"Bizim uşaq dünyamız" adlı hesabat tədbiri

 

 Aprelin 10-da  Heydər Əliyev Sarayında Nizami  Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Bizim  uşaq dünyamız" adlı musiqili hesabat tədbiri keçirildi. Tədbirdə  Azərbaycan Respublikası təhsil nazirinin müavini Qulu Novruzov, Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Bakı Şəhər İcra Hakimiyyəti  başçısının müavini Fidumə  Hüseynova, Nizami Rayon İcra  Hakimiyyətinin başçısı Tahir Budaqov, millət vəkilləri Fəttah Heydərov, Hadi Rəcəbli, Sədaqət Vəliyeva, Aydın Mirzəzadə, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar  müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimovb. iştirak edirdilər.

Öncə mərkəzin fəaliyyəti barədə  film nümayiş olundu. 1800-ə yaxın uşaq, yeniyetmə və gəncin  burada 32 adda dərnəkdə öz asudə vaxtlarını səmərəli və faydalı keçirdikləri və uşaqların dünyagörüşlərinin formalaşdırılması, məlumat dairələrinin genişləndirilməsi, istedad və bacarıqlarının üzə çıxarılması məqsədilə  müxtəlif mədəni-kütləvi tədbirlərin təşkil olunduğu diqqətə çatdırıldı. Vurğulandı ki, mərkəzin 38 illik fəaliyyəti ərzində yeniyetmələr  rayon, şəhər, respublika, hətta beynəlxalq səviyyəli uşaq tədbirlərində böyük uğurlar qazanıblar.

Aparıcılar  Lalə Sultanlı və uşaqların sevimlisi  Kamran  İsrafilov tədris ili ərzində  mərkəzin gördüyü işlərdən və qazandığı nailiyyətlərdən bəhs etdilər. Sonra səhnədə  ayrı-ayrı dərnəklərin üzvləri  məharətlərini göstərdilər. Balaca istedadlar "Şirinlər", "Balaca aşpazlar", "Sehrli otaq" rəqs qrupunun, "Şən sirk", "Çiçəyim" uşaq teatr studiyasının  üzvlərinin çıxışları tamaşaçıları  məmnun etdi. Dünya uşaqları ilə dostluq edən, onların incəsənət və mədəniyyətini öyrənən, beynəlxalq festivallarda, bayram və şənliklərdə, müsabiqə və sərgilərdə Azərbaycanımızı təmsil edən yeniyetmələr  milli  dünya xalqlarının rəqslərini məharətlə ifa etdilər. Sonra  dərnəklərin  nailiyyətlərini əks etdirən fotoslaydlar monitorda göründü. Mərkəzin nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarının  Vaşinqton şəhərində  olarkən "Ən çox sevdiyim idman növü" mövzusunda keçirilən IV Beynəlxalq Uşaq İncəsənət Festivalında  qalib gələn və I yeri tutan 12 yaşlı  Nərmin İsmayılzadə və  gənc fototurist dərnəyinin üzvü Şamil Quluzadənin  uğurlarından söz  açıldı.

Tədbirin  sonunda   qonaqlar mərkəzin yaradıcı heyətinə öz təşəkkürlərini və xoş arzularını bildirib, bütün çıxışlardan məmnun qaldıqlarını ifadə etdilər.

Təhsil nazirinin müavini Qulu Novruzov  yeniyetmələrin  cəsarətli, olduqca  maraqlı, orijinal, rəngarəng  çıxışlarını illik hesabat kimi dəyərləndirərək alqışladı və Təhsil Nazirliyinin diplomunu Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq  Mərkəzinin direktoru Lalə Qətiyə təqdim etdi.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2012.- 13 aprel.- S.3.