İlk
Nobelçi ailə
Bu
qadının adı həmişəlik olaraq
tarixə düşüb - məşhur
kimyaçı, fizik, iki
dəfə Nobel mükafatı laureatı
Mariya Skladovskaya Küri. Lakin o, təkcə alim deyildi. Onun həyatında
adi qadın sevincləri də - sevgi, ailə,
uşaqlar da
vardı... Mariya
Kürinin bütün
həyatı elm naminə fədakarlıq,
qəhrəmanlıq nümunəsidir. O, radioaktivliyin
tədqiqatı sahəsində öncüllərdən biri idi. Bu sahədə elmi işlərinə görə əri Pyer Küri və Anri Bekkerlə birlikdə fizika
sahəsində Nobel mükafatına layiq görüldü. Bundan 8 il sonra
o, kimya sahəsində
işlərinə, 2 yeni kimyəvi element - radium və poloniumu kəşf etdiyinə, radiumun öyrənilməsi
və onun metal
halında əldə olunması sahəsində xidmətlərinə
görə ikinci Nobel
mükafatına layiq görüldü.
Dünyanın bir çox
akademiyaları və elmi cəmiyyətlərin
fəxri üzvü seçilmiş
Mariya Küri ilk qadın-professor oldu.
Radioaktivliyə dair mühazirələri onun "Radioaktivlik" fundamental işlərinin əsasını təşkil
etdi. Bu tədqiqat işi dünyanın bir
sıra dillərinə təkrar-təkrar tərcümə olunaraq nəşr olunub. Mariya Küri Parisdə Radium İnstitutunun təsis
olunmasının təşəbbüskarı olub.
Böyük və səmimi qəlbli insan, elm fədaisi ilk dəfə
şüalanmanın tibbi məqsədlərlə
istifadə olunmasını təşkil edib.
Elmin
cazibə qüvvəsində
Mariya Skladovskaya
Küri
1867-ci il noyabrın 7-də Varşavada anadan olub. O, Vladislav və Bronislav Skladovskaya ailəsinin
kiçik qızı idi.
Onun atası gimnaziyada
fizikanı tədris edib, anası isə vərəmə
tutulana qədər gimnaziyanın direktoru olub. Mariyanın 11 yaşı olanda anası vəfat edib.
Bu itki onun
həyatında çox ağrılı bir iz qoyub.
Bir sıra tədqiqatçılar ehtimal edirlər ki,
anasının xəstəliyinin müalicəsinə kömək
edə bilməməsi Mariyanı
milyonlarla insanın həyatını
xilas edəcək elmi
kəşflərə sövq etmişdi. O, ibtidai və orta məktəbdə müvəffəqiyyətlə
oxuyub. 1883-cü ildə gimnaziyanı
qızıl medalla bitirib.
Hələ gənc yaşlarından
elmin cazibə qüvvəsini hiss edib, öz
dayısıoğlunun kimya laboratoriyasında laborant
işləyib. Məşhur rus
kimyaçısı, elementlərin dövri
sisteminin yaradıcısı Dmitri Mendeleyev
atasının dostu idi.
Bir dəfə laboratoriyada
gənc Mariyanı iş başında
müşahidə edən Mendeleyev onun kimya sahəsində
işlərini davam etdirəcəyi təqdirdə
parlaq gələcəyi
olacağını deyib. Mariya
ali təhsil almaq istəyirdi. Gənc
Mariyanın ali təhsil almaq
arzusu qarşısında iki
maneə var idi: ailəsinin
kasıbçılığı və qadınların Varşava Universitetində təhsil almasına
qoyulan qadağalar. O, öz bacısı Bronya
ilə belə bir şərt kəsir: Mariya bacısına onun tibb institutunda təhsilini başa vurmasına kömək etmək üçün dayə işləyəcək.
Daha sonra isə Bronya bacısının ali
təhsil alması xərclərini öz
üzərinə götürməli idi. Bronya Parisdə
tibb təhsili üzrə həkim diplomu aldı və Mariyanı öz
yanına dəvət etdi. 1891-ci ildə
Polşanı tərk edən Mariya Paris Universitetinin (Sorbonn) təbiət
elmləri fakültəsinə daxil oldu. Mariya 1894-cü ildən poladın maqnitləşmə
hadisəsinin tədqiqi ilə məşğul olub. Həmin il o, gələcək əri Pyer
Küri ilə tanış olub. Mariya ilə
tanış olana qədər Pyer artıq tanınmış alim
idi.
Hörmət və dəstəyə
söykənən alim ailəsi
Fizikaya maraq
onları yaxınlaşdırdı və onlar
bir il sonra
evləndilər. Toy mərasimi Pyerin 1895-ci ildə doktorluq
müdafiəsindən sonra oldu.
"Bizim ilk evimiz
üçotaqlı sadə mənzil idi.
Evdə qulluqçu saxlamaq
imkanımız xaricində idi. Ev işləri mənim öhdəmə düşürdü. Mən buna
tələbəlik illərindən
alışmışdım. Professor Pyer Küri ildə
min frank alırdı", - deyə Mariya sonralar
xatırlayırdı. Onların ilk qızı İren 1897-ci
ilin sentyabrında anadan olub. Üç ay sonra Mariya poladın
maqnetizmi sahəsində işlərini başa
çatdırıb, 1898-ci ildə şüa buraxan maddələr
üzərində təcrübələrə
başlayıb. 1898-ci il aprelin 12-də Fransa Elmlər Akademiyası belə
bir xəbər yayıb: "Mariya Skladovskaya Küri uran-oksid
mineralında yüksək radioaktivliyə malik yeni kimyəvi
elementin olmasını xəbər verib". İki uran
mineralı - uranit (uran-oksidi) və xalkolit (mis-oksid və
uranil) uranın özündən daha aktivdir. Bu, həddən
artıq qiymətli fakt belə bir fikrə gəlməyə əsas
verir ki, bəhs olunan minerallarda urandan da aktiv olan element
mövcuddur.
Pyer Küri arvadının uğurlu təcrübələrini
çox həvəslə izləyirdi.
Tədqiqatın gedişinə
müdaxilə etmədən öz məsləhət və
qeydləri ilə daim Mariyaya kömək edirdi. İlk təcrübələrin
uğurlu gedişindən ruhlanan Pyer özünün kristallar
üzərində davam etdirdiyi işləri
yarımçıq qoyaraq Mariyanın yeni elementin kəşfi
səylərində ona yaxından kömək edirdi. 1898-ci ilin iyulunda alimlər yeni
elementin - poloniumun (onlar yeni elementi Mariyanın vətəni
Polşanın şərəfinə adlandırdılar) kəşfi
barədə açıqlama
verdilər. Elə həmin ilin dekabrında alimlər
Fransa Elmlər Akademiyasına uranit mineralının tərkibində
ikinci radioaktiv elementin mövcud olmasına dair xəbər
göndərdilər. Lakin Kürilər hələlik iki
elementi əldə etməmiş və kimyaçılara
onların mövcudluğuna dair həlledici sübutlar təqdim
edə bilməmişdilər. Onlar olduqca çətin bir
işə - uran qətranından iki yeni elementin
ayrılmasına
başladılar. Tədqiqatların aparılması
üçün böyük miqdarda filiz xammalı lazım
idi. Sonrakı 4 il ərzində
Kürilər sağlamlıq üçün zərərli
şəraitdə işləməli oldular.
Olduqca çətin və eyni zamanda maraqlı
bir dövrdə Pyerin əməkhaqqı alim ailənin
dolanışığına çatmırdı.
Baxmayaraq ki, intensiv tədqiqatlar və balaca İren
Mariyanın bütün vaxtını alırdı, o,
1900-cü ildə Sevrdə fizika fənnini tədris etməyə
başladı. Pyerin atası Kürilər ailəsinə
köçərək İrenə baxmaqla ailəyə
kömək edirdi. 1902-ci ildə Kürilər bir neçə
ton uran qətranından 0,1 qram radium-xlorid əldə etdiklərini
xəbər verdilər. Poloniumu əldə etmək onlara hələlik
müyəssər olmadı, çünki məlum oldu ki,
polonium radiumun parçalanma məhsuludur. Əldə
olunmuş birləşmələri təhlil edən Mariya
müəyyən etmişdi ki, radiumun atom kütləsi
225-dir. Radium duzu mavi işıq və istilik
saçırdı. Bu fantastik maddə bütün
dünyanın diqqətini cəlb etdi. Məşhurluq və
elmi mükafatlar Kürilər ailəsinə eyni vaxtda gəldi.
Nobel
mükafatı almış ilk qadın
Tədqiqatlarını davam etdirən
Mariya nəhayət doktorluq dissertasiyası üzərində
işlərini başa çatdırıb. "Radioaktiv maddələrin təhqiqatı"
adlı elmi iş 1903-cü ilin sentyabrında Sorbonn
Universitetinə təqdim olundu. Mariya Küriyə elmi dərəcə
təsis edən komitə qeyd edirdi ki, onun işi bu vaxta qədər
təqdim olunmuş doktorluq
dissertasiyaları arasında
çox böyük əhəmiyyəti olan
işdir. Mariya Kürinin
doktorluq dissertasiyası elmə verilmiş ən böyük
töhfələrdən biri idi. Beləliklə, Mariya Fransada
elm sahəsində doktor adını alan ilk qadın oldu.
1903-cü ilin dekabrında İsveç
Kral Akademiyası fizika sahəsində Anri
Bekkerel, Pyer və Mariya Skladovskaya Kürilərə Nobel
mükafatı təqdim etdi. Mariya
Küri Nobel mükafatı almış ilk qadın idi.
Kürilər mükafatın yarısını aldılar və
bu vəsait onların yaşayışı və elmi işləri
davam etdirmələri üçün böyük stimul
oldu. Bundan sonra Pyer fizika sahəsində
öz işlərini davam etdirə bilərdi. Kürilər radiumun insan orqanizminə
təsirini müəyyən etmişdilər. Onlar belə bir
fərziyyə söyləmişdilər ki, radium şişlərin
müalicəsində istifadə oluna bilər. Radiumun
terapevtik effekti dərhal təsdiqləndi və nəticədə,
radiumlu mənbələrin qiymətləri kəskin surətdə
qalxdı. Lakin Kürilər ekstraksiya prosesini patentləşdirməkdən
və öz tədqiqatlarının nəticələrindən
hər hansı kommersiya məqsədləri üçün
istifadə olunmasından imtina etdilər. 1904-cü ilin noyabrında
Mariya Küri ərinin fizika professoru işlədiyi
laboratoriyanın müdiri təyin olundu. Dekabr ayında
onların ikinci qızı Yeva doğuldu. Sonralar o,
pianoçu və anasının biblioqrafı oldu. Mariya
bütün qüvvəsini əldə
etdiyi elmi nailiyyətlərindən, sevimli işindən, Pyerin
sevgi və dəstəyindən alırdı!
Sonralar o, özü etiraf edirdi:
"Mən nigahda bu ittifaqı bağlayana qədər arzu edə
bildiklərimin hamısını, hətta daha
artığını qazandım". Lakin 1906-cı ildə
Pyer küçə qəzasında həlak olur. Ən
yaxın iş həmkarını, məsləkdaşını
və yaxın dostunu itirən Mariya sarsılmışdı.
Lakin möhkəm iradəyə malik olan Mariya öz işlərini
davam etdirmək üçün özündə qüvvə
tapdı. 1906-cı ildə Mariya ictimai təhsil nazirliyinin təsis
etdiyi pensiyadan imtina etdi. Sorbonn Universiteti onu əvvəllər
ərinin rəhbərlik etdiyi fizika kafedrasına müdir təyin
etdi. 6 aydan sonra Mariya özünün ilk mühazirəsini
oxudu. O, Sorbonnda mühazirə deyən ilk qadın-müəllim
oldu. Mariya Küri bütün
səylərini təmiz halda metal radiumun əldə
olunmasına yönəltdi və 1910-cu ildə A.Debirn ilə
birlikdə radiumu kəşf edərək 12 illik elmi tədqiqatlarını
başa çatdırdı. 1910-cu ildə bir çox alimlərin
təkidi ilə Mariyanın namizədliyi ən nüfuzlu elmi
cəmiyyət olan Fransa Elmlər Akademiyasının
üzvlüyünə irəli sürüldü. Onun əri ölümünə bir
il qalmış akademiyanın üzvü
seçilmişdi. Fransa Elmlər
Akademiyasının bütün tarixi ərzində heç
bir qadın bu qurumun üzvü olmamışdı. Buna
görə də Mariya Kürinin namizədliyinin irəli
sürülməsi bu qərarın tərəfdarları və
əleyhdarları arasında qızğın mübahisələrə
yol açdı. Bir neçə
aylıq təhqiredici polemikalardan sonra 1911-ci ilin yanvarında
Kürinin namizədliyi rədd olundu. Bir neçə aydan
sonra İsveç Kral Akademiyası "kimyanın
inkişafında görkəmli xidmətləri, radium və
polonium elementlərinin kəşfi,
radiumun əldə olunması, bu gözəl elementin təbiətinin
və onun birləşmələrinin öyrənilməsi sahəsində
xidmətlərinə görə" ona Nobel
mükatatı təqdim etdi.
Bununla da Mariya Küri iki dəfə Nobel mükafatı
almış alim oldu. Akademiya xüsusi olaraq qeyd edirdi ki,
radiumun öyrənilməsi sonralar xüsusi yeni elm sahəsinin
- radiologiyanın yaranmasına yol açdı. Mariya
böyük qızı İrenlə Stokholma Nobel
mükafatını almağa yollanır. İren təntənəli
mərasimdə iştirak edir. 24 ildən sonra isə elə həmin
zalda İren öz Nobel
mükafatını alıb.
Mariya Küri radioaktivlik barədə yeni elmin inkişaf
etdirilməsi üçün layiqli laboratoriyanın
yaradılmasına nail olmaq üçün az əmək sərf
etmədi. Birinci Dünya
müharibəsinə az qalmış Paris Universiteti və
Paster İnstitutu, radioaktivliyin tədqiqi üçün
Radium İnstitutu təsis edildi. Küri fundamental tədqiqatlar
və radioaktivliyin tibbi tətbiqi şöbəsinin direktoru təyin
olundu. Müharibə zamanı o, hərbi həkimlərə
radiologiyanın tətbiqini öyrədirdi. Müharibədən
sonra Radium İnstitutuna qayıdan Mariya Küri həyatının
son illərinə qədər tələbələrin elmi
işlərinə rəhbərlik edirdi və tibdə radiologiyanın tətbiqini
fəal surətdə dəstəkləyirdi. Böyük elmi işinə
baxmayaraq, Küri iki azyaşlı qız
uşağının sədaqətli və sevimli anası
idi. 1921-ci ildə qızları ilə birlikdə Amerika Birləşmiş
Ştatlarına səfər etdi. ABŞ-ın 29-cu prezidenti
Herber Hooverin ona təqdim etdiyi 50 min dolları Mariya sevimli tədqiqatlarını
davam etdirmək üçün bir qram radium almağa sərf
etdi. 1929-cu ildə ikinci səfərində ona verilmiş ianə
əsasında o,
Varşavadakı hospitalların birində terapevtik istifadə
üçün daha bir qram radium aldı. Lakin sonrakı illərdə
radiumla apardığı işlər nəticəsində
onun sağlamlığı ciddi surətdə pisləşdi.
O, 1934-cü il iyulun 4-də vəfat edib.
Boynunda ölüm ampulu gəzdirən
alim-qadın
Elmə olan
tükənməz sevgisi ona həyatda üzləşdiyi
bütün çətinliklərlə inadkarlıqla
mübarizə aparmaqda kömək edirdi.
Müasirləri Mariya Kürini
olduqca təvazökar, sadə qadın
kimi xatırlayırdılar. O, mağazaya girər, heç vaxt
qiymətlərə baxmazdı. Lakin səhvsiz olaraq
satıcıdan ən sadə, ən ucuz paltar, onun
zövqünə oxşaya biləcək şlyapa istəyərdi.
Pyerlə evlənməzdən əvvəl toy paltarı barədə
yazırdı: "Mənim əynimdəki paltardan
başqası yoxdur. Əgər siz xeyirxahsız və mənə
bir şey hədiyyə etmək istəyirsinizsə, mən
tünd, tamamilə praktik, laboratoriyaya apara biləcəyim bir
şeyi istərdim". Onun sözlərinə görə, "elm böyük gözəllikdir.
Alim öz laboratoriyasında sadəcə texnik deyil: təbiətin
ona sehrli nağıl kimi təsir edən hadisələri ilə üz-üzə
dayanan uşaqdır". Məlumdur ki, Mariya Küri radium
istehsalına patent almaqdan imtina edib. Bu, onu xeyli varlandıra bilərdi.1920-ci
ildə amerikalı jurnalistin "Siz nə arzu edərdiniz"
sualına cavabında Mariya "mənim tədqiqatlarımın
davam etməsi üçün bir qram radium. Lakin radium mənim
imkanlarıma uyğun deyil", - deyib. Onun həyatı və elmi
mücadiləsi bir örnək idi. Lakin o,
yaşadığı həyatı, üzləşdiyi
sarsıntıları heç bir qadına arzu etmirdi. "Mənim kimi bu cür qeyri-təbii
həyat sürməyə zərurət yoxdur. Mən elmə
çox vaxt ayırdım. Çünki mən elmə can
atırdım, elmi tədqiqatları çox sevirdim. Mənim
qadınlara və gənc qızlara arzum sadə ailə həyatı
qurmaları və onları maraqlandıran işdir".
Mariya Küri uzun müddət radioaktiv
elementlərlə təmasda oldu. O, radioaktivliyin ziyanlı xüsusiyyətindən
xəbərsiz olduğu üçün radium elementini sinəsində
talisman kimi gəzdirib. Baxmayaraq
ki Mariya Küri çox ağıllı və təhsilli
qadın olub, o, radioaktiv maddələrlə işləyən
zaman heç bir müdafiə tədbiri
görməyib. Həmişə üzərində müstəqil
surətdə əldə etdiyi elementin olduğu ampulanı, məhz
zəhərli radiumu gəzdirib. Radioaktiv maddə olan, zəif mavi işıq saçan kiçik
ampula hər zaman Mariyanın əlində, gah da talisman və
ya amulet kimi boynunda olardı. Bu cür işıqlanma isə zəhərli
maddə buraxırdı. Məhz bu kəşfi Mariyanın
ölümünə səbəb olmuşdu.
Mariya Küri Nobel mükafatından əlavə, Fransa Elmlər
Akademiyasının Bertelo, London Kral Cəmiyyətinin Devi,
Franklin İnstitutunun Elliot Kresson medalları ilə də təltif
edilmişdir. O, 85 müxtəlif elmi cəmiyyətin
üzvü olmuş, həmçinin 20 fəxri elmi ada layiq
görülmüşdür.
Tədqiqatlar gedişində Kürilər
radiasiyaya məruz qalaraq
sağlamlıqlarını itirmişdilər. Mariya və Pyer
Kürilər xəstə idilər və onlar mükafatın
Stokholmda keçirilən təqdimetmə mərasiminə belə
qatıla bilmədilər. Onlar mükafatlarını
yalnız bir il sonra ala bildilər. Aldığı şüa
dozalarından Mariya 8 kilo arıqlamışdı. Bəzi
biblioqraflar hətta qeyd edirlər ki, radiasiya
şüalanması nəticəsində o dövrdə hamilə olan Mariya
Küri 5 aylıq körpəsini belə itirmişdi.
Onun həyatı bir örnək idi.
Bunun ən parlaq nümunəsi qızı İrenin onun yolunu
davam etdirməsi oldu. İren Küri 1935-ci ildə kimya üzrə
Nobel mükafatı aldı. Mariyanın qoyduğu ənənə
davam edirdi. İren həyat yoldaşı Frederik Jolio ilə
birlikdə süni
radioaktivliyi kəşf edərək
Mariya Kürinin ölümündən cəmi 1 il sonra
3-cü Nobel mükatına layiq görüldü. İren
Sorbonn Universitetinin professoru kimi həyatının sonuna kimi
anasının miras qoyduğu elmi işləri davam etdirdi.
Qeyd edək
ki, Pyer və Mariya Kürilərin ikinci
qızı, anasının biblioqrafı olan Yeva Küri
ixtisasca jurnalist olub. Nobelçi
ailənin sonbeşiyi
Yevanıın həyat yoldaşı Henri Riçardson
Labuas da tarixin yaddaşına Nobel mükafatı laureatı
kimi düşüb.
Yaşadığı
67 il ərzində
adi bir şagirddən fizika
üzrə professora, arzuları aşıb-daşan bir
uşaqdan dünyanın ən məşhur elm adamına qədər
maraqlı, çətin, kəşməkəşli, eyni
zamanda şərəfli bir alim ömrü yaşamış əfsanəvi
Mariya Skladovskaya Küri həyatını qurban vermək bahasına
insanlığa möhtəşəm elm xəzinəsi qoyub.
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2012.- 6 aprel.- S.5.