Səudiyyə
Ərəbistanı Krallığının təhsil sistemi
Səudiyyə
Ərəbistanı Krallığı
Ərazisi: 2,25 milyon km2
Əhalisi: 28,7 milyon nəfər
Paytaxtı: Ər-Riyad
Dövlət dili: ərəb dili
Pul vahidi: Səudiyyə rialı
Təhsil sistemi
Ərəbistan
yarımadasında yerləşən Səudiyyə Ərəbistanı
Krallığı zəngin təbii ehtiyatları, yüksək
inkişaf səviyyəsi və özünəməxsus ənənələri
ilə nəinki Şərqdə, eləcə də
bütün dünyada fərqlənən bir ölkədir. Olduqca geniş iqtisadi
potensialı digər sahələrlə yanaşı, ölkə
təhsilinin tərəqqisində də özünü
büruzə verir.
Ölkədə
1925-ci ilədək heç bir dünyəvi məktəb
olmadığı halda, sonrakı 25 ildə təhsil sahəsi
ən yüksək inkişaf səviyyəsinə yüksəlib. 1953-cü ildə ilk
dövlət təhsil idarəetmə qurumu olan Maarif Nazirliyi
yaradılıb.
1970-ci ilə
qədər ölkədə 3,3 min məktəb
və kollec fəaliyyət göstərirdi. XXI əsrin
əvvəllərində onların sayı 24 mini keçdi.
Ölkənin
təhsil sistemi məktəbəqədər, ibtidai, natamam
orta, orta və ali təhsil pilləsini əhatə
edir. Təhsil sisteminə müvafiq pillələr
üzrə Təhsil Nazirliyi, Ali Təhsil Nazirliyi, Texniki və
Peşə Təhsili Korporasiyası rəhbərlik edir.
Bütün
səviyyələr üzrə təhsil pulsuzdur. Yalnız özəl məktəblərdə
təhsil haqqı müəyyənləşdirilib.
Təhsil
sistemində gender bərabərliyi ciddi qorunmaqla, qızlar və
oğlanlar ayrı-ayrı məktəblərdə təhsil
alırlar. 1960-cı ildə müstəqil qurum
kimi Qızların Təhsili üzrə Baş İdarə
yaradılıb. Qız məktəbləri
1961-ci ildən fəaliyyət göstərir. 2002-ci ildən Təhsil Nazirliyinin nəzdində fəaliyyət
göstərən Qızların Təhsili üzrə Baş
İdarə müvafiq tədris proqramlarının və
kurikulumların hazırlanmasına cavabdehlik
daşıyır. Bu idarənin
yaradılması qızların təhsilə cəlb
olunması istiqamətində əsaslı dönüş
yaradıb.
Aparılan
davamlı islahatlar nəticəsində təhsilə cəlb
olunan qadınların sayı ilbəil artmağa
başlayıb. Buna baxmayaraq, mühəndislik, jurnalistika, hüquq,
memarlıq sahələri üzrə qadınların təhsil
almasına qadağalar qoyulub. Lakin tədricən
bu qadağalar qismən də olsa, aradan qaldırılır.
Məsələn, əvvəllər
qadınların hüquq ixtisasına yiyələnməsi
yasaqlanırdı. Son illərdə gender problemləri
üzrə ixtisaslaşan qurumlar əsaslandırdılar ki,
öz həmcinslərinə hüquqi yardım etmək
üçün qadınlar ədliyyə sistemində işləyə
bilərlər. Bu məsələ müsbət həllini
tapdığı üçün 2008-ci ildə
qadınların ilk qrupu hüquq ixtisası üzrə ali təhsilini başa vurdu.
Dünya
Bankının statistik məlumatlarına görə, Səudiyyə
Ərəbistanında ali təhsilli
qadınların sayı İordaniya, Livan və Tunisdə ali təhsil
almış qadınların sayına nisbətən daha
çoxdur. Kraliça Nora bint Abdul Rahman
Universiteti Səudiyyə Ərəbistanının ilk,
dünyanın isə ən böyük qızlar
universitetidir.
Hökumət
qadınların təhsilinə yüksək diqqət yetirir. Odur ki, qızlar məktəblərinin
sayı oğlanlar məktəblərinin sayına nisbətən
daha sürətlə artmaqdadır.
Ölkənin
ali təhsil müəssisələrində
oxuyan tələbələrin 58 faizini qadınlar təşkil
etsə də, onların yalnız 14 faizi müxtəlif sahələrdə
çalışırlar. Onu da qeyd edək ki, Səudiyyə
Ərəbistanında qadınlar işçi qüvvəsi
kimi daha çox təhsil və səhiyyə sektorunda təmsil
olunurlar. Məşğul qadınların
95 faizi dövlət müəssisələrində, cəmi 5
faizi isə özəl sahələrdə işləyir.
Təhsilin
bütün səviyyələrində tədris
kurikulumlarının böyük bir hissəsi İslam dininin
vacib prinsiplərinin təliminə həsr olunub. Dövlət şagird və
tələbələri pulsuz dərslik və tibbi xidmətlə
təmin edir.
Hökumətin
təhsil sisteminə göstərdiyi qayğı təhsil
sektorunun davamlı inkişafına zəmin yaradıb. Hər il təhsil sahəsinə
ayrılan büdcə vəsaitləri artırılır. Ölkədə təhsilə iqtisadi
inkişafın əsas hərəkətverici qüvvəsi
kimi yanaşılır. 1969-cu ildə Səudiyyə
Ərəbistanı Nazirlər Şurası tərəfindən
təsdiq edilmiş Təhsil Strategiyası Sənədi təhsilin
əsas məqsədlərini özündə əhatə edən
və təhsil sisteminin gələcək inkişafını
müəyyənləşdirən fundamental sənəddir.
Səudiyyə
Ərəbistanı təhsil sistemində tətbiq edilən
kurikulumlar sosial-iqtisadi dəyişikliklərə,
texnologiyanın inkişafına cavab olaraq daim təkmilləşdirilir. Kurikulumların
hazırlanmasına Təhsil Nazirliyinin nəzdindəki Milli
Komitələr cavabdehlik daşıyır. Bu komitələr Təhsilin inkişafı
şöbəsinə kurikulumlarla bağlı təkliflər
verir, ayrı-ayrı təhsil pillələrində tədris
olunan fənləri nəzərdən keçirir və
müvafiq araşdırmalar aparırlar.
Bütün
məktəblər hökumət tərəfindən
informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilib. İbtidai təhsil pilləsinin
ilk sinfindən etibarən tədrisdə kompüterlərin tətbiqinə
geniş yer verilir. Məktəblərdə
İslam dininin, ərəb dilinin və Quranın öyrədilməsi
üçün xüsusi kompüter proqramlarından istifadə
olunur.
Şagirdlər
6 il ibtidai, 3 il natamam orta, 3 il orta təhsil
alır. Tam orta təhsilli məzunlar ali məktəblərdə
oxumaq hüququ qazanırlar.
Dərs ili sentyabrın 1-dən başlanır və 9
ay davam edir. Ölkədə müəllim-
şagird nisbəti dünyada ən yaxşı göstəricilər
səviyyəsindədir.
Səudiyyə
Ərəbistanında özəl təhsil müəssisələri
bütün səviyyələr üzrə dövlət təhsil
sisteminin fəaliyyətinə dəstək verir. Təhsil Nazirliyinin Özəl
Təhsil üzrə Baş İdarəsi qeyri-dövlət
ümumi təhsil müəssisələrinə nəzarət
edir. Dövlət özəl təhsil
müəssisələrini pulsuz dərsliklər və illik
maliyyə vəsaiti ilə təmin edir. Hər
bir özəl məktəbin direktoru nazirlik tərəfindən
təyin edilir və onların əməkhaqları dövlət
hesabına ödənilir.
XX əsrin
ikinci yarısına qədər Səudiyyə Ərəbistanında
xüsusi qayğıya ehtiyacı olan uşaqlar təhsilə
cəlb olunmayıb. Yalnız valideynlər belə uşaqların təhsil
almasına şərait yaradıblar.
1958-ci
ildə gözdən əlil uşaqlar üçün
"elmi institutlar" adlı təhsil müəssisələri
fəaliyyətə başlayıb. Bununla da ölkədə
xüsusi qayğıya ehtiyacı olan uşaqların bir
qrupunun təhsil almasına şərait yaranıb.
1960-cı
ildə dövlətin dəstəyi ilə gözdən əlil
oğlan tələbələr üçün Əl-Nur
İnstitutunda xüsusi təhsil proqramının tətbiqinə
başlanılıb. 1962-ci ildə gözdən əlil, eşitmə və
zehni qüsurlu tələbələr üçün təhsil
xidmətlərinin inkişaf etdirilməsi məqsədilə
Təhsil Nazirliyinin nəzdində Xüsusi təlim
şöbəsi yaradılıb. Zehni
qüsurları olan oğlan tələbələr
üçün ilk xüsusi təhsil proqramının tədrisinə
1971-ci ildə Əl-Tərbiyə Əl-Fikriyə
İnstitutunda başlanılıb.
Əməl
İnstitutunda eşitmə qüsurları olan tələbələr
üçün xüsusi təhsil proqramları tədris
olunur. 1964-cü ildən isə gözdən əlil
qız və oğlan tələbələr üçün
təhsil müəssisələri fəaliyyət göstərir.
Hazırda
Səudiyyə Ərəbistanında gözdən əlil
uşaqlar üçün 10, eşitmə qüsurları
olanlar üçün 28, əqli qüsurlu uşaqlar
üçün isə 16 təhsil müəssisəsi fəaliyyət
göstərir.
Məlum
olduğu kimi, inkişaf etmiş ölkələrdə təhsil
sektoruna ümumi daxili məhsulun təxminən 5 faizi həcmində
vəsait yönəldilir. Səudiyyə Ərəbistanı
Krallığında isə bu göstərici 9 faiz təşkil
edir.
Məktəbəqədər təhsil
Səudiyyə
Ərəbistanında məktəbəqədər təhsil
rəsmi təhsil pilləsi hesab edilmir. Əsasən, 3-5
yaşlı uşaqlar məktəbəqədər təhsilə
cəlb olunur.
İbtidai
məktəbin I sinfinə qəbul zamanı məktəbəqədər
təhsil almayan uşaqlara heç bir məhdudiyyət
qoyulmur. Hökumətin maddi və texniki dəstəyi ilə
özəl məktəbəqədər təhsil müəssisələri
də fəaliyyət göstərir.
Məktəbəqədər
təhsil pilləsində uşaqlara yazı vərdişləri
aşılanır və Quran ayələri öyrədilir. Eyni zamanda uşaqların hərtərəfli
psixoloji və zehni inkişafına zəmin yaradan digər
biliklərin tədrisinə də yer verilir.
Statistikaya
görə, 2009-2010-cu tədris ilində ölkədə 1521
məktəbəqədər təhsil müəssisəsi fəaliyyət
göstərib. Bu müəssisələrdə 106301 uşaq təhsil
alıb. Bu göstərici Səudiyyə Ərəbistanında
uşaqların məktəbəqədər təhsilə cəlb
olunma göstəricisinin təxminən 10,8
faizi təşkil etdiyini deməyə əsas verir. Məktəbəqədər təhsil müəssisələrində
10 min 337 müəllim, 2 mindən çox inzibati
işçi çalışır.
İbtidai təhsil
Səudiyyə
Ərəbistanında 6 yaşı tamam olmuş uşaqlar
ibtidai təhsilə başlaya bilərlər. İbtidai təhsil pilləsi 6 il davam edir. Bütün dövlət
ibtidai məktəbləri gündüz təhsil müəssisələridir.
Qızlar
müvafiq daxili qaydaların ciddi qorunduğu təhsil müəssisələrində
ayrıca təhsil alırlar. Onu da qeyd edək ki, ölkədə
ilk qızlar məktəbi 1964-cü ildə tikilib. Artıq ötən əsrin sonlarından ölkənin
demək olar ki, bütün bölgələrində
qızlar məktəbi fəaliyyət göstərir.
İbtidai
təhsil pilləsini başa vuran şagirdlər imtahan verməlidirlər. İmtahanlardan uğurla
keçən şagirdlərə İbtidai Təhsil
Sertifikatı təqdim olunur. Bu sənəd
növbəti siniflərdə oxumaq üçün
mühüm əhəmiyyət kəsb edir.
Statistikaya
görə, 2009-2010-cu tədris ilində ölkədəki 13
min 602 ibtidai məktəbdə 2 milyon 493 min 125 nəfər
şagird təhsil alıb. Onların 1 milyon 227
min 699 nəfəri qızlardan ibarət olub. İbtidai məktəblərdə
çalışan müəllimlərin ümumi sayı 223
min 511, inzibati heyətin sayı isə 11 min 673 nəfər təşkil
edib.
Onu da
qeyd edək ki, Səudiyyə Ərəbistanında məktəbyaşlı
bütün uşaqların 99 faizi ibtidai təhsil pilləsinə
cəlb olunur.
Tam orta təhsil
Tam orta
təhsil mərhələsi 2 pilləyə
bölünür. Hər ikisi 3 illik olan natamam orta təhsil və orta təhsil
pillələri tədris proqramlarına görə bir-birindən
əhəmiyyətli dərəcədə fərqlənir.
İbtidai
təhsil pilləsini uğurla başa vuran şagirdlər təhsillərini
natamam orta təhsil pilləsində davam etdirirlər. Həm natamam orta təhsil,
həm də orta təhsil pillələrində şagirdlərin
biliyi ildə iki dəfə keçirilən imtahanlar vasitəsilə
qiymətləndirilir. Bu imtahanlar Təhsil
Nazirliyi tərəfindən təşkil edilir.
2009-2010-cu
tədris ilində ölkədə 7 min 910 natamam orta məktəb
fəaliyyət göstərib. Onların 3 min 780-i
qızlar, 4 min 130-u isə oğlanlar üçün təyin
olunmuş təhsil müəssisələri olub. Natamam
orta təhsil müəssisələrində oxuyan 1 milyon 188
min 342 nəfər şagirddən 553 min 415 nəfərini
qızlar təşkil edib. Həmin məktəblərdə
çalışan müəllimlərin ümumi sayı 117
min 370, inzibati heyətin sayı isə 6 min 289 nəfər
olub.
Orta təhsil
ümumi təhsil mərhələsinin sonuncu pilləsi hesab
edilir. Natamam orta təhsil pilləsini bitirən şagirdlər
təhsillərini ümumi, dini və ya peşəyönümlü
orta məktəbdə davam etdirmək imkanı əldə
edirlər.
Peşəyönümlü
orta məktəblərdə sənaye, kommersiya, kənd təsərrüfatı
sahələri üzrə texniki və peşə
hazırlığı həyata keçirilir. Bu məktəblərdə
də təhsil müddəti 3 ildir.
2009-2010-cu tədris
ilinin statistik məlumatlarına görə, ölkədə
2 min 440 qızlar, 2 min 469 oğlanlar üçün məktəb
fəaliyyət göstərib. Orta təhsil müəssisələrində
oxuyan 1 milyon 096 min 174 şagirdin 490 min 112 nəfərini
qızlar təşkil edib. Orta təhsil müəssisələrində
99 min 753 nəfər müəllim, 4 min 756 nəfər inzibati
işçi çalışıb.
Təhsilə
cəlb olunan qızların sayı qismən azlıq təşkil
etdiyi üçün oğlanlar arasında
savadlılığın səviyyəsi 89,1
faiz olduğu halda, qızlar arasında bu göstərici təxminən
79,4 faizə bərabərdir. Ancaq aparılan islahatlar nəticəsində
təhsil alan qadınların sayı ilbəil
artmaqdadır. Orta məktəblərdə hər il
oğlanların sayı 6,7, qızların
sayı isə 11,2 faiz artır. Səudiyyə Ərəbistanında
məzunlara verilən orta təhsil haqqında attestatlar
ABŞ, Avropa və bütün ərəb ölkələrində
tanınır.
Texniki peşə təhsili
Səudiyyə
Ərəbistanında texniki peşə təhsilinə Texniki
və Peşə Təhsili Korporasiyası cavabdehlik
daşıyır. Texniki və Peşə Təhsili Korporasiyası
ölkənin əmək bazarının müvafiq
ehtiyaclarını müəyyənləşdirir və buna
uyğun olaraq fəaliyyətini qurur.
Texniki
peşə təhsili sistemi ümumilikdə sənaye,
kommersiya və kənd təsərrüfatı kimi 3
kateqoriyaya ayrılır. Texniki
peşə təhsili müəssisələri sırasına
texnologiya kollecləri, ali texniki qızlar
institutları və peşə institutları daxildir.
Texniki
peşə təhsili müəssisələrində
sub-bakalavr (Azərbaycandakı orta ixtisas təhsilinə
uyğun) pilləsi üzrə kadrlar hazırlanır. Təhsil müddəti 3
ildir. Texnologiya kollecləri texniki sahələr
üçün ixtisaslı işçilər
hazırlayır. Ölkədə təxminən
35-ə yaxın belə təhsil müəssisəsi fəaliyyət
göstərir.
Ali
texniki qızlar institutlarında qadınların müxtəlif
texniki peşə sahələri üzrə ixtisaslara yiyələnməsi
üçün geniş imkanlar mövcuddur. Həmin tədris
ocaqları istehsal müəssisələri ilə sıx təmasda
fəaliyyət göstərirlər.
Peşə
institutlarında tədris proqramları yerli əmək
bazarının tələblərinə uyğun olaraq müəyyənləşdirilir. Ölkə üzrə fəaliyyət
göstərən 63 peşə institutunun yetişdirdiyi
kadrlara artan tələbat bu tədris ocaqlarının səviyyəsindən
və nüfuzundan xəbər verir.
Ali təhsil
Ölkənin
ali təhsil sisteminə nəzarət edən
Ali Təhsil Nazirliyinin tabeliyində bir sıra qurumlar fəaliyyət
göstərir. Ali Təhsil Şurası,
Akademik Akkreditasiya və Qiymətləndirmə üzrə
Milli Komissiya belə qurumlardandır.
Ali Təhsil
Şurası ölkənin ali təhsil sisteminə
nəzarət edən ali orqandır. Şuranın əsas məqsədi
ali təhsil islahatlarının müvafiq
strategiyaya uyğun həyata keçirilməsi, ali təhsilin
genişləndirilməsi, universitetlər arasında əməkdaşlığın
təmin edilməsi, elmin və tədqiqatın
inkişafının stimullaşdırılmasından ibarətdir.
Akademik Akkreditasiya və Qiymətləndirmə üzrə
Milli Komissiyanın əsas fəaliyyət istiqaməti ali təhsil müəssisələrinin və
onların təklif etdiyi proqramların akkreditasiyasını həyata
keçirməkdir.
Ölkədə
humanitar və sosial elmlər sahələri üzrə ali təhsil proqramları 4 illikdir. Tibb, mühəndislik
və əczaçılıq sahələri üzrə ali təhsil müddəti isə 5-6 il davam
edir.
Səudiyyə
Ərəbistanında 32 universitet fəaliyyət göstərir. Onlardan 24-ü dövlət, 8-i isə
özəl ali təhsil müəssisəsidir.
Statistik məlumatlara
görə, ölkənin ali təhsil
müəssisələri tələbələrinin sayı
636 min 245 nəfərdir. Ölkə üzrə ali təhsilə cəlb olunma göstəriciləri
ilbəil artır.
Ölkədə
ali təhsil sisteminin özünəməxsus
inkişaf tarixi var. Şəriət elmlərini öyrənən
ilk müasir ali təhsil müəssisəsi 1949-cu ildə Məkkədə
yaradılıb. 4 il sonra bu şəhərdə
Pedaqoji İnstitut, Ər-Riyadda isə Şəriət
İnstitutu açılıb.
1957-ci
ildə Kral Səud Universiteti yaradılıb. Kral Səud Universitetinin təsis
olunması ölkədə müasir dünyəvi ali təhsil sisteminin tətbiqinin
başlanğıcı hesab edilir. Bu ali təhsil
müəssisəsi Fars körfəzi regionunda və ərəb
ölkələrində ilk universitetdir.
Kral Səud
Universitetində filologiya, pedaqoji, təbiət elmləri, idarəetmə,
əczaçılıq, tibb, mühəndislik, aqrar mühəndislik,
stomatologiya, tətbiqi sənət, uçot və informasiya,
planlaşdırma, ərəb dili, xarici dillər və digər
fakültələr fəaliyyət göstərir.
1970-ci ildə
yaradılmış Kral Fəhd adına
Neft və Minerallar Universitetində sırf neft sənayesi,
energetika, geologiya sahələri üzrə mütəxəssislər
hazırlanır. Bu ali məktəbin məzunları
əsasən, ABŞ-Səudiyyə müştərək
şirkəti olan "Saud-ARAMKO"nun müəssisələrində
çalışırlar.
Ölkənin
digər nüfuzlu ali məktəbləri
sırasında Mədinə şəhərində əsası
qoyulmuş İslam Universiteti (1961) və Ciddə şəhərində
fəaliyyət göstərən Kral Abduləziz Universitetinin
(1961) adlarını çəkə bilərik. Taibba
Universiteti, Qassim Universiteti və Taif Universiteti də yüksək
səviyyəli tədris imkanları ilə tanınan ali məktəblərdəndir.
Ölkənin
demək olar ki, bütün kollec və universitetlərində
təbiət elmləri, texnologiya, hərbi, ilahiyyat, tibb və
digər ixtisaslar üzrə kadrlar hazırlanır. İslam dini və ilahiyyat elmi istiqamətində
ixtisaslaşmış ali məktəblərin
sayı nisbətən çoxluq təşkil edir. Quranın
öyrənilməsi, şərhi, təfsiri, hafizlik və
İslam ənənələrinin gündəlik həyata tətbiqi
müvafiq ali təhsil proqramlarının əsas
hissəsini təşkil edir. Dinin tədrisi
bütün universitetlərdə icbari qaydada həyata
keçirilir.
Əlavə təhsil
Yaşlıların
təhsili Səudiyyə Ərəbistanının təhsil
sisteminin mühüm bir hissəsini təşkil edir. Ölkədə əhalinin
savadlılıq səviyyəsinin artırılması və
hamı üçün bərabər təhsil
imkanlarının təmin edilməsi məqsədilə
çoxsaylı yaşlıların təhsili mərkəzləri
fəaliyyət göstərir. Ucqar ərazilərdə
yaşayan yaşlılar üçün hökumət tərəfindən
üç aylıq intensiv təhsil kursları təşkil
edilir.
Ölkədə
ixtisasartırma təhsilinə də xüsusi diqqət
yetirilir. Bu istiqamətdə görülən işlər təhsilin
bütün səviyyələri üzrə tədrisin keyfiyyətinin
yüksəlməsinə, müəllimlərin peşəkarlığının
artırılmasına əlverişli zəmin yaradır.
İbtidai
sinif müəllimlərinin hazırlığı ölkənin
müəllim hazırlığı kolleclərində
aparılır. Kişilər üçün 18, qadınlar
üçün 102 ibtidai sinif müəllimlərinin
hazırlığı kolleci fəaliyyət göstərir.
Orta məktəb
müəllimlərinin hazırlığı Kral Abduləziz
və Kral Səud Universitetlərinin pedaqoji fakültələrində,
ali məktəb müəllimlərinin
hazırlığı isə Kral Abduləziz Universitetinin
Müəllim Hazırlığı və Təlimin
İnkişafı Mərkəzində həyata keçirilir.
Təhsilin idarə olunması
Qeyd
etdiyimiz kimi, ölkənin təhsil sistemi Təhsil Nazirliyi,
Ali Təhsil Nazirliyi və Texniki və Peşə Təhsili
Korporasiyası tərəfindən idarə olunur. Lakin strateji baxımdan təhsilin
idarə olunması mərkəzləşdirilmiş qaydada həyata
keçirilir. 1963-cü ildə təsis olunmuş Təhsil
Siyasəti üzrə Ali Komitə Səudiyyə Ərəbistanında
təhsil sisteminə nəzarət edən ən ali orqandır.
Təhsil
Nazirliyi ümumi təhsil, xüsusi təhsil və
yaşlıların təhsili sahəsinə cavabdehlik
daşıyır. Ali Təhsil
Nazirliyi ali təhsil, müəllimlərin
təhsili və ixtisasartırması sahələri üzrə
məsuldur. Texniki və Peşə Təhsili
Korporasiyası isə texniki və peşə təhsili müəssisələrinin
idarə olunması işini yerinə yetirir.
Dərslik
siyasəti müəyyənləşdirilərkən hər
üç dövlət qurumunun təklifləri nəzərə
alınır. Kurikulumlar, dərsliklər və dərs vəsaitləri
bütün ölkə üzrə vahid strategiya əsasında
hazırlanır və vahid meyarlara cavab verir.
Beynəlxalq əməkdaşlıq
Səudiyyə
Ərəbistanı təhsil sahəsində bir çox
ölkələrlə səmərəli əlaqələrə
malikdir. Bu baxımdan tələbə mübadiləsi istiqamətində
daha nəzərəçarpan uğurlar qazanılıb.
2005-ci ildə
ölkə rəhbərliyinin təşəbbüsü ilə
gənclərin inkişaf etmiş Qərb ölkələrinin
qabaqcıl ali məktəblərində təhsil
almasına dair təqaüd proqramı elan edilib. Həmin təqaüdlər təhsil və
yaşayış xərclərini əhatə edir. Təkcə 2007-2008-ci tədris ilində 5000 nəfər
səudiyyəli tələbə bu təqaüd proqramı
hesabına xaricdə təhsil alıb.
Xaricdə təhsil
almaq istəyən tələbələr əsasən Kanada,
ABŞ, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya,
İsveçrə, Fransa və Almaniyanın ali məktəblərini
seçirlər. Proqram çərçivəsində
təkcə Böyük Britaniyada 15000 nəfər tələbə
təhsil alıb ki, onların da 25 faizini qızlar təşkil
edir.
Bəşarət MƏMMƏDOV,
Ramil HÜSEYNOV
Yazının hazırlanmasında Səudiyyə
Ərəbistanının Təhsil Nazirliyi, Ali Təhsil
Nazirliyi, eləcə də Texniki və Peşə Təhsili
Korporasiyasının rəsmi məlumatlarından istifadə
olunub.
Azərbaycan müəllimi.-
2012.- 13 aprel.- S.7.