AMİ-də Ziya Bünyadovun 90 illik yubileyi qeyd edildi

 

Azərbaycanın görkəmli alimi, akademik Ziya Bünyadovun 90 illik yubileyi AMİ-də böyük ehtiramla qeyd edildi.

Tədbirdə ilk olaraq Ziya Bünyadovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra institutun tədris işləri üzrə prorektoru Şamil Qasımlı çıxış edərək bildirdi ki, böyük vətəndaş, böyük alim, böyük siyasətçi - bu adların  hər biri Ziya Bünyadova çox yaraşır. O, müharibə meydanında fövqəladə dərəcədə  igidlik nümayiş etdirərək  Sovet İttifaqı Qəhrəmanı  adına layiq görülüb. Elmin çətin yollarında inamla, cəsarətlə irəliləyərək Azərbaycan tarixi, şərqşünaslıq elminin patriarxı səviyyəsinə yüksəlib və xalqımızın çətin günlərində bir ziyalı kimi önə çıxaraq sinəsini imperiya həmlələrinə sipər edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli tarixçi-şərqşünas alim, akademik Ziya Bünyadovun anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında 24 noyabr 2011-ci il tarixli sərəncam imzalamışdır. Sərəncamda qeyd olunduğu kimi, Azərbaycanın görkəmli tarixçisi və şərqşünas alimi, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovun zəngin və çoxşaxəli yaradıcılığı sayəsində respublikamızda tarix elmi yeni mərhələyə yüksəldilmişdir. Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair uzun illər ərzində meydana gətirdiyi fundamental tədqiqatlar, eləcə də orta əsrlərə aid çox sayda mənbələrin tərcüməsi ilə yanaşı, onlara yazdığı geniş şərhlər alimə böyük şöhrət qazandırmışdır. Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında onun fəaliyyəti təqdirəlayiqdir.

Tədbirdə institutun ictimai fənlər kafedrasının müdiri, tarix elmləri doktoru Qafar Cəbiyev Ziya Bünyadovun keçdiyi şərəfli həyat yolu və  çoxşaxəli fəaliyyəti ilə bağlı geniş məruzə etdi.

Bildirildi ki, görkəmli alim 1981-ci ildən ömrünün sonunadək Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışmış, 1990-cı ildə isə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir. Elmi fəaliyyəti ilə yanaşı, siyasətlə də məşğul olan Z.Bünyadov Milli Məclisin deputatı olduğu müddətdə öz çıxışlarında dəfələrlə həyasız, saxtakar erməni tarixçilərinin əsassız iddialarını faktlarla ifşa etmişdir.

Z.Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə", "Azərbaycan Atabəylər dövləti" (1136-1225), "Qafqaz  Albaniyası tarixindən", "Xəzər dənizi ərəb məxəzlərində", "Torpaq mülkiyyəti vergilərinin növləri: Vergilər və Xarəzmşahların vergi yığımı" (1097-1203), "Dinlər, təriqətlər, məzhəblər", "Polis məmuru Dümbül bəyin macərası"(bənzətmə), "Naxçıvan sancağının müfəssəl dəftəri", "Tarixnamə" və s. monoqrafiya və elmi əsərləri daha çox şöhrət qazanmışdır.

Ziya Bünyadov həm də Şərq dilləri üzrə gözəl tərcüməçi idi. Onun əsərləri Fransada, İraqda, Rusiyada, Türkiyədə və dünyanın bir sıra başqa ölkələrində nəşr olunmuşdur. O, dünyanın bir sıra alimlərinin əsərlərini ingilis, ərəb, rus və türk dillərindən tərcümə etmişdir. Xüsusilə qeyd etməliyik ki, akademik Z.Bünyadovun ən yaddaqalan töhfələrindən biri də professor Vasim Məmmədəliyevlə birgə "Qurani-Kərim"i Azərbaycan dilinə tərcümə etməsidir.

1994-cü ildə nəşr olunan və Yusif Yusifovla redaktəsini etmiş "Azərbaycan tarixi" kitabının ön sözündə Azərbaycan xalqının soykökü ilə bağlı aparılan araşdırmalarda siyasi səbəblər ucbatından subyektivliyə yol verildiyini, eyni zamanda tarixşünaslıqda problemli məsələlər ətrafında vahid fikrin olmaması, yazılı qaynaqların az olması problemlərini qabardır, Azərbaycan türklərinin yaşadıqları ərazilərə sonradan köçməsi fikrini qəti surətdə tənqid edir. Toxunduğu problemlər, araşdırdığı mövzular bilavasitə erməni və fars tarixşünaslığına ağır zərbələr endirirdi.

Tədbirdə iştirak edən AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyev, institutun təhsilin idarə edilməsi kafedrasının professoru Ramiz Məmmədzadə Ziya Bünyadovla bağlı xatirələrini danışdılar, onun əsl vətənpərvər kimi insani keyfiyyətlərini yada saldılar. 

 

 

Tünzalə YUSİFOVA

 

Azərbaycan müəllimi.- 2012.- 6 aprel.- S.2.