Fizika
sahəsində Nobel mükafatı alan ilk
alim
Rentgen
şüalarının qeyri-adi kəşfi
1901-ci ildə
İsveç Elmlər Akademiyası yeni təsis edilmiş
Nobel mükafatına ilk dəfə kimin layiq görülməsi
məsələsini müzakirə edirdi. Fizika
üzrə ilk mükafatın kimə təqdim olunması
çoxlarında heç bir şübhə oyatmırdı. Əlbəttə ki, mükafat o
dövrdəki ən məşhur alimə verilməli idi.
Lakin bir məsələ aydın deyildi: o, bu ali
mükafatı qəbul edəcəkmi? Bu, Vürsburq
Universitetinin (Almaniya) professoru, kəşf etdiyi yeni şüa
ilə bütün dünyaya səs salmış alman alimi
Vilhelm Konrad Rentgen idi. Lakin bu şüaları ilk dəfə
kəşf etmiş Rentgen kimdir,
bu şüalar hansı şəraitdə, necə kəşf
olunub?
Elm
yollarında
Alman fiziki Vilhelm Konrad Rentgen 1845-ci il
martın 27-də Prussiyada Remşeyd şəhəri yaxınlığındakı
kiçik Lennepe qəsəbəsində anadan olub. O, ailənin
yeganə övladı idi. Atası Fridrix Konrad tekstil ticarəti
ilə məşğul olub. Anası Şarlotta ev
qadını idi. 1848-ci ildə ailə Şotlandiyanın
Apeldorn şəhərinə - anasının vətəninə
köçüb. O, 1862-ci ildə Utrext Texniki Məktəbinə
daxil olur. Lakin tezliklə yazı lövhəsində müəllimin
karikaturasını çəkmiş
şagird yoldaşlarından birinin adını söyləməkdən
imtina etdiyinə görə məktəbdən qovulub. Məktəbi
başa vura bilməyən Vilhelm kamal attestatı almaq
üçün digər təhsil ocağında ekstern imtahan
versə də, istəyinə nail ola bilməyib. Buna görə
də 1865-ci ildə kamal attestatının tələb
olunmadığı Sürix Texniki Məktəbinə üz
tutub. Utrext Texniki Məktəbində aldığı qiymətlərə
görə o, qəbul imtahanlarından azad olunub. Bu o imtahan idi
ki, vaxtilə məşhur Albert Eynşteyn də verə bilməmişdi. 3 il ərzində Vilhelm maşınqayırmanı öyrəndi, onda tətbiqi
riyaziyyat və texniki fizikaya daha çox maraq vardı. Müəllimi
məşhur alman alimi A.Kundtun tövsiyəsi ilə o, mühəndis-texniki kursu bitirdikdən sonra eksperimental
fizika ilə məşğul
olmağa başlayıb. 1869-cu ildə qazların nəzəriyyəsinə
dair yazmış olduğu məqaləyə görə fəlsəfə
doktoru adı alıb. 1874-cü ildə professor Kundtun
ardınca Strasburq Universitetinə yollanıb. 1875-ci ildə
fizika və riyaziyyat müəllimliyi ixtisası üzrə
imtahan verən Vilhelm Qoyengeym şəhərindəki Ali Kənd
Təsərrüfatı Məktəbində professor olaraq fəaliyyətə
başlayıb. Bir il sonra
Strasburqa qayıdan Rentgen tanınmış fizik Q.Helmholtsun tövsiyəsi
ilə Qisen Universitetində professor yeri aldı. O burada əsasən
elektromaqnetizm və optika ilə məşğul olurdu. Tezliklə
Faradey- Maksvell elektrodinamikasına əsaslanan Rentgen çox
qiymətli kəşfə imza atdı. O, nüvənin maqnit
sahəsini aşkar etmişdi. Ali təhsil aldıqdan sonra elmi
işlərinə görə Strasburq, Qisen, Vürsburq və
Münhen universitetlərinin professoru seçilib. Tədqiqatları
pyezoelektrik və piroelektrik xassələrinə, onlarda elektrik
və optik hadisələr arasındakı əlaqəyə və
maqnetizmə aiddir.
Sensasion
xəbər
1896-cı ilin əvvəllərində
dünyanın bütün universitetləri və
akademiyaları sensasion xəbər yaydılar: Vilhelm Konrad
adlı fizik, heç kimə tanış olmayan alman alimi çox gözəl
keyfiyyətlərə malik olan hansısa yeni şüa kəşf
edib. Demək olar ki, elə bir qəzet yox idi ki, Vürsburq
Universitetinin Rentgen adlı professorunun yeni kəşfi barədə
xəbər yaymasın. Xəbərlərdə insan əlinin skeleti əks
olunmuşdu, sonradan məlum oldu ki, bu əl alimin xanımı
Berta Rentgenə məxsusdur.
İnsan gözü bu şüaları görə
bilmirdi, lakin onlar fotoqraf lövhələrinə təsir
edirdi, onların köməyi ilə hətta qaranlıq otaqda
belə şəkil çıxarmaq mümkün idi. Bundan əlavə,
yeni şüaların varlığını çox sadə
qaydada müəyyən etmək mümkün idi: bundan
ötrü onun keçdiyi yola
kimyəvi tərkibli kağız və ya şüşə
ekran qoyulduqda, o, qaranlıqda parlaq işıqlanma effekti -
fosforessiya yaradırdı. Ən
təəccüblüsü bu idi ki, yeni şüalar,
işığın şüşədən keçdiyi
kimi, istənilən əşyadan
keçirdi. Bu şüaların qarşısı əl ilə
kəsildikdə parlaq ekranda tünd əl skeletinin izləri
görünürdü. Adlı-sanlı adamlar
kraxmallanmış paltarda şüa qarşısında durarkən
ekranda öz skeletlərinin kölgəsini, eləcə də
ciblərindəki pul kisəsi, saatı da görə bilirdilər. Tezliklə yeni şüalardan
profilaktik məqsədlər üçün istifadə etmək
barədə düşünən insanlar tapıldı.
Amerikada, yeni şüa barədə xəbər
yayıldıqdan cəmi 4 gün sonra həkimlərdən
biri xəstənin bədənində güllənin ilişib
qaldığını öyrənmək üçün
yeni şüadan istifadə etməyə ilk təşəbbüs
etdi. Lakin Rentgenin kəşfi həkimlərdən
çox fizikləri daha
çox maraqlandırırdı.
Fiziklər müəyyən etmək istəyirdilər
ki, bu şüanın təbiəti necədir, öz mahiyyətinə
görə adi işıq şüalarına
oxşardımı və ya əksinə, onlar necə
yaranır, onların yaranmasına nə səbəb olur.
X
şüaları
Vilhelm Rentgen onun şərəfinə
adlandırılmış rentgen şüalarını (o,
özü bu şüaları X şüaları, yəni
tanış olmayan şüalar adlandırmışdı)
1895-ci il noyabrın 8-də kəşf etmişdi. 1894-cü
ildə Vürsburq Universitetinin rektoru seçilən alim katod
şüalarını öyrənirdi. Noyabrın 8-də o, həmişəki
kimi laboratoriyasında çalışırdı. Gecəyarısı
özünü yorğun hiss edən fizik evə getməyə
hazırlaşırdı. Qapını bağlamazdan əvvəl
seyrçi nəzərlə laboratoriyaya nəzər salan fizik
işığı söndürüb və tez qapını
örtmək istəyib. Lakin birdən onun diqqətini
qaranlıqda hansısa işıqlı ləkə cəlb
edib. Məlum olub ki, parlayan barium
lövhəli ekrandır. Lakin o niyə
işıqlanırdı? Günəş çoxdan qüruba
enmişdi, elektrik işığı işıq saça
bilməzdi. Katod borusu isə şəbəkədən azad
idi. Bundan əlavə, katod borusu kartondan olan qara üzlüklə
örtülmüşdü. Alim katod borusuna bir daha baxdı və
özünü məzəmmət etdi ki, onu söndürməyi
unudub. Elektrik dövrəsinin açarına toxunan alim borunu
keçirib. Ekranın işıqlanması yox olub, borunu
qoşduqda isə o yenidən işıqlanmağa
başlayıb. Deməli,
işıqlanmanı katod borusu yaradırdı. Lakin necə?
Yeni kəşf bir addımlıqda idi. Ani heyrətdən
özünə gələn Rentgen gördüklərini təhlil
etməyə və yeni şüanı öyrənməyə
başladı. Katod borusunu qabına qoyan alim əlində ekran
laboratoriyada gəzişməyə başladı. Məlum oldu ki, 2-3 metr məsafə
naməlum şüa üçün maneə deyil. Bu şüalar kitab, şüşə
divardan və s. asanlıqla keçir. Lakin birdən alim əlini
naməlum şüanın keçdiyi yola tutdu. Fizik ekranda
öz əl sümüklərinin kölgəsini
gördü. Bu, fantastik və eyni zamanda qorxunc idi! Lakin bu bir dəqiqəlik
an idi. Rentgenin növbəti addımı fotoplastinkaların
yerləşdiyi şkafa doğru oldu. Çünki
görünən mənzərənin şəklini
fotoplastinkaya köçürmək lazım idi. Beləliklə,
yeni gecə eksperimenti başladı. Alim müəyyən etdi
ki, şüalar plastinkanı işıqlandırır, boru ətrafında
sferik qaydada ayrılmırlar, onlar müəyyən istiqamətə
malikdirlər.
Səhər taqətdən düşmüş
Rentgen bir qədər dincəlmək və
eksperimentini davam etdirmək üçün evə tələsdi.
O, 50 gün (gecə-gündüz) ərzində yeni
şüanın öyrənilməsinə vaxt sərf etdi. Bu
anlarda o, ailəsini, sağlamlığını, şagird və
tələbələrini də unutdu. Alim universitet rəhbərliyindən
laboratoriyada gecələmək üçün
çarpayı istəmişdi, onun yeməyini də
laboratoriyaya gətirirdilər.
O, işlərini tam başa çatdırana qədər
heç kimə bu barədə danışmadı. X
şüalarından ilk xəbər tutan onun arvadı Berta
oldu. Məhz fotoplastinkaya köçürülmüş ilk
rentgen şəkildə Bertanın barmağındakı
nişan üzüyü olan əl skeleti əksini
tapmışdı. Bu şəkil Rentgenin 1895-ci il dekabrın
28-də universitetin fizika-tibb cəmiyyətinin sədrinə
ünvanladığı "Yeni şüa haqqında" məqaləsinə
əlavə olunmuşdu.
Məqalə ayrıca broşüra
halında dərc olundu, Rentgen onu Avropanın aparıcı
fiziklərinə göndərdi. Rentgen başa
düşürdü ki, bu, xüsusən də tibdə əvvəllər
görünməmiş yeni imkanlar açır. Əvvəllər
görünməz olan şeyləri aşkar etməyə
imkan verən rentgen şüaları onun müasirlərinə
güclü təsir etmişdi.
Rentgen süaları bir az sonra tibdə və
texnikanın müxtəlif sahələrində istifadə
olunmağa başladı.
Gizlinləri
görməyə imkan verən kəşf
Vilhelm Konrad Rentgen dünyada fizika elmi
tarixində ilk Nobel mükafatı almış alimdir. Rentgen süaları elmin
inkisafına çox böyük təsir etdi. Rentgenologiya
adlanan yeni elm sahəsi yarandı.
Rentgen şüaları, ilk növbədə,
gizlinləri görməyə imkan verirdi, bu kəşf o
dövrün insanlarında dərin təəssürat
buraxmışdı. Elmi və tətbiqi mahiyyətinə
görə rentgen şüalarının əhəmiyyəti
ölçüyəgəlməz idi. Onun əhəmiyyəti
həm də onda idi ki, bu kəşf insanların materiya haqda biliklərini keyfiyyətcə
zənginləşdirirdi.
Rentgen, sözün bütün mənasında klassik idi
və onun elmi işləri müasir dövrdə də texnika
və elmin inkişafına böyük təsir göstərib.
Rentgen şüaları həyatımızın
bir çox sahələrində öz tətbiqini
tapdı. Alimin X şüaları tibdə milyonlarla insanın
həyatını xilas etməyə imkan verdi.
"İks-şüalar hamıya, bütün bəşəriyyətə
məxsusdur. İks-şüalarla bağlı elmi işlər
mənimlə başlamayıb, mənimlə də bitən
deyil. Mənim etdiklərim böyük zəncirin yalnız həlqəsidir",-deyə
Rentgen sonralar yazırdı.
Rentgenin kəşfinin elmi əhəmiyyəti tədricən
aydınlaşırdı, sonralar rentgen şüaları sahəsində
işlərə görə daha 7 Nobel mükafatının təsis
olunması bunu təsdiqləyir.
1914-cü ildə rentgen şüalarının
difraksiyası (M.Laue), 1915-ci ildə rentgen
şüalarının köməyi ilə kristalların
strukturunun öyrənilməsi (ata və oğul Breqlər),
1917-ci ildə rentgen şüalanmanın
xarakteristikasının müəyyən olunması
(Ç.Barkle), 1924-cü ildə rentgen şüaları
diapazonunda spektrlərin öyrənilməsi (K.Siqbanu), 1927-ci ildə
sərbəst elektronlarda rentgen şüalarının səpələnməsi
(A.Kompton), 1936-cı ildə rentgen şüalarının və
elektronların difraksiyasının köməyi ilə
molekulyar strukturların öyrənilməsi (P.Debayu), 1979-cu
ildə rentgen tomoqrafiyanın işlənib hazırlanması
(A.Komark və Q.Xaunsfild) işləri Nobel mükafatına
layiq görüldü. Bundan
başqa, DNT-nin (dezoksiribonuklein) və fotosintez prosesini yaradan
zülalların, qemoqlobin molekulunun strukturunun kəşfi kimi
parlaq işlər məhz rentgen şüalarının
köməyi ilə araya-ərsəyə gəlmişdi.
Dahi fizik
öz adı ətrafında
qaldırılan hay-küyü bəyənmirdi, məqbul saydığı yeganə
metod üzərində işlərini səylə davam
etdirirdi.
O, ideyadan ötrü son pencəyini belə verməyə hazır
idi
Vilhelm Rentgen həyatda olduqca sadə və təvazökar adam
olub. Amerikanın Kaliforniya
Universiteti Rentgeni təkidlə işə dəvət edirdi.
Lakin o, həyatının son illərinə qədər
Münhen Universitetində elmi fəaliyyətini davam etdirdi.
Bavariya şahzadəsi onu elmi uğurlarına görə
ordenlə təltif etmişdi. Ona zadəgan titulu vermişdi.
Lakin Rentgen bu tituldan imtina etdi. Böyük fizik bu titulu
özü üçün gərəksiz hesab edirdi. Hətta
Nobel Komitəsi ona fizika sahəsində Nobel mükafatı verəndə
də, çox məşğul olduğunu bəhanə edərək
ali mükafatın təqdimolunma mərasiminə getmədi. Nəticədə
dəyərli mükafat poçtla sahibinə göndərildi.
İstər həyatda, istərsə də elmdə sözübütöv olan
Rentgen öz prinsiplərinə sona qədər sadiq qaldı.
1914-cü ildə o, müharibə şəraitində
başqalarından yaxşı yaşamağa haqqı
olmadığını düşünərək
aldığı Nobel mükafatını, bütün
var-dövlətini son qəpiyinə qədər dövlətə
bağışladı. Həyatının son günlərinə
qədər o, özünə heç nəyi rəva
görmədi. Bir vaxtlar
arvadı ilə bir neçə il yaşadığı
İsveçrəni ziyarət etmək üçün o, bir
il ərzində kofe içməkdən belə imtina etdi. Onun
heç vaxt pula, var-dövlətə tamahı olmayıb. O,
ideyadan ötrü son pencəyini belə verməyə
hazır idi.
"Sizin
üçün çətin deyilsə, döş qəfəsinizi
mənə göndərə bilərsiniz"
Vilhelm Konrad öz sadəliyi və həm
də incə yumor hissi ilə də yaddaşlarda qaldı. Bu
barədə maraqlı rəvayətlər var.
Rentgen şüalarının kəşfindən
bir il sonra fizik bir ingilis dənizçisindən
məktub almışdı. Onun
xahişi alimi xeyli karıxdırmışdı. Dənizçi yazırdı ki, həkimlərdən
onun döş qəfəsində qalmış gülləni
görə bilməyə imkan verən yeni şüanın kəşf
olunduğu barədə xəbər alıb. Lakin həkimlər
gülləni çıxarmağa tələsmirlər,
çünki onun yerini dəqiq bilmirlər. Buna görə də
dənizçi məktubunda böyük fizikdən xahiş
edirdi ki, poçt vasitəsi ilə ona (əlbəttə, əgər
bu, çətin deyilsə) bir az "sehrli şüa"
göndərsin. Dənizçi hətta vəd edirdi ki, həkimlər
gülləni tapan kimi şüaları geriyə - alimə
göndərəcək.
Özünü itirmiş alim uzun müddət dənizçinin
bu qeyri-standart məktubuna necə cavab vermək sualı üzərində
baş sındırıb. Onun məktubuna sadəcə məhəl
qoymamağı alim özünə rəva bilmirdi, məktubu
cavabsız qoymaq onun təbiətinə yad idi. Cavab məktubunun
tonu barədə düşünən alim sonda qərara gəlib
ki, yumor bu halda vəziyyətdən çıxmaq
üçün ən yaxşı vasitədir. Alimin
cavabı belə idi: "Mən böyük təəssüf
hissi ilə bildirirəm ki, hazırda əlimdə zəruri
miqdarda şüa yoxdur". Lakin sonra fizik bir qədər
düşünərək dənizçiyə
aşağıdakı məzmunda məktub göndərib:
"Əgər sizin üçün çətin deyilsə,
döş qəfəsinizi mənə göndərə bilərsiniz". Sonra alim dənizçini əmin edirdi
ki, gülləni
çıxaran kimi onun döş qəfəsini özünə
qaytaracaq.
Məşhurluq onu əsəbiləşdirirdi
Rentgeni birdən-birə bu cür məşhurluq
xeyli əsəbiləşdirirdi, onun qiymətli vaxtını
alırdı və eksperimentlərini davam etdirməsinə
mane olurdu. Buna görə də o, mətbuat səhifələrində
az-az çıxış edirdi. Lakin alim bu mövzuda məqələlərini
tam dayandırmadı. Olduqca utancaq və təvazökar olan
Rentgeni onun şəxsiyyətinin
bütün cəmiyyəti cəlb etməsi fikri belə
dərindən həyəcanlandırmışdı. O, elmlər akademiyasının
yüksəkmaaşlı üzvlüyündən, Berlin
Universitetinin fizika kafedrasından imtina etdi. Bundan başqa o,
Almaniya kayzeri II Vilhelmi belə özünə qarşı
qoymağa cəsarət etdi.
1872-ci ildə Rentgen Sürixdə bir vaxtlar oxuduğu Federal Texnologiya
İnstitutunun yataqxana sahibinin qızı Anna Berta Lüdviq ilə
ailə qurdu. Onların öz uşaqları olmadı. 1881-ci
ildə onlar alimin qardaşının 6 yaşlı
qızı Bertanı
övladlığa götürdülər.
Rentgen kəşf etdiyi şüaların tibb üçün
fövqəladə əhəmiyyət kəsb etməsi
düşüncəsindən olduqca məmnun idi. O, heç
vaxt patent, mükafatlandırılma barədə
düşünmürdü.
Nobel mükafatından başqa, London Kral Cəmiyyətinin
Rumford medalını, Kolumbiya Universitetinin elm
qarşısında görkəmli xidmətlərinə
görə Bernard medalını almışdı,
dünyanın bir çox elmi cəmiyyətlərinin fəxri
və müxbir üzvü idi.
Onun tələbəsi
olmuş məşhur
rus fiziki A.İoffe yazırdı: "Rentgen həyatda və
elmdə böyük insan idi.
Onun bütün şəxsiyyəti, fəaliyyəti və
elmi metodologiyası keçmişə məxsusdur. Lakin
yalnız XIX əsr fiziklərinin, xüsusən də Rentgenin
yaratdığı fundament əsasında
müasir fizika meydana gələ bilərdi".
O, təbiətdə gəzməyi sevirdi, Alp
dağlarına səyahət edirdi. Dostları ilə ova
gedirdi. 1920-ci ildə arvadının vəfatından sonra
Münhendə bütün tutduğu vəzifələrdən
imtina etdi.
O, 1923-cü ildə 78
yaşında elə
özünün kəşf etdiyi X şüaların
yaratdığı xərçəng xəstəliyindən
vəfat edib.
Rentgen həyatının son günlərinə
qədər xəstə yatan arvadına qulluq edib. Müharibə
dövrü idi. Var-dövlətini dövlətə
bağışlayan alim tənha və ehtiyac içində
idi, çətinliklə hərəkət edirdi. Onun tələbəsi
olmuş məşhur rus fiziki, akademik A.İoffe böyük
fizikin son günlərində onun yanında olub. Rentgen bir həftə
ərzində 20 kq arıqlamışdı. Məhz İoffe pul taparaq Rentgeni həkimə
aparıb. Həyatın, taleyin oyunlarına bax! Böyük
alimi rentgen müayinəsindən keçirmək
üçün onlar 2 həftə gözləməli olublar.
Rentgen-müayinədə alimin qalın
bağırsağında xərçəng aşkar olunub. Həkim-rentgenoloq xəstəsinin adını
eşidəndə çox təəccüblənmişdi. O,
uzun müddət inana bilmirdi ki, xəstəsi rentgen
şüalarını kəşf etmiş məşhur
alimdir. Həkim müayinə üçün pul almaqdan imtina edib. Rentgen
ölümündən sonra bütün
kağızlarını məhv etməyi vəsiyyət
etmişdi. Ölümündən
qabaq Rentgen yazırdı: "Mənim həyatım
özümə necə də mənasız görünür".
Alimin biblioqrafları qeyd edirlər ki, əlbəttə, dahi
fizikin bu sözləri həqiqəti əks etdirmir, bu sözlər
yalnız onun həyatının sonlarında narahatlıq və
daxili həyəcanlarının dərinliyini göstərir. "Səmimiyyət və alicənablıq
onun xarakterinin ən qabarıq cəhətləri idi. Onun
simasının sərt ifadəsi daxilindəki hissləri gizlədirdi,
o, şübhəsiz ki, öz hiss və duyğularını
yalnız həqiqi dostlarına və ən yaxın
adamlarına açırdı", - yaxınlarından biri
onu belə qiymətləndirmişdi.
Rentgen şüalarının kəşfindən
bir il sonra fizik bir ingilis dənizçisindən
məktub almışdı. Onun
xahişi alimi xeyli karıxdırmışdı. Dənizçi yazırdı ki, həkimlərdən
onun döş qəfəsində qalmış gülləni
görə bilməyə imkan verən yeni şüanın kəşf
olunduğu barədə xəbər alıb. Dənizçi məktubunda
böyük fizikdən xahiş edirdi ki, poçt vasitəsi
ilə ona (əlbəttə, əgər bu, çətin
deyilsə) bir az "sehrli şüa" göndərsin.
Bavariya şahzadəsi onu elmi uğurlarına görə ordenlə təltif
etmişdi. Ona zadəgan titulu vermişdi. Lakin Rentgen bu tituldan
imtina etdi. Böyük fizik bu titulu özü
üçün gərəksiz hesab edirdi. Hətta Nobel Komitəsi
ona fizika sahəsində Nobel mükafatı verəndə də,
çox məşğul olduğunu bəhanə edərək
ali mükafatın təqdimolunma mərasiminə getmədi. Nəticədə
dəyərli mükafat poçtla sahibinə göndərildi.
Rentgen bir həftə ərzində 20 kq
arıqlamışdı. Məhz
alimin tələbəsi, rus fiziki, akademik A.İoffe pul taparaq
Rentgeni həkimə aparıb. Həyatın, taleyin
oyunlarına bax! Böyük alimi rentgen müayinəsindən
keçirmək üçün onlar 2 həftə gözləməli
olublar. Rentgen-müayinədə alimin qalın
bağırsağında xərçəng aşkar olunub. Həkim-rentgenoloq xəstəsinin adını
eşidəndə çox təəccüblənmişdi. O,
uzun müddət inana bilmirdi ki, xəstəsi rentgen
şüalarını kəşf etmiş məşhur
alimdir.
Hazırladı: Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2012.- 13 aprel.- S.6.