Prof. Dr. Dilşad
Talıbxan Elbrus
Hörmətli dostum
professor Ədalət Tahirzadənin "Azərbaycan müəllimi"
qəzetindəki silsilə yazılarını maraqla oxuyuram.
30 mart tarixli son məqalədə İstanbuldan olan hörmətli
professor İbrahim Yıldırım bəyin, göndərdiyi
çox qiymətli bir foto ilə bağlı verdiyi dəyərli
bilgilər məni də bu yazını yazmağa həvəsləndirdi.
Hər şeydən
öncə, məqalədə verilmiş foto haqqında onu
deyim ki, həmin şəkil o tarixdə İstanbul
Universitetinin ədəbiyyat fakültəsinə bağlı
Türkiyyat İnstitutunun yerləşdiyi binanın pillələri
üzərində çəkilib. Bu binada Əhməd Cəfəroğlu’nun
və Nihal Atsız’ın da iş otaqları vardı. Şəkil
də, çox güman ki, Əhməd bəyi ziyarətə
gəlmiş tələbələrlə birlikdə çəkilib.
Məqalədə
Hüseyn Camal Yanarın bacısı qızlarından
danışılır və deyilir: "Dilşad və
Sürəyya xanımların Amerikada yaşayan böyük
bacıları da varmış; özü də, əri də
professor imiş. Bu xanım, deyəsən, tarix professoru olub.
Bir zaman Türkiyəyə tez-tez gəlib-gedirmiş,
sonrakı taleyi bilinmir".
Mən bu məsələyə
aydınlıq gətirmək istəyirəm. Dilşad və
Sürəyya xanımların böyük bacısı Qəmər
xanım Ağaoğlu’dur (1903-1984). O, məşhur sənətşünas
professordur. Qəmər xanımın əri Azərbaycanda da
tanınan, Şərq incəsənəti üzrə görkəmli
mütəxəssis olan professor Məhəmməd
Ağaoğlu’dur (1896-1949). Onlar ABŞ-da yaşayıblar və
hər ikisinin Şərq incəsənətinin müxtəlif
sahələri üzrə çox qiymətli kitabları nəşr
edilib.
Bu yazıda mən hörmətli
professor İbrahim Yıldırım bəyin, adını
ehtiramla çəkdiyi Dilşad xanımdan ayrıca
danışmaq, onun haqqında Azərbaycan oxucusuna geniş
bilgi vermək istəyirəm. Bunun Azərbaycanlıların təhsil
tarixi üçün maraqlı olacağını
düşünürəm.
Azərbaycanda
sovet hakimiyyəti qurulduqdan sonra gələcəklərini
qaranlıq görən rejimə müxalif aydınlar,
Müsavat Partiyası üzvləri fürsət tapdıqca
yavaş-yavaş ana vətən torpaqlarını tərk edərək
əmniyyətli qonşu ölkələrə köç
etdilər. Türkiyəni ikinci vətən olaraq seçən
azərbaycanlılar arasında peşələrində
çox bacarıqlı olanlar az deyil. Bunlar arasında atom
fizikası üzrə görkəmli mütəxəssis,
Türkiyədə araşdırma və yazılarıyla məşhur
olan Ege Universiteti fənn fakültəsi müəllimlərindən
Prof. Dr. Dilşad Talıbxan
Elbrus’un (1915-1979) önəmli yeri var. O, kiçik yaşda
ayrıldığı vətənı Azərbaycana hədsiz
bağlıydı. Ata torpaqlarının başqa bir millətin
hakimiyyəti altında bulunmasını heç bir zaman qəbul
edə bilmədi.
Fizika
alimi olan Dilşad xanım 1915-də Bakıda doğulub.
Atası Talıbxan bəy Talıbxanbəyov çar dönəmində
və Cümhuriyyət illərində Şamaxıda, Qubada və
başqa yerlərdə polis rəisi kimi mühüm görəvlərdə
çalışıb. Kommunistlər hakimiyyət
başına keçincə onu öldürdülər,
bütün mallarını və əmlakını
müsadirə etdilər. Bundan sonra anası Xeyrənnisa
xanım (?-18.1.1949), bacıları Qəmər xanım və
Sürəyya xanım dayısı Hüseyn Camal Yanar bəy
(Türkiyəyə gələnədək: Hüseyn bəy
Mirzəcamalov) tərəfindən 1920-də Türkiyəyə
gətirilərək İstanbulda yerləşdirildilər.
Dilşad
xanımın kiçik yaşlarında yaxın çevrəsinin
də təsiriylə milli hisslərə yiyələndiyi
anlaşılır. Onun dayısı Hüseyn bəy 28 May
1929-da Azərbaycan Cümhuriyyətinin 11-ci ildönümü
münasibətiylə İstanbuldakı azərbaycanlıların
"Odlu Yurd" məcmuəsinin redaksiyasındakı mərasimə
fəal olaraq qatılıb, Milli Azərbaycan
Bayrağını Azərbaycan istiqlal davasının öndəri
Məhəmmədəmin Rəsulzadə’yə təqdim edib.
30 may axşamı "Union France" salonunda keçirilən
Milli Azərbaycan gecəsində xor Azərizadə’nin "Vətən"
şeirini oxuyub, Dilşad xanım da Əli Usta’nın (o, təqaüddəki
Böyükelçi Azər Volkan’ın atasıdır) "Vətən
həsrəti" şeirini xanım arxadaşlarıyla birgə
rəqs edərək söyləyib. "Odlu Yurd"da gecə
haqqında verilən bilgidə istər rəqsdə, istər
oxumaqda və şeir söyləməkdə, istərsə də
pianoda böyük bacarıq göstərdiyi və hər kəsin
sevgisini qazandığı bildirilib.
Dilşad
xanım ictimai fəaliyyətini tələbəliyi boyunca
davam etdirib. İstanbulda ali məktəblərdə oxuyan azərbaycanlı
tələbələr 19 fevral 1933 tarixində Bəyoğlu
Tokatlıyan Hotelində keçirdikləri musiqili-rəqsli
çay ziyafətində Azərbaycan, Türkiyə və
Krım milli rəqsləri oynayıblar. Almaniyada nəşr
edilən "İstiqlal" qəzetinin 10 mart 1933 tarixli 29-cu
sayında çıxan xəbərdə özəlliklə
pianoda milli Azərbaycan havaları çalan Dilşad
xanımın çox alqışlandığı qeyd edilib.
"İstiqlal"ın 15 iyun 1933 tarixli 36-cı sayında
çıxan xəbərdə 28 May münasibətiylə
İstanbulda Xalq evi salonunda düzənlənən müsamirədə
Dilşad xanımın pianoda çalaraq oxuduğu Azərbaycan
milli şairi Əli Yusif bəy’in (Əliyusif Yusifzadə’nin)
"Bir Turan yolçusu deyir ki" şeirinin çox bəyənildiyi
göstərilib.
Dilşad
Elbrus 1931-də İstanbul Qız Liseyindən məzun olduqdan
sonra girdiyi İstanbul Universiteti fənn fakültəsi
fizika-kimya bölümünü 1934-də tamamladı.
Bitirdiyi fakültənin Təcrübi Fizika İnstitutunda
27.12.1934 tarixində assistent kimi işə başladı.
5.6.1949-da dissertasiya müdafiə etdi. Eyni bölümdə
noyabr 1954-də dosent adı aldı. Noyabr 1957-də İzmirdə
Ege Universiteti tibb fakültəsi Fizika İnstitutuna dəyişdirildi.
Dilşad
xanım məsləkdaşı, fizika professoru Adnan Sokullu
(1910-2005) ilə ailə quraraq Sokullu soyadını qəbul
etmişdi. Bir qədər sonra ayrılıblar. Onun
İstanbuldan İzmirə getməsinin səbəbi, ehtimal ki,
onun əski yoldaşıyla eyni çalışma məkanında
bulunmaq istəməməsindən qaynaqlanır.
O, 11.7.1961-də İzmirdə eyni
fakültədə professor oldu. 14.10.1961-də yeni qurulan Ege
Universiteti fənn fakültəsi təcrübi fizika
kafedrasına dəyişildi. 15.4.1969-da eyni universitetin mühəndislik
bilimləri fakültəsinə keçdi.
Sağlamlığında yaranmış rahatsızlıqla
bağlı 1976-da erkən yaşda təqaüdə
çıxdı. İstanbulda 11.4.1979-da dünyasını dəyişdi.
Basılı iki kitabı və 6 elmi məqaləsi var.
Rus, alman və ingilis dillərini bilən
Dilşad xanım dəyişik tarixlərdə elmi
çalışmalar aparmaq üçün İngiltərə
və İsveçdə müxtəlif universitetlərdə
uzun müddət bulunub.
Vəfatından sonra Prof. Dr. Dilşad
Talıbxan Elbrus haqqında Azərbaycan Kültür Dərgisində
gözəl bir yazı nəşr edən Fevziyyə Abdullah
Tansel (1912-1988) yaxın arxadaşını və dostunu Azərbaycan
xalq ədəbiyyatını, folklorunu, teatr əsərlərini,
opera və operettalarını çox gözəl bilən,
gözəl piano çalan, şirin səsiylə Azərbaycan
şərqi və türkülərini, segah və
bayatılarını usuluna uyğun olaraq qayət xoş tərənnüm
edən, dindar və etiqadı tam kamil bir insan olaraq
bütün yönləriylə tanıdıb.
Yeri gəlmişkən, burada Dilşad
xanımın dayısı, onun ailə üzvlərini sovetlərin
qırmızı çənbərindən çıxararaq sağ-salamat
Türkiyəyə gətirmiş Hüseyn Camal Yanar
haqqında da qısa bilgi vermək istəyirəm.
Dedi-qodulardan uzaq olan, hər kəsə yardım əlini
uzadan, bütün yurddaşlarının və
dostlarının sevgi və sayğısını qazanan bir
kişi kimi tanınan Hüseyn
bəy Məhəmmədrəfi bəy oğlu Mirzəcamalov
(Hüseyn Camal Yanar) (1884-1974) Kiyev Universitetinin iqtisad
bölümünü 1910-da bitirib. 1908-də İranda iş
başındakı Qacar xanədanı əleyhinə
başlayan üsyan zamanı Tehrana yönələn
inqilabçılara dəstək olaraq Bakıdan və Quzey Azərbaycandan
çox sayda könüllü hərəkətə
keçmişdi. Hələ təhsilini tamamlamayan Hüseyn bəy
də quzey İrana doğru yola çıxmış və
bu arada inqilab hərəkəti uğurlu olmuşdu.
Təhsilini bitirib yurduna döndükdən
sonra milli Cümhuriyyət dönəmində Parlamentdə
qanunvericilik şöbəsinin rəisi vəzifəsində
çalışıb, Müsavat Partiyasının işlərində
fəal iştirak edib. Müsavat Partiyasının Türkiyədəki
xarici təşkilatının liderlərindən biri olan Əbdülvahab
Yurdsevər gəncliyində onun Bakıda geniş aydın
zümrələrinə siyasi, iqtisadi, ictimai və ədəbi
mövzularda mühazirələr oxuyan yetişkinlər
arasında bulunduğunu xatırlayır. O, Müsavat
Partiyasının Bakı Komitəsində
çalışırdı. Komitənin ilk
toplantısını Məhəmmədəmin Rəsulzadə
açdıqdan sonra Başqanlıq Divanı seçkiləri
keçirilib. Komitə Başqanlığına Abbasqulu
Kazımzadə, başqan yardımçılığına
Hüseyn bəylə Mirzəbala Məhəmmədzadə
seçiliblər.
Dəyərli tarixçi Cəmil HəsənliTnin
"Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti
(1918-1920)" adlı qiymətli əsərində qeyd etdiyinə
görə, Hüseyn bəy Mirzəcamalov Azərbaycan
Cümhuriyyəti dönəmində Xarici İşlər
Nazirliyinin diplomatik korpusu içində 14 dekabr 1919 tarixindən
etibarən Güney Qafkazda rus siyasəti ilə bağlı
materiallar toplayan özəl komissiyanın üzvü olaraq
işləyib və bu vəzifəsini qırmızı
ordunun 27 aprel istilasınadək davam etdirib. Bu tarixdən bir
müddət sonra Türkiyəyə sığınıb.
Türkiyədəki həyatı günümüzdə
özəlləşməyə görə indi
varlığı qalmayan, siqaret və içki istehsalı ilə
məşğul olan Təkəl İdarəsində məmurluqla
keçib.
Hüseyn bəy ərəbcə və farsca
biliyi sayəsində düşüncə adamı Mövlana
ilə məşğul olub. Mühacirətin ilk
başlarında Müsavat Partiyası Xarici Bürosunun qərarı
ilə 1924-də Mədəniyyət Komitəsi nəzdində
Azəri Türk Gənclər Birliyi qurulub. Bu təşkilata
Məhəmmədsadıq Aran başqanlıq edib. Siyasi
mühacirlərdən Şəfi Rüstəmbəyli, Səlim
Ağasıbəyli, Məhəmməd Ağaoğlu və
Hüseyn Camalbəyov (Hüseyn Camal Yanar) fəal üzvlər
arasında yer alıblar. Bu dərnəyin 1929-dakı genəl
kurul toplantısında Hüseyn Camal Yanarın nəzarət
komissiyası üzvü olaraq hesabat verdiyi bilinməkdədir.
İstanbulda dünyasını dəyişməsini
qardaşı uşaqları "Milliyyət" qəzetinin
15.4.1974 tarixli sayında verdikləri ölüm elanı ilə
dostlarına bildirmişlər: "Azərbaycan Qarabağ əşrafından
Mirzə Camalzadə Hüseyn Camal Yanar - bütün sevənlərin
’Azəri dayısı’ 13.4.1974 tarixində vəfat
etmiştir. Cənazəsi 15.4.1974 Pazartəsi günü
öylə namazını mütəaqib Kadıköy
Osmanağa Camisindən qaldırılacaqdır. Not. Çələng
göndərilməməsi rica olunur. Yegənləri:
Dilşad Talıbxan Elbrus, Bəkir, Bərrin, Can, Murad,
Tarık Odoğlu, Qəmər Ağaoğlu (Amerika), Güldəhən
Ludden (Amerika)".
Yeri gəlmişkən, Hüseyn bəyin
bacısı, Qəmər, Sürəyya və Dilşad
xanımların anası Xeyrənnisa xanım 18 yanvar
1949-da İstanbulda uzun sürən xəstəlikdən sonra təxminən
80 yaşında vəfat edib. O, Bayəzid camisində
qılınan namazdan sonra bir çox azərbaycanlı
mühacirin dəfn edildiyi Fəriköy məzarlığında
torpağa tapşırılıb. Dilşad xanım
"Cümhuriyyət" qəzetində anasının cənazə
mərasiminə qatılmış bütün dostlarına və
qohumlarına təşəkkür edən bir elan verib.
Yuxarıda
adını çəkdiyimiz Qəmər
xanım Ağaoğlu Vyana Universitetində İslam sənətləri
üzrə ixtisaslaşan və dönüşündə
İstanbul Universiteti ədəbiyyat fakültəsi sənət
tarixi bölümündə İslam sənətləri
müəllimliyi ilə birlikdə Vakıf Müzeyi
müdirliyini də etməkdəykən verilmiş bir dəvəti
qəbul edərək 1930-da Amerikanın Miçiqan
Universitetinə gedən Məhəmməd Ağaoğlu’nun həyat
yoldaşıdır. O, ərinin ölümündən sonra
da bu ölkədə yaşamağa davam edib. Güldəhən
Ludden’in Qəmər xanımla Məhəmməd
Ağaoğlunun qızı olduğunu ehtimal edirik.
Ömər ÖZCAN,
Türkiyə Cümhuriyyəti
Milli Təhsil Nazirliyinin
müşaviri
Azərbaycan
müəllimi.- 2012.- 20 aprel.- S.6.