I və V siniflər üçün dərslik komplektlərinin hazırlanması və çapı məsələləri müzakirə olunub

   

Aprelin 18-də Təhsil Nazirliyində 2012-2013-cü tədris ilinə ümumtəhsil məktəblərinin I və V sinifləri üçün dərslik komplektlərinin hazırlanması və çapına dair tenderqabağı iclas keçirildi. İclasda Təhsil Nazirliyi Tender komissiyasının, Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri, tenderə qatılan nəşriyyat-poliqrafiya müəssisələrinin rəhbərləri iştirak edirdilər.

İclası giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov son illər dərsliklərin hazırlanması və çapı istiqamətində ciddi işlərin görüldüyünü, bir sıra irəliləyişlərə nail olunduğunu söylədi. Bildirdi ki, bu istiqamətdə işlər davam edir və dərslik komplektlərinin istifadəsi üçün nəzərdə tutulan 4 illik müddət bu il I siniflər üzrə başa çatdığından həm I siniflərdə, həm də ilk dəfə kurikulum tətbiq olunacaq V siniflərdə artıq yeni dərslik komplektlərinin tender yolu ilə hazırlanması və çapı prosesinə başlanıb.

Hazırlanan dərsliklərin keyfiyyətli, kurikulumun tələblərinə uyğun olmasını, ictimaiyyəti qane etməsini ən vacib məsələ sayan nazir bunun üçün dərsliklərin hazırlanması və çapı ilə bilavasitə məşğul olan nazirliyin Dərslik və nəşriyyat şöbəsinin, Dərslikləri Qiymətləndirmə Şurasının və nəşriyyat-poliqrafiya müəssisələrinin bu işə daha məsuliyyətlə yanaşmasının vacibliyini vurğuladı. Bildirdi ki, dərsliklərin hazırlanması və çapı ilə bağlı prosedur məsələlərinə, təşkilati işlərə nazirliyin Dərslik və nəşriyyat şöbəsi, dərsliklərin keyfiyyətinə isə Qiymətləndirmə Şurası və dərslikləri qiymətləndirən ekspertlər cavabdehdirlər, həmin məsələlərlə bağlı yaranan suallara da onlar cavab verməlidirlər.

Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin məsuliyyətinin artırılmasından danışan Misir Mərdanov ekspertlərin seçimi, onların işinin səmərəli təşkili, dərsliklərin vaxtında çap olunub yerlərə çatdırılmasının diqqətdə saxlanılmasının zəruriliyini bildirdi. Nazir əlavə etdi ki, nəşriyyat - poliqrafiya müəssisələri dərsliklərin keyfiyyətini yüksəltməli, tərtibatı yaxşılaşdırmalı, redaktə və korrektə işini gücləndirməli, ekspertlərin işinə mane olmamalı, Dərslikləri Qiymətləndirmə Şurasının qərarlarına hörmətlə yanaşmalıdırlar. Nazir həmçinin Dərslikləri Qiymətləndirmə Şurasının fəaliyyətinin səmərəliliyinin daha da artırılmasının, şuranın hər bir üzvünün çıxarılan qərarlarda öz məsuliyyətini dərk etməsinin, onların qiymətləndirmədə yaxından iştirak edərək ekspertlərə kömək göstərməsinin vacibliyini diqqətə çatdırdı. Dərslikləri qiymətləndirən ekspertlərin səriştəsinin ildən-ilə artdığını söyləyən nazir buna baxmayaraq eyni adamların hər il müxtəlif siniflər üzrə eyni dərslikləri qiymətləndirməsi nəticəsində bəzən qiymətləndirmədə müəyyən uyğunlaşmanın yarandığını söylədi və bu il üçün ekspertlər seçilərkən həmin məsələnin nəzərə alınmasını vacib saydı. Nazir ekspertlərin tərkibinin ən azı 70 faizinin dəyişdirilməsini, cəmiyyətdə tanınan, söz sahibi olan mütəxəssislərin bu işə cəlb olunmasını təklif etdi. Eyni zamanda bildirdi ki, ekspert qismində yeni dəvət olunmuş adamların mövcud prosedurları, qiymətləndirmə qaydalarını öyrənmələri üçün onlar müəyyən kurslardan keçməlidirlər.

Çıxışında alternativ dərsliklər məsələsinə də toxunan və tez-tez ona "Niyə Azərbaycanda alternativ dərsliklərə keçilmir" məzmunda sualların ünvanlandığını deyən nazir sualın həqiqətən də düşündürücü olduğunu, özünün də bir-birinə çox yaxın səviyyədə bir neçə dərsliyin olmasını istədiyini bildirdi. Nazirin fikrincə, dövlətin ayırdığı vəsaitin müəyyən hissəsini keyfiyyəti qiymətləndirənlərin təklifi ilə belə dərsliklərin birinə vermək və ya bir neçəsi arasında bölmək də mümkündür. "Ancaq ən vacibi odur ki, cəmiyyət buna necə baxacaq. İkincisi, bizim elə dərsliklərimiz olacaqmı ki, qiymətləndirmə baxımından bir-birinə çox yaxın olsun", - deyən Misir Mərdanov bu məsələnin də hökmən nəzərə alınmalı olduğunu söylədi.

Təhsil naziri Misir Mərdanov daha sonra diqqətə çatdırdı ki, 2012-2013-cü tədris ilinə ümumtəhsil məktəblərinin I və V sinifləri üçün dərslik komplektlərinin hazırlanıb çap olunması ilə bağlı 13 nəşriyyat-poliqrafiya müəssisəsi Tender komissiyasına müraciət etmişdir. "Dərsliklərin qiymətləndirilməsi meyarları"na yenidən baxılmış və onlar müvafiq təkliflər nəzərə alınaraq təkmilləşdirilmiş, Dərslikləri Qiymətləndirmə Şurasının təqdimatı əsasında təsdiq edilmişdir. Meyarlar təkmilləşdirilərkən hər bir fənn üzrə qiymətləndirmə meyarlarının özünəməxsusluğu, yəni bir fənn üzrə qiymətləndirmə meyarlarının digər fənn üzrə meyarlardan fərqli olması nəzərə alınmışdır.

İclasda Dərslikləri Qiymətləndirmə Şurasının qiymətləndiricilərinin işinin təşkili məsələsinə də diqqəti yönəldən nazir qeyd etdi ki, bu il onların Bakıdakı akademik Zərifə Əliyeva adına tam orta məktəbdə işləməsi qərara alınıb. Məktəbdə onların səmərəli işləməsi üçün əlverişli şərait yaradılacaq.

Nazir dərsliklərin qiymətləndirilməsi proseduru başa çatdıqdan sonra qiymətləndiricilərin adlarının mətbuatda açıqlanacağını vurğuladı.

Təhsil naziri çıxışının sonunda keçirilən tender nəticəsində ən yaxşı dərsliklərin seçiləcəyinə ümidvar olduğunu söyləyib qalan vaxtdan səmərəli istifadə olunmasını və işlərin sürətləndirilməsini tövsiyə etdi, bununla əlaqədar müvafiq tapşırıqlar verdi.

Tədbirdə Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı, Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri, Milli Məclisin deputatları Musa Qasımlı, Nizami Cəfərov, şuranın digər üzvləri Sabir Mirzəyev, Mirzəli Murğuzov, Ceyran Bayramova, Validə Məmmədova, "Təhsil" nəşriyyatının direktoru Bəhruz Axundov, "Altun-kitab" nəşriyyatının direktoru Rafiq İsmayılov çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikir və mülahizələrini bildirdilər, təkliflər irəli sürdülər.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2012.- 20 aprel.- S.2.