"İndi də elə bil Rəsul Rza ilə danışıram, söhbət edirəm"

 

Müsahibimiz Rəsul Rza Fondunun sədri, xalq şairi Fikrət Qocadır

 

Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev) 19 may 1910-cu ildə Göyçayda doğulub. 1932-ci ildə Azərbaycan Yazıçılar İttifaqının sədri, 1945-1948-ci illərdə Azərbaycan Kinematoqrafiya naziri, 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasının baş redaktoru, 1960-1981-ci illərdə Asiya və Afrika ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri, 1966-1975-ci illərdə Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri, 1964-cü ildə SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü olmuşdur.  "Vətən" (1942), "Ölməz qəhrəmanlar" (1942), "İntiqam, intiqam" (1943), "Qəzəb və məhəbbət" (1943), "Şeirlər" (1959), "Xalq həkimi" (1961), "Pəncərəmə düşən işıq" (1962), "Qızılgül olmayaydı" (1958-1961), "Duyğular, düşüncələr" (1964), "Dözüm" (1965), "Mənim fikrimcə" (1967), "Dünən, bu gün, sabah" (1973), "Güneylər, quzeylər" (1977), "Üzü küləyə" (1979), "Bir gün də insan ömrüdür", "Rənglər" əsərlərinin, uşaqlar üçün "Balacaların şəkilli təbiət ensiklopediyası" seriyasından kitabça, məqalə və oçerklərin müəllifidir.  Nizami, Esxil, Mayakovski, Nekrasov, Puşkin, Lermontov, Şevçenko, A.Blok, Lonqfello, Bayron, H.Heyne, Ş.Petefi, Qarsia, Lorka, Nezval, N.Hikmət kimi bir çox dünya yazarlarının əsərlərini doğma dilimizə çevirib. 1943-cü ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1951-ci ildə SSRİ Dövlət Mükafatı laureatı, 1960-cı ildə Azərbaycanın xalq şairi, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq görülüb. Rəsul Rza 1 aprel 1981-ci ildə Bakıda dünyasını dəyişib. Fəxri xiyabanda dəfn olunub.

 

 - Fikrət müəllim, "Mən elə bir maestroyam ki, dindirdiyim bu telləri kimsə çalmamış" - misraları ilə Rəsul Rza yaradıcılığına bəlkə bir körpü salaq...

- Əslində, sənətkar haqqında özündən yaxşı heç kəs dəqiq deyə bilməz. Çünki hər kəs özü-özünü daha yaxşı tanıyır, hər bir yaradıcı insanın içində başqalarının görmədiyi bir gizli 40-cı qapı var. Bağlı qapı... lap nağıllarda olan qapılardan... və o bağlı qapının arxasında nələr olduğunu ancaq qapı sahibi özü bilər. Rəsul Rza öz sanbalını, öz gücünü bilən şəxsiyyət olub...

Şairin yaradıcılığında ən qabarıq cəhət müasirlikdir. İstər poeziyasında, istər nəsr əsərlərində qələmə aldığı, tərənnüm etdiyi bir çox fikirlər yenə də bu günümüzlə səsləşir, oxucunu gələcəyə ruhlandırır, Vətəni sevməyə, onun dəyərini bilməyə kökləyir. Bu da daha çox ailədən, nəsildən gələn xüsusiyyətlərdi... Rəsul Rzanın uşaqlığı, gəncliyi Göyçayda keçib. Ziyalı bir ailədə böyüyüb. Atası savadlı, zəngin düşüncəli, açıqfikirli  bir şəxs olub. Uzun illər mirzəlik etdiyindən adına "Mirzə İbrahim" deyərmişlər.  Hələ 1913-cü ildə ilk qız övladı Kübranı Tiflisə, ikinci qızı Saranı isə yeni tipli məktəbə oxumağa göndərdiyi, üstəlik də qızlarına çadra örtdürmədiyi səbəbindən Göyçayın o zamankı bəzi cəhalətpərəst qüvvələri Mirzə İbrahimin ailəsini "babı", "bəhayi" belə adlandırıblar. Bu barədə Rəsul Rza özü "Avtobioqrafiyam" yazısında daha ətraflı məlumat verib.

Qızım,  Rəsul Rza kimi nəhənglər dünyaya böyük bir aysberq kimi gəlirlər, onların əsas hissəsi, nəhrin dərin qatlarındadır...  Yəni onların görünməyən tərəfi daha dərində olur. Zaman keçdikcə, illər geri çəkildikcə, biz mahiyyət etibarilə onları daha aydın görə bilirik. Rəsul Rzanın dünyaya gəlişindən bir əsr keçib, hələ indi-indi görürük ki, illərin arxasından əsas konturları asta-asta görünən bu aysberq necə nəhəng imiş... Zamanın suları durulduqca, biz bu aysberqi bütöv görməyə başlayacağıq...

- Azərbaycan poeziyasında Rəsul Rzanın yeri...

- Hər bir şair özü boyda, öz ömrü qədər bir şeirdi. Şair ürəyi, şair beyni şeir yaradan, şeir işləyən, şeir cilalayan canlı bir laboratoriyaya bənzər. Analiz etsək görərik ki, əsl şairlərin ilk şeirləri ilə son şeirləri arasında çox ciddi bir bağlılıq, körpü, rabitə var.

- Rəsul Rza - zamanın nəbzini tutan şair, Nigar Rəfibəyli - kəpənək qanadı qədər zərif misralar müəllifi, Anar - gəncliyin yazarı, Günel Anarqızı - bu günün yazıçısıdı... istedad da irsidimi, sizcə?..

- Bilirsiniz, Rəsul Rza özü dahi bir şairdi,  tərcüməçidi, eksiklopedik biliyə malik bir alimdi, ictimai xadimdi, Nigar xanım tanınmış, hər zaman sevilən, seçilən, oxunan şairədi. Anarın öz auditoriyası olub həmişə. Günelin də özünəməxsus yolu var.

- Orta məktəbdə - 30-35 il əvvəli deyirəm - Rəsul Rzanı Mayakovskinin davamçısı kimi təqdim edirdilər.

- Bu bir dalğa idi poeziyada, Mayakovski dalğası, gəldi və keçib getdi. Ötüb keçən kimi də hərə öz yolunu tapdı. Rəsul Rza da həmin dövrdə gəldi şeirə, özünün sərbəst şeirini gətirdi, olmayan bir yol açdı Azərbaycan poeziyasında. Rəsul Rza misraları elə bil sərbəst şeir deyil, milli şeir janrıdı... Əslində elə tarixən sərbəst vəznin kökləri bizdə olub, lap qədimdən... Dədə Qorqudda da var, Sabirin özündə də, ritm var, amma qafiyə yoxdu. Yəni bir daha deyirəm, Rəsulun poeziyamıza gətirdiyi sərbəst şeir yolu onun öz yolu idi, o heç kəsin, o cümlədən Mayakovskinin də davamçısı deyildi.

- Mayakovski yaradıcılığında pafos, tərənnüm daha qabarıqdır... Rəsul Rzada isə misralar sanki güzgüdü, rəsm əsəridi...

- Sözünüzə qüvvət, hətta spiçkanın (kibritin) tərənnümü var Mayakovskidə. Amma bununla belə, o özü də böyük şairdi.

- Fikrət müəllim, Azərbaycanın yaxın keçmişində Rəsul Rza səhifəsi...

- Rəsul Rza səhifəsində əslində bir neçə Rəsul Rza ilə rastlaşırıq. Ensiklopediyaçı alim Rəsul Rza, şair Rəsul Rza, dramaturq Rəsul Rza, tərcüməçi Rəsul Rza... bu məziyyətlərə malik olan hər bir ictimai xadim, mədəniyyətimizdə xüsusi səhifəsi olan şəxsiyyətdir.

- 1945-1948-ci illərdə Azərbaycanın Kinematoqrafiya naziri Rəsul Rza olub.

- 22 adda film Rəsul Rza yaradıcılığı ilə bağlıdır. O boyda fikir, düşüncə sahibi olmaq mütaliəsiz mümkün olmazdı. Ümumiyyətlə, Rəsul Rza çox mütaliəli, görüb-götürmüş bir insan olub.

Təkcə dünya ədəbiyyatından etdiyi tərcümələrin siyahısına və coğrafi əhatə dairəsinə nəzər salmaq kifayətdir ki, onun dünya ədəbi mühitinə necə dərindən bələd olduğunu görə bilək.

- Mikayıl Müşfiqə həsr etdiyi "Qızılgül olmayaydı" poeması barədə fikriniz?

- Rəsul Rza özü yazırdı "... yaşıdlarım arasında yazıçılardan ən çox Mikayıl Müşfiqlə bağlı idim. Müşfiq, yaradıcılığının çiçəkləndiyi bir dövrdə, 1937-ci ildə facianə məhv oldu. Biz Müşfiqlə yalnız dost deyildik, eyni zamanda yaradıcılıq işi ilə bağlı idik. Lermontovun "Demon" əsərini, Puşkinin "Yevgeni Onegin"indən Tatyananın məktubunu bir yerdə tərcümə etmişdik. Müşfiqi mən namuslu, çox prinsipial, yaradıcılıq məsələlərində ciddi və tələbkar insan kimi tanıyırdım".

- Rəsul Rzanın ədəbi aləmlə bağlı hansı fikri sizin üçün qiymətlidir?

- Əslində, onun bu gün də gündəmdən düşməyən, köhnəlməyən, öz dəyərini saxlayan bir çox fikirləri... Məsələn, "Böyük mövzular böyük yetkinlik tələb edir. Elə mövzular var ki, bir ağrı kimi səndən əl çəkmir, rahatlıq vermir, öz təzahür və ifadəsini tapmayınca, insanı rahat buraxmır. Bu ağrı böyük məhəbbət kimidir, verdiyi bütün iztirablarla şirin və qiymətlidir". Və yaxud "Dil - millətin varlığı, onun həyat səhifəsində imzasıdır. Bir millətin yerini əlindən almaq olar, onun var-dövlətini talan etmək olar, o yenə də milli varlığını itirmir, millət olaraq qalır. Bir millətin dilini əlindən alarsan, o millət öz milli simasını itirər. Ana dili millətin mənəvi varlığı, canı, qanı, adı-sanıdır. Odur ki, milli dil uğrunda mübarizə millətin mənliyi uğrunda mübarizə deməkdir".

- Bu gün Rəsul Rza Fikrət Qocanın yaddaşında...

- Rəsul Rza ilə görüşlərimiz çox olub. Ömrünün son dönəmində Rəsul Rza çox ağır bir xəstəlik keçirdi. Onun səhhətilə bağlı bütün bəlalarının başında şəkər dayanırdı.

- Xiffət çəkirdimi? Ən yaxın dostlarına etiraf edirdimi acılarını?

- Qətiyyən. O elə möhkəm xarakterə malik idi ki, acısını çəkə bilirdi, həzm edə bilirdi. Əgər çalışsaydım ki, bir söz salım, o özü qoymazdı, söhbəti dəyişərdi. Hökmlü adamdı, bərk adamdı... siqaret çəkməzdi... o qədər fikir çəkirdi ki, siqaretə ehtiyac qalmırdı. Xobbisi gəzmək, bir də mütaliəydi. O, ədəbi aləmə gəncliyindən hazırlıqlı, mütaliəli gəlmişdi. Fikirləri aydın, işıqlı adam idi. İrəlini son dərəcə aydın görürdü Rəsul Rza.

- Sizin şəxsi həyatınızda  Rəsul Rzanın rolu?

- Üstünə qaçmamışam heç. Amma elə bilmişəm həmişə onun nəzarətindəyəm. Rəsulun varlığı məni bəlkə də çox şeydən çəkindirib. İndi də  elə bil onunla danışıram, söhbət edirəm. Bir yaxşı iş görəndə elə bilirəm onun imtahanından yaxşı çıxmışam, bir müddət ürəkli gəzirəm.

- Rəsul Rza nə qədər tələbkar olsa da, təbiətən ürəyiyumşaq, xeyirxah insan imiş. Özünüzü Rəsul Rza xeyirxahlığının davamçısı hesab edərdiniz?

- Yaxşılara, istedadı olanlara çalışmışam kömək edim. Vicdanımı sakit eləmək üçün, özümü mənən yaşatmaq üçün yaxşılara pis deməmişəm, mən də kiməsə nəsə eləmişəm...

- Fikrət müəllim, ədəbi aləmdən danışılanda həmişə bu bölgünü eşitmişik. 60-cılar, 70-cilər, 80-cilər... Mən hadisələrin içində, 16 il səngərdə olan bir insan kimi gözləyirdim ki, 1987-2012-ci illər arasında bizim dövrün də salnaməsi yaranacaq.

- Yox, o da deyil. Həmişə fırtınada, tufanda, seldə - mən kənd adamıyam, ona görə bir az bilirəm o şeyləri - dağ çaylarına sel gələndə balıqların hamısı birdən kor olur - lildən... Onlar kor-koranə qalırlar suyun üzündə... Əslində dip-diridilər, camaat gəlib yığıb aparır onları... çox asanlıqnan, sadəliknən... Cəmiyyətdə fırtına baş verəndə adamın gözü içində olduğu hadisəni görmür. Lilli su hara aparırsa, onlar da axınla ora gedirlər. Selin apardığı cansız kötüknən diri balığın fərqi varmı? Yox! Hər ikisi  suyun içində çabalayırlar, çarəsizdilər. İnsanlar da belədi... cəmiyyətin fırtınasında ağıllının da, dəlinin də gözü lildən tutulur, hadisələri düzgün görmək çətin olur. Tarixi əsər analitik təhlil istəyir, sanbal istəyir, götür-qoy istəyir. Tarixi əsər yazmaq üçün cəmiyyətin fırtınası səngiməlidi ki, hadisələrə kənardan baxmaq mümkün olsun.

Bilirsiniz, bir var salonda oturub konsertə baxırsan, onda ancaq irəlini - səhnəni görürsən, bir də var televizorda baxırsan - onda həm səhnəni görürsən, həm oxuyanı görürsən, həm də qulaq asanların ayrı-ayrı mimikalarını  müşahidə edirsən. Və mən buna inanıram ki, siz dediyiniz dönəmin də suları durulacaq, kimsə kənara çəkilib lazım olanları yazacaq. Çünki cəmiyyətin fırtınasının lili çökməmiş bilmək olmaz ağ nədi, qara nə? Ağıllılar həmişə səhv eləməkdən çəkinirlər.

- Bir dəfə Rəsul  Rza Vaqif Səmədoğluna deyib ki, əruz üçün darıxmışam.

- Rəsulun mütaliəsi əruzla olub. Əruzun musiqisi var. Rəsul səviyyədə duran bir şairin şeirlərinin o biri üzü elə əruzdu... misralarının kökü-körpüsü əruznan idi. Körpünün o başında əruz idi. Rəsul öz janrına əruz sahilindən gəlmişdi... ümumiyyətlə, Rəsul Rzagilin nəsli çox təhsilli nəsil olub. Ənvər Məmmədxanlı, Həbibə Məmmədxanlı da Rəsulun həm xalası, həm də əmisi uşaqlarıdı. Bu nəsil həmişə ziyalılığı ilə, qüdrətli qələm sahibi olmaları ilə fərqlənib.

- Fikrət müəllim, Rəsul Rza Fondunun sədrisiniz. Fondun vəzifəsi nədən ibarətdir?

- Rəsul Rza yaradıcılığının təbliği, araşdırılması... Ümdə məqsədimiz də ədəbiyyata, gənclərə köməkdi... Həmçinin hər il mayın 19-da bir qrup ədəbiyyat və incəsənət xadimi Göyçaya gedir, Rəsul Rzanın orada yerləşən ev-muzeyində şairin anadan olmasının ildönümünü qeyd edir, onun yaradıcılığına, xatirəsinə həsr olunmuş tədbirlər keçiririk.

Bilirsiniz, Rəsul Rza irsi məktəblər içində bir məktəbdi. Yaxşı olar ki, məktəblilərimiz heç olmasa ildə  bir dəfə Rəsul Rza  muzeyinə getsinlər. Rəsul Rza irsindən bəhrələnsinlər. Bu, onların dünyagörüşündə təkrarsız,  silinməz izlər buraxar...

 

 

Söhbəti yazdı: Ellada UMUDLU

 

Azərbaycan müəllimi.- 2012.- 27 aprel.- S.5.