Naxçıvan Dövlət Universitetində yeni laboratoriya istifadəyə
verildi
Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsində kompüter
şəbəkələri və proqramlaşdırma
laboratoriyasının açılışı
oldu.
Tədbirdə universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək
XXI əsrin informasiya texnologiyaları əsri olduğunu, Azərbaycanda bu sahənin inkişafına xüsusi diqqət göstərildiyini
vurğuladı. Qeyd olundu ki, elmin,
təhsilin tərəqqisi,
inteqrasiya baxımından
ən son texnologiyaların
mənimsənilməsi və
tətbiqi universitetdə
də uğurla həyata keçirilir.
Burada müxtəlif kompüter və İnternet mərkəzləri fəaliyyət
göstərir, əksər
auditoriyalar elektron lövhələr və proyektorlarla təchiz olunmuşdur. "Wi-Fi"
kampus İnternet şəbəkə sistemi
universitetin nəinki tədris korpuslarında, bütövlükdə 108 hektarlıq
ərazisində sürətli
İnternet bağlantısından
istifadə etməyə
imkan verir. Elektron universitet yaradılması,
tədrisin elektronlaşdırılması
istiqamətində əhəmiyyətli
işlər görülür.
Bu ali məktəbdə
beynəlxalq səviyyəli
videokonfransların, videobağlantıların
və online dərslərin
təşkili ənənəvi
hal almışdır.
Rektor çıxışında
yeni laboratoriyanın müasir informasiya-kommunikasiya
texnologiyalarının iş
prinsiplərinin, kompüter
arxitekturasının əyani
şəkildə öyrənilməsi,
ixtisaslı mütəxəssislərin
yetişməsindəki rolundan
danışdı. Rabitə
və informasiya texnologiyaları kafedrasının
müdiri, dosent Cavanşir Zeynalov "İnformasiya-kommunikasiya texnologiyalarının
təhsildə rolu"
mövzusundakı məruzəsində
virtual dərslərin, elektron
imtahanların keçirilməsi,
müasir texnologiyaların
tədris prosesinə tətbiqi barədə danışdı. Yeni laboratoriyada kompüter mühəndisliyinin öyrənilməsi
məqsədilə kompüter
hissəcikləri və
onların iş prinsiplərini əks etdirən stendlər, tələbələr tərəfindən
hazırlanmış yeni
proqramlar, kompüter şəbəkələrinin rolu
haqqında ətraflı
məlumat verildi.
Kafedranın müəllimi Hüseyn Qasımov hazırladığı
məsafədən idarəetmə
qurğusunu nümayiş
etdirərək onun iş prinsipini izah etdi. Komputer vasitəsilə
idarə edilən yeni qurğunun sənaye, kənd təsərrüfatı, gündəlik
məişətdə tətbiqi
səmərəlilik baxımından
yüksək qiymətləndirildi.
Sonra tələbələr
tərəfindən hazırlanmış
viktorina proqramının
təqdimatı oldu.
Aparıcı kompüterlə iştirakçıların
kompüterləri arasında
naqilsiz əlaqə, qiymətləndirmənin avtomatlaşdırılmış
şəkildə aparılması
ayrıca maraq doğurdu.
Sonda rektor,
akademik İsa Həbibbəyli kompüter
şəbəkələri və proqramlaşdırma
laboratoriyasındakı iş
prosesi, tələbələrin
hazırladıqları yeni
kompüter proqramları
ilə tanış
oldu.
Mehriban SULTAN
Azərbaycan müəllimi.- 2012.- 13 aprel.- S.3.