Gəncə Dövlət Universiteti "Avropa keyfiyyəti" beynəlxalq mükafatına layiq görülüb

 

Professor Elman Məmmədov isə "Elmdə fəxri ad" qızıl medalı ilə təltif olunub 

 

Azərbaycan təhsilində xüsusi yeri olan Gəncə Dövlət Universiteti son illər bir çox nailiyyətlər əldə edərək Avropa standartlarına uyğun, müasir təhsilin bütün tələblərinə cavab verən  ali təhsil müəssisəsi kimi dünya təhsil sisteminə uğurla inteqrasiya edir. Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan ruhlanan GDU-nun kollektivi yüksək ixtisaslı pedaqoji kadrların hazırlanmasını əsas vəzifələrdən hesab edir.  Avropa təhsil sisteminə inteqrasiyaya dair Avropa İttifaqının ERASMUS-MUNDUS və TEMPUS proqramları çərçivəsində Avropa universitetləri ilə əməkdaşlığa başlayan Gəncə Dövlət Universiteti bu günlərdə daha bir uğura imza atmışdır. Universitetin rektoru, professor Elman Məmmədov elm və kadr hazırlığı sahəsindəki nailiyyətlərinə görə Avropa Biznes Assambleyası Rəyasət Heyətinin, Avropa Rektorlar Klubunun Akademik Şurasının və Biznes Liderlərinin Beynəlxalq Klubunun Beynəlxalq Sokrat adına Nominasiya Komitəsinin qərarı ilə "Elmdə fəxri ad" qızıl medalına, universitet isə elm və təhsilin müxtəlif istiqamətləri üzrə nailiyyətlərə görə "Avropa keyfiyyəti" beynəlxalq mükafatına layiq görülmüşlər. Hər iki mükafat Böyük Britaniyanın London şəhərində "116 Pall Mall" sarayında təntənəli şəkildə təqdim olunmuşdur.  Mərasimdə çıxış edən GDU-nun rektoru, professor Elman Məmmədov təqdim olunan mükafatlara görə təsisçilərə minnətdarlığını bildirərək, son illər Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi və siyasi islahatlardan söz açıb. Professor qeyd edib ki, bu islahatların tərkib hissəsi kimi təhsildə də aparılan islahatlar universitetin belə bir mükafat alması üçün zəmin yaratmışdır. Azərbaycanda təhsilə və elmə göstərilən dövlət qayğısından söz açan E.Məmmədov universitetin uğurlarının gələcək illərdə daha da artacağına ümidvar olduğunu bildirmişdir.

 

Gəncə Dövlət Universitetinin tarixi

 

Gəncə Dövlət Universiteti  Azərbaycan Xalq Komissarları Sovetinin 14 aprel 1938-ci il tarixli qərarı ilə Kirovabadda (indiki Gəncədə) N.K.Krupskaya adına ikiillik Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır.

M.Qorki adına 1 nömrəli məktəbin üçüncü mərtəbəsi bütünlüklə yeni təşkil olunmuş təhsil ocağının sərəncamına verilmişdir. Tələbə kontingentinin arzusu və müəllim kadrlarının tərkibi nəzərə alınaraq ilk əvvəl institutda iki ixtisas üzrə - təbiət və fizika-riyaziyyat fakültələri təşkil olunmuşdur. İnstitut 23 müəllim və 244 tələbə ilə 1938-ci il oktyabrın 1-də fəaliyyətə başlamışdır.

1939-cu ildə SSRİ Xalq Komissarları Soveti yanında ali məktəblərin işləri üzrə Ümumittifaq Komitəsinin əmrinə uyğun olaraq institutun nəzdində 6 kafedra yaradılır.

Gənc nəslin təlim-tərbiyəsi, müəllim kadrlarının hazırlığı sahəsindəki xidmətləri və ixtisaslı müəllim kadrlarına ehtiyac, şəhərin yerləşdiyi coğrafi ərazi, onun qədim tarixə malik, şeir-sənət və mədəniyyət mərkəzi olması nəzərə alınaraq, 1943-cü il sentyabrın 1-dən N.K.Krupskaya adına ikiillik Müəllimlər İnstitutu yenidən təşkil olunaraq onun bazasında tam ali təhsil verən, ümumtəhsil məktəbləri üçün müxtəlif fənlərdən yüksək ixtisaslı müəllim kadrları hazırlayan dördillik Kirovabad Dövlət Pedaqoji İnstitutu yaradılmışdır. Azərbaycan SSR Xalq Maarif Komissarlığının 30 oktyabr 1943-cü il tarixli əmri ilə Hacıbala Hacıyev institutun rektoru vəzifəsinə təyin olunmuşdur.

1943-1944-cü tədris ilinin payızında instituta Azərbaycanın görkəmli maarifpərvər oğlu Həsən bəy Zərdabinin adı verilmişdir.

1947-ci ilin iyun ayında tam ali təhsil verən institutun ilk buraxılışı olmuşdur. 45 nəfər dövlət imtahanlarını müvəffəqiyyətlə verərək ali təhsilli mütəxəssis kimi ümumtəhsil məktəblərinə göndərilmişdir. Professor Davud Hacıyev, Şəfiqə Yusifli, dosent Hidayət Cəfərov, filologiya elmləri doktoru, folklorşünas Nurəddin Seyidov, dosent Bahadur Ağayev və başqaları ilk məzunlar olmuşlar.

 Ötən əsrin 50-ci illərində institut respublikamızda, eləcə də Gürcüstanda və Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar üçün 10 mindən çox ixtisaslı müəllim kadrları hazırlamışdır.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli fərmanı ilə Gəncə Dövlət Pedaqoji İnstitutunun profili genişləndirilərək Gəncə Dövlət Universiteti yaradılmışdır.

 

Maddi-texniki baza

 

Universitetin 3 tədris binası (Əsas tədris binası, Heydər Əliyev pros. 187, II tədris binası Əhməd Cəmil küç.1, III tədris binası Heydər Əliyev pros.91), 400 minə yaxın ədəbiyyat fondu olan kitabxanası və 4 tələbə yataqxanası vardır.

Universitetdə müasir standartlara cavab verən 32 laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 8 kompüter mərkəzi və geniş auditoriyalar mövcuddur.

Tədris prosesində yeni informasiya texnologiyalarından istifadə edilir. Bu məqsədlə universitet yeni informasiya texnologiyaları ilə müvafiq şəkildə təmin edilmiş, yeni kompüter avadanlıqları, surətçoxaldan, digər texniki vasitələr alınmış, bütün kafedralar, şöbə və dekanlıqlar və struktur bölmələri kompüterlərlə təchiz edilmişdir.

Universitetdə informasiya hesablama mərkəzi, "Yüksəliş" adlı çoxtirajlı qəzet, habelə beynəlxalq informasiya şəbəkəsinə çıxış üçün İnternet şəbəkəsi fəaliyyət göstərir.

Fasiləsiz işləyən İnternet xətti professor-müəllim heyəti və tələbələrin operativ informasiya mübadiləsini təmin edir. Gəncə Dövlət Universitetinin xüsusi saytı yaradılmış, burada universitet həyatı, struktur bölmələr, tədris prosesi, elmi tədqiqat fəaliyyəti haqqında zəruri informasiyalar yerləşdirilmişdir. Tədris prosesinin informasiya texnologiyaları, proqram vəsaitləri, laboratoriya və texniki avadanlıqlarla təminatı Dövlət Təhsil Standartlarına uyğundur.

Universitetin kitabxanasının ümumi fondu 578684 ədəd təşkil edir. Bunlardan 289557-si kitab, 70862-si jurnal, 218265-i qəzetdir. Kitabxanada 360419 nüsxə ədəbiyyat saxlanılır. Bunlardan 574-ü elmi, 124942-si dərslik və dərs vəsaiti, 63502-si bədii, 121901-i isə ictimai-siyasi ədəbiyyatdır.

 

 Tədrisin təşkili

 

Gəncə Dövlət Universitetinin kollektivi respublikamızda həyata keçirilən dövlət proqramlarından və layihələrdən məharətlə istifadə edir. Belə ki, "2009-2013-cü illərdə  Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı", habelə YUNESKO və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlərə uyğun yeni ixtisaslar açılmışdır. Dövlət Proqramında ali təhsil sistemində keyfiyyətin təmin olunması məqsədilə normativ-hüquqi bazanın, məzmunun və təlim texnologiyalarının yeniləşdirilməsi, ali təhsil müəssisələrinin strukturunun və idarəolunması sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, əmək bazarının tələbatına uyğun kadr hazırlığının təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi, maddi-texniki və tədris bazasının müasir tələblərə uyğun qurulması, müasir maliyyələşdirmə siyasətinin hazırlanıb həyata keçirilməsi və digər bu kimi aktual istiqamətlər əksini tapmışdır.

Gəncə Dövlət Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya Komissiyasının 15 iyul 2009-cu il tarixli qərarına əsasən dövlət ali təhsil müəssisəsi kimi 4 il müddətinə akkreditə olunmuşdur.

Universitetdə təhsil əyani və qiyabi şöbələrdə aparılır. Əyani şöbədə 8 fakültədə 37 ixtisas, qiyabi şöbədə isə 12 ixtisas üzrə tələbələr təhsil alır.

Hazırda universitetdə 35 nəfər dissertant, 28 nəfər isə doktorant pilləsində təhsil alır.

Baza təhsil proqramlarına uyğun hazırlanmış tədris planlarında olan fənlər və onların proqramlarının məzmunu Dövlət Təhsil Standartlarının tələblərinə uyğundur. Tədris planlarında nəzərdə tutulan bütün fənlərə dair tədris-informasiya mənbələri kifayət qədər dəqiq və müasirdir. Fənn proqramlarında tövsiyə olunan məcburi tədris-metodiki vəsaitlər və onlara dair nüsxələr əsasən mövcud normalara uyğun kitabxana fondunda saxlanılır.

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti tərəfındən bütün ixtisaslar üzrə mütəmadi olaraq tədris-metodik materiallar: fənn proqramları, metodik vəsaitlər, metodik göstəriş, dərslik və dərs vəsaitləri hazırlanmış, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədris Metodiki Şurasının müvafiq fənn bölmələri tərəfindən təsdiq olunduqdan sonra çap edilmişdir. Onlar müvafiq nüsxələrdə kafedra və kitabxanada saxlanılır.

Gəncə  Dövlət Universitetinin tədris prosesində tələbələrin fəallığını artıran təlimin yeni forma və texnologiyalarından istifadə edilir.Təlim prosesində tələbə və müəllim əməkdaşlığının yaradılmasına xüsusi diqqət yetirilir, ənənəvi təlim üsulları ilə yanaşı, tələbələrin fəallığını artıracaq yeni metod və vasitələrdən istifadə olunur. Tədris olunan hər bir mövzudakı məsələlərin səmərəli yollarla daha yaxşı və asan mənimsənilməsi üçün tələbənin müstəqil fəaliyyətinin təşkilinə, materialın müstəqil şəkildə öyrənilməsinə xüsusi diqqət yetirilir. Müxtəlif  fənlərdən imtahan zamanı yazılı imtahanla yanaşı, bəzən tələbələrə fikirlərini müstəqil şəkildə ifadə etməyə, şifahi danışıq bacarığını da nümayiş etdirməyə imkan verilir, tədris prosesində təkcə müəllimlə tələbə deyil, həm də tələbələrin öz aralarında qarşılıqlı əlaqələr yaradılır, mövzuların daha çox praktik öyrənilməsinə diqqət yetirilir. Tədris prosesində tələbələrin tədqiqatçılıq bacarığının yaradılmasına və inkişaf etdirilməsinə də xüsusi əhəmiyyət verilir, dərs prosesində mövzunu daha yaxşı, sadə şəkildə mənimsətmək üçün mövzu problem şəklində izah olunur və tələbənin fəal iştirakını təmin etmək üçün diskussiya yaradılır.

Təlimin ənənəvi metodları ilə yanaşı, tədris prosesinə, bilik və bacarıqların mənimsənilməsinə yeni yanaşma hallarına xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurikulumu və  "Azərbaycan Respublikasında ali təhsil pilləsində Milli Kurikulum"un müddəaları tədrisdə əsas götürülür.

Universitetdə tədris, təlim-tərbiyə sahəsində görülən işlərlə yanaşı, elmi tədqiqat işlərinə də xüsusi diqqət yetirilir. GDU-da elmi tədqiqat işləri əsasən humanitar, təbiət elmləri və iqtisadiyyat istiqamətləri üzrə fundamental və tətbiqi tədqiqatları əhatə edir. Kafedra və laboratoriyalarda yerinə yetirilən elmi tədqiqat işləri dövlət büdcəsindən maliyyələşir.

GDU-da yerinə yetirilən elmi tədqiqat işləri bir və üç il müddətinə planlaşdırılır. Hər təqvim ilinin sonunda müvafiq olaraq yerinə yetirilmiş elmi tədqiqat işlərinin nəticələri və kafedralar üzrə professor-müəllim heyətinin elmi fəaliyyəti haqqında hesabat təqdim olunur.

GDU-da hər il professor-müəllim heyətinin elmi tədqiqat işlərinin yekununa həsr olunmuş elmi konfrans, eləcə də tələbə və magistrlərin elmi tədqiqat işlərinin nəticələrinə aid ayrı-ayrı elm sahələri üzrə elmi və elmi-praktik konfranslar keçirilir. Həm GDU-nun professor-müəllim heyətinin, həm də tələbə və magistrlərin elmi konfranslarının materialları ayrı-ayrılıqda hər il nəşr olunur.

Universitet tələbələrinin təhsilə marağını artırmaq məqsədi ilə bütün fakültələrdə ümummilli lider Heydər Əliyevin və görkəmli şair, yazıçı, alimlərin adına təqaüdlər təsis edilmiş, Universitet Elmi Şurası tərəfındən təsdiq olunmuşdur. Təqaüdlərin fərqləndirici məbləğlərdə semestrlərin nəticələrinə görə fərqlənən, "əla" qiymətlər alan, təhsildə, ictimai işlərdə xüsusi fəallıq göstərən, nümunəvi əxlaqa malik tələbələrə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edək ki, imtahanlar həm yazılı, həm də kompüter vasitəsilə test üsulu ilə aparılır. Sessiyalar zamanı imtahanın gedişinə nəzarəti gücləndirmək, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsini təmin etmək məqsədi ilə "Qaynar xətt" yaradılmış, tədris korpuslarında "Şikayət və təkliflər" qutusu qoyulmuşdur.

 

Boloniya prosesi

 

Məlum olduğu kimi, ali təhsil müəssisələrinin Boloniya prosesinə qoşulması vacib məsələlərdən biridir. Boloniya prosesi bu gün qloballaşan təhsil sahəsi üzrə Avropa Birliyi təhsil məkanında gedən prosesdir. Azərbaycan Respublikası təhsil sisteminin Boloniya prosesinə qoşulmasında məqsəd  təhsilin, biliyin keyfiyyətinin yüksəldilməsi, tədris prosesində kredit sisteminin tətbiqi, eləcə də respublikamızın ali məktəblərinin Avropa universitetləri ilə inteqrasiyasıdır. Belə şəraitdə Azərbaycan təhsil sisteminin Boloniya prosesinə qoşulması onun təkmilləşməsinin və dünya standartlarına uyğun olmasının əsas amillərindən birinə çevrilir və gənclərimiz üçün əlavə perspektivlər açır. Azərbaycan təhsil sisteminin Boloniya prosesinə qoşulması ilə əlaqədar Gəncə Dövlət Universitetində də mərhələli olaraq müxtəlif fakültələrdə kredit sistemi ilə mütəxəssis hazırlığına başlanmışdır. Bu istiqamətlərdə lazımi normativ sənədlər, tədris planları, fənn proqramları, mühazirələrin elektron variantları hazırlanmışdır. Boloniya prosesinin məqsəd və məramı barəsində ali məktəb işçilərinin və tələbələrinin məlumatlandırılması, respublika və universitet miqyaslı elmi-praktik konfransların, "dəyirmi masa"ların və disputların keçirilməsi, bu proseslə bağlı bütün məsələlərin daim elmi-pedaqoji ictimaiyyətin diqqət mərkəzində saxlanılması olduqca vacibdir. Gəncə Dövlət Universiteti məhz bu zərurəti nəzərə alaraq, Boloniya prosesi ətrafında gedən bütün müzakirələrdə və tədqiqatlarda fəal iştirak edir.

Boloniya prosesinin Baltikyanı ölkələrin ali məktəblərində necə qurulduğunu öyrənmək məqsədilə GDU-nun bir qrup əməkdaşı Vilnüs və Kaunas universitetlərinə ezam olunmuşlar. Gətirilən tədris planları və digər sənədlər istifadə olunan sənədlərlə müqayisə edilmiş, fərqli və oxşar cəhətlər araşdırılmış, müntəzəm surətdə qabaqcıl iş təcrübəsindən istifadə edilməsinə başlanmışdır.

Proqramın tələbinə uyğun olaraq birinci kursa gələn tələbələrin hər biri üçün fərdi tədris planları tərtib edilmişdir. Həmin planlar əsasında müəllimlərin dərs yükləri müəyyən edilmiş, müvafiq fakültə dekanlarının təqdimatı ilə "tyütor xidməti" yaradılmışdır. Bu prosesə uygun olaraq 2008-2009-cu illərdə universitetdə 28 yeni ixtisas açılmışdır.

Müasir ali təhsil müəssisələrində olduğu kimi, GDU-da da tədris prosesinin kredit sistemi əsasında qurulmasına başlanılmış, ilk dəfə riyaziyyat-informatika fakültəsinin informatika ixtisasında eksperiment kimi tətbiq olunmuşdur. Birillik təcrübədən sonra, 2007-2008-ci tədris ilində 4 fakültədə 11 ixtisas üzrə, 2009-2010-cu tədris ilindən isə bütün fakültələr kredit sisteminə keçirilmişdir. Kredit sisteminə keçid üçün ixtisasların tədris, işçi planlarının hazırlanması təmin edilmiş, universitet rektorluğunun əmrinə əsasən sentyabr ayının 1-dək I kursların tədris planları, işçi tədris planları rektorluğa təsdiq üçün təqdim olunmuşdur.

 

Beynəlxalq əlaqələr

 

Gəncə Dövlət Universiteti bütün tədqiqat proqramlarına və bütün təhsil pillələrinə əcnəbi vətəndaşları da qəbul edir. Təhsil pillələrində dərslər əsasən Azərbaycan dilində tədris edilir. Xarici tələbələr üçün təhsilin ilk illərində Azərbaycan dili kursları təşkil edilir. Hazırda Gəncə Dövlət Universitetində 48 nəfər əcnəbi tələbə təhsil alır. Onlardan 37 nəfəri Türkiyə, 5 nəfəri Gürcüstan, 6 nəfəri isə Rusiya vətəndaşıdır. Xarici tələbələr bakalavr, magistratura və doktorantura pillələrində təhsil alırlar. Onlar Boloniya prosesində kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyəti ilə seminar formasında tanış edilmişlər. Fakültə rəhbərləri həmin qruplarla tyütorların (tədris məsləhətçilərinin) təhkim olunması haqqında rektorluğa müvafiq təkliflərini vermişdir. Hazırda universitet xarici universitetlərlə tələbə və müəllim mübadiləsi aparır.

Universitetin tərkibindəki beynəlxalq əlaqələr şöbəsi ölkə daxilində və xarici dövlətlərdə fəaliyyət göstərən ali məktəblərlə daim əlaqə saxlayır, beynəlxalq proqramlarda yaxından iştirak edir. Beynəlxalq əlaqələr şöbəsi tələbə və müəllimlərin xarici ölkələrdə təhsil almasına və təcrübə keçməsinə şərait yaradır. Belə ki, Avropa Birliyinin ERASMUS MUNDUS və IV TEMPUS proqramı çərçivəsində 2010-2011-ci illərdə universitetin 11 nəfər tələbəsi Avropanın müxtəlif ölkələrində təcrübə kurslarında iştirak etmişdir. Bununla yanaşı, universitet müəllimlərinin də xarici ölkələrdə təcrübə mübadiləsi aparılması üçün şərait yaradılır. Universitetin dosenti, fizika-riyaziyyat elmləri namizədi İlqar Cabbarov İtaliyanın Viterbo şəhərindəki Tuscia Universitetində mühazirələr söyləmiş, müəllimlərdən Aytən Fərəcova İtaliyanın Komo şəhərindəki Milan Ali Tərcümə Məktəbində, Vüsal Kərimli isə  Almaniyanın Leypsiq Universitetində təcrübə keçmişlər.

 

Gənc istedadlar

 

Gəncə Dövlət Universitetində təhsil prosesinin, eləcə də elmi tədqiqat fəaliyyətinin ayrılmaz tərkib hissəsi olan tələbə elmi tədqiqat işlərinin təşkilinə xüsusi diqqət yetirilir. Bu məqsədlə universitet Tələbə Elmi Cəmiyyətinin iş planına uyğun olaraq hər il elmi tədqiqat işlərinə xüsusi marağı olan istedadlı tələbələrin elmi konfranslarda, respublika fənn olimpiadalarında iştirakı təmin edilir. Belə ki, universitet və respublika elmi konfranslarında çıxış edən tələbələrin elmi tədqiqat işləri müvafiq illər üzrə respublika elmi konfranslarının materiallarında və hər il çap olunan GDU "Tələbə və magistrantların elmi konfransının materialları" məcmuələrində nəşr olunur. Ali məktəb tələbələrinin tədris olunan fənlərə marağını artırmaq, həmin fənlər üzrə onların hazırlıq səviyyəsini müəyyən etmək, istedadlı tələbələri aşkar etmək məqsədi ilə  bu tədris ilində 43 nəfər tələbə hər il keçirilən respublika olimpiadalarında fəal iştirak etmişdir. 1 nəfər biologiya ixtisası üzrə II yeri, 2 nəfər  (1 nəfər kimya, 1 nəfər biologiya ixtisası üzrə)  III yeri tutmuş, 1 nəfər isə ingilis dili ixtisası üzrə  IV yeri tutaraq həvəsləndirici mükafata layiq görülmüşdür.

Universitetdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı bir çox tədbirləri və layihələri həyata keçirir. Gənclərdə sağlam düşüncə, vətənpərvərlik, dövlətçilik prinsiplərinə sadiqlik hisslərini aşılamaq üçün bir çox tədbirlər keçirən Tələbə Gənclər Təşkilatı "Sağlam gənclik sağlam gələcəkdir" ideyasını əsas tutur.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2012.- 6 aprel.- S.3.