Dördüncülər "Ağıl dəryası" bilik yarışında mübarizə apardılar

 

Aprelin 6-da Bakı şəhərindəki 42 nömrəli tam orta məktəbdə dördüncülərin "Ağıl dəryası" adlı bilik yarışı keçirildi.

ADPU-nun dosenti, respublikanın əməkdar müəllimi Tinatin Əliyevanın, VMA-nın üzvü, valideyn Camal Paşayevin, qonşu məktəblərin rəhbərlərinin və valideynlərin iştirak etdiyi tədbiri məktəbin direktoru Firəngiz Həmidova açaraq riyaziyyat fənni üzrə keçirilən bu intellekt yarışı haqqında məlumat verdi. Bildirildi ki, yarış 3 mərhələdə aparılacaq. Tərtib olunmuş 70-ə yaxın sual 3 şəffaf qutuda yerləşdirilib. Yarışda məktəbin dördüncü sinif şagirdlərindən ibarət 5 komanda- hər komandada 8 şagird iştirak edəcək. Hər mərhələyə aid qutudan bir-bir çıxarılacaq nömrəli suallar proyektorun köməyi ilə ekranda göstəriləcək. Komandalar həmin suallara ayrılmış vaxt ərzində cavab yazıb məktəbin yuxarı sinif riyaziyyat müəllimlərindən ibarət münsiflər heyətinə təqdim edəcək. Cavablar 10 ballıq sistemlə qiymətləndiriləcək. Sonda yüksək bal toplamış qalib komanda mükafatlandırılacaq. Bu intellekt yarışını keçirməkdə isə əsas məqsəd Milli Kurikulum əsasında dərs keçmiş şagirdlərin bu fənni necə mənimsəmələri, müəllimlərin dörd ildə onlarla necə məşğul olduqlarını əyani şəkildə görəcəyimizdən ibarətdir.

Sonra ibtidai sinif müəllimi Xatirə Həmidova IV "a"-nın "Çeviklər", IV "c"-nin "Qartal", IV "ç"-nin "Buta", IV "d"-nin "Cəsurlar" və IV "e" sinfinin "Şahinlər" komandasının üzvlərini onlar üçün  ayrılmış yerdə əyləşməyə dəvət etdi.

Əsl yarış da bundan sonra başlandı. Şəffaf qutudan çıxarılan hər suala komanda üzvləri tərəfindən cavablar yazılaraq münsiflər heyətinə təqdim edildi. Sonra düzgün cavab ekranda əks olundu hansı komandanın neçə bal topladığı elan edildi. Hər mərhələ sona yetdikdə isə məktəbin istedadlı şagirdləri tərəfindən kiçik səhnəciklər, rəqslər mahnılar ifa olunurdu. Bu da həm iştirakçılarda, həm komanda üzvlərində xoş ovqat yaradırdı.

Nəhayət, bir-birindən maraqlı, həlli yüksək intellekt tələb edən misal məsələlərdən ibarət yarış sona yetdi. Münsiflər heyəti tərəfindən qalib komandalar elan edildi: 61 xal toplayan "Buta" komandası I yeri, 37 xal toplayan "Qartal" komandası II yeri 30 xal toplayan "Cəsurlar" komandası III yeri tutdu. Birinci yeri tutan komanda üzvlərinə məktəbin fəxri fərmanı üzərində "Avroviziya-2012" sözləri yazılmış Azərbaycan bayraqları təqdim olundu. Yarışda ikinci üçüncü yerləri tutan komandalara isə hədiyyələr verildi.

Bu maraqlı tədbirin təşkilatçıları olan məktəbin ibtidai siniflər üzrə direktor müavini Arzu Suvarova tərbiyə işləri üzrə direktor müavini Xatirə Əhmədovanın da əməyi  münsiflər heyəti  direktor tərəfindən yüksək qiymətləndirildi.

Bu intellekt yarışı bir daha sübut etdi ki, təhsil ocağının ibtidai sinif müəllimlərinin gərgin səyi, əməyi sayəsində məktəbin dördüncüləri riyaziyyat fənni üzrə yüksək bilik əldə ediblər. Qalan fənlər üzrə belə bilik yarışlarının keçiriləcəyi nəzərdə tutulub.

 

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2012.- 13 aprel.- S.4.