"Ümmanlar
eşqilə aşıb-daşaram..."
Ofelya
xanım sözün özəl əriş-arğacını,
nurlu-dürlü çeşnilərini
incəliklərinə qədər bilir. Buna görə də qələmiylə
gözəl ilmələr vurub əlvan duyğu xalıları toxuyur.
Söhbət müəllim kimi ömrünü-gününü
şam edib
balalarımızın yolunda əridən,
şair kimi mənəvi
dünyamızı zənginləşdirmək amacına bələnən
Ofelya Babayevadan gedir.
Sumqayıtdakı
11 nömrəli məktəbin direktoru,
"Şöhrət" ordenli, əməkdar
müəllim dörd kitab
müəllifidir.
Şairənin
yüksək təbi aydın havalarda
Sumqayıtdan baxanda görünən doğma Xızı dağlarının suyundan, havasından mayalanıb. O
dağların Cəfər, Müşfiq,
Cabir, Zeynəb, Ağasəfa... kimi zirvələri var.
Xızının xınalı dağları Ofelya
xanımın ruhunun qibləgahıdır.
Özü demişkən, ruhu
dar otaqlara
sığmayanda əlçatmaz dağların
ucalığına - aləmin genişliyinə, təbiətin
təmənnasızlığına üz
tutur. Beləcə, hər yetənə həmdəm
etmədiyi bənövşə ürəyini Dübrarın qoynunda ovundurur,
Ataçayın sahilində dilə tutub
ürəkləndirir.
O,
"Müşfiq ocağı"nı yaşadanlardan, mənəvi babasının ənənəvi
poeziya günlərini hər il böyük məhəbbətlə
keçirənlərdən biridir. Mənəvi
varisin öz yaradıcılığı da oxucu marağından xali deyil. Bu
yaxınlarda işıq üzü görən
"Dünya, eşit
məni" adlı növbəti kitabı
qarşımdadır. Bu yazqabağı
dönəmdə "Güneydə əriyər qar topa-topa, quzeylər hifz edər izlərimizi" - deyən şairənin
həzin duyğuları ilə təmas məmnunluq yaradır.
Ömrümüz nə yaman
ötüşür,
Dalğalar sahillə
görüşür.
Yarpağa, çiçəyə
şeh düşür -
Yadıma düşürsən...
Nəğmə təsiri
bağışlayan belə incə, zərif notlu şeirlər
kitabda yetərincədir.
Ofelya xanımın əksər şeirlərində
onun vətəndaş ürəyi döyünür. Bu ürək
daim qayğılı və narahatdır. Sanki çevrəsində
baş verən hər şeyə görə mənəvi məsuliyyət
yükü var. "Neçə ömrə cavabdehəm",
"Gözümün giləsinə sıxmışam
kainatı", "Çiynimdə el dərdi daşıya
bilsəm..." -deyən şairə həyat məramını
belə ifadə eləyir:
Kiminsə ömrünə gərək
olmayan
Ömür istəmirəm bircə an
belə.
Bir yol şölə çəkib
alovlanmayan
Ocaq nəyə gərək yanırsa hələ?!
Gündəlik həyatın ala-boz
işlərindən yorulub, üzücü qayğılardan
sıyrılıb özüylə tək qalanda isə sanki gümüldənən
çaya, "xəzəllər altında axan irmağa"
dönür. Bax, bu zaman ovqatın şairlik üzü
görünür. Özü-özünə poetik məktublar
yazır Ofelya xanım. Onun şeirləri bər-bəzəksiz,
zər-zıbasızdır. Necə ki, çəmən
çiçəkləri dibçək güllərindən,
bərəkət zəmiləri lentli-bantlı səmənilərdən
fərqlənir, bu şeirlər də sadəliyi, təbiiliyi
ilə eləcə seçilir.
Vətənə məhəbbət
motivləri xüsusilə diqqətçəkəndir.
Şairənin hissi də, əqli də
"qida"sını vətən sevgisindən alır:
Əbədi borcluyam sənə, ey vətən,
Zərrənəm, səndədir qəlbimin
gücü.
Hər gün sənə doğru yol gəlirəm
mən,
Hisslərim sükançı, əqlim
bələdçi.
Vaxtilə Azərbaycanın xalq şairi
Mirvarid Dilbazi onun yaradıcılıq məziyyətlərini
təqdir edib: "Ofelya Babayevanın şeirlərini bizə
sevdirən cəhətlər hansılardır? Hər şeydən
əvvəl, bu poeziya nümunələrinin səmimiliyi və
təsvir olunan hadisələrin təbiiliyi mənim diqqətimi
cəlb edir. Şairə nədən yazırsa-yazsın, onu
öz şəxsi ağrıları və nəşələri
kimi yaşayır, həyat hadisələrinə fəal vətəndaş
mövqeyindən yanaşır, aktual, müasir
dünyamızı narahat edən məsələlərdən
bəhs edir".
...Şair ömrü dağ
çayına bənzəyir. Bəndə-bərəyə
sığmır, köpürüb-daşır, ümmanlara
qovuşmağa can atır. Ofelya xanımın da qismətinə
belə bir tale düşüb:
Demək istəyirəm indi ellərə,
Həsəd ediləsi ömür
yaşaram.
Hər bahar qoşulub coşan sellərə
Ümmanlar eşqilə
aşıb-daşaram.
Əli
NƏCƏFXANLI
Azərbaycan
müəllimi.- 2012.- 27 aprel.-
S.8.