Çexiya
Respublikasının təhsil sistemi
Çexiya
Respublikası
Ərazisi: 78,9
min km2
Əhalisi: 10,6 milyon nəfər
Paytaxtı: Praqa
Dövlət
dili: çex dili
Pul
vahidi: çex kronu
Təhsil
sistemi
Avropanın mərkəzində yerləşən
Çexiya Respublikası zəngin dövlətçilik ənənələrinə
malikdir. Hələ əsrlər
öncə ölkədə təhsil sahəsinə göstərilən
həssas münasibət və bunun üçün
yaradılan əlverişli şərait nəinki yerli əhalinin,
hətta digər xalqların nümayəndələrinin də
Çexiyada təhsil almasına imkan verib.
Çexiyada 1774-cü ildə 6 illik icbari
təhsil sistemi tətbiq olunub. 1869-cu ildən etibarən 8 illik icbari təhsilin tətbiqi
sayəsində əhalinin savadlılıq səviyyəsinin
ciddi şəkildə yüksəlməsinə zəmin
yaranıb. Məktəb şəbəkəsi
genişləndirilib, xüsusilə şəhərlərdə
təhsilin inkişafına diqqət artırılıb.
İlk ali təhsil
müəssisəsi 1348-ci ildə Praqa şəhərində
təsis edilib. 1717-ci ildə Çexiya Texniki
Universiteti fəaliyyətə başlayıb.
Müasir dövrdə də əhalinin
bütün təbəqələrinin təhsilinə,
ümumi savadlılıq səviyyəsinin yüksəldilməsinə
xüsusi diqqət yetirilir. Təhsilin bütün səviyyələri üzrə
keyfiyyətin yüksəldilməsi və müasir kommunikasiya
texnologiyalarının tədris prosesinə tətbiqi məsələləri
daim diqqət mərkəzində saxlanılır. Çexiya Respublikasında təhsil sisteminə, təhsil
strategiyasının hazırlanması və həyata
keçirilməsinə Təhsil, Gənclər və
İdman Nazirliyi nəzarət edir.
Ölkənin təhsil sistemi məktəbəqədər,
əsas orta, texniki peşə, ali təhsil
pillələrinə bölünür. Məktəbəqədər
təhsil müəssisələrinə 3-6 yaşlı
uşaqlar cəlb edilir.
Əsas təhsil pilləsi iki mərhələyə
bölünür. Birinci mərhələ I-V,
ikinci mərhələ isə VI-IX sinifləri əhatə
edir. 13 illik orta təhsil pilləsi 4, 6 və
ya 8 illik gimnaziyalarda həyata keçirilir. Şagirdlər
4 illik gimnaziyalara IX sinfi, 6 illik gimnaziyalara VII sinfi, 8 illik
gimnaziyalara isə V sinfi başa vurduqdan sonra daxil ola bilərlər.
Gimnaziya təhsilini tamamlamış şagirdlər ali təhsil pilləsində oxumaq hüququ əldə
edirlər.
Yalnız əsas təhsil pilləsi
icbaridir. Tədris ili
sentyabrın əvvəlində başlayır və iyun
ayının sonuna qədər davam edir. Tədris ili iki semestrdən ibarətdir. Hər
semestrin axırında imtahanlar təşkil olunur.
Texniki peşə təhsili orta təhsilin
yuxarı pilləsindən (gimnaziya) başlayır.
Texniki və peşə təmayüllü orta
məktəblərdə oxuyan şagirdlər bir sıra
ixtisaslara yiyələnir və əmək bazarının tələblərinə
uyğun hazırlanır.
Tarixi baxımdan Çexiyada təhsil
sisteminin təşkili çox erkən dövrlərdən
başlamışdır. Təhsil sistemi hər zaman dəyişikliyə məruz
qalaraq müasirləşməkdədir. Çexiyada ali
təhsilin idarə olunması təhsilin digər pillələrinin
idarə olunmasından
fərqlidir.
Çexiyanın Təhsil, Gənclər və
İdman Nazirliyi dövlət təhsil siyasətini həyata
keçirən qurumdur. Nazirlik məktəbəqədər,
orta, ali təhsil pilləsinə, təhsilin
konsepsiyasının hazırlanmasına, islahatların
aparılmasına, elmi tədqiqat, inkişaf
strategiyasının hazırlanması və həyata
keçirilməsinə, uşaqlara dövlət
qayğısının göstərilməsinə, eləcə
də bu sahələr üzrə beynəlxalq əməkdaşlığın
qurulmasına cavabdeh olan dövlət orqanıdır. Nazirliyin vəzifələrinə həmçinin
fasiləsiz təhsil və elmi dərəcələrin verilməsi
ilə əlaqədar məsələlər aiddir.
Müdafiə Universiteti Müdafiə Nazirliyinin, Polis
Akademiyası isə Ədliyyə və Daxili İşlər
Nazirliyinin tabeliyindədir.
Əmək bazarının təhsilin
planlaşdırılmasında nəzərə
alınması baxımından Təhsil, Gənclər və
İdman Nazirliyi Əmək Məsələləri Nazirliyi ilə
əməkdaşlıq edir. Təhsil, Gənclər və İdman Nazirliyi tibb təhsilinin
təşkili istiqamətində Səhiyyə Nazirliyi ilə
birgə fəaliyyət göstərir.
Məktəbəqədər təhsil
Çexiyada məktəbəqədər
təhsilin əsas məqsədi bilik cəmiyyətində
uğur əldə etməyə yönəlmiş fasiləsiz
təlimə zəmin yaratmaqdan ibarətdir.
Bunun üçün erkən yaşlarından
uşaqların zəruri biliklərə yiyələnmələri
və onların bu istiqamətdə
formalaşdırılması təmin olunur.
Məktəbəqədər təhsil
uşaq bağçalarında və ya ibtidai məktəblərin
hazırlıq siniflərində təşkil edilir.
Bu təhsil pilləsinə qəbul prosesində
ibtidai təhsilə başlanmasının son yaş dövründə
olan uşaqlara üstünlük verilir.
Bağçalarda tədris siniflər
bölgüsü üzrə aparılır.
Uşaqlar həm öz
yaşıdlarının oxuduğu siniflərdə, həm də
böyük və ya kiçik uşaqların sinfinə qəbul
edilir. Bu tədris prosesində inteqrativliyin
təmin olunması məqsədilə atılan addımlardan
biridir. Eyni qayda əsasında xüsusi təhsil
ehtiyacı olan uşaqların da adi bağçalara yerləşdirilməsinə
icazə verilir. Bağçalarda iyul-avqust
aylarında tətil dövrü hesab edilir.
Əksər məktəbəqədər
təhsil müəssisələrinin təsisçisi bələdiyyələrdir.
Özəl qurumların və kilsələrin nəzdində
fəaliyyət göstərən uşaq
bağçalarına da təsadüf olunur. Məktəbəqədər təhsil müəssisələrinin
fəaliyyət prinsipləri təsisçinin
razılığı əsasında müəyyənləşdirilir.
Ödənişli təhsil verən məktəbəqədər
müəssisələrdə təhsil haqqının
miqdarı bağça direktoru tərəfindən müəyyən
olunur. Onu da qeyd edək ki, məktəbəqədər
təhsil icbari olmasa da, ölkə üzrə uşaqların
müvafiq müəssisələrə cəlb olunma səviyyəsi
kifayət qədər yüksəkdir.
Əsas
təhsil
Çexiya Respublikasında icbari təhsil
(əsas təhsil) 9 il davam edir. Əqli və fiziki qabiliyyəti qənaətbəxş
hesab edilən 6 yaşı tamam olmuş hər bir uşaq
icbari təhsilə başlaya bilər. Müəyyən
problemlər olduğu halda uşağın təhsilə
başlaması 1 il gecikdirilir. I sinifdə
maksimum 28 uşaq ola bilər.
I sinifdə ilk mərhələ məktəbəqədər
təhsil pilləsindən icbari təhsil pilləsinə
keçid mərhələsi hesab olunur.
İlk mərhələdə sistemli təhsil
nümunələrindən istifadə olunur. Bu mərhələ əşyaların, hər bir
şagirdin fərd kimi ehtiyaclarının ödənilməsinə,
onların bilik, bacarıq və qabiliyyətlərinin
inkişafına xidmət edir.
İkinci mərhələdə şagirdlərin
müstəqil qaydada təlimə cəlb edilməsinə
imkan verilir. Bu dövr onların müstəqil
şəkildə bilik, bacarıq və müvafiq vərdişlərə
yiyələnməsi ilə müşayiət olunur. Şagirdlərin fərdi maraqları nəzərə
alınır, onların potensialına uyğun təlimə
üstünlük verilir.
Qeyd etdiyimiz kimi, əsas təhsil pilləsi
iki mərhələyə bölünür.
Birinci mərhələ I-V, ikinci mərhələ
isə VI-IX sinifləri əhatə edir. Rayonlarda
və şəhərlərdə hər iki mərhələ
adətən eyni məktəbdə təşkil olunur. Bəzi kəndlərdə və ucqar ərazilərdə
isə yalnız əsas təhsilin birinci mərhələsi həyata
keçirilir. Digər mərhələdə
oxumaq üçün şagirdlər qonşu məktəblərə
getmək məcburiyyətində qalırlar.
İcbari təhsilin əsas məqsədi
şagirdlərin əsas bacarıqlarını
formalaşdırmaq və onları tədricən inkişaf
etdirməkdir. Bu pillədə şagirdlərə
real həyatla bağlı ümumi biliklər
aşılanır, tədrisdə fərdi yanaşma meyarı
əsas götürülür.
Əsas təhsil pilləsində dil və
ünsiyyət, riyaziyyat və onun tətbiqi, İKT, insan və
cəmiyyət, insan və təbiət, incəsənət və
mədəniyyət, insan və sağlamlıq, insan və əmək
sahələri üzrə fənlər tədris edilir.
Hər bir təhsil sahəsinə bir və ya daha artıq fənn
aid ola bilər. Eləcə
də digər təhsil sahələrində başqa fənnin
tədrisinə imkan yaradılır.
Orta təhsil
İcbari təhsilin birinci mərhələsini
tamamladıqdan sonra şagirdlər gimnaziyalarda oxumaq imkanı
qazanırlar. Gimnaziyalar 4, 6 və 8 illik olmaqla 3 qrupa
bölünür. Şagirdlər 4 illik gimnaziyalara IX, 6 illik
gimnaziyalara VII, 8 illik gimnaziyalara isə V sinfi başa vurduqdan
sonra daxil ola bilərlər. Gimnaziyalar müvafiq
istiqamətlər üzrə təmayüllü məktəblər
hesab edilir. Gimnaziyalarda ümumi, riyaziyyat,
riyaziyyat və fizika, təbiət elmləri, proqramlaşdırma,
incəsənət, dillər, klassik dillər, humanitar fənlər,
fiziki təhsil və xarici dildə seçilmiş fənlər
üzrə təmayüllü tədris həyata
keçirilir. Şagirdlərin əksəriyyəti
V sinfi bitirərək 8 illik gimnaziyalarda oxumağa
üstünlük verir.
Hələ erkən yaşlarından
xüsusi hazırlıq tələb edən ixtisas təmayüllü
gimnaziyalar 8 illik ola bilər. İncəsənət təmayüllü (rəqs,
musiqi və s.) gimnaziyalar məhz 8 illik məktəblər
hesab edilir. Bundan əlavə, xarici dildə
seçmə fənlər üzrə tədrisə
üstünlük verənlər də çoxillik gimnaziyalarda
oxuyurlar.
Texniki
peşə təhsili
Qeyd etdiyimiz kimi, texniki peşə təhsilinə
orta təhsilin yuxarı pilləsində də (gimnaziyada) yiyələnmək
mümkündür. Texniki
peşə təhsili texniki və peşə təmayüllü
orta məktəblərdə tədris edilir. Bu məktəblərdə oxuyan şagirdlər istəklərinə
uyğun ixtisaslara yiyələnir, maraq və
bacarıqlarına görə peşələr seçirlər.
Peşə sertifikatı əldə
etmiş şagirdlər əsasən müvafiq peşə sahəsi
üzrə əmək bazarına daxil olmğa
üstünlük verirlər. Texniki peşə təhsilinin məqsədi gəncləri
dəyişməkdə olan cəmiyyətin tələblərinə
uyğun olaraq savadlı mütəxəssis və məsuliyyətli
işçi kimi hazırlamaqdan ibarətdir.
Texniki təmayüllü orta məktəblərdə
tədris əsasən 4 il, bəzi hallarda
isə 2-3 il davam edir. Həmin tədris
ocaqlarında şagirdlər 260 ixtisas üzrə texniki
işçi kimi hazırlanır. Bu məktəblərdə
tədrisin 40 faizi ümumi təhsil, 60 faizi isə texniki fənlərə
həsr olunur. Praktiki dərslər
laboratoriya və məktəb emalatxanalarında təşkil
edilir. Şagirdlərin təxminən 37,5
faizi texniki məktəblərdə oxuyur. Bu göstərici hər
il artmaqdadır.
Peşə təmayüllü orta məktəblərdə
tədris əsasən 3 il, bəzi hallarda
isə 1-2 il davam edir. Bu məktəbləri
bitirən şagirdlərə peşə təhsili
sertifikatı verilir. Tədris prosesində
praktiki hazırlığa xüsusi önəm verilir. Şagirdlər öz istəklərinə uyğun
olaraq təklif edilən 260 ixtisasdan birinə yiyələnə
bilərlər. Şagirdlərin təxminən
45 faizi peşə təmayüllü orta məktəblərdə
oxuyur. Bu göstəricinin ilbəil
azalması müşahidə edilməkdədir.
Ali təhsil
Çexiyada ali təhsil
dövlət, xüsusi təyinatlı (polis və hərbi) və
özəl təhsil müəssisələri sistemindən
ibarətdir. Dövlət universitetlərində
təhsil qeyri-məhduddur və pulsuzdur. Lakin 26 yaşdan
sonra ali təhsil müəssisələrinə
daxil olmuş şəxslər tələbə statusuna malik
olmurlar. Həmin şəxslər sosial xidmətlərdən
istifadə statusundan və bir sıra imtiyazlardan yararlana bilmir,
dövlət onların tibbi sığorta xərclərini
ödəmir.
Dövlət ali təhsil
müəssisəsi parlamentin qəbul etdiyi aktla təsis və
ləğv edilir. Bu təhsil müəssisələri idarəetmə,
tələbə qəbulu kvotasının müəyyənləşdirilməsi,
qəbul qaydaları ilə bağlı qərarların verilməsi,
dərəcə proqramlarının hazırlanması və
icrası, tədrisin təşkili, müəssisədaxili
elmi tədqiqatın planlaşdırılması, perspektiv
inkişafın təmin olunması, işə qəbul, digər
ali təhsil müəssisələri ilə
əməkdaşlıq, beynəlxalq əlaqələr, maliyyə
sərəncamları və digər məsələlərdə
tam müstəqildirlər.
Dövlət ali təhsil
müəssisəsinə rektor rəhbərlik edir. Rektor universitetin fəaliyyətinin bütün
istiqamətləri ilə bağlı qərar qəbul edən
şəxsdir. Rektor dövlət ali
təhsil müəssisəsinin akademik senatının təqdimatı
əsasında ölkə prezidenti tərəfindən təyin
edilir.
Akademik senat ali təhsil
müəssisəsinin müstəqil və nümayəndəli
akademik qurumu olmaqla ən azı 11 üzvdən ibarətdir. Akademik senat üzvlərinin ən azı
üçdə bir hissəsini tələbələr təşkil
edir.
Özəl ali təhsil
müəssisələri təsisçinin müraciəti əsasında
Təhsil, Gənclər və İdman Nazirliyinin verdiyi
dövlət razılığına uyğun olaraq fəaliyyət
göstərir. Özəl təhsil müəssisələrində
təhsil haqqı bakalavr proqramları üzrə 2000-3000,
magistratura proqramları üzrə isə 3000-10000 avro
arasında dəyişir.
Onu da qeyd edək ki, dövlət ali təhsil müəssisələrinin
nüfuzu və bu tədris ocaqlarında təhsilin keyfiyyəti
özəl universitetlərlə müqayisədə daha
yüksəkdir. Odur ki, dövlət universitetlərinə
daha çox tələbə axını müşahidə
edilir.
Ali təhsil müəssisələrində
akkreditasiyadan keçmiş dərəcə proqramları, eləcə
də fasiləsiz təlim proqramları təklif olunur.
Ali məktəblərin fəaliyyət
forması onun təklif etdiyi dərəcə proqramları ilə
müəyyən olunur. Ali təhsil müəssisələrində
bakalavr, magistratura və doktorantura proqramları üzrə
kadrlar hazırlanır.
Ali təhsil ocaqları hüquqi müəssisə
kimi qeydiyyatdan keçməklə universitet və
qeyri-universitet statusunda ola bilər.
Universitet statuslu ali təhsil müəssisələrində
bütün növ dərəcə proqramları təklif
olunur. Həmin müəssisələr tədris,
elmi tədqiqat, inkişaf, innovasiya və digər müvafiq fəaliyyət
sahələri üzrə ixtisaslaşır.
Qeyri-universitet tipli ali təhsil
müəssisələrində bakalavr proqramları, bəzi
hallarda isə magistratura proqramları tədris edilir. Bu tip ali təhsil müəssisələrində
fakültələr olmur.
Ali təhsil pilləsində tədris ili 12 təqvim ayından ibarətdir. Tədris ilinin hansı təqvim ayında başlayacağına
rektor qərar verir.
Çexiyada 25 dövlət, 40-dan artıq
özəl, 2 xüsusi təyinatlı ali
təhsil müəssisəsi fəaliyyət göstərir.
Nüfuzlu dövlət ali təhsil müəssisələri
sırasında Çarlz Universiteti, Çexiya Texniki
Universiteti, Tətbiqi Sənət Akademiyası, Mendel Kənd Təsərrüfatı
və Meşə Sənayesi Universiteti, İncəsənət,
Memarlıq və Sənaye Dizayn Akademiyası, Musiqi və Teatr
Sənəti Akademiyası, Kimya Texnologiyası İnstitutu,
İqtisadiyyat Universiteti və Əczaçılıq
Universiteti xüsusi yer tutur. Müdafiə Universiteti və
Polis Akademiyası xüsusi təyinatlı ali
təhsil müəssisələri kimi ixtisaslaşıb.
Ali təhsil müəssisələri
qanunvericiliyə uyğun olaraq müvafiq təqaüdlər təyin
edə bilər. Bu zaman yüksək təhsil
nailiyyətləri, elmi tədqiqatların
inkişafındakı xidmətlər, maddi imkanı zəif
olan tələbələr, xaricdə təhsilin dəstəklənməsi,
doktorantura təhsilinə yardım və digər amillər nəzərə
alına bilər.
Bu baxımdan Xarici İnkişaf Əməkdaşlığı
Proqramı çərçivəsində təsis olunmuş
Beynəlxalq Viseqrad Fondunun maliyyələşdirdiyi Ali Təhsil
Sahəsində Mərkəzi Avropa Mübadilə Proqramı,
AKTİON (elm və təhsil sahəsində Avstriya ilə əməkdaşlıq)
proqramı və digər təqaüd proqramları xüsusilə
diqqəti cəlb edir.
Xüsusi
təhsil
Çexiyada xüsusi təhsilin əsas məqsədi
hamı üçün bərabər təhsil
imkanlarının yaradılması, fərdin xüsusi təhsil
ehtiyaclarının nəzərə alınması, ictimai,
etik, mənəvi dəyərləri nəzərə almaqla
şəxsiyyətin ümumi inkişafının təmin
edilməsindən ibarətdir. Xüsusi təhsil ehtiyacı olan uşaqlar
müvafiq imkanlardan, təhsil şəraitindən yararlanmaq,
xüsusi dərsliklərdən, məktəbin onlar
üçün verdiyi kompensasiyadan istifadə etmək və
təhsillərini növbəti pillədə davam etdirmək
hüququna malikdirlər.
Ölkədə xüsusi təhsil
ümumi təhsil məktəblərində, xüsusi təhsil
müəssisələrində, qayğı mərkəzlərində
və digər müvafiq yerlərdə həyata
keçirilir. Xüsusi təhsil
ehtiyacı olanlara təhsilin bütün pillələrində
eyni münasibət göstərilir.
Xüsusi təhsil imkanlarından fərdi
və ya qrup inteqrasiyası formasında yararlanmaq
mümkündür. Fərdi
inteqrasiya proqramları adi məktəblərdə və fərqli
xüsusi ehtiyaclı şagirdlər üçün təsis
edilmiş xüsusi məktəblərdə təşkil
olunur. Qrup inteqrasiya proqramlarının tədrisi
isə adi və ya xüsusi məktəblərin qrup siniflərində
aparılır.
Xüsusi təhsilin forma və məzmunu
şagirdin ehtiyaclarına uyğun olaraq müəyyənləşdirilir.
Bəzən fərqli ehtiyacları olan
şagirdlər eyni bir qrupda komplektləşdirilir. Xüsusi təhsil ehtiyacları olan uşaqların
oxuduğu siniflərdə şagirdlərin təlimi ilə
eyni vaxtda 3 pedaqoji mütəxəssis məşğul olur.
Əlavə
təhsil
Çexiyada əlavə təhsilin təşkili
işi Təhsil, Gənclər və İdman Nazirliyi, Əmək
və Sosial Məsələlər Nazirliyi, eləcə də
Mədəniyyət Nazirliyi tərəfindən həyata
keçirilir. 2007-ci ildə hökumətin təsdiq
etdiyi Fasiləsiz Təhsil Strategiyası ölkədə əlavə
təhsilin məqsədlərini daha aydın şəkildə
ortaya qoyur.
Məlum olduğu kimi, əlavə təhsil
müxtəlif yaş qruplarını əhatə edir.
Odur ki, bu əlavə təhsilin hədəf
qrupları özünəməxsusluğu ilə səciyyələnir.
Əlavə təhsil sənaye müəssisələrində
və ya təhsil ocaqlarında təşkil edilə bilər.
Çexiyada əhalinin demək olar ki, az bir hissəsi əlavə təhsilə cəlb
olunur. Bu isə əhalinin əksər hissəsinin
təhsilini orta təhsil pilləsinə qədər davam
etdirməsi ilə izah edilir.
Əsas ideyası hər bir fərdi fasiləsiz
olaraq təlimə cəlb etmək olan yaşlıların təhsili
proqramları ümumi təhsil, əlavə-peşə təhsili
və ictimai maraq kəsb edən təhsil formalarında həyata
keçirilir. Bunun sayəsində əhalinin
ümumi təhsil pilləsi üzrə savadlılıq səviyyəsi
yüksəlir, peşə sahələri üzrə əmək
bazarının tələb etdiyi ixtisaslara yiyələnənlərin
sayı artır. İctimai maraq kəsb edən
təhsil isə əhalinin siyasi, tarixi, mədəni və digər
sahələr üzrə müvafiq biliklər əldə etməsinə
yol açır.
Təhsilin
maliyyələşməsi
Təhsil, Gənclər və İdman
Nazirliyi təhsil sahəsində maliyyələşmə
siyasətinin hazırlanması və icrasına cavabdehlik
daşıyır. Yüksək əks-mərkəzləşdirilmiş
idarəetmənin və təşkilati müstəqilliyin
mövcudluğunu nəzərə alaraq maliyyə siyasətinin
düzgün təşkili mühüm amil hesab edilir.
Təhsil əsasən dövlət və
bələdiyyə büdcələrindən maliyyələşir.
Təhsil müəssisələri pullu fəaliyyət
sahələrindən və beynəlxalq proqramlarda
iştirakdan da vəsait əldə edə bilərlər.
1992-ci ildə maliyyələşmə
mexanizmlərinin əsaslı şəkildə dəyişdirilməsi
ilə vahid meyar əsasında şagirdbaşına maliyyələşmə
mexanizmi tətbiq edilməyə başlanıb.
Təhsili yerli idarəetmə qurumları da
maliyyə vəsaitlərini şagirdlərin sayına
uyğun olaraq məktəblər arasında
bölüşdürür. Bu zaman özəl
məktəblərə də maliyyə vəsaitləri
verilir.
2010-cu ilin statistik məlumatlarına
görə, dövlət təhsil xərcləri 162,9 milyard çex kronu təşkil edib. Bu,
ümumi daxili məhsulun həcmi ilə müqayisədə 4,4 faizə bərabərdir.
Elmi tədqiqatlar
Çexiya Respublikasında elmi tədqiqat
sahələrinin genişləndirilməsinə və
inkişafına, bu sahədə çalışanların əməyinin
stimullaşdırılmasına ciddi nəzarət olunur.
Ölkədə elmi tədqiqat müəssisələrinin
fəaliyyətini tənzimləyən mərkəzi inzibati
orqan Təhsil, Gənclər və İdman Nazirliyidir.
Nazirlik beynəlxalq müqavilələrə
uyğun olaraq, dövlətin milli tədqiqat və inkişaf
siyasətinin icrasını təmin edir.
Həmçinin, Təhsil, Gənclər və İdman
Nazirliyi tərəfindən Milli Tədqiqat Proqramı çərçivəsində
prioritetlər müəyyən edilir və onların həyata
keçirilməsi təmin olunur.
Avropa Birliyi ölkələrinin
institutları və müvafiq qurumları ilə elmi əməkdaşlığın
inkişafına da nazirlik nəzarət edir.
Onu da qeyd edək ki, müdafiə, hərbi sənaye
və digər bu kimi sahələrdə elmi tədqiqatın
aparılması müvafiq nazirliklərlə birgə həyata
keçirilir.
Elmi tədqiqat sahəsində Avropaya
inteqrasiyanı sürətləndirmək üçün
Çexiyada Avropa Tədqiqat üzrə Komissarlıq fəaliyyətə
başlayıb. Bu qurum Avropa İttifaqı
və Avropa Atom Enerji İttifaqının proqramları çərçivəsində
Çexiyanın Avropa Tədqiqat Zonasındakı
iştirakını əlaqələndirir.
Beynəlxalq
əlaqələr
Çexiya təhsil, tələbə
mübadiləsi və birgə elmi tədqiqatlar sahələri
üzrə beynəlxalq əməkdaşlığın
genişləndirilməsinə xüsusi önəm verir.
Xarici İnkişaf Əməkdaşlığı
Proqramı Çexiyanın digər ölkələrlə
çoxtərəfli əlaqələrinin inkişafının
təmin edilməsinə yönəlib.
Proqram çərçivəsində hökumətin
təsdiq etdiyi layihələr müxtəlif nazirliklərin səlahiyyətləri
daxilində həyata keçirilir.
2006-2010-cu illər ərzində proqram
çərçivəsində Anqola, Bosniya və Herseqovina,
Moldova, Monqolustan, Vyetnam, Yəmən və Zambiya ilə səmərəli
əlaqələr qurulub. Təhsil, Gənclər
və İdman Nazirliyi bu proqramın təhsil və gənclər
bölməsi üzrə nəzərdə tutulmuş layihələrin
həyata keçirilməsinə cavabdehdir.
Bundan əlavə, Təhsil, Gənclər
və İdman Nazirliyi Xarici İşlər Nazirliyi ilə
birgə Çexiya Respublikasının Təqaüdləri
adlı xüsusi proqramın reallaşdırılmasına məsuldur.
Bu proqram Çexiyada bakalavr, magistratura,
doktorantura pilləsində oxuyan əcnəbi vətəndaşların
təhsil və yaşayış xərclərinin ödənilməsi
üçün nəzərdə tutulub. Onu
da qeyd edək ki, Çexiya Respublikasının Təqaüdləri
proqramı əsasən inkişaf etməkdə olan ölkələrin
vətəndaşları üçün nəzərdə
tutulub. Proqram çərçivəsində
ildə təxminən 130 təqaüd təyin edilib.
Bəşarət
MƏMMƏDOV,
Ramil
HÜSEYNOV
Yazının
hazırlanmasında Çexiya Respublikası Təhsil, Gənclər
və İdman Nazirliyinin rəsmi məlumatlarından istifadə
olunub.
Azərbaycan
müəllimi.- 2012.- 27 aprel.- S.7.