Məktəb mənim ikinci evimdir
Həyatını müəllimliyə
həsr edənlər fədakar, doğma
xalqına, torpağına sədaqətlə xidmət
göstərən insanlardır. Məhz buna
görədir ki, bizim
hər birimiz qazandığımız bütün uğurlara
görə müəllimlərimizə borcluyuq.
Dərin
bilik, geniş dünyagörüşü şagirdlər
qarşısında elmin, biliyin,
fənnin, tədris prosesinin cəzbedici
qüvvəsini aça bilmək üçün vacibdir.
Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə
vurğun bir insan görməlidirlər. Belə müəllimlərdən
biri də Bakıdakı Bülbül
adına Orta İxtisas
Musiqi Məktəbinin ibtidai
sinif müəllimi Rəsmiyyə
Allahverdiyevadır.
Rəsmiyyə müəllim 1951-ci ildə Masallıda anadan olub.
Pedaqoji fəaliyyətə
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində başlayan
R.Allahverdiyeva artıq
40 ildir ki, həmin məktəbə
qədəm qoyan balaca şagirdlərə elmlərin əsaslarını
öyrədərək onların
həyatına bir işıq saçır.
Ömrünü təhsilə bağlayan
Rəsmiyyə müəllim
daim öz üzərində çalışır.
Belə ki, o, müxtəlif kurs və treninqlərdə
iştirak edərək
sertifikatlar almış,
yeni təlim metodları və kurikulumun sirlərinə dərindən yiyələnmişdir.
O, ömrünün müdrik
çağını yaşayaraq,
vurğunu olduğu şərəfli işini
inamla davam etdirir.
Rəsmiyyə Allahverdiyevanın dediklərindən:
Bir müəllim kimi daim peşəmi
sevərək uşaqların
təlim-tərbiyəsinə xüsusi diqqət yetirmişəm. Bu məktəb mənim ikinci evimdir. Ömrümün 40 ilini məhz
bu divarlar arasında keçirmişəm.
İşlədiyim müddətdə məktəblə bağlı
acılı-şirinli xatirələrim
var. İlk dəfə
bu məktəbə qədəm qoyanda, özümü bir müəllim kimi hiss edəndə sevincimin hədd-hüdudu yox idi. İlk işlədiyim dövrlərdə
məktəbin internat
şöbəsi də
var idi. İlk sinfim həmin şöbədə 8 şagird
ilə olub. O dövrdə istedadlı uşaqlar regionlardan seçilərək bizim məktəbə gəlirdi.
Valideynlərindən uzaq olan həmin uşaqlara bir ana kimi
qayğı göstərməyə
çalışırdım. Hətta onların köynəklərini
belə aparıb evdə yuyur, dərsarası tənəffüsdə
yaxalıqlarını tikirdim.
Bilirsiz, insan seçdiyi peşədən asılı
olmayaraq öz sənətinin vurğunu olmalı və daim sənətdə yeniliklər axtarmalıdır.
Bu gün sürətlə
inkişaf edən təhsilimizdəki yeni yanaşmaları, müasir
təlim metodları və kurikulumun xüsusiyyətlərini öyrənirəm.
Təcrübə və biliklərimi
gənc müəllimlərdən
əsirgəmirəm. Məktəbimizdə istər müəllimlər,
istərsə də şagirdlər arasında
qarşılıqlı hörmət
mühiti mövcuddur.
Direktorumuz Teymur Göyçayev
diqqət və qayğısını bizlərdən
əsirgəmir. Məktəbimizi digər tədris ocaqlarından fərqləndirən
bir cəhət də şagirdlərimizin
gələcəyin musiqiçiləri
olmasıdır. Şagirdlərimlə daim fəxr
etmişəm. Onları televiziya
ekranlarında görəndə
çox sevinirəm.
Onların hər bir uğurunu öz uğurum hesab edirəm.
Bəli, biz də Rəsmiyyə müəllimə
bu nəcib və xeyirxah işində uğurlar arzulayırıq.
Niyazi RƏHİMOV
Azərbaycan
müəllimi.- 2012.- 13 aprel.- S.8.