Qaliblər mükafatlandırıldı

 

12-də Bakıdakı  Heydər Əliyev adına liseydə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən texniki yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında keçirilmiş "Uşaq və yeniyetmələrin Respublika elmi-texniki yaradıcılıq müsabiqəsi" qalibləri mükafatlandırıldı. Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, Heydər Əliyev adına liseyin direktoru Fikrət Xəlilov, Respublika Texniki Yaradıcılıq Mərkəzinin direktoru Qorxmaz Əliyev, respublikada fəaliyyət göstərən texniki yaradıcılıq mərkəzlərinin rəhbərləri və digər şəxslər iştirak edirdilər. Müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsinə stimul verilməsi və onlar arasında təcrübə mübadiləsini təşkil etməkdir. Müsabiqə Təhsil Nazirliyinin 2012-ci il tarixli, 6 fevral 165 nömrəli əmri ilə rayon (şəhər) və respublika mərhələləri olmaqla 7 zona üzrə keçirilib. Texniki yaradıcılığın 5 növü üzrə 15 nominasiyada keçirilmiş müsabiqənin respublika mərhələsinə 209 təqdim edilib. Münsiflər heyəti tərəfindən seçim aparıldıqdan sonra 45 nəfər qalib olaraq müəyyənləşdirilib.

Öncə iştirakçılar liseyin qarşısında ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoydular. Sonra respublikada fəaliyyət göstərən texniki yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərindən ibarət maraqlı sərgiyə baxış keçirildi.

Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov liseyin həyətində nümayiş olunan modelləri yüksək qiymətləndirərək bunun sevindirici hal olduğunu qeyd etdi. Son illər texniki yaradıcılıq mərkəzlərinin fəaliyyətinin genişlənməsi və dərnək üzvlərinin sayının çoxalmasını təqdirəlayiq hal hesab edən nazir müavini ölkənin təhsil siyasətində və  xaricdə təhsillə bağlı  dövlət proqramının həyata keçirilməsində texniki və mühəndislik sahələrinin prioritet məsələ olduğunu nəzərə çatdırdı. Dərnək üzvlərinin hərbi-texnika modellərinə üstünlük vermələrinin şagirdlərin vətənpərvərlik ruhunda böyüməsinə bariz nümunə olduğunu göstərən Q.Novruzov  bunu ölkəmizin ərazi bütövlüyünün qorunması naminə görülən bir kimi qiymətləndirdi. Qalibləri təbrik edən Qulu Novruzov iştirakçı şagirdlər arasından gələcəyin mühəndisləri və mütəxəssisləri çıxacağından ümidvar olduğunu bildirdi.

Tədbirdə çıxış edən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov şagirdlərdə olan hərbi-vətənpərvərlik ruhunu yüksək qiymətləndirərək müsabiqənin əhəmiyyətindən danışdı. Hərbi texnikanın modelinin hazırlanmasının  yüksək bacarıq tələb etdiyini bildirən N.Orucov qalibləri təbrik edərək onlara gələcək işlərində uğurlar arzuladı.

Müsabiqənin respublika mərhələsində I, II və III yerləri tutan yeniyetmələr Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırıldı. Qaliblərlə xatirə şəkli çəkdirildi.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2012.- 13 aprel.- S.3.