Beynəlxalq layihə
olimpiadasında Azərbaycan məktəbliləri
4 qızıl, 12 gümüş,
17 bürünc medal qazandılar
Aprelin 7-də Heydər Əliyev
adına İdman-Konsert Kompleksində ekologiya və təbiəti
mühafizə problemlərinə həsr olunan Ətraf
Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə
Olimpiadasının (İNEPO-AVRASİYA) qaliblərinin
mükafatlandırılması mərasimi keçirildi.
Tədbirdə müvafiq dövlət
qurumlarının nümayəndələri, Milli Məclisin
deputatları, bir sıra dövlətlərin ölkəmizdəki
səfirliklərinin nümayəndələri, qeyri-hökumət
təşkilatlarının təmsilçiləri,
respublikanın orta ümumtəhsil məktəblərinin
direktorları, görkəmli alim və pedaqoqlar iştirak
edirdilər.
Azərbaycan Respublikasının Dövlət
himni səsləndirildikdən sonra çıxış
üçün söz alan Azərbaycan - Türkiyə Özəl
Liseyləri Baş İdarəsinin rəisi, Ətraf
Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə
Olimpiadasının (İNEPO-AVRASİYA) təşkilat komitəsinin
sədri Arif Gömleksiz olimpiadanın məqsəd və məramından
danışdı. Qeyd olundu ki, 2007-ci ildən 17 ölkənin
iştirakı ilə Bakıda keçirilməyə
başlayan adıçəkilən beynəlxalq yarışa
qatılan ölkələrin sayı
ildən-ilə artaraq bu il 42-yə
çatmışdır. Olimpiadanın əhəmiyyətinə
xüsusi toxunan idarə rəisi onun dünyada, o cümlədən
Azərbaycanda mövcud olan ekoloji
problemlərin həlli və ətraf mühitin mühafizəsi
istiqamətində böyüməkdə olan gənc nəslin
məlumatlandırılmasında, ekoloji biliklərin
inkişaf etdirilməsində müsbət rol
oynadığını bildirdi. Son illər ölkəmizin
iqtisadi, elmi, sosial və digər sahələrdə
keçirilən bir sıra beynəlxalq tədbirlərə
ev sahibliyi etdiyini söyləyən Arif Gömleksiz Azərbaycanın
uğurlu inkişafından da ətraflı söz
açdı. Olimpiadanın yüksək səviyyədə
keçirilməsində dəstək olan dövlət qurumlarının və təşkilatların
adlarını qeyd edən idarə rəisi onlara minnətdarlıq
etdi, xarici ölkələrdən gələn məktəblilərin
respublikamızdan xoş təəssüratla
ayrılacaqlarına əmin olduğunu bildirdi.
Sonra mərasim
iştirakçıları beynəlxalq
layihə olimpiadasının yaranma tarixindən və məzmunundan
bəhs edən sənədli filmə tamaşa etdilər.
Layihə olimpiadasının adları
açıqlanan qalib məktəbliləri səhnəyə
dəvət olundu. 4 kateqoriya - enerji, mühəndislik, ətraf
mühit və sosial elmlər üzrə keçirilən beynəlxalq
layihə olimpiadasında Azərbaycan məktəbliləri 4
qızıl,12 gümüş,17 bürünc olmaqla
bütövlükdə 33 medal qazandılar. Bundan başqa, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin təsis etdiyi
xüsusi mükafat da olimpiadaya təqdim etdikləri layihələrin
aktuallığı ilə seçillən azərbaycanlı
məktəblilərə nəsib oldu. Yarışa digər
ölkələrdən qatılan şagirdlər də
müvafiq yerlər tutaraq medallara sahib oldular.
Olimpiada qaliblərinə
mükafatları təhsil nazirinin müavini Qulu Novruzov,
ekologiya və təbii sərvətlər nazirinin müavini
Firdovsi Əliyev, Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin vitse-prezidenti Rəfiqə Hüseynzadə,
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir
Budaqov, Türkiyənin ölkəmizdəki səfiri Hulusi
Kılıç, "Çağ" Öyrətim
İşlətmələri Şirkəti İdarə Heyətinin
sədri Ənvər Özərən, İctimai Televiziya və
Radio Yayımları Şirkətinin Gənclər, elm və təhsil
verilişləri departamentinin direktoru Cəsarət Valehli,
Milli Məclisin deputatları Muxtar Babayev, İqbal Ağazadə,
Fazil Mustafa, Cavanşir Feyziyev təqdim etdilər.
Mərasimdə həmçinin ətraf
mühitin mühafizəsi, ekologiya ilə bağlı mətbuatda
yazılarla çıxış edən, süjetlər
hazırlayan media nümayəndələri də
mükafatlandırıldı.
Təhsil nazirinin müavini Qulu Novruzov
çıxış edərək beynəlxalq layihə
olimpiadasının ölkəmizdə məktəblilər
arasında indiyə qədər keçirilən bilik
yarışmaları arasında coğrafiyasına görə
ən geniş yarışma olduğunu bildirdi. Nazir müavini
qeyd etdi ki, hazırda ekologiyanın bəşəriyyətin
ağrılı, qlobal problemlərindən biri olduğunu, Azərbaycanda
bu sahəyə xüsusi diqqət yetirildiyini və həmin
istiqamətdə Dövlət Proqramının həyata
keçirildiyini nəzərə alsaq olimpiadanın belə
yüksək səviyyədə təşkilini ölkəmizdə
aparılan ekoloji siyasətə dünya birliyinin verdiyi qiymət
kimi dəyərləndirmək olar.
Çıxışında ölkə
başçısı cənab İlham Əliyevin, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın,
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın
ətraf mühitin mühafizəsi məsələlərinə
və ekoloji problemlərin həllinə daim xüsusi önəm
verdiklərini deyən nazir müavini bu istiqamətdə görülən
işləri, həyata keçirilən tədbirləri mərasim
iştirakçılarının diqqətinə
çatdırdı. Olimpiadada Azərbaycan - Türkiyə
Özəl Liseyləri ilə yanaşı paytaxt məktəblərinin,
eləcə də respublikamızın müxtəlif bölgələrində
fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin
şagirdlərinin iştirak etdiklərini, qaliblər
arasında onların adlarının olmasını müsbət
hal kimi qiymətləndirən Qulu Novruzov tədbirin təşkilində
əməyi olanlara minnətdarlığını bildirdi.
Türkiyənin Azərbaycandakı səfiri
Hulusi Kılıç öz ölkəsi ilə Azərbaycan
arasındakı dostluq əlaqələrindən söz
açaraq hər iki dövlətin münasibətlərinin
inkişafında ümummilli lider Heydər Əliyevin, onun
daxili və xarici siyasətini hazırda uğurla davam etdirən
Respublika Prezidenti cənab İlham Əliyevin müstəsna
xidmətlərini xüsusi vurğuladı.
"Çağ" Öyrətim
İşlətmələri Şirkəti İdarə Heyətinin
sədri Ənvər Özərən rəhbərlik etdiyi
qurumun fəaliyyətinin 20-ci ildönümünə həsr
edilmiş məktəblilərin Ətraf Mühitin Mühafizəsi
VI Beynəlxalq Layihə Olimpiadasının
(İNEPO-AVRASİYA) əhəmiyyətinə toxundu. Qeyd etdi
ki, Azərbaycan dünyanın müxtəlif ölkələrində
təşkil olunan fənn olimpiadalarında yüksək səviyyədə
iştirak etməklə yanaşı, müxtəlif
mövzularda keçirilən bilik yarışlarına ev
sahibliyi vəzifəsini də öhdəsinə
götürür və layiqincə yerinə yetirir. Gündən-günə
gözəlləşən Azərbaycan və onun paytaxtı
Bakı şəhərimiz hər il bu cür olimpiadalarla
dünyanın bir çox ölkələrindən gələn
məktəbliləri qoynuna alır. Ənvər Özərən
daha sonra ulu öndər Heydər Əliyevin xeyir-duası ilə
fəaliyyətə başlayan Azərbaycan -Türkiyə
Özəl Liseylərinin uğurları, şagirdlərin
dünya olimpiadalarında qazandığı nailiyyətlər
barədə iştirakçılara geniş məlumat verdi.
Rəhbərlik etdiyi şirkətlə Təhsil Nazirliyi
arasında qurulmuş əməkdaşlıqdan razılıq
hissi ilə danışan Ənvər Özərən onlara
göstərilən diqqət və qayğıya görə
ölkə başçısı cənab İlham Əliyevə
minnətdarlıq etdi.
Çıxış üçün
söz alan ekologiya və təbii sərvətlər nazirinin
müavini Firdovsi Əliyev, Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin vitse-prezidenti Rəfiqə Hüseynzadə
və digər natiqlər də beynəlxalq layihə
olimpiadasının məktəblilərin həyatında
mühüm rol oynamasından, qloballaşan dünyamızda
ekologiyanın hər kəs tərəfindən
qorunmasının vacibliyindən danışdılar,
paytaxtımızda keçirilən bu yarışın həmin
vacib məsələyə bir daha
diqqət yönəltməkdə mühüm bəşəri
rol oynadığını söyləyərək qaliblərə
yeni-yeni müvəffəqiyyətlər arzuladılar.
Samirə
KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2012.- 13 aprel.- S.2.