Məzunlar 50 ildən sonra görüşdülər
Gəncə
Dövlət Universitetinin 1961-ci il məzunları 50 il sonra görüşdülər. 1956-cı ildə
GDU-ya - o vaxtkı H.Zərdabi
adına KDPİ-nin fizika-riyaziyyat
fakültəsinə qəbul olunan, 4 il sonra müəllim kimi müstəqil həyata atılan gənclər
indi ömürlərinin müdrik
çağında
görüşə gəlmişdilər. Universitetin rektoru,
professor Elman Məmmədovun,
riyaziyyat-informatika fakültəsinin
dekanı, dosent Fəxrəddin Məmmədovun
dəstəyi ilə öz keçmiş tələbə
yoldaşlarını soraqlayan dosent Hüseyn Mehdiyev axtarış əsnasında bəzən
kədərli xəbərlərlə də üzləşmişdi...
Nəhayət,
1961-ci il məzunlarının 4 qrupundan - 82 nəfərdən qalan
23 nəfər görüşdü. Çox təsirli görüş
idi... Bir-birinə zənlə baxıb sonra tanıyan kim,
qucaqlaşıb-öpüşən, bir-birindən işini-gücünü, nəvə-nəticəsini
soraqlayan kim... Keçmiş müəllimlərindən bircə
Nemət Seyfullazadəni görə bildilər. Nemət müəllimin,
Həmid müəllimin gənc mütəxəssis kimi auditoriyaya girdiyi günlər yada düşdü.
Məzunlar
doğma universiteti
qarış-qarış gəzdilər, elmin,
texnikanın ən müasir nailiyyətlərinə
əsaslanan Boloniya prosesi,
kompüterləşdirilmiş dərslərlə, fakültənin
özünəməxsus elektron
kitabxanası ilə tanış oldular.
Sonra məzunları universitetin akt zalında
müəllim-tələbə kollektivi
alqışlarla qarşıladı.
Yığıncağı
universitetin riyaziyyat-informatika
fakültəsinin dekanı, dosent Fəxrəddin
Məmmədov açaraq məzunlara
fakültə kollektivi adından "Öz doğma təhsil
ocağınıza xoş gəlmisiniz!",
- dedi. Sonra dünyasını dəyişmiş məzunların
xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış üçün
ilk söz alan universitetin tərbiyə
işləri üzrə prorektoru, dosent Asif Cavadov
məzunların uzun illərdən sonra görüşmək sevincinə şərik
olduğunu, bu görüşün ona da tələbəlik illərini
xatırlatdığını dedi. Asif müəllim üzrlü
səbəbə görə bu görüşdə
iştirak edə bilməyən rektor və bütün kollektiv adından məzunları salamladı,
onları respublikanın ən qocaman təhsil
ocaqlarından biri olan
GDU-nun qısa tarixi ilə
tanış etdi.
Fakültənin
tələbə musiqi kollektivinin
oxuduğu məşhur "Tələbəlik
illəri" mahnısı məzunların və bugünkü tələbələrin qəlbinin
ən incə tellərini titrətdi. Tələbələrin
bu mahnını səhnədə deyil, zalda sıralar
arasında oxuması elə təsir yaradırdı ki, sanki bütün
görüş
iştirakçıları bu
mahnını oxuyur.
Fakültə
dekanı, dosent Fəxrəddin Məmmədov
görüşün təşkilindən,
məzunların universitetlə tanışlığından
danışdı, universitetin riyaziyyat-informatika fakültəsinin keçdiyi yola nəzər
saldı.
Fakültənin
61-ci il məzunlarından İnqilab
Nadirov çıxış edərək
tələbəlik illərini xatırladı,
buraxılış zamanı oxuduğu
2-ci qrup tələbələrinə
müəllimləri Hidayət Abdullayevin
tövsiyələrinin daim
qulağında səsləndiyini dedi.
Görüş
iştirakçıları uzun illər məsul
vəzifələrdə səmərəli fəaliyyət
göstərmiş İnqilab müəllimin
zəngin həyat tarixçəsi ilə tanış oldular, indi də yüksək
enerji ilə bədii və elmi əsərlər üzərində
işləyən bu insanın söhbətlərini maraqla dinlədilər.
Gədəbəy
rayonundan gəlmiş məzun Huriyyət
Məmmədova bildirdi ki,
1961-ci il məzunları içərisində
fəal insanların sayı az deyil. Huriyyət xanım da
GDU-nun məzunu adını fəal həyat
mövqeyi ilə doğrultmuş,
qabaqcıl müəllim, məktəb direktoru,
təhsil şöbəsinin müdiri olmuşdur. Müəllimlərindən
- Hidayət Abdullayev, Şikar
Cabbarov, Nemət Seyfullazadədən və
başqalarından aldığı tövsiyələri
unutmamış Huriyyət xanım qurultaylar,
konfranslar iştirakçısı olarkən
də hər kəsi daha yaxşı
işləməyə, özünə və
başqalarına qarşı tələbkar olmağa
səsləmişdir. O bir daha qeyd etdi
ki, bu tələbkarlığı,
bu məsuliyyəti məhz universitet müəllimlərindən əxz etmişdir.
1961-ci il məzunlarından Lətif Eminovun
tələbəlik illəri ilə bağlı şirin xatirələri hər kəsi bir daha o
illərə qaytardı. O da bir sıra məsul vəzifələrdə
çalışdığını qeyd
etdi.
Qocaman müəllimlərdən
biri, dekan olduğu müddətdə fakültənin
yüksəlişi üçün əhəmiyyətli
işlər görmüş dosent Əliqulu Quliyevin
çıxışında tələbələrin təhsil
və mənəvi tərbiyəsi məsələsi əsas yer tutdu və bu sahədə bugünkü görüşün
də böyük rolu
olduğu qeyd olundu.
Dosent Nüyvər Nəsrullayev
görüş
iştirakçılarının hisslərinə şərik
olduğundan, vaxtilə öz
tələbə yoldaşları ilə keçirdikləri
görüşlərdən, universitetin
yüksəlişindən, bu yüksəlişdə
riyaziyyat-informatika fakültəsinin
mövqeyindən bəhs etdi.
Görüşün əsas təşkilatçılarından
olan məzun Hüseyn
Mehdiyev bu tədbirin təşkili
üçün rektorluğa
və bu işə dəstək olan hər kəsə təşəkkürünü
bildirdi. Görüşə
hazırlaşarkən və məzunları soraqlayarkən keçirdiyi hisslərdən
danışdı. Bəzən kimlərinsə vəfatı xəbəri
onun sevincinə acı kədəri də
qarışdırmışdı. Hüseyn
müəllim sevimli müəllimlərini
xatırlayarkən Şikar Cabbarovdan, onun tələbkarlığından,
bilikli və vicdanlı şəxsiyyət
kimi daim xatirələrdə
yaşadığından daha çox bəhs etdi.
Gənc
müəllimlərdən Nurəngiz Bəşirova, tələbələrdən
Çinarə Muradova və Pərvin Məhərrəmovanın
çıxışları müəllim əməyinə
qiymət idi, bu
görüşdən dərs götürən, örnək alan gənc nəslin gələcək həyat
yoluna
saldığı işığın təsdiqi idi. Pərvin Məhərrəmovanın bu görüşə gəlmiş babası
Fərhad Həsənovla görüşü
də təsirli idi.
Sonra tələbələr
1961-ci il məzunlarına xatirə hədiyyələrini
təqdim etdilər. Görüşdə Rəsul Rzanın
"Mənə bir sərgi salonu verin" şeiri səsləndi. Fakültə
dekanı Fəxrəddin Məmmədov söylədiyi bu təsirli şeiri məclisin
ovqatına uyğun
yekunlaşdırdı: "Ən uca zirvədə,
ən şərəfli guşədə müəllim şəkli
asacağam", - deyə bir
daha müəllim adının
ucalığını, şərəfini
iştirakçılara çatdırdı. Nəhayət, uzaq illərin xatirələri ilə, bugünkü günün
görüş sevinci
ilə təsirlənmiş iştirakçılar tələbələrin
xorla oxuduğu
"Torpağın səsi" mahnısını dinlədilər.
Tələbələrin demək olar ki, hamısının
ayağa qalxaraq oxuduğu bu mahnı və
mahnının ahəngi ilə yellənən bayraqlar
sanki 1961-ci il məzunlarına
yaxşı yol arzulayır, "gələn
görüşlərədək" - deyirdi.
Məzunlar
da, məclisin digər
iştirakçıları da bu görüşdən unudulmaz
təəssüratla ayrıldılar. Ayrıldılar ki, yenidən görüşsünlər.
Firəngiz İDRİSQIZI
Azərbaycan
müəllimi.- 2012.- 20 aprel.- S.5.