Ümumtəhsil məktəbi strukturunun təşəkkülünə dair

 

Ümumtəhsil məktəbi uşaqların və yeniyetmələrin təlimini və tərbiyəsini mütəşəkkil surətdə həyata keçirən maarif müəssisəsidir.

İlk məktəblər qədim Şərqdə - Babilistan, Assuriya, Misir, Hindistan və s. meydana gəlmişdir.

Azərbaycan ərazisində ilk məktəblər - "saray məktəbləri", "kilsə məktəbləri" V əsrin I yarısında yaranmışdır.  VII - IX əsrlərdə Yaxın və Orta Şərqdə, Qafqazda və Orta Asiyada məscidlərin nəzdində elementar və yüksək (mədrəsə) təhsili verən müsəlman məktəbləri geniş yayılmışdı.

VII əsrin ortalarında Azərbaycanın Ərəb Xilafəti tərəfindən işğalı, onun hər iki hissəsinin - Albaniya və Atropatenanın xilafətin tərkibinə qatılması ölkədə islam dininin yayılması ilə nəticələndi. İşğalaqədərki dövrdə də təhsil sistemi xeyli inkişaf etmiş, Azərbaycanda islam mədəniyyətinin daşıyıcıları olan yeni təhsil müəssisələri - məktəb və mədrəsələr şəbəkəsi yaranmağa başladı. Xilafətin nüfuz etdiyi bütün ərazilərdə olduğu kimi, Azərbaycanda da məktəb və mədrəsələrdə tədris ərəb dilində aparılır, dini biliklərlə yanaşı təbabət, dil, fəlsəfə, hüquq, məntiq, riyaziyyat, ritorika və s. dünyəvi elmlər də öyrədilirdi. "Məktəblər əsasən ilkin ibtidai təhsil verirdi".

XI-XII əsrlər bütün islam şərqində olduğu kimi, Azərbaycanda da elmin, təhsilin, maarifin - bütövlükdə mədəniyyətin inkişafında əsl intibah mərhələsi olmuşdur. "XII əsrdə Azərbaycanda məktəb şəbəkəsi xeyli genişlənmişdir". "Məktəblərdə şagirdlərin qəbulunda yaş həddi qeyri-məhdud idi. 7-10 və bəzən də daha çox yaşlı uşaqlar məktəbə qəbul edilirdilər. Məktəbə qəbulun da dəqiq vaxtı yox idi. İlin istənilən vaxtında uşaq məktəbə qəbul edilə bilərdi. Məktəbi bitirmə vaxtı da qeyri-müəyyən idi. Əsasən 7-8 il oxunurdu. Molla uşağın biliyini fərdi qaydada "kafi" hesab etdikdə uşaq məktəbi bitirə bilərdi" (R.Hüseynzadə "Qədim və erkən orta əsrlərdə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir", səh. 108-109, B. 2007.). Məktəbdə təhsilalma müddəti dəqiq olmadığı üçün onun neçə sinifli olması - strukturu haqqında fikir söyləmək qeyri-mümkündür.

XIII əsrdən başlayaraq məscidlər yanında fəaliyyət göstərən "yetimlər evi", "təlim evi" adlanan xeyriyyə müəssisələri də ibtidai təhsil verən məktəblər şəbəkəsinə daxil idi. Bu dövrdə böyük Azərbaycan alimi N.Tusi tərəfindən Marağa rəsədxanası nəzdində yaradılan "Böyük riyaziyyat məktəbi" adlandırılan mədrəsə fəaliyyət göstərirdi.

Səfəvilər dövlətinin yaranması (1501-1736) ölkədə maarif və mədəniyyətin inkişafına güclü təkan verdi, məktəb və mədrəsələrin şəbəkəsi genişləndi. Bu müəssisələrdə tədris ərəb, fars dilləri ilə yanaşı, Azərbaycan (türk) dilində də aparılırdı.

XVIII əsrdə maarif və mədəniyyətin inkişafında tənəzzül baş verdi.  1736-cı ildə Nadir şah Əfşar tərəfindən maarif müəssisələrinin vəqfi xəzinəsinin zəbt olunması və onların əsas maliyyə mənbəyi olan vəqf torpaqlarından məhrum edilməsi məktəb və mədrəsələrin normal fəaliyyətini pozdu, onların böyük əksəriyyətinin bağlanmasına səbəb oldu.

XIX əsrin əvvəllərində Rusiya - İran müharibələri nəticəsində Azərbaycanın iki yerə parçalanması və Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı məktəb təhsilinə də təsir etdi. Çar Rusiyasının Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi tədbirlər mahiyyətcə onun müstəmləkəçilik siyasətinin tərkib hissəsi idi. Lakin bununla belə, təhsil tarixində XIX əsr xüsusi yer tutur. Bu dövrdə təlim rus dilində olsa da, Azərbaycanda müxtəlif tipli dövlət təhsil müəssisələrinin (qəza ibtidai məktəbləri, müsəlman məktəbləri, gimnaziya və realnı məktəblər, rus - Azərbaycan məktəbləri, rus və müsəlman qız məktəbləri, dəmiryolu və sənət məktəbləri, seminariyalar, peşə və orta ixtisas məktəbləri və s.) yaranması xalqın mədəni səviyyəsinin yüksəlməsinə güclü təkan verdi. XIX əsrin II yarısından fəaliyyətə başlayan yeni tipli gimnaziya və realnı məktəblərini bitirən azərbaycanlı gənclərin böyük bir hissəsi Rusiya və Avropanın ali məktəblərində təhsil almaq imkanı qazandı.

XIX əsrin I yarısında Azərbaycan məktəbinin inkişafında iki başlıca meyil özünü göstərdi: ənənəvi müsəlman təhsil formalarının saxlanması və yeni ibtidai rus məktəblərinin yaranması.

Azərbaycanda "qəza məktəbləri" adlandırılan ilk dövlət məktəbləri   1829-cu və 1835-ci illərdə təsdiq edilmiş "Zaqafqaziya məktəbləri haqqında Əsasnamə"lərə uyğun olaraq Şuşa (1830), Bakı (1832), Nuxa (Şəki, 1833), Gəncə (1837), Şamaxı və Naxçıvanda (1838) açılmışdı. Artıq XIX əsrin 50-ci illərində Azərbaycanda 9 rus məktəbi fəaliyyət göstərirdi. Onlardan 5-i qəza məktəbi idi. Qəza məktəbləri üçsinifli (I-II-III siniflər) idi.

XIX əsrin 60-cı illərində Rusiyada aparılan məktəb islahatı, o cümlədən 1867-ci il "Əsasnamə"sinə görə Azərbaycandakı məktəblərin də imperiya daxilindəki tədris sisteminə uyğunlaşdırılmasına başlanıldı. Azərbaycan dili tədris proqramlarından çıxarıldı, təhsilin məzmunundakı ruslaşdırma siyasəti daha da sərtləşdirildi. Bu dövrdə ümumtəhsil məktəbləri sistemində aparıcı yeri təlim rus dilində olan ibtidai məktəblər tutmağa başladı. XIX əsrin 70-ci illərində Azərbaycanın bütün qəza məktəbləri 6 illik təhsil müddəti olan şəhər məktəblərinə çevrildi. Bununla yanaşı, Azərbaycanda kənd məktəbləri də fəaliyyət göstərirdi.

XIX əsrin II yarısında Azərbaycanda kapitalist münasibətlərinin yaranması, iqtisadiyyatın sürətli inkişafı və sənayedə, kənd təsərrüfatında ixtisaslı fəhlələrə, mütəxəssislərə olan tələbat mövcud ümumtəhsil və peşə məktəbləri şəbəkəsinin genişləndirilməsinə təkan verdi.

Azərbaycanda maarifçilik hərəkatının bəhrələrindən biri yeni rus-tatar (rus-Azərbaycan) məktəblərinin yaranması oldu. Bu tip ilk kənd məktəbi  1875-ci ildə Qazaxın Salah kəndində T.Mamleyev tərəfindən açılsa da, Azərbaycan məktəbinin sonralar inkişafında elə bir əhəmiyyətli iz qoymadı. Rus-Azərbaycan məktəblərinin yaradılmasının həqiqi tarixi və gələcək inkişafı Tiflis Müəllimlər İnstitutunun məzunları Həbib bəy Mahmudbəyov və Sultanməcid Qənizadənin adları ilə bağlıdır. Onların 1887-ci ildə  Bakıda təsis etdikləri "birsinifli üçüncü dərəcəli rus - tatar (Azərbaycan)" məktəbində rus məktəblərindən fərqli olaraq Azərbaycan dilinin tədrisi məcburi fənlər sırasına daxil edilmişdi. Tezliklə Bakıda belə məktəblərin sayı 6-ya çatdı. Naxçıvan və Nuxa (1894), Şuşa və Salyan (1896) və Gəncədə (1899) də rus - Azərbaycan məktəbləri fəaliyyətə başladı. 1899-cu ildə bu məktəblərdə 837 şagird təhsil alırdı. Məktəblərin şagird və pedaqoji kontingenti əsasən azərbaycanlılardan ibarət idi. "Rus - Azərbaycan məktəbinin rəsmən birsinifli (tədris müddəti iki il) olmasına baxmayaraq, sonralar 2 sinifli (tədris müddəti 4 il) oldu və təlimin məzmunu nisbətən genişləndirildi" (H.Əhmədov "XIX əsr Azərbaycan məktəbi". səh. 169, B. 1985).  Rus - Azərbaycan məktəbləri Azərbaycanın məktəb təhsili tarixində, maarifçiliyin inkişafında müstəsna xidmət göstərmişdir.

XIX əsrin II yarısında Azərbaycanda ilk orta məktəblər - realnı məktəb, gimnaziya və progimnaziyalar yarandı. İlk progimnaziya 1865-ci ildə Bakıda təsis edildi, 1867-ci ildə realnı gimnaziyaya çevrildi. "Gimnaziya və progimnaziyaların Nizamnaməsi"nə (1871) görə, bütün gimnaziyalar klassik yönümlü oldu, realnı gimnaziyalar isə realnı məktəblərə çevrildi. Bakıdan sonra realnı məktəblər Gəncə (1867) və Şuşada (1881) açılmışdı. 1896-cı ildə Bakıda klassik kişi gimnaziyası təsis edilmişdi. "Realnı progimnaziyalar dörd əsas, bir hazırlıq siniflərindən, gimnaziyalar isə 7 sinifli idi" (H.Əhmədovun yuxarıda qeyd edilən əsəri, səh. 191-192). Bu məktəblər müvafiq olaraq natamam orta və orta təhsil verirdi. XIX əsrin sonunda Azərbaycanda kişilər üçün 7 natamam orta və orta məktəb fəaliyyət göstərirdi, onlarda 2366 şagird təhsil alırdı.

XX əsrin əvvəllərində Azərbaycanda baş verən sosial-iqtisadi və    mədəni yüksəliş maarif sisteminin də inkişafına güclü təkan verdi. Ölkədə çox sayda yeni üsullu, Avropa modelli tədris müəssisələri açıldı. XIX əsrin 90-cı illərindən qadın təhsili verən məktəb açmaq uğrunda mübarizə aparan H.Z.Tağıyevin gərgin əməyi və vəsaiti hesabına 1901-ci il oktyabrın 7-də Bakıda milli təhsil tarixinə "H.Z.Tağıyevin qız məktəbi" kimi daxil olan ilk müsəlman qadın məktəbi açıldı. Qadın məktəbi əvvəllər 4 illik, az sonra 5 illik, bir qədər sonra 6 illik oldu. Məktəbə ilk dəfə 58 nəfər qəbul edilmişdi ki, onlardan 35-i pulsuz təhsil alırdı. 1916-cı ildə ali ibtidai məktəbə, sonra isə seminariyaya çevrilən bu məktəbin fəaliyyəti 1918-ci ilin martında daşnak-bolşevik quldur dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən Bakı qırğını zamanı dayandırıldı.

"1914-cü ildə Bakı quberniyasındakı 448 ibtidai məktəbdən yalnız 28-i ikisinifli, qalanları isə birsinifli idi. 1912-ci il "Əsasnaməsi"nin tətbiqi ilə əlaqədar olaraq Azərbaycanda ali ibtidai məktəblər adlanan təhsil ocaqları yaradıldı. Yeni məktəblər dördillik idi. 1915-ci ilin əvvəlində Bakı, Gəncə, Quba, Lənkəran, Naxçıvan, Nuxa, Şamaxı və Şuşada 12 ali ibtidai məktəb fəaliyyət göstərirdi, onlardan yalnız biri qadınlar üçün idi" ("Azərbaycan tarixi", beşinci cild, səh. 194-195, B. 2001).

Beləliklə, 1914-cü ilin statistik məlumatına əsasən, Azərbaycandakı kişi gimnaziyalarında 2422, üç realnı məktəbində 1433, yeddi qadın gimnaziyasında 3158 şagird, bütövlükdə isə bütün tiplərdən olan 976 təhsil müəssisəsində 73,1 min nəfər şagird təhsil alırdı.

Şərqdə ilk demokratik, hüquqi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq maarifinin, elm və mədəniyyətin inkişafına müstəsna əhəmiyyət verərək bu sahəni mədəni quruculuğun prioritet istiqaməti, milli dövlət siyasətinin təməl prinsiplərindən biri elan etdi, təhsil sahəsində islahatlara və təhsil quruculuğuna başladı. Hökumətin "İbtidai, ali ibtidai və ümumi orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında" 28 avqust 1918-ci il tarixli qərarı ilə təhsil müəssisələri milliləşdirildi. Hökumət 1918-ci il noyabrın 13-də təhsil müəssisələrində tədrisin əsasən Azərbaycan dilində və həm də başqa dillərdə aparılması ilə bağlı xüsusi qərar qəbul etdi. Həmin qərarla təlim rus dilində aparılan təhsil müəssisələrində dövlət dili - Azərbaycan dili məcburi fənn kimi tədris olunmalı idi. Azərbaycan dili dövlət dili statusu qazandı, ölkənin təlim-tərbiyə, təhsil dilinə çevrildi.

1919/20-ci tədris ilinin əvvəllərində Azərbaycanda 643 ibtidai və 23 orta və orta ixtisas məktəbi fəaliyyət göstərirdi ki, müvafiq olaraq onlarda 48070 və 9611 şagird (tələbə) təhsil alırdı.

Milli hökumət əvvəlcə ölkədə ümumi icbari orta təhsilə keçidi özünün təhsil siyasətində prioritet istiqamət hesab edirdi. Ölkədə məktəb islahatı sahəsində dövlət proqramı üçün təkliflər hazırlamaq istiqamətində Xalq Maarifi Nazirliyi yanında ümumi təhsil sahəsində islahat aparmaq, milli proqram və dərsliklər hazırlamaq məqsədilə hökumət tərəfindən xüsusi fənn komissiyaları da təsis edildi.  Fənn komissiyaları tərəfindən hazırlanmış bir sıra yeni dərsliklər hökumətin ayırdığı vəsait hesabına 1919-cu ildə nəşr edilib məktəblilərin istifadəsinə verilirdi.

Lakin aprel işğalı (1920) nəticəsində süquta uğrayan Azərbaycan Xalq Cümhuriyyəti milli təhsil quruculuğu sahəsində nəzərdə tutduğu əsaslı islahatları axıra çatdıra bilmədi.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xalq maarifi sisteminin yeni prinsiplər əsasında təşkili ilə təhsil tarixində yeni dövr başlandı. Bu işdə Sovet Rusiyasının təhsil modeli əsas götürüldü, vahid dünyəvi əmək məktəbi, birgə təhsil, təhsildə hüquq bərabərliyi prinsipləri ön plana çəkildi.

Azərbaycanda sovet maarif sisteminin qurulmasının hüquqi əsaslarını müəyyən edən "Köhnə orta və ibtidai məktəb tiplərini politexnik məktəblərlə əvəz etmək haqqında" dekret (1920) verildi. "Azərbaycan SSR vahid əmək məktəblərinin Əsasnaməsi" (1920, may) təsdiq edildi. Həmin Əsasnaməyə görə, ümumtəhsil məktəbləri ikipilləli (I pillə 5 illik I-V siniflər, II pillə 4 illik  VI-IX siniflər) oldu. "I pillə - 5 il - ibtidai məktəb, II pillə - 4 il orta məktəb kursunu əhatə edirdi (5+4)" (M.Mextizade "Oçerki istorii sovetskoy şkolı v Azerbaydjane", str. 22. M. 1962 q). Yeni məktəblərə "vahid əmək məktəbləri" adı verildi. Az sonra Azərbaycan İnqilab Komitəsinin xüsusi dekreti (1920, dekabr) ilə Azərbaycan (türk) dili I və II pillə məktəblərində əsas tədris dili kimi təsdiq olundu.

1921/1922-ci dərs ilindən Rusiya Federasiyasında natamam orta təhsil verən iki konsentrdən (4+3) ibarət 7 illik məktəblər yaradılmağa başlandı. Azərbaycanda ilk belə məktəb 1924/1925-ci dərs ilində Bakıda açıldı.

1920-1930-cu illərdə maarifin təməl prinsiplərindən biri əhali arasında savadsızlığı ləğv etmək sayılırdı. Bu hərəkat Xalq Maarifi Komissarlığı nəzdində yaradılmış (1920, sentyabr) Savadsızlığı Ləğvetmə üzrə Mərkəzi Komissiya tərəfindən həyata keçirilirdi.

Rusiya Federasiyası Xalq Komissarları Soveti 18 dekabr 1923-cü ildə "Vahid əmək məktəbinin Nizamnaməsi"ni təsdiq etdi. Bu sənədə əsasən  I və II pillə məktəblərində təhsilalma müddəti dəyişdirildi, I pillədə 5-dən 4-ə endirildi, II pillədə 4-dən 5-ə qaldırıldı. Azərbaycanda isə bu dəyişiklik 1932/1933-cü dərs ilindən tətbiq edilməyə başlandı.

SSRİ XKS və ÜK(b)PMK "SSRİ-də ibtidai və orta məktəbin strukturu haqqında" 15 may 1934-cü ildə qərar qəbul etdi. Qərara alındı ki, "2. İbtidai məktəb - 4 sinifdən (I-IV siniflər), natamam orta məktəb - 7 sinifdən (I-VII siniflər), orta məktəb - 10 sinifdən (I-X siniflər) ibarət nəzərdə tutulsun". Bütövlükdə orta məktəbin strukturu 4+3+3 sxemi üzrə quruldu.

Bu sənədlə eyni zamanda 1934/1935-ci dərs ilindən ümumi icbari 7 illik təhsilə keçilməsi qərara alındı.

İkinci Dünya müharibəsi illəri məktəbin, maarifin, ümumiyyətlə təhsilin inkişafında ən çətin, böhranlı mərhələ oldu.  1941/1942-ci tədris ilində 3463 ümumtəhsil məktəbində 569850 şagird təhsil alırdısa, müharibənin vurduğu zərbə nəticəsində 1944/1945-ci tədris ilində məktəblərin sayı 3233-ə, şagirdlərin sayı 482720-yə enmişdi. Müharibə ümumi icbari 7 illik təhsilə keçid prosesini də ləngitdi, ümumi təhsilin səviyyəsi aşağı düşdü. Müharibədən sonrakı illərdə (1949) ümumi icbari 7 illik təhsilə keçid sürətləndirildi və bu proses 50-ci illərdə, əsasən, başa çatdı.

50-ci illərin sonlarında Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin müvafiq tezisləri əsasında Sovet dövləti 24 dekabr 1958-ci ildə "Məktəbin həyatla əlaqəsinin möhkəmləndirilməsi və SSRİ-də xalq maarifi sisteminin daha da inkişaf etdirilməsi haqqında" qanun qəbul etdi və sovet məktəbinin qarşısında yeni vəzifələr qoydu:

 

- şagirdləri həyata və ictimai faydalı əməyə hazırlamaq;

- ölkədə yediillik ümumi icbari təhsil əvəzinə səkkizillik ümumi icbari təhsili həyata keçirmək;

- gənclərin tam orta təhsilini təlimin məhsuldar əməklə əlaqəsi əsasında həyata  keçirmək;

- fəhlə və kəndli gənclər məktəblərinin, internat məktəblərin, günüuzadılmış məktəb və qrupların, əmək politexnik məktəblərin şəbəkəsini genişləndirmək.

 

Həmin vəzifələr 60-cı illərin ortalarında əsasən yerinə yetirildi.

Yeddiillik məktəblər səkkizilliyə, onillik orta məktəblər istehsalat təlimi verən onbirillik orta məktəblərə çevrildi. Orta ümumtəhsil məktəbinin strukturu 4+4+3 sxemi üzrə quruldu.

1960/1961-ci tədris ilində respublikada fəaliyyət göstərən 3837 ümumtəhsil məktəbindən 300-ü (7,8%), 1965/1966-cı tədris ilində isə 4195 məktəbdən 1881-i (44,8%) səkkizillik məktəblər idi.

SSRİ hökumətinin "Orta ümumtəhsil məktəblərinin işinin daha da yaxşılaşdırılması tədbirləri haqqında" qərarına əsasən 1966-cı ildə ümumi icbari orta təhsilə keçilməsinə başlandı. 11 illik təhsil müddəti yenidən  10 illiklə əvəzləndi (4+4+2).

Azərbaycanda ümumi icbari orta təhsilə keçidə ötən əsrin 60-cı illərinin ortalarından başlansa da, bu ideyanın tam gerçəkləşməsi 70-ci illərdə mümkün oldu. Ümumi orta təhsil məktəbləri şəbəkəsi 1965-ci illə müqayisədə 2,6 dəfədən çox artaraq, 765-dən 1964-ə çatdı, 1145 ibtidai məktəb natamam orta məktəbə çevrildi.

SSRİ Nazirlər Soveti 8 sentyabr 1970-ci ildə "Orta ümumtəhsil məktəbinin Nizamnaməsi"ni təsdiq etdi. Nizamnamədə orta ümumtəhsil məktəbinin strukturu haqqında belə bir müddəa öz əksini tapdı: "Yerli şəraitdən asılı olaraq ümumi orta təhsilin vahidliyini və bütün pillələrin varisliyini saxlamaqla, ayrılıqda tərkibində I-III (IV) siniflər olmaqla ibtidai məktəblər, tərkibində I-VIII siniflər olmaqla səkkizillik məktəblər, tərkibində  I-X (XI) siniflər olmaqla orta məktəblər yaradılır" (3+5+2).

SSRİ Ali Soveti 19 iyul 1973-cü ildə "SSRİ və müttəfiq respublikaların xalq təhsili haqqında qanunun əsasları" təsdiq etdi. Qanunla orta ümumtəhsil məktəbinin strukturu Nizamnamədə olduğu kimi qəbul edildi.

Strukturda mötərizədə göstərilən IV və XI siniflər Baltikyanı respublikaların ümumtəhsil məktəblərinə şamil edilirdi.

Ötən əsrin 70-80-ci illərində respublikada aparılan genişmiqyaslı məktəb tikintisi ümumtəhsil məktəblərində tədris şəraitinin yaxşılaşmasına, tədrisin səviyyəsinin yüksəldilməsinə səbəb oldu.

1982-ci ilin sonunda Heydər Əliyevin SSRİ-nin ali rəhbərliyinə irəli çəkilməsi, dövlətin həm də təhsil siyasətinə və təhsil islahatlarına rəhbərlik etməsi ölkədə, o cümlədən Azərbaycanda ümumtəhsil məktəblərinin inkişafına və məktəb islahatlarının aparılmasına zəmin yaratdı. 1984-cü ildə SSRİ-də aparılan ümumtəhsil və peşə məktəbləri üzrə islahatın əsas istiqamətləri və strategiyasının müəyyənləşdirilməsi, həmin islahatın icra mexanizminin işlənib hazırlanması İslahat Komissiyasının sədri Heydər Əliyevin adı ilə bağlıdır. Komissiyanın hazırladığı "Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətləri"ndə nəzərdə tutulan bir çox məsələlər (6 yaşdan təhsil, 11 illik icbari orta təhsil, "Bilik günü"nün təsis edilməsi, ümumi orta təhsildə tədrisin təmayüllər və dərinləşmiş siniflər əsasında qurulması və s.) həyata keçirilsə də, sonrakı siyasi proseslər qarşıya qoyulan məktəb islahatının tam reallaşmasına imkan vermədi. Dövlət "Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətləri"ndə ümumi orta təhsilin strukturunu aşağıdakı kimi müəyyənləşdirildi:

İbtidai məktəb - I-IV siniflər; natamam orta məktəb - V-IX siniflər; orta məktəb - X-XI siniflər (4+5+2).

SSRİ dövlətinin 1985-ci ildə xalq təhsili haqqında qəbul etdiyi qanunla ümumtəhsil məktəbinin strukturunu "Əsas istiqamətlər"də olduğu kimi təsdiq etdi.

Sovet imperiyasının süqutu və ölkəmizdə dövlət müstəqilliyinin bərpası (1991) ilə Azərbaycan tarixində ikinci dəfə təhsil sisteminin milli ənənələr, ümumbəşəri dəyərlər əsasında yenidən qurulması üçün tarixi şərait və imkan yarandı. Lakin müstəqillik ərəfəsində Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində (1988-1991) təhsildə başlanmış böhranlı vəziyyət müstəqilliyin ilk illərində Ermənistanın ölkəmizə təcavüzü səbəbindən (1991-1993) daha da dərinləşdi.

Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıdışı ilə təhsil, elm və mədəniyyətdə də böhranın qarşısı alındı, tezliklə ölkədə siyasi və iqtisadi sabitlik təmin olundu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında (1995) təhsilin dövlətin strateji sahəsi olması bir daha təsdiqləndi, pulsuz icbari ümumi orta təhsilə dövlət təminatı verildi. Ölkədə əsaslı islahatlara başlamaq üçün iqtisadi və hüquqi baza yaradıldı.

Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası tərəfindən "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" hazırlanıb təsdiq (1999, 15 iyun) olundu. Dövlət Proqramında milli təhsil sistemində aparılacaq islahatların konsepsiyası, uzunmüddətli inkişaf strategiyası və prioritet istiqamətləri müəyyənləşdirildi.

Azərbaycan Respublikasında milli təhsil quruculuğu sahəsində islahatlar "Azərbaycan Respublikasının təhsil sahəsində İslahatlar Proqramı" və bu Proqramın komponent və alt-komponentləri üzrə təsdiq olunmuş İnkişaf Proqramları, Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış sazişlər əsasında hazırlanmış təhsil sektorunun inkişaf layihələri, beynəlxalq qurumlarla Təhsil Nazirliyi arasında bağlanmış sazişlər üzrə həyata keçirilən layihələr əsasında aparılır.

"Proqram"da qeyd edildi ki, "Təhsil sisteminin strukturunun yenidən qurulması təhsil sahəsində aparılan islahatların əsasını təşkil edir".  Və "...təhsil sisteminin strukturunun yenidən qurulması prosesinin sürətləndirilməsini təmin etmək" bir vəzifə kimi qarşıya qoyuldu.

Hər bir dövlət mövcud cəmiyyətin müəyyən mərhələlərində ölkənin inkişaf səviyyəsindən asılı olaraq məktəb qarşısında duran məqsədləri müəyyənləşdirir. Ölkəmizdə bərqərar olan bazar iqtisadiyyatı cəmiyyətinin tələblərinə uyğun olaraq dövlətimiz tərəfindən indiki dövr və perspektiv üçün məktəb qarşısında qoyulan məqsədlər 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin müvafiq bəndlərində təsbit olunmuşdur:

"4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına  sadiq olan,  müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;

4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini... təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq".

Dövlət Azərbaycan Respulikası Konstitusiyasının tələblərini yerinə yetirərək hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir.

Müstəqillik illərində ikinci dəfə - 2009-cu ildə "Təhsil haqqında" qanun qəbul edildi. Birinci qanun (1992) artıq yeni bazar iqtisadiyyatı cəmiyyətinin tələblərinə və ölkəmizin sosial-iqtisadi və mədəni inkişafına cavab vermirdi. Yeni qanunda bir çox müddəalar dəqiqləşdirilmiş, ölkəmizin inkişaf səviyyəsinə və inkişaf etmiş ölkələrin təhsil standartlarına uyğunlaşdırılmışdır. Təhsilin əsas məqsədləri, təhsilin formaları, təhsilalma formaları və s. daha dəqiq əks etdirilmişdir.

Qanunda ümumtəhsil məktəbinin strukturu müəyyənləşdirilmiş, lakin təhsilalma müddəti nə səviyyələr üzrə, nə də bütövlükdə tam orta təhsil üzrə göstərilməmişdir. "19.4. Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir. 19.5. ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, ... müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir". Deməli, qanun ümumtəhsil məktəbində təhsilalma müddətinin müəyyənləşdirilməsini hökumətin ixtiyarına verdi.

Respublika hökuməti 13.01.2011-ci il tarixli qərarı ilə  "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ni təsdiq etmiş, ümumtəhsil məktəbinin strukturu və təhsilalma müddəti hazırda mövcud olduğu kimi saxlanılmışdır: ibtidai məktəb (I-IV siniflər), ümumi orta (əsas, natamam orta) məktəb (I-IX siniflər), tam orta məktəb (X-XI siniflər)-(4+5+2). Bu struktur keçmiş SSRİ-də 1984-cü ildən keçirilən ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətlərində müəyyən edilmiş, 1985-ci ildə xalq təhsili haqqında qəbul edilmiş qanunla təsdiq edilmişdir. SSRİ-nin Baltikyanı respublikalarında - Latviya, Litva və Estoniyada isə orta ümumtəhsil məktəblərində təhsilalma müddəti 11 illikdən 12 illiyə keçirildi.

Ölkəmizin ümumtəhsil məktəbində təhsil müddətinin 12 ilə qaldırılması məsələsi təhsildə islahat başlanan anlardan qoyulmuşdu. Bu, dövrün, zamanın tələbidir. Çünki keçən dövr ərzində (1984-cü il islahatından) dünyada elmin, texnikanın və mədəniyyətin inkişafı nəticəsində elmi kəşflərin, elmi biliklərin həcmi xeyli artmışdır. Onlar haqqında zəruri məlumatların məktəb proqramlarına, dərsliklərinə gətirilməsi, 11 illik məktəbin "çərçivəsinə" sıxlaşdırılması uşaqların həddindən artıq  yüklənməsinə səbəb olar, onların sağlamlığına mənfi təsir göstərə bilər. 

Dünyanın və Avropanın inkişaf etmiş ölkələrində fəaliyyət göstərən 12 illik orta ümumtəhsil məktəblərinin uzunmüddətli təcrübəsi bu təhsilalma müddətinin daha optimal olduğunu çoxdan sübut etmişdir. Təsadüfi deyildir ki, dünyanın əksər ölkələrində ümumi təhsil 12 illikdir. Ölkəmizin yerləşdiyi regionda olan ölkələrdə də xeyli vaxtdır ki, 12 illik ümumi orta təhsilə keçilmişdir.

Ümumtəhsil məktəbində təhsil müddətini daha bir il uzatmağın vacibliyini nəzərə alan Rusiya hökumətinin tapşırığına əsasən keçən əsrin sonu, XXI əsrin ilk illərində Rusiya Təhsil Akademiyası bir neçə il tədqiqat apararaq aşağıdakı nəticələrə gəlmişdir: 

 

1) hazırda təhsilalanların səhhətini pisləşdirən təlim yükünün həcmini azaltmağa imkan verəcək;

2) alınan təhsilin keyfiyyətini yüksəltməyə imkan yaranacaq;

3) yaranmış demoqrafik şəraiti nəzərə alaraq, perspektivdə maddi-maliyyə resurslarına qənaət etməyə imkan verəcək;

4) gənclərin əlavə məşğulluğunu təmin edəcəkdir (Y.M.Neymatov "Obrazovaniye v XXI veke", M. 2002., str.311).

Görəsən, sübut olunmuş bir həqiqəti bir daha sübut etməyə ehtiyac varmı?

Bunlardan başqa onu da qeyd etmək yerinə düşər ki, 12 illik təhsil tam orta təhsil haqqında attestatlarımızın xarici ölkələrdə tanınmasını təmin edəcək, struktur baxımından Avropa və dünya təhsil sisteminə inteqrasiya olunmağa təkan verəcəkdir.

 

 

Arif MURADOV,

Azərbaycan Respublikasının 

əməkdar müəllimi

 

Azərbaycan müəllimi.- 2012.- 13 aprel.- S.5.