İnşa yazı
müsabiqəsinin qalibləri mükafatlandırıldılar
Aprelin
25-də Təhsil Nazirliyində respublikanın ümumi təhsil
məktəblərinin şagirdləri arasında
"Böyük Azərbaycan şairi Mirzə Ələkbər
Sabir haqqında düşüncələrim" mövzusunda
keçirilmiş inşa yazı müsabiqəsi qaliblərinin
mükafatlandırılması mərasimi oldu.
Tədbiri
təhsil naziri Misir Mərdanov giriş sözü ilə
açaraq iştirakçıları salamlayıb, qaliblərini
mükafatlandırmaq üçün
yığışdıqları inşa yazı müsabiqəsinin
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin "Mirzə Ələkbər
Sabirin anadan olmasının 150 illik yubileyinin keçirilməsi
haqqında" 1 iyun 2010-cu il tarixli sərəncamına əsasən
keçirildiyini qeyd etdi. Bildirdi ki, həmin sərəncamın
icrası ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən
hazırlanmış və xüsusi əmrlə təsdiq
olunmuş geniş tədbirlər planında ölkənin təhsil
orqanlarına, təhsil müəssisələrinin rəhbərlərinə
M.Ə.Sabirin 150 illik yubileyi ilə bağlı elmi-nəzəri
və praktik istiqamətli tədbirlərin təşkili barədə
tapşırıqlar verilmişdir.
Ötən
müddət ərzində yubileylə əlaqədar xeyli təşkilati
iş görülmüş, respublikanın təhsil müəssisələrində
böyük şairin yaradıcılığına həsr
olunmuş konfrans, seminar və "dəyirmi masa"lar, ədəbi-bədii
gecələr, müsabiqələr keçirilmişdir.
Böyük M.Ə.Sabirin yubileyinin qeyd edilməsi ilə
bağlı ən sanballı tədbirin ümumi təhsil məktəblərinin
IX-XI sinif şagirdləri arasında keçirilən inşa
yazı müsabiqəsinin olduğunu bildirən nazir onun
gedişi və yekunları haqqında tədbir
iştirakçılarına məlumat verdi. Bildirdi ki, 2 mərhələdə
keçirilən müsabiqənin rayon (şəhər) mərhələsində
minlərlə şagird iştirak etmiş, onlardan 95 nəfərinin
inşa yazısı seçilərək Təhsil Nazirliyinə
təqdim edilmişdir. Həmin inşalar xüsusi komissiya tərəfindən
yoxlanılaraq qaliblər müəyyənləşdirilmişdir.
Yoxlamanın nəticələrinə görə, 5 nəfər
I, 10 nəfər II, 20 nəfər III dərəcəli
diploma, 21 nəfər isə tərifnaməyə layiq
görülmüşdür.
Sonra
Misir Mərdanov ümummilli lider Heydər Əliyev tərəfindən
əsası qoyulmuş Azərbaycan ədəbiyyatının,
incəsənət və mədəniyyətinin
inkişafında böyük xidmətlər göstərmiş
şəxsiyyətlərin yubileylərinin keçirilməsi ənənəsinin
bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə layiqincə davam etdirildiyini bildirib, ölkə
başçısının böyük Azərbaycan
şairi "Mirzə Ələkbər Sabirin anadan
olmasının 150 illik yubileyinin keçirilməsi
haqqında" Sərəncamını tarixi
keçmişimizə, söz sənətinin qüdrətli
nümayəndələrinin xatirəsinə sonsuz hörmət
və məhəbbətin növbəti təzahürü
kimi səciyyələndirdi. M.Ə.Sabirin XX əsr Azərbaycan
ədəbiyyatının ən məşhur və nadir ədəbi
simalarından biri olduğunu vurğulayan təhsil naziri
böyük şairin həyat və
yaradıcılığı, onun ədəbiyyatımıza
gətirdiyi yeniliklərdən geniş söz açdı,
ulu öndər Heydər Əliyevin, ədəbiyyatımızın
görkəmli simalarının M.Ə.Sabir haqqında dedikləri
qiymətli fikirləri diqqətə çatdırdı. Nazir
onu da vurğuladı ki, Azərbaycanın görkəmli ədəbiyyat
və incəsənət xadimlərindən Bakıda ilk heykəl
məhz M.Ə.Sabirə qoyulub.
Çıxışının
sonunda nazir inşa yazı müsabiqəsinin qaliblərini
qazandıqları uğur münasibətilə təbrik edib,
onların müstəqil Azərbaycanın layiqli vətəndaşları
olacaqlarına əminliyini bildirdi. Nazir habelə müsabiqənin
keçirilməsində əməyi olanlara təşəkkür
etdi.
Mükafatlandırma
mərasimində iştirak edən M.Ə.Sabirin yaxın
qohumu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti
Zemfira Tahirli ölkə Prezidentinin böyük şairin anadan
olmasının 150 illik yubileyi ilə əlaqədar verdiyi sərəncamın
mühüm əhəmiyyətə malik olduğunu qeyd edib,
Sabir irsinin öyrənilməsinə xidmət edən bu
müsabiqənin təşkilatçılarına minnətdarlığını
bildirdi.
Tədbirə
qatılan Milli Məclisin deputatı Nizami Cəfərov, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin əməkdaşları,
professor Zahid Xəlil, dosent Füzuli Əsgərli
çıxış edərək M.Ə.Sabirin 150 illik
yubileyi münasibətilə şagirdlər arasında
keçirilmiş inşa yazı müsabiqəsinin
böyük şairin yaradıcılığının təbliğ
və öyrədilməsi baxımından mühüm əhəmiyyət
daşıdığını qeyd edib, mahir satira
ustasının Azərbaycan ədəbiyyatının
inkişafındakı xidmətlərini vurğuladılar.
Çıxışlarda habelə M.Ə.Sabir
yaradıcılığının bəzi xarakterik cəhətlərindən,
Azərbaycan dilinin inkişafındakı rolundan, "Molla Nəsrəddin"
jurnalının böyük şairin
yaradıcılığına təsirindən söz
açıldı.
Sonda
müsabiqə qaliblərinə diplom, tərifnamə və hədiyyələr
təqdim olundu.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2012.- 27 aprel.- S.4.