Peterburqda
oxumuş tələbələrimiz
(Sankt-Peterburq
Mərkəzi Tarix Arxivinin
materialları əsasında)
6. Səfikürdski Aslan bəy Ağalar bəy
oğlu
(30.9.1881, Səfikürd k./Gəncə qəzası -15.10.1937)
(SPb.
MTA, f.14, s.3, iş 40327,
1902-ci il)
Ötəricə ön söz
Aslan bəy Səfikürdski
Azərbaycan tarixində önəmli iz
buraxmış kişilərdəndir. Onun
haqqında yetərincə olmasa da, müəyyən qədər
araşdırma aparılıb, yazılar yazılıb. Azərbaycan
Türk aydınlarının qabaqcıl
nümayəndələrindən olan Aslan bəy ölkəmizin ictimai
həyatında daim fəal iştirak edib, həmişə
ən qaynar nöqtələrdə bulunub. Bəzən yanılmalara yol versə də, dedikləriylə etdikləri
çox vaxt
üst-üstə düşüb. O, çar dönəmində də, Cümhuriyyət
illərində də, sovet
çağında da əməlləriylə
xalqına fayda verməyə
çalışıb və həmişə xalqın gözü önündə olub.
Zaqafqaziya Seyminin, Azərbaycan
Milli Şurasının, Azərbaycan Parlamentinin üzvü olub. Cümhuriyyət hökumətində
poçt-teleqraf və əmək naziri, ədliyyə və əmək naziri, Cümhuriyyətin baş
prokuroru vəzifələrində
çalışıb, sovetləşmədən sonra isə Xalq Ədliyyə
Komissarlığı Kollegiyasının üzvü
olub. 1922-də eserlərin işi
üzrə həbs edilib,
buraxıldıqdan sonra "Azərneft"də
hüquq məsləhətçisi
işləyib və 1937-də kommunistlər hamı kimi onu da
güllələyib. Bu, onun
ən qısa tərcümeyi-halıdır.
Bu yazıdan məqsədimiz
yalnız Aslan bəyin tələbə
şəxsi işiylə tanışlıq olduğuna
görə onunla bağlı başqa faktlar üzərində
dayanmayacağıq.
Bu başdan
bildirək ki, Aslan bəy
ali təhsilini Xarkov Universitetinin hüquq
fakültəsində almağa başlayaraq (1901-1902) Peterburq
Universitetinin eyni
fakültəsində bitirib (1902-1907). Onun SPb. Mərkəzi Tarix Arxivindəki 40327 saylı tələbə
işində bir çox
maraqlı bəlgələr saxlanılmaqdadır. Bu yazıda onlardan işdəki
ardıcıllığına görə yox,
yazılma tarixlərinə görə danışılacaq.
Əsil-nəcabət
haqqında şəhadətnamə
Artıq
bildirdiyimiz kimi, çar ali məktəblərində
tələbələrin ictimai mənşəyinə
ciddi fikir verilir, bunu təsdiqləyən
sənəd tələb olunurdu. Aslan bəyin atası dünyadan
köçdüyünə görə həmin bəlgəni
əmisi alaraq universitetə göndərmişdi.
11 avqust 1890-cı ildə verilmiş
şəhadətnamədə oxuyuruq: "Bu, Gəncə Qəza
İdarəsindən Səfikürd kəndinin sakini
Həsən bəy Aslan bəy oğlu Səfikürdski’yə
ona görə verilib ki, Səfikürd kəndinin 1886-cı il ailə siyahısından göründüyü
kimi, onun
qardaşı oğlu Aslan bəy Ağalar bəy oğlu Səfikürdski
imtiyazlı təbəqədəndir və adıkeçən
siyahıda öz atasının ailəsində
16-cı nömrə ilə qeyd olunub". Bu bəlgədən
anlaşılır ki, Aslan
bəyə babasının adı qoyulub.
Doğum
haqqında şəhadətnamə
Şəxsi
işlərdəki sənədlər yalnız tələbənin
həyatını öyrənmək baxımından deyil, həm də o
dönəmin rəsmi sənədlərinin bəzən təmtəraqlı,
bəzən zəhlətökən dil və
üslubuyla tanışlıq sarıdan da maraq doğurur. Ruscadan çevirdiyimiz
aşağıdakı bəlgə də maraqlı örnəklərdəndir:
"Bu şəhadətnamə
Zaqafqaziya Şiə Ruhani
İdarəsindən ona görə verilib ki, Gəncə vilayəti
Gəncə qəzası Səfikürd kəndinin sakini Aslan bəy Ağalar bəy oğlu öz atası Ağalar bəy
Səfikürdski’nin qanuni arvadı Mahtəban xanım Məhəmməd
ağa qızı’ndan otuz sentyabr
min səkkiz yüz səksən
birinci ildə doğulub.
Ona görə də Ruhani
İdarəsi bunu imza
və xəzinə möhürü basmaqla təsdiq edir. 24 sentyabr
1890-cı il. Tiflis şəhəri, ¹ 1459. Gerb rüsumu ödənilib.
Zaqafqaziya Ruhani
İdarəsinin sədri, şeyxülislam:
Axund Mirzə Həsən Tahirov.
Üzvlər:
Axund Talıbzadə, Axund Mollazadə".
Xarkovlu
rektordan Piterli rektora məktub
A.b.Səfikürdski 1901-də Xarkov
Universitetinə girib. Orada bir il oxuduqdan sonra - 12 iyul 1902-ci ildə
həmin universitetin rektoru Sankt-Peterburq Universitetinin rektoruna bu məzmunda
bir sənəd göndərib: "Xarkov Universiteti hüquq
fakültəsinin 2-ci semester tələbəsi Aslan bəy Səfikürdski
mənə ərizə yazaraq siz alihəzrətin rəhbərlik
etdiyi universitetin hüquq fakültəsinin
üçüncü semesterinə keçirilməsini xahiş
edib".
Xarkovlu rektor daha sonra öz
işdaşına bu bilgiləri verir: A.b.Səfikürdski Məhəmmədiyyə
dinindəndir, 30 sentyabr 1881-ci ildə doğulub, Xarkov
Universitetinə Gəncə gimnaziyasından 4 iyul 1901-ci ildə
aldığı 616 saylı kamal attestatı ilə girib və
hüquq fakültəsinin mühazirələrini dinləyib.
O ən
sonda yazır: "Səfikürdski Sankt-Peterburq Universitetinə keçməsinə
səbəb olaraq Sankt-Peterburqda
yaşayan və ona maddi yardım edə biləcək yeznəsi ilə birgə
yaşayacağını göstərir". Bu yeznənin kimliyini biz Aslan
bəyin deyil, onun
qardaşı Nəsrəddin bəy Səfikürdski’nin tələbə
işindən (SPb. MTA,
f.14, s.3, iş 43218) öyrənirik.
Həmin işdəki bir qeyddə Piterdə
şərab anbarı müdirinin
yardımçısı işləyən Rüstəm bəy
Sultanovun bu qardaşlara maddi yardım
göstərdiyi bildirilir. Xatırladım
ki, Rüstəm bəy Paşa
bəy oğlu Sultanov
(1875-1941) məşhur Xosrov bəy və Sultan bəy Sultanov’ların
qardaşıdır. O da Peterburqda
ali təhsil alıb və 1897-ci ildə Texnologiya İnstitutunu bitirib. Onun oğlu
İsgəndər bəy (1897-1942) isə Cümhuriyyət
hökumətinin Almaniyaya oxumağa
göndərdiyi tələbələrdəndir və mühəndis
diplomu alaraq 1933-də
Bakıya dönüb, repressiya
olunub.
Şəhadətnamə
Xarkov Universiteti
rektorunun məktubundan sonra
Aslan bəy Sankt-Peterburq
Universitetinə keçirilərək orada
oxumağa başlayıb. Ancaq
çox keçmədən o, "baltanın ağzını daşa vurub". Bunun nə demək olduğunu
Sankt-Peterburq Universiteti
rektorunun 1 aprel 1903-də
verdiyi 2086 saylı şəhadətnamə
açıqlayır: "Bunu
təqdim edən Aslan bəy Səfikürdski...
təhsilini Gəncə gimnaziyasında kamal
attestatı ilə bitirdikdən sonra
1901-ci ilin avqust
ayında Xarkov İmperator
Universitetinin tələbələri
sırasına qəbul olunub və 1901-1902-ci tədris ilində hüquq fakültəsində mühazirələri
dinləyib. 1902-ci ilin avqustunda Sankt-Peterbuq Universitetinin həmin
fakültəsinə keçib və
1902-ci ilin payız yarımilində üçüncü semesterin
mühazirələrini dinləyib. 1902-ci ilin
yazındakı yarımkurs imtahanlarında bu
qiymətləri alıb: siyasi iqtisaddan "üç",
hüquq ensiklopediyasından "beş", Roma hüququ tarixindən "dörd".
İndi o, 18 mart
yürüşündə
iştirak etdiyinə görə Sankt-Peterburq İmperator
Universitetindəki professor intizam
məhkəməsinin builki 26 mart tarixli qərarına əsasən
başqa ali məktəblərə
ümumi əsaslarla dərhal girməsi yasaqlanmadan universitetdən
15 avqust 1903-cü ilədək qovulub. Buna görə
də universitetdə təhsilin tam kursunu bitirmiş tələbələrə
verilən hüquqlardan istifadə edə
bilməz".
İltizam
kağızı
Deməli, Aslan bəy istəsə
başqa ali məktəbə girə bilər, istəməsə
15 avqustadək gözləyib yenidən təhsilini davam etdirərdi.
O, ikinci yolu seçdi. Ancaq yenidən tələbə olmaq elə
də asan deyilmiş. Onu düz yarım il get-gələ
saldılar. Sonda universitet rəhbərliyi ondan "adam
olacağı" haqqında yazılı iltizam istədi.
Daha heç bir diplomatiya işə keçmirdi. Əlacsız
qalan A.b.Səfikürdski 3 fevral 1904-də dilindən bu məzmunda
iltizamnamə verdi ki, universitetdə oxuduğum müddətcə
nəinki heç bir gizli cəmiyyətdə iştirak etməyəcəyimə,
ən yaxın rəhbərliyin icazəsi olmadan hətta
qanunun icazə verdiyi cəmiyyətlərə belə
qatılmayacağıma, rəhbərliyin icazə vermədiyi
heç bir pul yığımında iştirak etməyəcəyimə
və ümumən tələbələr üçün
müəyyənləşdirilmiş bütün qaydalara əməl
edəcəyimə söz verirəm, sözümü yerinə
yetirməsəm qanuni cəzaya düçar olacağam.
Bundan sonra universitet rəhbərliyi
heç bir əngəl törətməsə də ailə
problemləri onun universitetə bərpasına mane oldu.
Ərizə
Aradan 10 ay
keçəndən sonra - 17 dekabr 1904-də hüquq
fakültəsinin keçmiş III semestr tələbəsi Aslan
bəy Səfikürdski Piterdən rektora bu məzmunda bir ərizə
yazıb: "Yürüşdə iştirak etdiyimə görə mən 18 mart 1903-cü ildə Sizin
tabeliyinizdəki universitetdən bu ilin 15 avqustunda yenidən qəbul
olunmaq hüququ ilə
qovulmuşam, ancaq ailə
vəziyyətimlə bağlı olaraq
indiyədək bu hüququmdan
yararlana bilmədiyimə görə Siz cənabi-alidən məni 1904-cü ilin yanvarından hüquq
fakültəsinin IV semestr tələbələri
siyahısına salmağınızı acizanə xahiş edirəm". Əslində bu, o deməkdi ki, Aslan bəyi
qarşıda düz bir
ilin - iki semestrin imtahanları gözləyir. Görünür, o,
özünə tam arxayın olduğuna görə belə cəsarətlidir.
Başqa
bəlgələr
Sonrakı
kurslara da aid sənədlərin olması sübut edir ki, A.b.Səfikürdski nəinki 1904-cü ilin imtahanlarını uğurla
verib, həm də sonrakı illərdə
də bütün çətinliklərə
sinə gərib. Şəxsi işindəki 1906-cı ilin zaçot
kitabçası bu gerçəyi əks
etdirir.
Yeri gəlmişkən, bəzi
qaynaqlarda Aslan bəyin
ali təhsili 1905-də başa
vurduğu göstərilir. Ancaq şəxsi işindəki zaçot kitabçası və başqa bəlgələr bunu
bütünlüklə inkar edir. Məsələn, 21 oktyabr
1906-da hüquq fakültəsinin tələbəsi
Aslan bəyə verilmiş
şəhadətnamədə onun Peterburqda yaşamaq hüququ olduğu təsdiqlənir.
Onun 1907-ci ilin 1-ci
yarısında universitetə girib-çıxmaq üçün bileti də
vardı.
Beləliklə,
A.b.Səfikürdskinin Sankt-Peterburq Universitetini 1907-də bitirməsi
danılmazdır, ancaq onun
diplomunun surəti, təəssüf ki, bu işdə yoxdur.
Qardaşlar
Yeri gəlmişkən, Aslan bəy Səfikürdskinin
qardaşları da Rusiya
ali məktəblərini bitirmiş
yüksək ixtisaslı mütəxəssislərdir. Burada onlar haqqında
ayrıca danışmaq imkanı olmasa da lap qısaca bilgi verməyi faydalı sayıram.
Ortancıl
qardaşı Nəsrəddin bəy (1884-1920) 3 il onunla birgə Peterburq Universitetində oxuyub
və bir mənzildə yaşayıb, ancaq o, 1904-dən fizika-riyaziyyat fakültəsinin tələbəsi
olub, 1905-də hüquq
fakültəsinə keçib və
1910-da 8 semestri geridə qoyaraq
buraxılış şəhadətnaməsi (diplom
əvəzi) almaq üçün bütün
imtahanları verib və 21 yanvar
1911-də həmin şəhadətnaməni alıb. Nəsrəddin
bəy 1920-də Gəncədə sovet
hakimiyyəti əleyhinə qalxmış üsyanın
iştirakçılarından biri kimi şəhid olub.
Kiçik qardaşı Ağalar bəy (1890-1966) isə 1917-ci ildə
Moskva Universitetinin tibb fakültəsini qurtarıb və öncə
Gəncədə həkim işləyib. Sovet hakimiyyəti illərində
Bakıda 4 saylı xəstəxananın baş
həkimi, Gəncə Şəhər Səhiyyə
Şöbəsinin müdiri, Bakıda Semaşko adına xəstəxananın baş həkimi, Səhiyyə Nazirliyində
idarə rəisi vəzifələrində
çalışıb.
Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru
adalet_tahirzade@yahoo.com
Tel.:
+994-50-612-68-13
Azərbaycan müəllimi.- 2012.- 20 aprel.- S.6.