunlaşdırılmış binalarda yerləşməsi, müəssisələrin 30 faizindən çoxunda məcburi köçkünlərin yerləşməsi, mövcud avadanlıqların yararsız hala düşməsi və s. kimi problemlərin həlli müşkülə dönə bilərdi. Olduqca əlamətdar haldır ki, bu məsələyə xüsusi həssaslıqla   yanaşan   Prezident   İlham Əliyev 12 aprel 2007-ci ildə imzaladığı sərəncamla "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı"nı təsdiq edərək, 2007-2010-cu illərdə ölkəmizdə məktəbəqədər təhsil tarixində yeni mərhələnin təməlini qoydu.

Proqramın reallaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, təkcə Bakı şəhərində 11 yeni uşaq bağçası istifadəyə verilmiş, Bakıda və Sumqayıtda 21 uşaq bağçası əsaslı təmir edilmiş, yeni inşa olunan 32 təhsil müəssisəsi müasir avadanlıqlarla təchiz edilmişdir.

Bununla yanaşı, Təhsil Nazirliyinin sifarişinə əsasən son illərdə 100 adda müxtəlif təlim vəsaitləri hazırlanmışdır. Belə ki, uşaqlarda diqqətin, təfəkkürün, nitqin, yaddaşın inkişafına xidmət edən test kitabları, sadə riyazi təsəvvürlərin inkişafı üzrə çalışmalar, savad təlimi üzrə metodik işləmələr, nəfis tərtibatlı nağıl kitabları və s. hazırlanaraq respublikanın bütün məktəbəqədər təhsil müəssisələrinə çatdırılmışdır.

Müəllif kitabın ən böyük hissəsi olan II fəslini "Ümumi təhsil" adlandırmışdır. Burada məktəb tikintisi proqramları, məktəblərin dərsliklə təminatı, dərslik siyasəti, təhsil sisteminin informasiyalaşdırılması, pedaqoji kadr təminatı, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş, idarəetmə sahəsində islahatlar, məktəb-valideyn münasibətləri və s. kimi aktual məsələlər geniş təhlilə cəlb edilmişdir.

Kitabdakı təhlillər göstərir ki, 2003-2004-cü dərs ilinə nisbətən 2008-2009-cu tədris ilində ümumtəhsil məktəblərinin sayı 25, təhsil alanların sayı isə təxminən 265 min nəfər azalmış, müəllimlərin sayı 3702 nəfər artmışdır. Məktəblərin sayının azalması rasionallaşdırma tədbirlərinin həyata keçirilməsi, şagird kontingentinin kəskin azalması nəticəsində bir sıra məcburi köçkün məktəblərinin bağlanması ilə əlaqədar olmuşdur. Bu da maraqlıdır ki, 2008-ci ildə I sinfə gedən şagirdlərin sayı ötənilkinə nisbətən 1679 nəfər artmışdır. Eyni zamanda statistikaya görə, həm ölkəmizdə fəaliyyət göstərən özəl ümumtəhsil məktəblərinin miqdarında, həm də orada təhsil alan şagirdlərin sayında artma müşahidə edilmiş, amma müəllimlərin sayında azalma baş vermişdir.

Sirr deyil ki, yeni minilliyin əvvəllərində Azərbaycanda ümumi təhsil sistemində ən ciddi problemlərdən biri məktəblərin maddi-texniki bazasının yarıtmaz olması ilə bağlı idi. Ona görə də ümummilli lider Heydər Əliyev bu sahəyə xüsusi diqqət yetirmiş, çıxışlarının birində "Mən bu gün bəyan edirəm ki, yaxın zamanlarda Azərbaycanda məktəb tikintisi, məktəblərin müasir avadanlıqlarla təmin olunması, təmir edilməsi ilə əlaqədar ciddi tədbirlər haqqında öz təkliflərimi irəli sürəcəyəm" söyləmiş, bu problemin dövlət üçün prioritet məsələ olduğunu vurğulamışdı. Həmin çıxışdan qısa müddət keçdikdən sonra 4 oktyabr 2002-ci ildə ölkə başçısı "Azərbaycan Respublikası ümumi təhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncam imzalamış, bu sənəd ümumi təhsilin böhran vəziyyətindən çıxarılması üçün əsas olmuşdur. Məhz bu sərəncam təhsil sisteminin inkişafında mühüm amil olan ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaratdı.

Kitab müəllifinin qeyd etdiyi kimi, sərəncamın icrası istiqamətində Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumtəhsil məktəblərində maddi-texniki bazanın monitorinqi aparıldı və nəticələrə əsasən "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqram (2003-2007-ci illər)" hazırlandı. Proqram Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli sərəncamı ilə təsdiq edildi. Həmin sənəddə 5 ildə 44698 yerlik 149 yeni məktəbin, 175 məktəbdə 25560 yerlik 1328 sinif otağının inşası, 408 məktəbdə əsaslı təmir işlərinin aparılması nəzərdə tutulurdu.

Professor Misir Mərdanov bu sahədə həyata keçirilən uğurlu işlərin geniş statistik mənzərəsini şərh edərək yazır ki, son illərdə 350 min şagird yerlik 1300-dək yeni məktəb binasının tikilməsi çağdaş təhsil tariximizin ən parlaq səhifələrindən biridir. Ümumilikdə son illərdə 700 mindən çox şagird, yəni bütün şagirdlərin 50 faizi müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı qazanmışdır.

Kitabda ümumi təhsil sahəsində görülən irimiqyaslı layihələr içərisində tədrisin məzmunu sahəsində həyata keçirilən islahatlar da geniş təhlil edilmişdir. Əsərdən aydın olur ki, 2002-ci ildə Dünya Bankı ekspertlərinin iştirakı ilə Təhsil Nazirliyi tərəfindən ümumi orta təhsilin məzmununa, onun daim yeniləşdirilməsi və təkmilləşdirilməsi ilə yanaşı, təhsilalanlarda həyati bacarıq və vərdişlərin formalaşmasına daha çox diqqət yetirilməsi məqsədilə kurikulumların tətbiqinə başlandı. Bu sahədə ənənəvi problemlər üç istiqamətdə ümumiləşdirilmiş, əsasən qiymətləndirilmədə formalizmə üstünlük verilməsi, məzmunun ifrat nəzəri və abstrakt olması, nəhayət, bu sahədə şaquli və üfüqi inteqrasiyanın olmaması mövcud problemlər kimi qeyd edilmişdir.

Müəllifin qeyd etdiyi kimi, 30 oktyabr 2006-cı ildə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədi əsaslı dönüşə təkan verdi, yeni tədris standartları hazırlandı, ibtidai siniflər yeni kurikulumla fəaliyyətə başladı. Bundan sonra isə təhsilin məzmununun yeniləşdirilməsi istiqamətində fəaliyyət başlandı. Kitabın annotasiyasında da vurğulandığı kimi, kitabın əhəmiyyətli cəhətlərindən biri budur ki, Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq məzmun (kurikulum) islahatları, yeni dərslik siyasəti, şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə müasir mexanizmlərin tətbiqi, təhsilin informasiyalaşdırılması, əlavə təhsil barədə geniş məlumat verilmişdir.

Qeyd edək ki, kitabda ümumi təhsil məktəblərinin dərsliklə təminatı, dərslik siyasəti sahəsində həyata keçirilən dövlət tədbirləri siyasəti ətraflı təhlil edilmişdir. Bu baxımdan Heydər Əliyevin 26 aprel 1999-cu ildə imzaladığı "Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları" və 15 iyun 1999-cu ildə imzaladığı "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nın qəbulunadək olan mərhələ birinci mərhələ hesab edilmişdir. Məqsədyönlü fəaliyyətin nəticəsidir ki, dərslik siyasətinin birinci mərhələsində I-IV siniflər üzrə dərsliklərin 90 faizi, V-XI siniflər üzrə isə 75 faizdən çoxu məzmunca yeniləşdirilmişdir.

Dərslik islahatının ikinci mərhələsində əldə edilmiş uğurlar müqayisəli statistik təhlilə əsaslanmışdır. Bu mərhələnin ən böyük uğuru təbiət, texniki və dəqiq fənlərə aid yeni nəsil dərsliklərə keçilməsi idi. Sonralar humanitar fənlər üzrə də eyni prinsiplə dərslik hazırlığı təmin edilmişdir.

Böyük iftixar hissi ilə demək olar ki, Azərbaycan təhsili tarixində ümumtəhsil məktəblərinin dərsliklərlə təmin edilməsi, ölkəmizdə dərslik siyasətinin uğurla həyata keçirilməsi sahəsində görülən işlər müstəqillik illərini dərslik inqilabı dövrü kimi xarakterizə etməyə imkan verir. Qısa bir zaman kəsiyində onlarca fənlər üçün yeni təfəkkür tərzinə, Azərbaycan dövlətinin qarşıda qoyduğu tələblərə, milli ideologiyamıza, dövlətçilik və azərbaycançılıq fəlsəfi konsepsiyasına, tarixi keçmişimizə, soykökümüzə uyğun dərsliklər hazırlamaq, onları çap etmək və məktəblərimizi təmin etmək olduqca böyük problem idi.

Sevindirici haldır ki, Azərbaycan dövləti, Təhsil Nazirliyi bu mühüm işin öhdəsindən müvəffəqiyyətlə gəldi. 2003-2009-cu illərdə 701 adda dərslik hazırlandı. 34.256.600 tirajla nəşr edilən bu dərsliklər pulsuz olaraq məktəblərə verildi. Həmçinin dərsliklərdən əlavə Heydər Əliyev Fondunun yaxından köməyi ilə ayrı-ayrı fənlər üzrə 140 adda 1,4 milyon tirajla tədris-əyani vəsait hazırlanıb məktəblərə göndərilmişdir.

Belə bir cəhəti də qeyd etmək yerinə düşər ki, möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndər tərəfindən əsaslandırılmış "Müstəqil Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının vətənidir" ideyasını həyata keçirmək üçün Gürcüstandakı, Dağıstandakı azərbaycandilli məktəblər, MDB ölkələrində, habelə Almaniya, Polşa, Macarıstan, Kanada, Böyük Britaniya və ABŞ-dakı təhsili ana dilində olan bazargünü məktəblərinə və s. Azərbaycan dilində dərsliklərin göndərilməsini zəruri hesab etmişdir.

Bütün dünyada analoqu olmayan bu siyasətin həyata keçirilməsi dövlətimizin təhsil siyasətinin bütün dünyada ən humanist, ən demokratik siyasət olmasının bariz sübutudur.

Əsərdə professor M.Mərdanovun ciddi diqqət yetirdiyi sahələrdən biri də ümumi təhsil sistemində biliyin qiymətləndirilməsidir. Məlum olduğu kimi, beynəlxalq təcrübədə təhsilalanın biliyinə verilən qiymət həm də müəllimlərin və məktəbin fəaliyyətinə, valideynin təhsilə münasibətinə, məktəb rəhbərinin peşəkarlıq səviyyəsinə verilən qiymət kimi qəbul edilir. Planlı sovet təhsil sistemində keyfiyyət yox, kəmiyyət önə çəkildiyindən orta və ali məktəblərdə bütün məzunların attestat və diplom almaları təbii hesab edilirdi. Ona görə də bu sahədə ənənəvi psixoloji baryeri aşmaq hələ də çətindir və təpkilərlə qarşılanır. Bu sahədə ən ciddi vəzifə beynəlxalq təcrübənin təbliğidir ki, burada da başlıca məqsəd onun mahiyyətinin təhsilin müasir inkişaf tendensiyalarına uyğunlaşdırılmasıdır. Yeni kurikuluma uyğun tətbiq edilən standartlarda təsbit olunmuş biliklər daşıdıqları mahiyyətə görə 3 kateqoriyaya (deklarativ, prosedural və kontekstual) bölündüyündən onların reallaşdırılması üçün tələb edilən bacarıqlar da fərqli müəyyən edilir.

Əsərdə 2008-2009-cu dərs ilində ölkənin təhsil tarixində ilk dəfə olaraq bütün ümumi təhsil məktəblərində mərkəzləşdirilmiş imtahan formasının tətbiqi bu sahədə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Azərbaycan təhsilinin salnaməsi hesab edilən bu əsərdə eyni zamanda ali və orta ixtisas təhsili sahəsində görülən işlərin çox geniş elmi-praktik mənzərəsi yaradılmışdır. Müəllifin haqlı olaraq vurğuladığı kimi, müstəqillik əldə edildikdən sonra ölkədə baş verən siyasi-tarixi proseslər bu sahəyə də öz təsirini göstərmiş, onu böhran mərhələsindən ümummilli lider Heydər Əliyevin təkrar hakimiyyətə qayıdışı ilə baş verən quruculuq prosesi xilas etmişdir.

Dünya ölkələrinin təcrübəsi təsdiq edir ki, şəxsiyyət və cəmiyyətin təhsilə tələbatları əbədidir. Həmin tələbatların ödənilməsində orta ixtisas və ali təhsilin özünəməxsus rolu var. Azərbaycanın sosial-iqtisadi inkişafı, formalaşmaqda olan bazar münasibətləri şəraitində vətəndaşların peşə ixtisasına olan tələbat və istəklərinin ödənilməsində orta ixtisas təhsilinin əhəmiyyəti danılmazdır. Kitabın tarixi fakt və təcrübə əsasında hazırlanmış bu fəslində orta ixtisas təhsili təbəqəsini dövlət və özəl təhsil müəssisələrinin statistikası əsasında şərh edən müəllif bu sahənin məqsədlərini ətraflı şəkildə açıqlamışdır.

Əsərdən məlum olur ki, hazırda ölkəmizdə orta ixtisas təhsili müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. İndi 57 dövlət, 3 özəl orta ixtisas təhsili müəssisəsi 117 ixtisas üzrə kiçik mütəxəssis hazırlayır.

Sürət və intensiv dəyişilmə ilə səciyyələnən müasir zamanda sosial-iqtisadi və mədəni sahələrdə davamlı inkişafa təkan verən real qüvvə hesab olunan ali təhsil: cəmiyyətin ahəngdar inkişafında, cəmiyyətin intellektual potensialının formalaşmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində müstəsna əhəmiyyət kəsb edir, mühüm rol oynayır. Təsadüfi deyil ki, respublikada Dünya Bankının dəstəyi ilə aparılan islahatların mühüm sahəsi ali təhsili əhatə edir.

Kitabdakı "Ali təhsilin inkişafı" adlı fəsil məzmun zənginliyi, beynəlxalq qurumlarla bağlı görülən işlərin genişmiqyaslı təhlili ilə diqqəti cəlb edir. Buradan bəlli olur ki, 24 dövlət ali məktəbində çalışan professor-müəllim heyətinin pedaqoji fəaliyyətinin məqsəd və vəzifələrinin aydınlaşdırılması, dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin həcminin başqa ölkələrdəki rəqəmlərlə müqayisəli təqdimi, tədrisin məzmunu və sair məsələlərin elmi-nəzəri şərhi fəslin pedaqoji, sosial-ictimai dəyərini artırır.

Kitabın ayrı-ayrı fəsillərində dünyanın seçilən ali məktəblərinin siyahısı, ölkə məktəblərinin reytinqi, ali məktəblərin maddi-texniki durumunu əks etdirən çoxşaxəli diaqramlar, sxemlər və s. kimi köməkçi aparatların verilməsi əsərin əhəmiyyətini xeyli yüksəldir.

Elmi təhlil, publisistik şərh və fakt, hadisə bölümü ilə seçilən kitabdakı "Əlavə təhsil", "Ali məktəb elmi" fəsilləri də maraq doğurur. Bu istiqamətdə ölkədə görülən işlərin sistemli şərhi verilərək qeyd edilir ki, Azərbaycan vətəndaşları bu gün dünyanın müxtəlif ölkələrinin ən tanınmış ali məktəblərində yüksək ixtisaslı kadrlar kimi hazırlanırlar. Son zamanlar bağlanılmış müqavilələrin, qazanılmış uğurların analitik təhlili ölkəmizdə təhsilin inkişaf səviyyəsini bütün aydınlığı ilə dərk etməyə imkan verir.

Beləliklə, kitab haqqında mülahizələrimizi yekunlaşdıraraq professor Misir Mərdanovun "Ön söz"də yazdığı bəzi fikirlərə də öz münasibətimizi bildirmək istəyirik. Müəllif 2009-cu ildə qələmə aldığı bu sətirlərdə yazır: "Artıq 11 ildir ki, Azərbaycan Respublikasının təhsil naziriyəm. Bu illər ərzində təhsil sahəsində görülən işlərin bilavasitə iştirakçısı olmuş, bütün səylərimi problemlərin, çətinliklərin aradan qaldırılmasına yönəltmişəm. Hər zaman istəmişəm və çalışmışam ki, təhsilin bütün pillələrində effektli yeniliklər olsun, Azərbaycanın təhsili yeniləşsin, milli və bəşəri dəyərlərə əsaslansın, Avropa və dünya təhsil sisteminə uğurla inteqrasiya olunsun. Bu istiqamətdə müəyyən addımlar atılıb". Hörmətli müəllifin bu haqlı fikirlərini təsdiqləməklə yanaşı, ədalət naminə qeyd etməyi lazım bilirik ki, indiyə qədər Azərbaycanda təhsil sahəsinə rəhbərlik etmiş nazirlər arasında "Xalq adamı" titulunu qazanmış 2 nəfərin xidmətlərini xüsusilə dəyərləndirmək lazım gəlir. Onlardan biri Azərbaycan pedaqogika elminin korifeylərindən olan akademik Mehdi Mehdizadədir. Azərbaycan təhsilinə 20 ildən artıq rəhbərlik etmiş Mehdi müəllim əsl el ağsaqqalı, Azərbaycan təhsilinin ən ləyaqətli qurucularından biri kimi, xalqımızın sevimli elm və təhsil xadimi kimi böyük şöhrət qazanmışdı.

Belə şəxsiyyətlərdən biri də müstəqillik illərində respublikamızda böyük təhsil islahatlarının aparıldığı olduqca mürəkkəb və məsuliyyətli dövrdə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə təhsilimizin rəhbərliyinə gətirilmiş, 13 ildən artıq müstəqil dövlətimizin təhsil strategiyasının hazırlanmasında və həyata keçirilməsində böyük zəhməti və layiqli uğurları olan professor Misir Mərdanovdur.

Tam səmimiyyətlə qeyd etməyi lazım bilirik ki, bütün şüurlu həyatını milli təhsilimizin inkişafına həsr etmiş Misir müəllim hazırda tutduğu vəzifəyə layiq olan ən hörmətli ziyalımızdır.

Bu fikirləri ifadə edərkən Azərbaycanın görkəmli xalq şairi Bəxtiyar Vahabzadənin aşağıdakı misraları yada düşür.

 

Bəli, əziz dostum, bunu yaxşı bil,

Şöhrət də zəhmətlə yaşa dolmalı!

Vəzifə insana şan-şöhrət deyil,

İnsan vəzifəyə şöhrət olmalı!

 

Görkəmli təhsil təşkilatçısı professor Misir Mərdanov tərəfindən yazılmış "Azərbaycan təhsili yeni inkişaf mərhələsində" adlı əsəri müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı sahəsində əldə edilən böyük nailiyyətləri konkret faktlar və rəqəmlər əsasında ümumiləşdirən, Azərbaycan dövlətinin təhsil siyasətini, onun fəlsəfəsini tutarlı elmi dəlillərə söykənərək açan qiymətli tədqiqat əsəridir. Bu qiymətli əsər təhsil tədqiqatçıları, mədəniyyət tarixçiləri və bütövlükdə çoxminli təhsil işçiləri üçün qiymətli hədiyyədir.

Bu kitabın ingilis və rus dillərində nəşri müstəqil Azərbaycan Respublikasının təhsil siyasətinin beynəlxalq aləmdə yayılmasına müsbət təsir göstərə bilər.

Bütövlükdə bu fundamental kitab müasir dövrdə müstəqil respublikamızda milli təhsilin hazırkı vəziyyəti, təhsil quruculuğu, inkişaf perspektivləri kimi mühüm məsələlərə aydınlıq gətirən aktual bir əsər kimi çox böyük əhəmiyyətə malikdir. Əminik ki, bu mühüm əsər Azərbaycan təhsil sistemində özünün layiqli yerini tutacaqdır.

 

 

Abuzər XƏLƏFOV,

Bakı Dövlət Universiteti kitabxanaşünaslıq

kafedrasının müdiri, BMT yanında Beynəlxalq

İnformasiyalaşdırma Akademiyasının akademiki,

əməkdar elm xadimi, tarix elmləri doktoru, professor,

 

Knyaz ASLAN,

Bakı Dövlət Universiteti kitabşünaslıq

və nəşriyyat işi kafedrasının müdiri,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

 

Azərbaycan müəllimi.- 2012.- 6 aprel.- S.4.