Bərdə rayonunda coğrafiya müəlliminin təcrübəsi öyrənilir

 

Ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi bütövlükdə təhsilin inkişafına xidmət edir. Fənn kurikulumlarının tətbiqi tədrisdə dönüş yaratmışdır. Şagirdlərin aldıqları biliklər təkcə nəzəri biliklər deyil, həm də tətbiqi biliklərlə silahlandırılır, məntiqə əsaslanan təlimə çevrilir. Şagird təhlil edir, tədqiqat aparır və nəticə çıxarır.

Təhsilimizin başlıca vəzifəsi ölkəmizin gələcək  inkişaf və tərəqqisini təmin edəcək yüksək intellektual səviyyəli, elmi dünyagörüşlü, müstəqil düşünmək və yaradıcı fəaliyyət göstərmək qabiliyyətinə malik olan gənc nəslin yetişdirilməsindən ibarətdir. Təhsil sistemində aparılan islahatlar müasir dərsin məzmununun təkmilləşdirilməsi, yeni təlim texnologiyalarının tətbiqini tələb edir.

Bu sahədə Azərbaycan Müəllimlər İnstitutunda məqsədyönlü işlər aparılır. İnstitut müəllimlərin ixtisasartırma, yenidənhazırlanma təhsilləri ilə yanaşı, müasir təhsilin problemləri ilə məşğuldur. Belə ki, yeni proqramların tətbiqi ilə bağlı təşkil edilən treninqlər, fəal və interaktiv təlimlərin təşkili və təhlili sahəsində müəllimlərin qazandıqları nailiyyətlər öyrənilir və qabaqcıl təcrübələr yayılır.

Ülviyyə Eminova Bərdə rayonu N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimidir. Bərdə Rayon Təhsil Şöbəsinin müraciətini nəzərə alıb, onun təcrübəsini öyrənmək məqsədilə institutumuzun rektoru, professor, millət vəkili A.Naxçıvanlının göstərişi ilə  Bərdə rayonundakı N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbdə olduq.

Qeyd etməliyəm ki, rayonda müəllimlərin təkmilləşdirilməsinə xidmət edən 14 dayaq məntəqəsi, 4 kurikulum mərkəzi yaradılmışdır. Dayaq məntəqələrində gənc müəllimlərə köməklik məqsədi ilə seminarlar, "dəyrimi masa"lar, müəllimlərin "açıq dərs"ləri təşkil olunur. Müəllimlərin qabaqcıl təcrübələrinin öyrənilib yayılması üçün "açıq dərs"lər keçiriliryaxud müəllimlərin diskə alınmış dərsləri nümayiş etdirilir. Son 2 ildə Bərdə rayonunda 3 məktəb, 8 nəfər müəllim "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qalibi olmuşdur.

Ülviyyə müəllimin coğrafiya kabinetində olduq. Kabinet coğrafiya fənninin tədrisi ilə bağlı lazım olan  hər cür əyani vasitələrlə təchiz olunmuşdur. Ülviyyə müəllim hər bir dərsini günün tələbləri səviyyəsində qurur. Təlim prosesi zamanı kompüter, proyektor və təlimin digər texniki vasitələrindən uğurla istifadə edir. İKT vasitələrindən istifadədən böyük uğurlar əldə edərək elektron dərslər hazırlayaraq təlimə marağı artırmağa nail olur. Dərslərin yüksək səviyyədə təşkili müəllimin pedaqoji fəaliyyəti ilə bağlıdır.

2012-ci il fevralın 27-də müəllimin IX "b" sinfində "Şərqi Avropa ölkələri", VI "a" sinfində "Dünya okeanı və onun hissələri", fevralın 28-də VII "a" sinfində "Şimali Amerikanın iqlimi", VII "b"  sinfində "Şimali Amerikanın daxili suları", fevralın 29-da isə VIII sinifdə "Böyük Qafqaz fiziki-coğrafi rayonu", IX "c" sinfində isə "Rusiya Federasiyası" mövzularında "açıq dərs"lərini dinlədik. Dinlədiyimiz hər bir dərsdə yeni təlim texnologiyalarının tətbiqini, müəllimin müasir təlim üsullarından məharətlə istifadə etməsinin şagirdlərin  böyük marağına səbəb olduğunu gördük.

Birhəftəlik dərsdinləmədən və müşahidələrdən sonra Bərdə RTŞ-ın metodkabinetinin müdiri X.Osmanova, coğrafiya üzrə metodist Ş.Şükürovanın  və qabaqcıl coğrafiya müəllimlərinin iştirakı ilə müəllimin dediyi "açıq dərs"lər  müzakirə olundu.

Müzakirələr zamanı belə qənaətə gəldik ki, növbəti dərs ilində təcrübə bir daha araşdırılsın və Ülviyyə müəllimin təcrübəsinin yayılması istiqamətində tədbirlər görülsün.

Ülviyyə müəllim bütün dərslərində fəal/interaktiv təlim metodlarından bacarıqla istifadə edir, şagirdlərin maraq və ehtiyaclarını nəzərə alır, yaradıcı tapşırıqlar verməklə təfəkkürün inkişaf etdirilməsinə nail olur. Kompüterdən istifadə dərsin daha da maraqlı keçməsinə səbəb olur. Müəllim dərsdə problemli situasiya yaradaraq, şagirdləri düşünməyə sövq edərək, tədqiqatçılığa yönəldə bilir. Hiss olunur ki, şagirdlərin marağından çıxış edərək müəllim dərsi maraqlı qurur, düzgün üsulforma seçir, qiymətləndirmə vasitələrindən tam dolğun şəkildə istifadə edir.

Ülviyyə müəllim hər bir dərsinə belə yaradıcı yanaşır. Qabaqcıl müəllim kimi o, dəfələrlə fəxri fərmanlar və təltiflərə layiq görülmüşdür. Müxtəlif seminar və treninqlərdə iştirak etməsi barədə sertifikatları vardır. Dövri mətbuatda çıxış edir. 

 

 

Solmaya ƏMİRƏLİYEVA

 

Azərbaycan müəllimi.- 2012.- 27 aprel.- S.11.