Bir
ömrün izi ilə...
Təqvimin vərəqlərini
çevirib aprel
ayının rəqəmlərini sadalayırdım ki, nəzərlərim bir
anlıq 13 rəqəminin üzərində dayandı, elə
bil baxışlarım nəyə isə
ilişdi. Sanki
hansısa bir sehrli
qüvvə məni özünə çəkir, nəyi isə
xatırlatmaq istəyirdi. 13 rəqəminin arxasında nə
gizlənirdi? Bir anda
fikirlərim duruldu. Hər şey aydınlaşdı və
düşüncələrimin taybatay
açılmış pəncərəsindən ömrünün 90-cı baharını yola salan, az
qala bir əsri haqlayan, ömrünün
10-cu onilliyinə qədəm qoyan bir insanın - müəllimlərin müəllimi,
öyrədənlərin öyrədəni Səriyyə Rəşid
qızı Qədimovanın ömür
kitabı gözlərimin qarşısında səhifələndi. Onu vərəqləyib
səhifələri çevirdikcə bir
fəxarət hiss etdim,
qürur duydum bu
"kitabın" sahibi ilə.
Dahilərdən
kimsə deyib ki, böyük adamlar bəşəriyyətin
xoşbəxtliyi yolunda özlərini yandıran
meteorlardır. Ağ saçlarının işığını sinif otaqlarına gətirən, ovcundakı zəhməti,
dizindəki qüvvəti, gözlərindəki nuru təmənnasız olaraq
şagirdlərinə bəxş edən Səriyyə müəllim
məhz belə insanlardandır. 90 illik ömrü, 50 illik pedaqoji fəaliyyəti olan
bir insan - Səriyyə müəllim haqqında danışmaq, onun ömür yolundan söz açmaq, hamıya - xüsusilə, gənc nəslə
örnək ola biləcək bir ömrün izi ilə addımlayaraq onun
həyatının bəzi faktlarına diqqət çəkmək
istəyirəm.
Səriyyə
müəllim 1922-ci ildə Azərbaycanın dilbər guşələrindən
biri olan qədim Şəkidə
(əvvəllər Nuxa adlanırdı) sənətkar
ailəsində dünyaya göz
açıb. 1929-cu ildə Nuxadakı 7 nömrəli məktəbə
daxil olub. 1936-cı
ildə həmin məktəbi bitirərək Nuxa pedaqoji məktəbinə daxil olub. 1939-cu ildə pedaqoji məktəbi bitirən Səriyyə
müəllim qonşu rayona
- Vartaşenə (indiki Oğuz)
təyinat alıb və rayonun Bucaq kənd orta məktəbində
ibtidai sinif müəllimi
kimi fəaliyyətə
başlayıb.1942-1944-cü illərdə həmin məktəbdə
direktor işləyib. 1944-45-ci illərdə
Vartaşen (Oğuz) rayonunun Padar kənd məktəbində,
1945-1950-ci illərdə rayon mərkəzində,
1950-1951-ci illərdə Muxas kəndində
müəllim işləyib. Nəhayət, 1951-ci ildən pensiya yaşına qədər - 1989-cu ilədək
rayon mərkəzindəki 2 nömrəli
orta məktəbdə müəllim
işləyib. Səriyyə müəllim bu
illəri çox yaxşı
xatırlayır.
"1939-1942-ci
illərdə Bucaq kəndində müəllim
kimi fəaliyyət göstərdim. Məsuliyyət
böyük idi.
Ağır illər idi o
illər. Müharibə vahiməsi işimizi
çətinləşdirirdi. Uşaqları məktəbə
cəlb etmək, geyindirmək, dərs ləvazimatı tapmaq çox çətin
idi. Elə müəllim də
tapılmırdı. Hansı kənddə ehtiyac
olurdu, məni ora
göndərirdilər. Heç bir bəhanə gətirə bilməzdik. Maarif müdiri
çağırıb hansı kəndə göndərsə
idi, getməli idik.
Artıq buna alışmışdıq.
Həmişə hazır idik".
1946-cı
il Səriyyə müəllimin şəxsi
həyatının ən yaddaqalan
anıdır. Bu tarixdə o,
Həbib Naxçıvanski ilə ailə qurur.
Qalan bütün illərdə
onlar həyat yollarında birgə
addımlayırlar. Tanınmış maarif
işçisi, respublikanın əməkdar
müəllimi olan Həbib müəllim
birgə ömürlərinin bütün
anlarında Səriyyə müəllimə gözəl ömür-gün yoldaşı, etibarlı dost, yaxşı məsləhətçi, həmkar
olur. (Bəlkə bu gün də Səriyyə müəllimin həyatında
çatışmayan nə isə varsa, o da yalnız Həbib
müəllimin cismani yoxluğudur).
Oxucularım
bəlkə də bu arada
ardıcıllığa riayət etmədiyimi
düşünə bilərlər. Amma heç də belə deyil.
Mən məhz burada içimdən gəldi
deyəm ki, Səriyyə müəllimin
şəxsi həyatı özü də
bir nümunədir. Həm də
necə bir nümunə. Yaxşı mənada
qibtə ediləcək qədər həyati, doğru,
dürüst, boyasız, bəzəksiz,
mübaliğəsiz bir nümunə. Bu günün gənclərinə
əyani göstərilə biləcək bir
nümunə.
Səriyyə
müəllimin ömür kitabını
vərəqlədikcə onun gözəl
simasından qəlbimə nur süzülür sanki.
Düşünürəm ki, ulu Tanrının seçdiyi
insandır Səriyyə müəllim.
Sağlığında qiymətini aldığı üçün xoşbəxtdir o. Həm maddi, həm də
mənəvi.
Müəllim
kimi fəaliyyət göstərdiyi
müddətdə qabaqcıllığı,
işgüzarlığı, ictimai
işlərdə fəallığı ilə seçildiyinə
görə Səriyyə müəllim dövrünün
bir sıra fəxri adlarını
almış, medal, diplomlarla
mükafatlandırılmışdır. 1948-ci ildə
"1941-45-ci illərdə Böyük Vətən
müharibəsində fədakar əməyə görə"
medalı, 1953-cü ildə
"Əməkdə fərqlənməyə görə"
medalı, 1958-ci ildə
"Analıq" medalı, 1975-ci ildə "Əmək veteranı" medalı, Böyük
Vətən müharibəsində qələbənin 20, 30,
40, 50, 60 illiyi ilə əlaqədar yubiley medalları ilə təltif edilmişdir.
Səriyyə
müəllim həmçinin 1977-ci ildə "Qabaqcıl maarif
xadimi", 1983-cü ildə "Baş
müəllim" kimi fəxri adlara layiq görülmüşdür.
Yaşadığı
rayonun ictimai həyatında
da yaxından iştirak
edən Səriyyə müəllim dəfələrlə seçkili orqanlara deputat seçilmişdir.
Bu sadaladıqlarım bir müəllim ömrünün
izləri, bir müəllim əməyinin
qiymət meyarlarıdır, maddi
stimullarıdır. Mənəvi stimul isə
onun yetişdirmələridir.
Səriyyə
müəllimin ən böyük mənəvi
mükafatı onun yetişdirdiyi
yüzlərlə şagirdinin müəlliminə
olan dərin məhəbbəti, bu məhəbbəti ifadə edən
baxışlardan süzülüb gələn
minnətdarlıq hissləri, xeyirxahlıq yolunda
ağaran saçların sahibi qarşısında heç olmasa, ən
azı səcdə etmək istəyidir.
Bu gün
müəllimi haqqında söz demək
istəyən saysızdır. Axı Səriyyə müəllimin
müəllim ömrü yaşayır dərs
dediyi hər bir şagirdinin ömründə.
Ömrün verər şagirdinə,
Şərik olar hər dərdinə,
Bilinməz dərdi, qəmi nə?
Müəllim ömrü.
Öz ömrü özünün deyil.
Say şagirdlərini bir-bir.
Bir yox,
on yox, yüzlərdədir,
Müəllim ömrü.
Söhbətimin bu yerində bütün şagirdlərinin fikir və
arzularını ifadə edə biləcək iki qeydi Səriyyə
müəllimin ömür salnaməsinə bir epiqraf kimi yazmaq keçir
könlümdən.
Rəna Süleymanova (Oğuz rayonu, Xaçmaz kənd
orta məktəbinin biologiya müəllimi):
- Səriyyə müəllim mənim əsl anamdır. Yadımdadır,
mən I sinfə tez getmişdim. Yaşım
çatmırdı, amma məktəbə getmək istəyirdim.
Özü də məhz Səriyyə müəllimin
sinfinə. Anam da
müəllim idi. Bu onun da arzusu idi.
Səriyyə müəllim həmişə
olduğu kimi cəsarətli bir addım atdı. Məni sinfə qəbul etdi. Yadımdadır
ki, sinif dolmuşdu, parta çatmırdı. Səriyyə müəllim bir ana şəfqəti
ilə mənim əlimdən tutub birinci partaya əyləşdirdi.
Uzun müddət biz üç nəfər
oturduq. Müəllimin öz qızı
Hatavan da elə o vaxtdan mənim həm parta yoldaşım, həm
də dostum oldu. Biz əla oxuyurduq. Səriyyə müəllim bizə təkcə bilik
öyrətmirdi. O, həm də bizim
ehtiyaclarımızı öyrənir,
saçlarımızı qaydaya salır,
bantlarımızı bağlayır, çantasına
qoyduğu ətirli şirin çörəklərə bizi
qonaq edirdi. O, hamının qayğısına qalırdı. Mən 90 yaşlı müəllimimə daha bir cəsarətli
addım atıb 100-ü adlamağı arzu edirəm.
Gülnarə Hüseynova (Bakı şəhəri,
fizika müəllimi):
- İnsan həyatda çox şeyi unudur. Çox insanlar yaddan çıxır. Amma ilk müəllim heç vaxt yaddan
çıxmır, heç vaxt unudulmur. Səriyyə
müəllim bir məktəbdir. Mən
fikir vermişəm, bəzən onun dərs demədiyi
şagirdlər belə özlərini Səriyyə müəllimin
şagirdi hesab edirlər. Müəllim üçün
bundan böyük xoşbəxtlik ola bilərmi
ki, səni hamı sevsin. Mən Səriyyə
müəllimi ən xoşbəxt insan bilmişəm həmişə.
Elə bilirdim ki, müəllimimin heç bir
problemi yoxdur. Üzünün ifadəsi həmişə
aydın olurdu hamımıza. Ən çətin
anımızda belə əhvalımızı yüksəldirdi.
Heç
vaxt gileylənmirdi, çətinliklərini heç
zaman şagirdlərinə
bildirmirdi, kimə isə əziyyət verməyi sevmirdi. Olduqca məğrur, əməksevər
bir insan idi mənim müəllimim. Mən inanıram
ki, bu gün
90 yaşında belə
o, öz işini heç kəsə etibar etməz. Təki canı sağ olsun. Onu da deyim ki, Səriyyə müəllimin həyətində
həmişə qeyri-adi
güllər, çiçəklər
olardı. Öz əli
ilə qulluq edərdi bu gül bağçasına.
Necə vaxt tapırdı buna? Bəlkə də gözəlliyə,
gülə, çiçəyə
olan fitri eşqindən doğurdu bu vaxt imkanı.
Bəlkə uzunömürlülüyünün
sirri də elə bundadır. Bilmirəm.
Bircə
onu bilirəm ki, mənə və mənim kimi yüzlərlə insana yol göstərən,
xeyirxahlıqların, yaxşılıqların
olduğunu göstərən
ideal bir varlıq var.
O, mənim çox sevdiyim ilk qələm müəllimim - Səriyyə
müəllimdir. Harada
oluruqsa olaq, daxilimizdə əbədi olaraq yaşatdığımız
bir insan var - mənəvi anamız, o zaman uşaqların dediyi kimi məktəb anamız Səriyyə müəllim var.
Səriyyə müəllim həm də gözəl anadır.
Onun beş
övladı var. Hər
biri də cəmiyyətdə özünə
layiq yer tutub. Səriyyə müəllimin ilk övladı Mahir Oğuz Rayon Təhsil İdarəsinin metodistidir.
Qızı Aqiyə xanım Azərbaycan Müəllimlər İnstitutunun
rektoru, Milli Məclisin deputatıdır.
İkinci oğlu Yusif
Qğuz Rayon İcra Hakimiyyətinin məsul işçisidir. İkinci qızı
Adilə Oğuz şəhər 2 nömrəli
orta məktəbdə
müəllim işləyir.
Üçüncü qızı Natavan
isə AMİ-nun metodist-müəllimidir.
Bax beləcə bir müəllimdən bəhs etdim sizlərə. Ömrünün zirvəsində duran,
90-cı baharını yola
salan Səriyyə müəllimdən. Bilmirəm, ürəyimdəkiləri
necə ifadə etdim. Amma bu bir həqiqətdir ki, Səriyyə müəllim
üçün varlığı
müddətində heç
bir ehtişam, əzəmət, qüdrət,
san-şöhrət meyar
olmayıb. Çünki o, həyatın simfoniyasını,
dastanların nəğməsini
yaradan şairlərin,
möhtəşəm binaları
ucaldan, gözəl parklar salan memarların,
insanlara həyat bəxş edən həkimlərin, elm, bilik işığı yayan müəllimlərin müəllimi,
öyrədənlərin öyrədənidir. 90 yaşın
mübarək, əziz
müəllimimiz. Yaz çiçəklərinin
ətrinə bürünmüş
Oğuz elinin hər bir övladı
sizinlə fəxr edir.
Dilguşə SÜLEYMANOVA,
Bakı şəhəri, M.Müşfiq adına
18 nömrəli tam orta məktəbin
direktor müavini, "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi
Azərbaycan müəllimi.- 2012.-
13 aprel.- S.4.