"Ali
məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"na
start verilib
Heydər Əliyev Fondu, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə
təşkilatçılığı ilə 17 May -
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti
Gününə həsr olunan "Ali məktəb tələbələri
arasında informatika üzrə Ümumrespublika
Olimpiadası"na start verilib.
Bu tədbirin keçirilməsində
başlıca məqsəd gənclərin İKT
hazırlığının daha da təkmilləşdirilməsi,
kompüter proqramlaşdırması
sahəsində istedadlı və qabiliyyətli gənclərin
aşkara çıxarılması, informatika və
proqramlaşdırma üzrə keçirilən Beynəlxalq
Olimpiadalarda iştirak etmək üçün komandaların
seçilməsidir. Beynəlxalq
olimpiadaların formatına uyğun keçirilən bu
olimpiada komandaların yarışmasıdır. Hər
komandada 3 nəfər tələbə təmsil olunur.
Yarış zamanı hər komandaya 1
kompüter ayrılır və 5 saat ərzində 5-10 məsələni
həll etmək tapşırığı verilir. Məsələlərin
həllinin yoxlanması və qiymətləndirilməsi
üçün proqramlaşdırma üzrə beynəlxalq
olimpiadalarda tətbiq olunan Avtomatik Qiymətləndirmə
Sistemindən istifadə olunur. Komandalar məsələlərin
həllini Free Pascal, Borland C++ və Borland Pascal kimi
proqramlaşdırma dillərindən birində yazırlar və
proqramın mətnini yoxlamaq üçün serverə
göndərirlər. Sistem məsələnin həllini dərhal
yoxlayır və nəticənin səhv və ya düzgün
olması barədə məlumatı serverdən
iştirakçının kompüterinə göndərir.
Qeyd edək ki, bu sistem münsiflər
heyətinin işini xeyli yüngülləşdirir. Belə
ki, yarış iştirakçıları tərəfindən
göndərilən həll edilmiş məsələləri
yoxlamaq və nəticəni onlara bildirməklə
yanaşı, həm də avtomatik olaraq həll olunmuş məsələlərin
hesabatını aparır, balları hesablayır və
iştirakçıların reytinqini tərtib edir. Onu da qeyd
edək ki, olimpiada vaxtı komandalar digər bütün
komandaların nəticələr cədvəlinə baxa bilirlər. 2007-ci ildən müntəzəm
keçirilən bu olimpiadanın 15 aprel 2012-ci il tarixində
Qafqaz Universitetində keçirilmiş ilk mərhələsində
respublikanın 15 ali təhsil müəssisəsindən 45
komanda iştirak edib. İlk mərhələnin
nəticələrinə görə, olimpiadanın ikinci
(final) mərhələsinə respublikanın 4 ali təhsil
müəssisəsindən 12 komanda vəsiqə qazanıb.
Bununla yanaşı, Beynəlxalq İnformatika Olimpiadalarında
Azərbaycan komandasının rəhbəri, Bakı Dövlət
Universitetinin dosenti Ramin Mahmudzadənin rəhbərlik etdiyi
münsiflər heyətinin qərarına əsasən cari ildə
olimpiadanın ilk mərhələsində regionlardan
qoşulan komandaların aktivliyi nəzərə alınaraq,
finala müsabiqədən kənar 9 komanda da dəvət
olunub.
Olimpiadanın final mərhələsinin
29 aprel 2012-ci il tarixində AMEA-nın İnformasiya
Texnologiyaları İnstitutunda keçirilməsi nəzərdə
tutulub. Olimpiadada ilk 4 yerə
layiq görülən komandalar Azerfon və BestComp Group
şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələrlə
mükafatlandırılacaqlar.
Azərbaycan müəllimi.- 2012.-
20 aprel.- S.2.