NDU-da distant təhsil vasitəsilə informatika fənninin yaz semestri üzrə tədrisinə başlanıldı

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssislərinin distant təhsil sistemi vasitəsilə Naxçıvan Dövlət Universitetində elmi tədqiqat və təhsil müəssisələrinin doktorant və dissertantları üçün informatika fənninin yaz semestri üzrə tədrisinə start verilmişdir.

Bu münasibətlə təşkil olunmuş mərasimdə çıxış edən NDU-nun rektoru, akademik İsa Həbibbəyli yüksək ixtisaslı kadrların yetişdirilməsində, dünyanın nüfuzlu universitetləri ilə genişmiqyaslı əlaqələrin qurulmasında, bilik və təcrübə mübadiləsinin aparılmasında distant təhsil sisteminin mühüm rolundan bəhs etmişdir. Rektor gənc nəslin innovativ inkişafında böyük önəm kəsb edən və informasiya cəmiyyətinin yeni təhsil modeli olan distant təhsil sisteminin tətbiqinin bu ali təhsil müəssisəsində prioritet məsələlərdən birinə çevrildiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, universitetdə elektron təhsil sisteminin yaradılması, informasiya təminatının təşkil edilməsi məqsədilə elektron kitabxana, İnternet mərkəzləri, CİSKO Akademiyası, Təhsil Qeydiyyat Mərkəzi, İnformasiya texnologiyaları şöbəsi və digər qurumlar  fəaliyyət  göstərir. Artıq bir neçə ildir ki, universitetin bütün tədris korpuslarında, struktur bölmələrində, eləcə də 108 hektarlıq ərazisində "Wi-Fi" kampus İnternet şəbəkə sistemindən istifadə olunduğu, "Elektron Naxçıvan" layihəsinin uğurla həyata keçirildiyi bir daha  iştirakçıların diqqətinə çatdırıldı.

Videobağlantı vasitəsilə mərasimə qoşulmuş Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev və digər mütəxəssislər "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində görülən tədbirlərdən, əldə olunan nailiyyətlərdən söhbət açmışlar. Qeyd olunmuşdur ki, distant təhsilin təşkil olunması ali təhsil müəssisələri arasında virtual əlaqələrin genişlənməsinə böyük təkan verməkdədir.

Beləliklə, informatika fənninin yaz semestri üçün distant təhsilinə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi, texnika elmləri doktoru Ramiz Alıquliyevin "Elmmetriya: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri" mövzusunda mühazirəsilə başlanılmışdır. Mühazirəçi elmmetriya anlayışına aydınlıq gətirmiş, Azərbaycanda bu sahədə mövcud reallıqlardan bəhs etmişdir.

Qeyd edək ki, dinləyicilər arasında doktorant və dissertantlarla yanaşı, informatika ilə maraqlanan magistr və tələbələr də iştirak edirdilər.

 

 

Çinarə MƏMMƏDOVA

 

Azərbaycan müəllimi.- 2012.- 20 aprel.- S.4.