Mənalı
ömrün 70-ci baharı
On beş
ildən artıq bir dövrdə Azərbaycan Dövlət Neft Akademiyasına rəhbərlik edən,
bacarıqlı təhsil təşkilatçısı, səmimi,
qayğıkeş insan, prinsipial,
möhkəm əqidəli vətəndaş, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar
elm xadimi, kimya elmləri
doktoru, professor Siyavuş Fərhad oğlu
Qarayevin 70 illik yubileyi ərəfəsində onun
həyat salnaməsini vərəqlədikcə mənəvi böyüklüyünün və keçdiyi şərəfli ömür
yolunun bir daha şahidi olursan. Akademik Siyavuş Qarayev
müasir dövrün
tələblərinə cavab verən
yüksək ixtisaslı mütəxəssislərin
hazırlanması ilə yanaşı, Azərbaycan təhs\ilinin
başlıca məqsədi olan milli ənənələrə bağlı,
ümumbəşəri dəyərlərə hörmətlə
yanaşan, vətənini,
dövlətini, millətini ürəkdən sevən və
onları göz bəbəyi kimi qorumağı bacaran,
vətənpərvər, hərtərəfli inkişaf
etmiş, intellektual, fiziki cəhətdən kamil
şəxsiyyət yetişdirilməsində, tərbiyə
edilməsində yorulmadan
çalışır.
1942-ci
ildə Azərbaycanın Samux rayonunda anadan olmuş professor Siyavuş Qarayev 1964-cü
ildə Azərbaycan Dövlət Universitetinin
kimya fakültəsini bitirmişdir.
Sonra o, Ümumittifaq Elmi-Tədqiqat
Olefinlər İnstitutunda mühəndis, sonra isə Azərbaycan Elmlər
Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi işləmişdir.
1967-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft
Akademiyası) əyani aspiranturasına daxil
olan S.Qarayev 1970-ci ildə
namizədlik dissertasiyası müdafiə etmiş və taleyini ömürlük bu təhsil
ocağı ilə bağlayaraq, qısa
müddət ərzində kiçik elmi işçi vəzifəsindən
elmi işlər üzrə prorektorun müavininə qədər yüksəlmişdir.
1981-ci ildə M.V.Lomonosov adına Moskva Zərif Kimya
Texnologiyası İnstitutunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə
müdafiə edən S.Qarayev 1982-ci ildən
hazırkı vaxta kimi
üzvi kimya
kafedrasının müdiri və bu kafedranın nəzdində fəaliyyət
göstərən elmi-tədqiqat laboratoriyasının rəhbəridir.
Professor
Siyavuş Qarayev pedaqoji və elmi fəaliyyətini
təşkilati işlərlə uğurla
uyğunlaşdıraraq, 1988-1997-ci illərdə kimya-texnologiya fakültəsinin dekanı olmuş, 1997-ci ilin iyun ayından isə Azərbaycan
Respublikası Prezidentinin sərəncamı
ilə Azərbaycan Dövlət Neft
Akademiyasına rektor təyin olunmuşdur. Onun rəhbərliyi
ilə qısa müddət ərzində tədris prosesinin səviyyəsinin yüksəldilməsi,
maddi-texniki bazanın təkmilləşdirilməsi
və kadr tərkibinin möhkəmləndirilməsi
həyata keçirilmişdir.
Azərbaycan Dövlət Neft Akademiyasının rektoru,
akademik Siyavuş Qarayevin zəhməti sayəsində təhsilin
səviyyəsi beynəlxalq təcrübə əsasında xeyli yüksəlmiş, onun
tədris-metodiki təminatı əhəmiyyətli dərəcədə
yaxşılaşdırılmışdır. O hesab edir ki, tədrisin müasir tələblər
səviyyəsində qurulması ən əvvəl tələbkarlığın
artırılmasından, daxili intizam qaydalarının və
tapşırılan iş üçün
məsuliyyət hissinin möhkəmləndirilməsindən
asılıdır. Akademik Siyavuş Qarayevin qətiyyətli
mövqeyi sayəsində Neft
Akademiyasında möhkəm nizam-intizam sistemi yaradılmış, tədrisin təşkilinə
tələbkarlıq son dərəcə
artırılmışdır. Rektor xarici ölkələrin tədris müəssisələri
ilə birgə layihələrin həyata keçirilməsinə,
onlarla əməkdaşlığın
genişləndirilməsinə xüsusi
önəm verir. Bütün
bunlar ADNA-da təhsilin
Avropa standartları üzrə modernləşdirilməsi
istiqamətində təcrübəmizi daha
da zənginləşdirir, tələbələrin
bilik səviyyəsini daha
da artırır, Boloniya
sisteminə qoşulma prosesini
gücləndirir.
Azərbaycan Dövlət Neft Akademiyasının 80 illik
yubileyində iştirak edən ümummilli liderimiz Heydər Əliyev qazanılan
uğurları yüksək qiymətləndirməklə
yanaşı, bu uğurlarda
əməyi olan rektor S.Qarayevin
adını da xüsusi
vurğulamışdı. Bəli, qazanılan uğurlar
göz qabağında idi. Bu uğurun
dövlət başçısı tərəfindən
yüksək qiymətləndirilməsi yeni-yeni
nailiyyətlərə sövq edirdi. Heydər Əliyevin verdiyi
məsləhətlər, tövsiyələr professor
S.Qarayevin gələcək fəaliyyətinin
proqramına çevrildi.
"2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali təhsil
sistemində islahatlar üzrə Dövlət
Proqramı"na müvafiq olaraq ADNA-da "Virtual Universitet", kredit sistemi əsasında
tədris prosesini idarə etmək üçün isə - "Elektron
Tədris Mərkəzi", tələbələr tərəfindən
geniş istifadə edilən "Elektron Kitabxana"
yaradılmışdır.
Son illər S.Qarayevin
rəhbərliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasının xarici
ölkələrin təhsil
müəssisələri ilə əlaqələri daha da genişlənmişdir.
Tədris müəssisələri ilə
qarşılıqlı əməkdaşlığın
faydasını nəzərə alan Neft Akademiyası Almaniyanın Zigen
Universiteti, ABŞ-ın Corciya
Dövlət Universiteti, Rumıniyanın Ployeşti Neft-Qaz Universiteti, Çinin Neft Universiteti, Rusiyanın
Dövlət Neft və Qaz
Universiteti, Sankt-Peterburq
Dövlət Dağ İnstitutu, Türkiyənin
İstanbul Texniki Universiteti və Ankara Orta Doğu Texniki Universiteti, Gürcüstan Texniki Universiteti, Avstriyanın Leoben
şəhərindəki Montan Universiteti,
Qazaxıstanın Mangistau "Bolaşak" İnstitutu,
Kaspiy Dövlət Texnologiyalar
və İnjinirinq Universiteti
və Qazaxıstan-Britaniya Texniki Universiteti, Norveçin Elm və Texnologiya Universiteti ilə ikitərəfli əməkdaşlıq
haqqında müqavilələr
bağlamışdır.
ADNA-da Avropa standartları səviyyəsində tədrisin
təşkili sahəsində qazanılan böyük
uğurlar, TEMPUS proqramı çərçivəsində
Avropa İttifaqının ali
məktəbləri ilə əməkdaşlıq geniş miqyas
almışdır. Azərbaycan Dövlət Neft Akademiyasında Sofiya-Antipolis
Universiteti (Nitsa, Fransa) və İtaliyanın Qenuya
Universiteti ilə tərəfdaşlıq
sahəsində ətraf mühit və neft sənayesi ixtisası üzrə Avropa İttifaqı standartları səviyyəsində magistratura
yaradılması məhz akademik Siyavuş Qarayevin səyləri
nəticəsində mümkün olmuşdur. Artıq neçə ildir ki, bu
ixtisas üzrə Azərbaycan Dövlət
Neft Akademiyasında yüksək
ixtisaslı kadrlar hazırlanır.
Keçən illər ərzində bu ixtisas üzrə 115 nəfər
magistraturanı başa
çatdırıb, Neft
Akademiyasının diplomunu almış və
onlara bu diplomların Avropa standartlarına uyğun
gəldiyini təsdiq edən Sofiya-Antipolis
Universitetinin sertifikatları verilmişdir.
Təhsil
ocağımızın 90 illik yubileyinə
həsr olunmuş təntənəli iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Neft Akademiyasının ölkəmizin həyatında
böyük rol oynadığını
xüsusi qeyd etməsi
kollektivimizin düzgün
yolda olduğunu
göstərir və vətənimizin tərəqqisi
naminə daha böyük
səylə işləməyi öhdəmizə qoymaqla bizə ilham verir.
Azərbaycan Dövlət Neft Akademiyasında yüksək ixtisaslı
mütəxəssislərin yetişdirilməsini akademik Siyavuş Qarayev dövrün əsas
vəzifəsi hesab edərək, tədrisin
keyfiyyətinin yaxşılaşdırılmasına, müasir təfəkkürlü yeni insan kapitalının
yetişdirilməsinə xüsusi fikir verir. Tələbələrin
elmi yaradıcılığa
marağını artırmaq və onların elmi
tədqiqat işlərində iştirakını təmin etmək
məqsədi ilə onun təşəbbüsü
ilə hər il Azərbaycan Dövlət
Neft Akademiyasında tələbələrin elmi-texniki konfranslarının keçirilməsi
ənənəyə çevrilmişdir.
Yaradılmış şəraitdən istifadə
edən gənclər müasir biliklərə,
informasiya texnologiyalarına yiyələnir,
xarici dilləri mükəmməl öyrənir,
nüfuzlu neft şirkətlərində
işlə təmin edilir və ali məktəbdə aldıqları biliyin dəyərini yüksək qiymətləndirirlər.
Neft
Akademiyasının qarşısında duran
ən mühüm məsələlərdən
biri də elmi tədqiqat
işlərinin tətbiqi istiqamətinin gücləndirilməsi
və istedadlı tədqiqatçıların
hazırlanması olduğunu nəzərə
alan akademikin həyata
keçirdiyi ciddi tədbirlər
öz bəhrəsini
verməkdədir.
Akademik Siyavuş Qarayev yüksək
insani keyfiyyətləri, mədəni və
elmi səviyyəsi ilə fərqlənir,
əməkdaşlarla münasibətdə etik
normaları gözləyir, azərbaycançılıq
ideologiyasına birmənalı sədaqət mövqeyində
dayanır. O, bütün şüurlu həyatının mənasını
ulu öndərimiz Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın
möhkəmləndirilməsinə, onun layiqli davamçısı Prezident
İlham Əliyevin sivil
dövlətçilik siyasətinə sədaqətlə xidmət
etməkdə görür.
Çoxsaylı professor-müəllim,
tədris-köməkçi heyəti və tələbə kontingenti ADNA-nın rektoru
Siyavuş Qarayevin yetkin şəxsiyyətinə, yüksək insani keyfiyyətlərinə, zəngin
dünyagörüşünə, prinsipial
mövqeyinə və ədalətli tələbkarlığına
böyük hörmətlə
yanaşır. Onunla bir yerdə işləmək, təmasda olmaq hər kəs üçün
böyük həyat məktəbidir.
S.Qarayev 570-ə
yaxın elmi əsərin müəllifidir,
70-dən çox beynəlxalq və regional elmi konfrans
və simpoziumlarda məruzə ilə
çıxış etmişdir. Onun elmi rəhbərliyi ilə
Azərbaycan, Rusiya, Asiya,
Afrika və Latın Amerikası ölkələri
üçün 23 elmlər namizədi və
bir elmlər doktoru
hazırlanmışdır. O, "Azərbaycan ali texniki məktəblərinin
xəbərləri" jurnalının baş
redaktoru, bir neçə
elmi, ictimai-siyasi jurnal və qəzetlərin redaksiya
heyətlərinin üzvüdür.
Azərbaycan Milli
Elmlər Akademiyasının həqiqi üzvü
olmaqla yanaşı o,
Rusiya Təbii Elmlər
Akademiyasının, Beynəlxalq Elmlər Akademiyasının
və Beynəlxalq Ekoenergetika
Akademiyasının akademiki, Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq
Mühəndislik Akademiyasının və Azərbaycan Mühəndislik
Akademiyasının həqiqi üzvü,
Çin Neft Universitetinin fəxri professorudur.
Professor Siyavuş Qarayev zərif üzvi sintez sahəsində
respublikamızda və onun
hüdudlarından kənarda tanınmış tədqiqatçı
alimdir. Onun gərgin əməyi sayəsində asetilenlərin
hetoroatomlu törəmələri əsasında
sintez edilmiş yeni üzvi maddələr
neft sənayesində, materialların korroziyasına
qarşı inhibitorların, flotoreagentlərin
alınmasında, tibdə dərman preparatlarının
alınma üsullarının işlənib
hazırlanmasında və kənd təsərrüfatında
bitkilərin stimulyatorların yaradılmasında tətbiq edilir. Üzvi kimyanın mühüm nailiyyətlərindən biri hesab edilən alkinlərin
katalitik çevrilmələrində molekuldaxili tsiklləşmənin özünəməxsus
yeni reaksiyanın kəşf edilməsi də
professor Siyavuş Qarayevin adı ilə bağlıdır.
Professor Siyavuş Qarayevin elmi tədqiqat işlərində entosiklik doymamış həlqəvari sistemlərin
sintezi probleminin eksperimental yolla əsaslandırılmış
həlli prinsipləri xüsusi maraq kəsb edir.
Görkəmli
alim Siyavuş Qarayev öz yetirmələri
ilə birlikdə yazdığı və dünyada
analoqu olmayan "Zərif
üzvi sintez prinsipləri"
dərs vəsaiti mürəkkəb üzvi
molekulların alınması probleminə həsr edilmiş ən
qiymətli tədqiqat əsəridir. Bir çox alimlər özlərindən sonra zəngin elmi irs qoyub gedirlər, ancaq yeni elmi
istiqamətin müəllifi olmaq heç də hamıya nəsib olmur.
Akademik
S.Qarayev bir sıra fəxri
adlarla təltif olunmuş,
Beynəlxalq Mühəndislik Akademiyası ona
"XX əsrin görkəmli mühəndisi"
adını vermiş, Beynəlxalq Ekoenergetika Akademiyası qızıl medalla, Azərbaycanın "Bilik"
Cəmiyyəti isə onu Y.Məmmədəliyev
adına medalla təltif etmişlər. Regional akademik əməkdaşlıqda
görkəmli nailiyyətlərinə görə Qara Dəniz Universitetləri Assosiasiyası akademik S.Qarayevi xatirə
nişanı ilə təltif etmişdir.
O, "Vektor" Beynəlxalq Elm Mərkəzi tərəfindən həyata
keçirilən "Azərbaycanın 100 görkəmli alimi" layihəsinin qalibi
olaraq, Azərbaycan elminin
inkişafındakı xidmətlərinə görə beynəlxalq
diploma layiq görülmüşdür. Avropa
Biznes-Assambleyası və Avropa Rektorlar Klubu tərəfindən
aparılan "XXI əsrin Lideri" beynəlxalq
proqramı çərçivəsində S.Qarayev
müasir cəmiyyətin intellektual
inkişafındakı şəxsi nailiyyətlərinə
görə Sokrat
ordeni ilə təltif olunmuşdur.
Akademik Siyavuş Qarayevi yubileyi münasibətilə təbrik edir, ona möhkəm
cansağlığı, xoşbəxtlik, elmi, pedaqoji və təşkilati işlərində
uğurlar arzulayırıq.
Vaqif QURBANOV,
ADNA-nın tədris
işləri üzrə
prorektoru, professor
P.S.
Yazı çapa hazırlanarkən Siyavuş müəllimin "Şöhrət"
ordeni ilə təltif edilməsi xəbərini
eşitdik. Qəzetimizin kollektivi
də bu yüksək təltif və yubileyi münasibətilə akademik
Siyavuş Qarayevi təbrik
edir.
Azərbaycan müəllimi.- 2012.- 20
aprel.- S.3.