Azərbaycan dili və ədəbiyyat müəllimləri ən yaxşı
"açıq dərs" uğrunda yarışdılar
Bakı Şəhəri üzrə Təhsil
İdarəsi təhsilin keyfiyyətinin yüksəldilməsi,
fənn müəllimlərinin tədris prosesində
yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi
və təbliği məqsədi ilə ötən ilin
dekabrından start verdiyi fənn aylıqlarını davam
etdirir. İdarənin Təhsil Şurasının 31 yanvar
2012-ci il tarixli qərarı ilə fevral-mart aylarında
paytaxtın ümumtəhsil müəssisələrində
"Azərbaycan dili və ədəbiyyat fənn
aylığı" elan olunmuş, aylıq çərçivəsində
bir sıra nominasiyalar üzrə müsabiqələr, digər
tədbirlər keçirilmişdir. Aylığın əsas
tədbirlərindən biri "Ən yaxşı
"açıq dərs" nominasiyası üzrə
müsabiqə idi. Paytaxtın çoxsaylı ümumtəhsil
müəssisələrinin yüzlərcə müəllimi
bu müsabiqəyə qatılaraq işlədikləri tədris
ocaqlarında "açıq dərs"lər
aparmış və bu yolla özlərinin pedaqoji-metodik məharətlərini,
müasir təlim prinsiplərini, yeni təlim
metodlarını və texnologiyalarını necə mənimsədikləri
və tətbiq etdiklərini nümayiş etdirirlər. Belə
dərslərdən üçü martın 3-də
Bakının Binəqədi rayonunda yerləşən 283
nömrəli məktəb-liseydə oldu. Həmin gün
müsabiqənin təşkilat komitəsinin sədri və
üzvləri, məktəbin Azərbaycan dili və ədəbiyyat
müəllimləri həmkarları Xuraman Yusif-Kənanın
IX "a" sinfində ədəbiyyatdan, Ruhəngiz Cəbiyevanın
VII "b" sinfində Azərbaycan dilindən, Ofeliya Məmmədovanın
VIII "c" sinfində ədəbiyyatdan apardıqları
"açıq dərs"ləri müşahidə edib
qiymətləndirdilər.
Dərslərdə biz də iştirak
edirdik.
IX "a" sinfində mövzu Xəlil
Rza Ulutürkün "Mənim dilim" şeirinin təhlili
idi. Müəllim X.Yusif-Kənan sinfi yoxladıqdan sonra
mövzu, dərsin quruluşu, şagirdlərin
hazırladıqları işlər, hansı fənlərlə
inteqrasiya aparılacağı, nəzərdə tutulan hədəflər
barədə qısa məlumat verdi. Dərs forması olaraq
qruplarla iş seçilmiş, yaradılmış 3 qrupa
"Vətən dili", "Ana dili", "Oğuz
dili" adları verilmişdi.
Təşkilati hissə başa
çatdıqdan sonra "Koroğlu" operasının
uvertürası səsləndirildi. Musiqinin müşayiəti
ilə istiqlal şairi Xəlil Rza Ulutürkün tərcümeyi-halından
fraqmentləri, dilimizin qorunması ilə bağlı onun
fikirlərini əks etdirən slaydlar ekranda nümayiş
olundu. Şairin ifasında şeirdən bir parça səsləndirildi.
Şagirdlər nümayiş olunanlar barədə öz fikirlərini
bildirdilər və müəllimin filmin məzmunu ilə
bağlı suallarını cavablandırdılar.
Bu qayda ilə dərsdə motivasiya
yaradıldıqdan sonra tədqiqat sualı qoyuldu və qruplara
müstəqil iş üçün tapşırıq
verildi. "Tapşırıq-1"də şagirdlərdən
Xəlil Rza Ulutürkün "Mənim dilim" şeirindən
bir parçanı ifadəli söyləmək təklif
olunur, şeirdə ana laylası haqqında nə deyildiyi,
"bu dildədir yüz abidə, min abidə" misrası
ilə şairin nə demək istədiyi, Azərbaycanı nəyə
bənzətdiyi soruşulurdu. Tapşırığın
icrası üçün verilən vaxt başa
çatdıqdan sonra qruplardan nümayəndələr çıxış
edib şeirdən parçalar söylədilər, sualları
cavablandırdılar, cavablara əlavələr etdilər.
Sonra bir neçə sualdan ibarət
"Tapşırıq-2" qruplara təqdim olundu. Suallar
şeirin məzmunu, ideya-bədii xüsusiyyətləri,
şairin məramı ilə bağlı məsələləri
əhatə edirdi. Şagirdlər həmin sualları da
cavablandırdılar. Müəllim tərəfindən
cavablar ümumiləşdirildi və qiymətləndirmə
aparıldı.
Sonra əyləncəli
tapşırıq verildi. Şagirdlər bir-bir müəllimin
stoluna yaxınlaşaraq buradakı "qiymətli əşyalar"
saxlanılan sandıqçadan suallar yazılan vərəqlər
çıxarıb cavablandırdılar. Həmin vərəqlərdə
dilimizin Konstitusiyada təsbiti, ölkəmizdə 1 avqust
tarixinin nə günü olması və s. kimi suallar
yazılmışdı. Həmin
sual-tapşırıqların tələbinə müvafiq
olaraq şagirdlər habelə dil haqqında atalar sözü
və aforizmlər söylədilər, ulu öndər Heydər
Əliyevin, digər məşhur simaların dilə dair müdrik fikirlərini səsləndirdilər,
hər qrupdan bir nəfər dəvət olunaraq təqdim
olunan testi cavablandırdı.
Danışıqda tez-tez işlənən
əcnəbi sözlərdən imtina edilməsi ilə
bağlı da dərsdə iş aparıldı, şagirdlərə
belə sözləri işlətməmək (məsələn,
"dayanacaq" əvəzinə "ostanovka", "nəfəslik"
əvəzinə "fortoçka" və s.), evdə ailə üzvlərini buna
alışdırmaq, beləliklə, dilimizin təmizliyini,
saflığını qorumaq məsləhət
görüldü. Müəllim bildirdi ki, dilimizə dövlət
tərəfindən qayğı göstərilsə də
onun saflığını qorumaq hər kəsin vətəndaşlıq
borcudur.
Dərsdə Azərbaycan dili, Azərbaycan
tarixi fənləri ilə məharətlə inteqrasiya
yaradılaraq şagirdlərə dilimizin tarixi, lüğət
tərkibi, semantik-qrammatik xüsusiyyətləri barədə
də yığcam məlumat verildi.
Dərs qrupların fəaliyyətinin
müxtəlif kriteriyalar üzrə qiymətləndirilərək
evə tapşırıq verilməsi və Emin Sabitoğlunun
"Şirin dil" mahnısının səslənməsi
ilə başa çatdı.
Ruhəngiz Cəbiyevanın VII
"b" sinfində Azərbaycan dilindən
apardığı dərsin mövzusu isə "Köməkçi
nitq hissələri və onların cümlədə rolu"
idi. Burada da qruplarla iş forması seçilmiş və
sinif "Zəfər", "Qələbə" və
"İnam" qruplarına bölünmüşdü.
Dərs Dövlət himninin ifası ilə
başlandı.
Müəllim ötən dərslərdə
öyrənilənlərin təkrarı və motivasiya
üçün siniflə sual-cavab apardı. Sual-cavabla əsas
nitq hissələri, onların tərifi, cümlədə
hansı üzv olması barədə keçmiş biliklər
yada salındı və yeni dərsin mövzusu elan olundu.
Müəllim şagirdlərə dərsə
marağı gücləndirmək üçün "Nə
artıqdır" mövzusunda tapşırıq verdi.
Tapşırıqda qrammatik məna baxımından digər
sözlərdən fərqlənən sözün
tapılması nəzərdə tutulurdu.
Tapşırıq qruplar tərəfindən
düzgün cavablandırıldı və onlar bir-birlərini
qiymətləndirdilər.
Sonra motivasiya yaradıldı. Müəllim
məlumat verdi ki, dilimizdə leksik mənası olan sözlərlə
yanaşı belə mənası olmayan sözlər də
vardır ki, onlar da nitqimizdə mühüm rol oynayır.
Şagirdlərə daha bir maraqlı
tapşırıq təqdim olundu. Qruplar ekranda nümayiş
olunan 3 kinofilmdən parçalarda qəhrəmanların
nitqindəki köməkçi nitq hissələrini tapıb
göstərdilər. Sonra səhnəcik nümayiş olundu:
qoşma, bağlayıcı, ədat, modal sözlər və
nidanı təmsil edən şagirdlər bu nitq hissələrinin
əhəmiyyəti, cümlədə rolu barədə
şeir parçaları söylədilər, onlar haqqında
qısa məlumat verdilər.
Bu mərhələnin qiymətləndirilməsi
aparıldıqdan sonra mövzunun necə mənimsənildiyini
yoxlamaq üçün qruplara test tapşırıqları və
onları cavablandırmaq üçün 3 dəqiqə vaxt
verildi. Qrup liderləri düzgün cavabları təqdim etdilər
və qiymətləndirildilər.
Müəllimin
tapşırığı ilə qruplar bir-birlərinə
suallar ünvanladılar, iş vərəqlərində təqdim
olunmuş müstəqil işi həll etdilər. Verilmiş
mətndə buraxılmış köməkçi nitq hissələrinin
müəyyənləşdirilməsi və yerinə
yazılması tapşırığı da şagirdlər tərəfindən
müvəffəqiyyətlə icra olundu.
Dərsin ən maraqlı məqamlarından
biri mövzu ilə bağlı krossvordların həlli oldu.
Şagirdlər onun həlli üçün aparılan
sual-cavabda fəal iştirak etdilər. Sonra BİBÖ cədvəli
üzrə iş aparıldı və şagird qiymətləndirildi.
Həmin gün 283 nömrəli məktəb-liseydə
dinlədiyimiz üçüncü dərs VIII "c"
sinfində keçilən ədəbiyyat dərsi oldu. Dərsin
mövzusu "Qurbanəli bəy" hekayəsi və onun təhlili"
idi. Dərsi aparan müəllim Ofeliya Məmmədova da
qruplarla iş formasını seçmişdi. Onun təklifi
ilə "Molla Nəsrəddin", "Poçt qutusu",
"Naxçıvan" qruplarının liderləri özlərini
təqdim etdilər.
Dərsin məqsədi, istifadə olunan
təlim üsulları, resurslar müəllim tərəfindən
elan olunduqdan sonra ulu öndər Heydər Əliyevin
Naxçıvana səfərlərinin birindən fraqmentlər
proyektor vasitəsi ilə ekranda canlandırıldı. Səfər
zamanı ümummilli liderin Naxçıvan, xüsusilə də
məşhur Nehrəm kəndi haqqında dediyi sözlər ətrafında
müsahibə aparılmaqla motivasiya yaradıldı.
Naxçıvanın ölkəmizə
bir çox tanınmış dövlət xadimləri, alimlər,
yazıçılar, şairlər verdiyi, onlardan birinin də
Cəlil Məmmədquluzadə olduğu qeyd edildi, ədibin
yaradıcılığına qısa ekskurs olundu. Beləliklə,
mövzuya keçid təmin edildi. Qruplara kartoçkalar
paylandı, şagirdlər onların üzərində
müstəqil işlədilər. Qrup liderləri
tapşırığa verdikləri cavablarda Cəlil Məmmədquluzadənin
həyatı, əsərləri, onun nəşr etdiyi məşhur
"Molla Nəsrəddin" jurnalı haqqında xeyli biliyə
malik olduqlarını nümayiş etdirdilər, ədibin yaradıcılığına qiymət
verdilər.
Müəllim yeni mövzu ilə
bağlı sual-cavab apardı.
Həmin sual-cavab əsasında hekayənin məzmunu
şagirdlər tərəfindən nəql olundu. Şagirdlər
hekayənin qəhrəmanı Qurbanəli bəyə
münasibətlərini bildirib onun davranışını, hərəkətlərini,
sözlərini təhlil etdilər. Şagirdlərdən biri
Qurbanəli bəy qiyafəsində lövhəyə
çıxdı. Digər şagirdlər ona suallar
ünvanladılar. "Qurbanəli bəy" sualları
cavablandıraraq o vaxt nə üçün belə hərəkət
etməsini, nə üçün pristavın xanımına
yaltaqlanmasını, verdiyi sözə nə üçün
əməl etməməsinin "səbəblərini"
izah etdi.
Dərsin sonrakı mərhələlərində
şagirdlər test tapşırıqları, krossvordlar üzərində
işlədilər. Dərsin sonunda isə onlara evdə bu
mövzuda esse yazmaq tapşırıldı.
"Açıq dərs"lər
başa çatdıqdan sonra onların müzakirəsi
aparıldı. Hər üç müəllim dərsə
yaxşı hazırlaşmış, maraqlı resurslar əldə
etmişdi. Dərsin mövzusuna uyğun üsullar və
iş formaları seçmişdi. Hər üç dərsdə
İKT-dən istifadəyə geniş yer verildi, şagirdlərin
müstəqil və yaradıcı işləmələri, dərsin
bütün mərhələlərində onların fəallığı
təmin olundu. Hər mərhələ üzrə qiymətləndirmə
düzgün aparıldı və qiymətləndirmə
zamanı şagirdlər tərəfindən
yoldaşlarının fəaliyyətinə qiymət verilməsi
təşkil olundu. Maraqlı keçən hər üç
dərsdə qarşıya qoyulan məqsədlər əldə
olundu, dərsin təhsilləndirici, inkişafetdirici və tərbiyələndirici
vəzifələri yerinə yetirildi. Bütün bunları
müzakirələrdə söz alan aylığın təşkilat
komitəsinin sədri Həvva Əsgərova, üzvləri Vəzihə
Məmmədova, Zabit Yunisov, Elmira Allahverdiyeva da öz
çıxışlarında qeyd edib dərsləri yüksək
qiymətləndirdilər.
Tədbiri yekunlaşdıran 283 nömrəli
məktəb-liseyin direktoru Şükufə Axundova
"açıq dərs"ləri aparan müəllimlərin
yüksək hazırlıq və peşəkarlıq
nümayiş etdirdiklərini vurğuladı, aylıq çərçivəsində
təhsil ocağında görülmüş digər işlər
barədə məlumat verdi.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2012.- 27 aprel.- S.8.