Təhsil Nazirliyində Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş keçirilib

  

Aprelin 4-də Təhsil Nazirliyində məktəblilərin 6-7 aprel 2012-ci il tarixlərində Bakı şəhərində keçiriləcək ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş ənənəvi Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının  (İNEPO-AVRASİYA) bir qrup iştirakçısı ilə görüş oldu.

Görüşü giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov dünyanın müxtəlif ölkələrindən Azərbaycana gəlmiş iştirakçıları salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirdi. Nazir diqqətə çatdırdı ki, öz miqyasına görə böyük tədbirlərdən hesab olunan bu olimpiada Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti, "Çağ" Öyrətim İşlətmələri Şirkəti, "İNEPO-AVRASİYA" Ekologiya İctimai Birliyinin təşkilatçılığı, İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə keçirilir. Olimpiadanın Təşkilat Komitəsinə 400-dək layihə təqdim olunub ki, onlardan da 115-i seçilərək münsiflər heyətinin müzakirəsinə veriləcək.

Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının 2007-ci ildən başlayaraq keçirildiyini və artıq ənənə halını aldığını qeyd edən Misir Mərdanov bu mötəbər yarışmada iştirak edən ölkələrin və şagirdlərin sayının ildən-ilə artmasına diqqət çəkdi. Müvafiq müqayisələr apararaq bildirdi ki, əgər 2007-ci ildə Beynəlxalq Layihə Olimpiadasında 17 ölkədən məktəblilər iştirak etmişdilərsə, bu il iştirakçı ölkələrin sayı 42-yə, şagirdlərin sayı isə 400-ə çatıb. Builki olimpiadanın coğrafiyasının çox geniş olduğunu söyləyən təhsil naziri yarışmada Əfqanıstan, Almaniya, Banqladeş, Belarus, Bosniya, İndoneziya, İran, Qazaxıstan, Qırğızıstan, Laos, Litva, Makedoniya, Malayziya, Nigeriya, Pakistan, Polşa, Rumıniya, Slovakiya, Tailand, Türkiyə, Türkmənistan, Tacikistan, Ukrayna, Vyetnam, Yəmən, Somali, Anqola, Zambiya, Bolqarıstan, Rusiya, Misir Ərəb Respublikası, Monqolustan, Çin və digər ölkələrdən şagirdlərin iştirak etdiyini diqqətə çatdırdı.

Nazir aprelin 6-7-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək olimpiadanın yekununda daha güclülərin qalib gələcəyinə və ədalətli qərar qəbul olunacağına əminliyini vurğuladı.

Təhsil naziri çıxışında olimpiadanın ölkəmizin daha yaxından tanınmasında, müxtəlif ölkələrdən gələn şagirdlərin Azərbaycan haqqında yeni biliklər əldə etməsində mühüm əhəmiyyəti olduğunu bildirib, onun təşkilində əməyi olanlara təşəkkür etdi.

Daha sonra Misir Mərdanov olimpiada iştirakçılarına Azərbaycanın zəngin tarixi, təhsil sistemi, xüsusilə Bakı şəhəri ilə yaxından tanış olmağı, azərbaycanlı müəllim və şagirdlərlə əlaqələr yaratmağı tövsiyə etdi. Çıxışının sonunda təhsil naziri olimpiada iştirakçılarına uğurlar arzulayıb, onların hər birinin öz ölkələrinə xoş təəssüratla qayıdacağına ümid etdiyini bildirdi.

Tailandlı şagirdlər İhsan Aksayİhsan Gübbüz, nigeriyalı Zeynəb, qırğızıstanlı Akbar İmanov, bosniyalı Aida, anqolalı Marlenob. söz alaraq  olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün yaradılmış şəraitə, onlara göstərilən səmimi münasibətə və görüşə görə təhsil nazirinə minnətdarlıqlarını bildirib, Azərbaycana gəlməkdən məmnunluq duyduqlarını, ölkəmiz, onun insanları haqqında onlarda xoş təəssürat yarandığını söylədilər.

Görüşdə "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiziştirak edirdilər.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2012.- 6 aprel.- S.2.