Öz müəlliminin nəzəriyyəsini alt-üst edən tələbə
Onu
ilk vaxtlar ölkəsində fizika alimi kimi yox, futbolçu
kimi tanıyırdılar. 1922-ci ildə Nobel mükafatı
alanda yerli qəzetlər belə bir başlıqla
çıxmışdı: "Məşhur futbolçu
Nobel mükafatı aldı". Lakin qəzetdə dərc
olunmuş məqalədə məlum
deyildi ki, Bor Nobel mükafatını nəyə görə
alıb: futbola və ya digər hansısa başqa işə
görə. Danimarkalı alim Nils Bor müasir fizikanın
yaradıcılarından biridir. Kvant mexanikası, atom nəzəriyyəsi,
nüvə reaksiyaları sahəsində əsas elmi işlərin
yaradıcısıdır.
Kopenhagendə Nəzəri Fizika İnstitutu yaradıb
(Nils Bor İnstitutu), dünya nüvə elm məktəbinin
banisidir. 1943-1945-ci illərdə Amerikada işləyib. Atom nəzəriyyəsini
hazırlayıb. Onun əsasında atomun planetar modeli, kvant nəzəriyyəsi
və Borun təklif etdiyi postulatlar
durur. Atom təhlükəsinə qarşı fəal
mübarizə aparıb. 1922-ci ildə Nobel mükafatı
alıb. Oğlu Oge Bor da atası kimi XX əsrin böyük
fiziklərindən olub və 53 il sonra 1975-ci ildə Nobel
mükafatına layiq görülüb.
İlk
addımlar
Nils Xenrik David Bor 1885-ci il oktyabrın 7-də
Kopenhagendə anadan olub. Atası Xristian Bor (1858-1911) Kopenhagen
Universitetinin fiziologiya üzrə
məşhur professoru, fiziologiya
və tibb sahəsində iki dəfə Nobel mükafatına
namizəd olub. Anası Elen Adler
(1860-1930) yəhudi ailəsindən çıxıb. Onu
ölkənin bank, siyasi və intellektual dairələrində
yaxşı tanıyırdılar. Sonralar alim
xatırlayırdı: "Mən dərin mənəvi
maraqların hökm sürdüyü, elmi diskussiyaların adi
hal olduğu ailədə böyümüşəm, atam
üçün onun öz elmi işləri ilə insan həyatının
bütün problemlərinə canlı maraq göstərməsi
arasında kəskin fərq mövcud deyildi". Valideynləri
uşaqlarının gələcək həyatını məzmunlu
və xoşbəxt edə bilmişdilər. Ailənin, xüsusən də
analarının isti münasibəti onlarda səmimi keyfiyyətlərin
formalaşmasında həlledici rol oynadı. Bor həm şəxsiyyəti, həm
də insani davranışları ilə böyük xəyallar
ardınca qaçan gənclər üçün bir örnək
və öncül idi. Balaca Nils uşaqkən heç də
parlaq bir gələcək vəd etmirdi. Gələcəkdə
məşhur riyaziyyatçı olacaq qardaşı Xarald da
ondan fərqlənmirdi. İki qardaşın ən çox
sevdiyi anaları ilə birlikdə tramvayda şəhəri gəzmək
idi. Buna baxmayaraq, Nils Borun məktəb illəri çox
maraqlı keçib. Atasının fizika və fəlsəfə
üzrə dostları hər cümə axşamı Bor ailəsinə
qonaq gələr və onlar elm dünyasında baş verənləri
müzakirə edərdilər. Qardaşlar isə bir küncdə oturaraq
onların qızğın müzakirələrinə qulaq
asardılar. Nils həm fizika, həm də fəlsəfəyə
dair müzakirələrin gedişini böyük diqqətlə
izləyərdi. Özlərinin qaynar diskussiyalarından
baş ayırmayan yaşlı elm adamları heç fikirləşməzdilər
ki, onların bir addımlığında Danimarka elminə
dünya şöhrəti gətirəcək balaca Nils Bor
var.
Əvvəlcə Nils Kopenhagendə
Qrammelxolm Qrammatika Məktəbində oxuyub. Bor və onun
qardaşı, sonralar tanınmış riyaziyyatçı
olmuş Xarald məktəb illərindən futbol həvəskarı
idilər. Qardaşlar həvəskarlardan ibarət
"Akademisk" futbol komandasında oynayırdılar. Nils
komandanın qapısını qoruyur, Xarald isə
yarımmüdafiəçi idi. Sonralar Xarald Danimarka
yığma komandasının üzvü olub və
"Olimpiada - 1908"-in gümüş medalına layiq
görülüb.
Sonralar da stolüstü tennis, qayıq
idmanı, xizəksürmə Nils Borun bütün həyatı
boyu məşğul olduğu idman növləri idi. 1903-cü ildə məktəbi
bitirən Nils Kopenhagen Universitetinin təbiətşünaslıq
fakültəsinə daxil olur. Onun burada uğurları o qədər
çox idi ki, tədqiqatçılıq sahəsində
qeyri-adi qabiliyyətləri hamını heyrətləndirirdi. 1907-ci ildə atasının
laboratoriyasında suyun səthi
gərilməsi sahəsində tədqiqatlarına görə
Kopenhagen Elmlər Akademiyasının qızıl medalı ilə
təltif olunmuşdu. Bu, onun yeganə
eksperimental işi idi. 1907-ci ildə Bor
bakalavr olub.
O, 1909-cu ildə Kopenhagen Universitetində magistr dərəcəsi alıb. Onun metallarda
elektronların nəzəriyyəsinə dair doktorluq
dissertasiyası ustad tədqiqat
işi hesab olunurdu. Bu iş elmi
fəaliyyətinin ilkin dövrlərində onda belə bir qənaətə
gəlməyə imkan verdi ki,
klassik nəzəriyyə elektronların
davranışını tam təsvir edə bilməz. 1911-ci
ildə Bor doktorluq dərəcəsi alıb, eləcə də
Kembricdə məşhur Con Tompsonun laboratoriyasında birillik təcrübə
keçmək üçün xüsusi təqaüdə
layiq görülüb. 1912-ci
ilin əvvəllərində Bor Mançesterə Ernest
Rezervordun yanına gedir. O, burada alfa və beta zərrəciklərin
tormozlanması sahəsində tədqiqatlarla məşğul
olub, sonra isə atom strukturunu öyrənib. 1910-cu ildə Nils
Bor aptek sahibinin qızı Marqaret Nerlund ilə tanış
olub, bir il sonra onlar
nişanlanıblar. Özünün ilk 4 illik xarici təhsil
ezamiyyətindən qayıdan Bor 1912-ci il avqustun 1-də
Marqaretlə evlənib.
Onların nigahı hər ikisinə əsil xoşbəxtlik
gətirdi. Onlar biri-biri üçün çox qiymətli
idilər. Ailədə 6 uşaq böyüyürdü.
Oğlanlarından biri sonralar yazırdı: "Bizim ailədə
anamızın oynadığı rolu qeyd etməmək olmur.
Onun rəyi atam üçün həlledici idi, onun həyatı
anamın həyatı idi. Həyatımızda istənilən
hadisədə - istər böyük, istərsə də
kiçik olsun, anamız iştirak edirdi. Təbii ki, hansısa qərarı qəbul edəndə
atamızın ən yaxın məsləhətçisi
idi".
1912-ci ilin yayında Bor ölkəsinə dönərək Kopenhagen Universitetində
professor-assistent vəzifəsinə təyin olunur. Kembricə
bir həftəlik səfər gedişində Bor Rezervorda
baş çəkib. O, evə qayıtmazdan əvvəl alfa
hissəciklərin tormozlanmasına dair apardığı
işləri tanışlıq üçün Rezervorda
verib.
Nils
Borun atom modeli
Rezervordun atom modelindən
çıxış edən Bor Kopenhagenə
qayıtdıqdan sonra hidrogen atomunun quruluşuna dair yeni
baxışlarını inkişaf etdirdi. Rezervordun köməyi
ilə onun "Atom və molekulların quruluşu" adlı
elmi işi "Fəlsəfə maqazin" jurnalında dərc
olundu. O, bu işində Rezervord, Plank və Eynşteynin
ideyalarını yaradıcılıqla birləşdirmişdi.
Bu, artıq Borun gələcək dahiliyindən xəbər
verirdi.
Bor başa
düşürdü ki,
atomun quruluşuna dair Rezervord təsəvvürləri ilə klassik
elektrodinamikanın müddəaları, müəyyən
olunmuş eksperimental nəticələr arasında ziddiyyət
mövcuddur. Hidrogen atomu misalında Bor qeyd edirdi ki, nüvə
ətrafında hərəkət edən elektronun şüalanması fasiləsiz
spektr deyil və deməli, klassik elektrodinamikanın
qanunları ilə izah oluna bilmir. Bu qanunlara görə,
elektronlar sürətli hərəkət gedişində fasiləsiz
olaraq elektromaqnit enerjisi itirə və nəhayət, nüvəyə
düşə bilərdilər.
Bu ziddiyyəti aradan qaldırmaq üçün Bor
klassik elmin müddəalarına deyil, eksperimentin nəticələrinə
əsaslanmağa üstünlük verirdi. Bor bununla da bu
günə qədər müasir atom fizikasının təməl
nəzəriyyələrini özündə birləşdirən,
Plankın kvant nəzəriyyəsinə əsaslanan məşhur
postulatlarını təqdim etdi. Nəticədə, alim
Rezervord təsəvvürləri ilə müqayisədə
atomun quruluşuna dair daha düzgün təsəvvür
formalaşdıra bildi. On il sonra məşhur fizik Plank qeyd
edirdi ki, Borun atomun quruluş nəzəriyyəsinin öz cəsarətliliyi
və bütövlüyü ilə fizika elmi tarixində
tayı-bərabəri yoxdur. Bor nəzəriyyəsi faktlarla
çox gözəl uzlaşırdı ki, bu da nəzəriyyənin
başlıca vəzifəsidir. "Sintez incəsənəti"
sahəsində hədsiz istedada malik olan Bor eyni zamanda
varlığın aydın tərifini vermişdi. Borun dünya şöhrəti
qazanmış atom modeli iki tələbə - "kvant şərtləri"nə
əsaslanırdı.
Birincisi: elektronlar atomda müəyyən energetik səviyyələrə
uyğun "kvant orbitləri" üzrə,
şüalanmadan azad olan Kulon qüvvələrinin təsiri
altında fırlanırlar. Bu zaman elektronların hərəkəti
Plank sabiti və tam ədədlər ardıcıllığı
ilə müəyyən olunur.
İkincisi: Elektronlar şüalanmadan azad orbitlər
arasında qəfil sıçrayışa bənzər
keçidlər, "kvant sıçrayış"ları
edirlər. Bu zaman buraxılan işığın dəyişmə
tezliyi kvant hərəkətləri ilə tənzimlənir.
Borun işlərinin əhəmiyyətini
dərhal qiymətləndirən Rezervord ona Mançester
Universitetində mühazirəçi-professor postunu təklif edib. O bu vəzifədə
1914-cü ildən 1916-cı ilə qədər işlədi.
1916-cı ildə Bor Kopenhagen Universitetində onun
üçün təsis edilmiş professor postunu tutdu. O,
burada atomun quruluşu üzərində işlərini davam
etdirirdi. 1922-ci ildə Nils Bor
atomun quruluşunun tədqiqi sahəsində xidmətlərinə
görə Nobel mükafatı ilə təltif olundu.
Gənc
Landaunun fitri istedadı Nils Boru valeh etmişdi
Fizik 1920-ci ildə Kopenhagendə Nəzəri
Fizika İnstitutu yaratdı və həyatının son
günlərinə qədər bu instituta rəhbərlik etdi.
Bu institut tezliklə atom və onun nüvəsinin struktur məsələlərini
öyrənən ən böyük elm mərkəzlərindən
birinə çevrilir. Bor cəsarətlə elektrodinamikadan imtina
edir və mikro fizikanın yeni fəlsəfəsini təklif
edir. Eynşteyn Borun bu sahədə
işlərini belə qiymətləndirmişdi: "Atomun Bor
quruluşu təfəkkür sahəsində müsiqiliyin
yüksək formasıdır".
"Bor atomu" sadə mexanika deyil, kvant qanunlarına əsasən
qurulub. Bor böyük fiziklər
məktəbi yaratmışdı və bütün dünya
fizikləri arasında əməkdaşlığın
inkişafına misilsiz töhfələr vermişdi. Borun yaratdığı mərkəzdə
Xendrik Kramers, Oskar Kleyn, Lev Landau, Viktor Vayskopf, Leon Rozenfold, Con
Uiller, Feliks Blox, Oge Bor, Xendrik Kazimir, Esio Nisin, Kristian Meller,
Abraham Rays və digər məşhur fiziklər
çalışmışdı. Məşhur sovet fiziki,
Sosialist Əməyi Qəhrəmanı, bakılı Nobel
mükafatı laureatı Lev Landaunun Nils Borla ilk
görüşü 1930-cu il aprelin 8-ə təsadüf edir. Dünyanın
hər tərəfindən gənc və istedadlı fiziklər
Nils Borun yanına axışırdılar. Onlar özlərini
məşhur alimin yanında sərbəst hiss edir, Nils Bor isə
gənc alimlərə olduqca yaxşı münasibət
göstərirdi. Lev Landauya isə o, ilk görüşdən
xüsusi məhəbbətlə yanaşmışdı. Gənc
Landaunun olduqca çılğın olmasına baxmayaraq onun
fitri istedadı Nils Boru valeh etmişdi. Nils Bor, öz növbəsində,
Lev Landaunun elmi yaradıcılığına böyük təsir
göstərmişdir. Landau ömrünün sonuna kimi Nils
Boru özünə müəllim hesab etmişdi. 1937-ci ilin
repressiyalarına məruz qalmış Landau 1938-ci il aprelin
17-də SSRİ təhlükəsizlik
xidməti tərəfindən saxlanılmış və 1939-cu il aprel ayının
19-a qədər həbsdə qalmışdı. Landaunun həbsini
eşidən Nils Bor dəhşətə gəlir və o, Landaunun fizika
üçün, dünya elmi üçün nə dərəcədə
əhəmiyyətli olduğu barədə İosif Stalinə
məktub göndərərək onun azad edilməsini xahiş
edir. Məhz Borun müdaxiləsi nəticəsində Lev
Landau 1939-cu il aprelin 29-da azadlığa buraxılıb. Nils
Borun Lev Landauya dəstəyi bundan sonra da davam etmişdi. Onlar
ailəvi dost olmuşlar. Nils Bor 1961-ci ildə Sovet
İttifaqına səfərə gələndə Lev Landau ilə
görüşmüşdü.
Borun elmi məktəbinin xarakteri və dahi fizikin öz tələbələri
ilə qarşılıqlı münasibətlərini
başa düşmək üçün belə bir epizod maraqlıdır.
1961-ci ildə Moskvaya səfəri zamanı Lev Landau ona belə
bir sualla müraciət edir: "Öz ətrafınızda bu
dərəcədə yaradıcı nəzəriyyəçi
gəncləri cəlb etməyiniz
üçün hansı sirriniz olub?". Alim cavab verib:
"Hansısa xüsusi sirr olmayıb, sadəcə biz gənclər
qarşısında ağılsız görünməkdən
qorxmamışıq".
Təhlükəli
uçuş
1939-cu ildə Nils Bor müəyyən
etmişdi ki, uranın adi izotoplarından biri, uran-235
parçalanma materialıdır. Bu isə atom bombasının
hazırlanmasına əhəmiyyətli təsir
etmişdi. Nils Borun tədqiqatları
faşist Almaniyasının o zamankı başçılarını
çox maraqlandırırdı.
1943-cü ildə alim belə bir məlumat
almışdı ki, nasistlər onu Almaniyaya aparmaq istəyirlər.
Ertəsi gün danimarkalı antifaşistlər gecə ilə
onu qayıqla gestaponun təqibindən xilas etmək
üçün İsveçə qaçırıblar.
İsveçdən alim təyyarə ilə İngiltərəyə,
oradan isə oğlu Oge ilə birlikdə Amerikaya uçub.
"Bu uçuş çox təhlükəli idi.
Uçuş zamanı Borun başının
ölçüsünə uyğun gələn qulaqcıq
tapılmadı, buna görə
də o, pilotun oksigen maskasını taxmaq barədə sərnişinlərə
müraciətini eşitmədi. Nəticədə, alim
huşunu itirmişdi. Yanında olan oğlu atasının vəziyyətini
pilota çatdırdıqdan sonra o, təyyarəni atmosferin
aşağı qatına endirmişdi", - deyə alimin
biblioqrafı D.Frank sonralar yazırdı.
Bor əvvəlcə atom
bombasının yaradılmasını
texniki cəhətdən qeyri-mümkün hesab etmişdi.
Lakin artıq Amerikada atom bombasının yaradılmasına
başlanmışdı və bu işdə amerikalı alimlərə
Borun köməyi tələb olunurdu. Nils Bor uydurma Beyker
soyadı ilə Amerikanın ilk
atom bombasının
yaradılmasında iştirak etdi. O, atom bombasının
hazırlanması prosesində bir sıra texniki ixtiralar etdi və
bu layihə üzərində işləyən alimlər
arasında ən nüfuzlu və ən yaşlı alim hesab
olunurdu. Tezliklə məlum oldu ki, Hitler Almaniyası artıq
atom silahı əldə etmək gücündə deyil, Bor
Amerikanın atom bombasının tətbiq olunmasının
qarşısını almaq üçün bütün
nüfuzunu səfərbər etdi. Müharibədən sonra
Boru gələcəkdə atom
bombasının tətbiqi çox narahat edirdi. O, Amerika
prezidenti Franklin Ruzvelt, Böyük Britaniyanın baş
naziri Uinston
Çörçillə danışıqlar apararaq onları
Sovet İttifaqı ilə yeni silah barəsində
açıq və səmimi olmağa inandırmağa
çağırırdı. Lakin bəşəriyyətin gələcəyindən
narahat olan dahi fizik adıçəkilən ölkələrin
liderlərini inandıra bilməmişdi. Borun bu səyləri, eləcə də
1944-cü ildə akademik Pyotr Kapitsa tərəfindən
Moskvaya səfərə dəvəti onun Sovet İttifaqı
xeyrinə casusluqda ittiham olunması ilə nəticələnmişdi. Alim müharibədən sonrakı
dövrdə silahlar üzərində nəzarət sisteminin
yaradılmasında israr edirdi.
"Eynşteyndən
sonra ikinci"
Müharibədən sonra Bor Kopenhagenə
qayıdaraq Nəzəri Fizika İnstitutunda fəaliyyətini
bərpa etdi. İnstitut Borun rəhbərliyi ilə genişləndi.
O, Avropa Nüvə Tədqiqatları Mərkəzinin (ANTM)
yaradılmasında iştirak etdi. Alim Kopenhagendə Nord Nəzəri
Atom Fizika İnstitutunun yaradılmasında da iştirak edib.
Bu, Skandinaviya dövlətlərinin birləşmiş elmi mərkəzi
idi. Bu illər ərzində alim nüvə enerjisindən dinc
məqsədlər üçün istifadə olunması
uğrunda mübarizəsini davam etdirirdi. Təqaüd yaşına
çatan Bor Kopenhagen Universitetinin professoru vəzifəsindən
istefa verdi. Lakin Nəzəri Fizika İnstitutunun
başçısı kimi yenə
də fəaliyyət göstərirdi. Həyatınn son günlərində
kvant fizikasının inkişafı sahəsində dəyərli
xidmətlərini davam etdirdi və molekulyar biologiyanın
yeni sahəsinə böyük
maraq göstərirdi.
Nils Bor 1962-ci il noyabrın
18-də Kopenhagendə öz evində ürəktutmasından
vəfat edib. Dmitri Mendeleyevin dövri cədvəlində
105-ci element onun şərəfinə nilsborium (Ns)
adlandırılıb. Müasirləri çox haqlı olaraq
Nils Borun yaratdığı kvant nəzəriyyəsinə
görə Eynşteyndən sonra yalnız ikinci olmağa layiq
olduğunu qeyd edirdilər.
"Cəsarət
və ehtiyatlılığın nadir
qarışığı"
Hündürboylu, böyük yumor hissinə
malik olan Bor qonaqpərvərliyi və səmimiyyəti ilə
seçilirdi. Bor tələbələrini və müəllim
həmkarlarını tez-tez öz bağında qonaq edərmiş.
Bir dəfə qonaq gələn cavan fiziklərdən biri
alimin evinin giriş qapısının üstündə
mismarlanmış at nalı görür. O, üzünü
Bora tutaraq "axı siz professorsunuz, bu cəfəng şeylərə
inanmayın", - deyib. Cavabında Bor gülümsəyərək
"əlbəttə ki, inanmıram, lakin deyirlər ki, nal hətta ona inanmayanlara da uğur gətirir",
- bildirib.
Eynşteyn bir dəfə onun haqqında demişdi: "Borda bir
alim-mütəfəkkir kimi cəlb edən ən təəccüblü
cəhət cəsarət və ehtiyatlılığın
nadir qarışığıdır. Qapalı şeylərin
mahiyyətini bu cür intuitiv surətdə qavramaq qabiliyyətinə malik olan
çox nadir insan tapılar. O, heç şübhəsiz
ki, bizim əsrin ən dahi elm zəkalarından
biridir". O, 20-dən artıq aparıcı elmi cəmiyyətlərin
üzvü, Danimarka Kral Elmlər Akademiyasının prezidenti
idi. Nobel mükafatından başqa, Bor aparıcı elmi cəmiyyətlərin
ali mükafatları, Almaniya
Fizika Cəmiyyətinin Maks Plank
və London Kral Cəmiyyətinin medallarını, Kembric,
Edinburq, Sorbonn, Prinston, Makgil, Harvard və Rokfeller kimi
universitetlər və digər elmi cəmiyyətlərin fəxri
alim dərəcəsini almışdı.
Elmi nüfuzuna baxmayaraq, Bor öz
konsepsiyasını şübhə altına almağa və
onu müzakirə etməyə hazır idi.
O, heç vaxt idrak məsələsinə marağını
itirməyib. Onun biblioqraflarından, dostu Rut Mur yazırdı:
"Seminarların birinin sonunda tələbələrdən
biri Bora yaxınlaşaraq şikayətləndi ki, diskussiya və
müzakirələrdə qoyulan həllini gözləyən
mürəkkəb məsələlər onda başgicəllənməsi
yaradır. Tələbəsi
ilə razılaşan Nils Bor cavabında demişdi: "Əgər
kimsə deyəcək ki, kvant problemindən danışarkən
onun başı firlanmır, deməli, o heç nə başa
düşmür".
Fizikada
fəlsəfə axtaran alim
Nils Boru uşaqlıqdan başqalarından
fərqləndirən bir keyfiyyət var idi: o, bütün elmi
araşdırmalarında, nəzəriyyələrində, fərziyyələrində
fəlsəfi məna axtarırdı. Onun qənaətinə
görə, bütün elmi düşüncənin fəlsəfi
əsası, izahı var. Dahi alim bu prinsipə ömrünün
sonuna qədər sadiq qaldı. Alim hələ tələbəlik illərində
"Ekliptiklər" adlı fəlsəfə klubu
yaratmışdı. Onun üzvləri arasında fiziklər,
riyaziyyatçılar, hüquqşünaslar, psixoloqlar,
tarixçilər, entomoloqlar, linqvistlər, incəsənət
işçiləri var idi. Bor təkcə
atomun müasir modelinin banisi deyil. O, həm də fizikada iki yeni fəlsəfi prinsipin müəllifi
idi. Onlardan birincisi, uyğunluq prinsipi - yeni nəzəriyyə
köhnə nəzəriyyə ilə bir-birinə
bağlanmalıdır və bu bağlanma nöqtəbənöqtə
izlənilməlidir. İkincisi, qarşılıqlı
tamamlama prinsipidir. O, fizikin işini şairin
yaradıcılığı ilə
müqayisə edərdi. Hər ikisi reallığı əks
etdirən obraz gəzir. Lakin Borun fiziki reallığı
şairinkindən fərqlənirdi. Bu, şairin daxili aləmi
deyil, təbiət hadisələri və toplanmış faktlar
arasında qarşılıqlı əlaqənin birliyi idi.
Ona bir-birini tamamlayan anlayışlar lazım idi. O, kvant
fizikasına vahid təsəvvürlər sistemi kimi
baxırdı. Alim tələbələrinin elmi
uğursuzluğuna təmkinlə baxar və bunda da fəlsəfi məna axtarardı.
Elmdə uğursuzluğa düçar olmuş tələbələrindən
biri barədə Bor belə demişdi: "O, şair oldu -
fizik üçün onun kifayəf qədər az təxəyyülü
var idi".
Hazırladı: Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2012.- 27 aprel.- S.9.