Veteran
idman mütəxəssisi
Bu dünyada hər bir insan həyatı anladığı andan öz səadətini,
xoşbəxtliyini tapmaq üçün
yol gedir. Bu yol isə hər kəsin
doğulub boya-başa
çatdığı yurddan, yuvadan, eldən, obadan
başlayır.
Kimi bu yolun ayazına, şaxtasına dözmür,
çənində, dumanında azır... Kimi
də bu yolun bütün əzab-əziyyətlərinə
dözərək orada öz
səadətinin ünvanını tapır. Elə
bu ünvanda da o, şan-şöhrət, ad-san, ucalıq
qazanır. Beləcə, ömür yolu illərlə, illər
isə qazanılan uğurlu əməllərlə
ölçülür. Bu günlər şərəfli həyat yolu
keçmiş belə insanlardan birinin ömür yolu
kitabının səhifələrini vərəqlədik...
Vaqif Gözəlov
1942-ci il fevralın
16-da Əli Bayramlı (indiki Şirvan) şəhərində
dünyaya göz açıb. O, 1960-cı ildə indiki
S.Hüseynov adına şəhər 1 nömrəli tam orta məktəbi
bitirib. 1959-cu ildə rayonun Məsul Cəmiyyətində məşqçi
işləyib. 1961-ci ildə boks üzrə idman hakimi
adına layiq görülüb. "Neftçi" cəmiyyətində
məşqçi kimi fəaliyyətini davam etdirərək
respublika yarışlarında rayonun idman şərəfini
qoruyub. Elə həmin il də Gəncə şəhərində
gənclər arasında keçirilən Azərbaycan
birinciliyinin qalibi olub. Onun məşqçi-idmançı
kimi fəaliyyəti nəzərə alınaraq Azərbaycan
Boks Federasiyasının təqdimatı ilə o, Azərbaycan
Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul
olunub.
İllər ötdükcə Vaqif Gözəlov yarışdan-yarışa
püxtələşib, ali məktəbdə
özünün nəzəri və praktiki
hazırlığını daha da zənginləşdirib. Bu
dövrdə o, SSRİ-nin əməkdar məşqçisi, əməkdar
idman ustası, Azərbaycanda ilk beynəlxalq dərəcəli
hakim adına layiq görülən Abbas Ağalarov və
SSRİ idman ustası, əməkdar məşqçi
İlya Odinovun rəhbərliyi altında məşqlərini
davam etdirib. Az sonra onun idman taleyində yeni üfüqlər
açılıb. Müxtəlif illərdə Azərbaycan
çempionatlarında fəxri kürsüyə qalxan, Azərbaycan
çempionu adına layiq görülən V.Gözəlov
çox keçməyib ki, Azərbaycanın yığma
komandasının tərkibinə qəbul olunub. 1963-cü ildə
yığma komandanın tərkibində Vilnüs şəhərində
keçirilən "Lokomotiv" idman cəmiyyəti mərkəzi
şurasının birinciliyində bürünc medal qazanıb. Həmin il o, Krasnodar
çempionu, eyni zamanda Azərbaycan birinciliyinin qalibi adına
layiq görülüb. 1962-1966-cı illərdə o, ali məktəb
tələbə boksçularının birinciliyinin də
qalibi olub. V.Gözəlov həmçinin Moskva, Kaunas şəhərlərində,
Ukrayna, Gürcüstan, Qazaxıstan, Latviya, Belarus, Litva,
Estoniya respublikalarında keçirilən beynəlxalq turnirlərdə
fəxri kürsüyə qalxaraq, çempion kimi
mükafatlarının sayını artırıb.
1966-cı ildə idman ustası adına layiq görülən
Vaqif müəllim bir il 28 nömrəli texniki peşə məktəbində
ixtisası üzrə təlimatçı işləyib.
1967-ci ildə isə respublikada keçirilən Azərbaycan
birinciliyinin baş hakimi vəzifəsi ona həvalə edilib.
Məzunu olduğu 1 nömrəli tam orta məktəbdə
fiziki tərbiyə müəllimi işləyən V.Gözəlov 1968-ci ildə sovet ordusu sıralarına
çağırılıb. Bir il ordu sıralarında xidmət
etdikdən sonra ehtiyatda olan zabit kimi rayona qayıdıb və
14 nömrəli beynəlmiləl orta məktəbdə
pedaqoji fəaliyyətini davam etdirib.
1972-ci ildə onun rəhbərlik etdiyi rayonun yığma komandasının
respublika birinciliyində komanda hesabında 2-ci yerə layiq
görülməsini indi də fəxrlə xatırlayır.
Həmin dövrdə Vaqif müəllimin perspektivli yetirmələrinin
sıraları günü-gündən genişlənirdi. Bu
idmançılar respublikadan kənarda da yaxşı
tanınırdı. 1996-cı ildə Vaqif müəllimin həyatında
daha bir əlamətdar hadisə baş verib. Həmin il o,
respublika dərəcəli hakim adına layiq
görülüb. 1998-ci ildə Ümumdünya Həvəskar
Boks Assosiasiyasının (AİBA) prezidenti, pakistanlı
professor Ənvər Coudrinin şərəfinə Bakı
şəhərində keçirilən yarışda obyektiv
hakimliyə görə AİBA-nın diplom və medalına
layiq görülüb. Bir il sonra Azərbaycan birinciliyinə
baş katiblik edən Vaqif müəllimə 2001-ci ildə
Beynəlxalq dərəcəli hakim adı verilib. Həmin ildən
də Vaqif Gözəlov ölkə, Avropa, dünya birinciliklərində,
beynəlxalq turnirlərdə hakimlik edib, 2002-ci ildə o, Fəxri
Bədən Tərbiyəsi və İdman İşçisi
adına layiq görülüb.
Beləliklə də o, paralel olaraq 46 il müəllimlik, 45 il məşqçilik,
50 il isə hakimlik stajına malikdir. O, məşqçilik
dövründə 10 nəfər SSRİ idman ustası, 8
ustalığa namizəd, 15 məşqçi-müəllim,
13 idman hakimi, yüzlərlə 1-ci, 2-ci və 3-cü dərəcəli
idmançı hazırlayıb.
V.Gözəlov hazırda Azərbaycan Respublikası
Bədən Tərbiyəsi və İdman Veteranları
İttifaqının üzvüdür.
Onun əməyi yüksək qiymətləndirilib. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 4 oktyabr 2010-cu
il tarixli sərəncamı ilə ölkə təhsilinin
inkişafındakı xidmətlərinə görə Vaqif
Gözəlov "Tərəqqi" medalı ilə təltif
olunub. Bir il sonra Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli sərəncamı
ilə ona Azərbaycan Respublikasının İdman mütəxəssisi
"Əməkdar Bədən Tərbiyəsi və İdman
xadimi" fəxri adı verilib.
...Bəli, Vaqif müəllimin gördüyü bu yüksək, xeyirxah
işlər, göstərdiyi xidmətlər, qazandığı
uğurlarla qürur duymağa haqqı var. Ona görə ki,
şərəflə yaşadığı 70 illik
ömrünün əsas hissəsini idmanın
inkişafına və xalqına, vətənə layiq
övladlar tərbiyə etməyə həsr edib. Bu da əsl
vətənpərvərlikdir. Biz də Vaqif Gözəlova
cansağlığı, uzun ömür diləyir, 70
yaşın mübarəkdir, deyirik!
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2012.- 20 aprel.- S.8.