Azərbaycan Dövlət Pedaqoji Universitetinin 90 illik yubileyi qeyd edildi

 

Aprelin 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində bu təhsil ocağının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi.

Təhsil naziri Misir Mərdanov mərasimi açıq elan etdikdən sonra universitetin tələbələrindən ibarət xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

Bu gün ölkəmizin  orta ümumtəhsil, orta ixtisas və məktəbəqədər təhsil müəssisələri  üçün ali təhsilli pedaqoji kadrlar hazırlayan ADPU-nun 90  illik yubileyi münasibətilə professor-müəllim və tələbə heyətini təbrik edən təhsil naziri dövlət başçısı İlham Əliyevin hörmət və ehtiramını  kollektiv üzvlərinə çatdırdı.

Ölkə Prezidentinin Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə universitetin bir qrup əməkdaşını fəxri adlar və mükafatlarla təltif etdiyini deyən nazır bu sərəncamların bir neçə şəxsə deyil, bütün kollektivə, müəllimlərə, alimlərə verilən qiymət kimi dəyərləndirilməli olduğunu vurğuladı.

Sonra Misir Mərdanov ölkə başçısının 18 aprel 2012-ci il tarixli sərəncamları ilə təltif olunanların adlarını oxuyaraq onlara gələcəkdə yeni-yeni uğurlar arzuladı və universitetin kollektivi adından Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Nazir qeyd etdi ki, 90 il ərzində zəngin inkişaf yolu keçmiş universitet yarandığı vaxtdan indiyədək Azərbaycan təhsil sistemi üçün 150 minə yaxın müəllim yetişdirib. Bu çox böyük nailiyyətdir. Ona görə də bu gün kim nəyə qadirdirsə, həyatda hansı nailiyyətləri əldə edibsə, ilk növbədə, burada çalışan alimlərə, ziyalılara minnətdar olmalıdır.

Təhsil ocağının məşhur məzunlarının adlarını diqqətə çatdıran Misir Mərdanov bu gün müəllim və tələbələrin məhz həmin şəxsiyyətlərə görə yubileyi belə təntənəli qeyd etməyə haqları olduğunu bildirdi.

Çıxışının sonunda bir daha universitetin kollektivini Azərbaycanın bütün təhsil ictimaiyyəti adından təbrik edən nazir onlara yeni-yeni nailiyyətlər, böyük uğurlar arzuladı.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov qonaqları salamlayaraq vaxtlarını sərf edib yubiley tədbirində iştirak etdiklərinə görə onlara  təşəkkür etdi və yüksək dövlət mükafatlarına layiq görüldüklərinə görə ölkə Prezidenti cənab İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirdi.

Sonra rektor "ADPU-nun tarixi, bu günü, perspektivləri" mövzusunda məruzə ilə çıxış etdi. Məruzədə universitetin yaranma tarixi, qazandığı uğurlar, ölkəmizin təhsil müəssisələri ilə yanaşı, həm də xarici ölkələr üçün elmi-pedaqoji kadr hazırlığı sahəsində göstərdiyi mühüm xidmətlərdən bəhs edildi. Qeyd olundu ki,  ADPU-nun məzunları sırasında ölkəmizdə və onun hüdudlarından kənarda tanınan çoxsaylı alimlər, ictimai-siyasi xadimlər, yazıçı və şairlər, bəstəkarlar, xalq qəhrəmanları bu ali təhsil müəssisəsinin nüfuzunun geniş şəkildə artmasında mühüm rol oynamışlar. Şöhrətli elm və təhsil ocağına çevrilmiş universitetin son 40 ildə qazandığı böyük uğurlar ümummilli liderimiz Heydər Əliyev və onun ideyalarının layiqli davamçısı cənab İlham Əliyevin elm və təhsilə göstərdiyi böyük qayğı və diqqət sayəsində əldə edilmişdir. Ulu öndərimiz 5 dəfə bu universitetə gəlmiş, təhsil ocağını dövrün ən yüksək mükafatlarından olan "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif etmiş, professor-müəllim heyətini və tələbələri mükafatlandırmış, kollektivə dəyərli tövsiyə və məsləhətlər vermişdir.

Təhsilin, maddi dəyərlərin intellekt kapitalına çevrilməsinin vacibliyini önə çəkən ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə son 6 ildə universitetin 50-dək əməkdaşı təhsilin inkişafındakı xidmətlərinə görə yüksək dövlət mükafatlarına layiq görülmüşdür. Dövlət başçısının 18 aprel 2012-ci il tarixli sərəncamları ilə ADPU-nun 38 nəfər əməkdaşı "Tərəqqi" medalı və müxtəlif fəxri adlarla təltif edilib.

Verilən məlumata görə, ADPU son illər Türkiyə Respublikasının Hacəttəpə Universiteti, Mehmet Akif Ersoy Universiteti, eləcə də Rumıniya, Fransa, Rusiya, Baltikyanı və digər xarici ölkələrin universitetləri ilə sıx əməkdaşlıq edir. ADPU həmçinin Avropa və Amerikanın 60-dan çox qabaqcıl və nüfuzlu universitetini özündə birləşdirən ETEN-ə (Avropa Müəllim Hazırlayan Ali Məktəblər Birliyi) və Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri Assosiasiyasına üzv seçilmişdir.

Y.Məmmədov universitetin 60 illik yubileyində ulu öndər Heydər Əliyevin də iştirak etdiyini xatırlatdı və sonra bununla bağlı film göstərildi. Monitorda ümummilli liderin həyatının ayrı-ayrı məqamlarının əks olunduğu fotolardan ibarət slaydlar nümayiş etdirildi. Xor kollektivi ulu öndərə həsr olunmuş mahnı ifa etdi.

Mərasimdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova, BDU-nun rektoru Abel Məhərrəmov, ATU-nun  rektoru Əhliman Əmiraslanov, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov, ADİU-nun rektoru Şəmsəddin Hacıyev, AMİ-nin rektoru Aqiyə Naxçıvanlı, Səbail RİH-in başçısı Asif Əsgərov, AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, BSU-nun rektoru Kamal Abdulla və başqaları ADPU-nun professor-müəllim heyətini və tələbələrini yubiley münasibəti ilə təbrik etdilər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciət oxundu.

Sonda xor kollektivinin ifasında universitetin himni səsləndi. 

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2012.- 27 aprel.- S.2.