AMİ-nin Ağcabədi filialında "Ürək dözmür ayrılığa..." kitabının təqdimatı olub

 

 Aprelin 18-də AMİ-nin Ağcabədi filialında tanınmış yazıçı-publisist, əməkdar jurnalist,  "Xalq qəzeti"nin bölgə müxbiri Ziyəddin Sultanovun "Ürək dözmür ayrılığa..." kitabının təqdimat mərasimi keçirildi.  Mərasimdə filialın professor-müəllim heyətilə bərabər, Ağcabədi Rayon İH-nin humanitar məsələlər üzrə müavini Ə.Tapdıqov, rayon mədəniyyət şöbəsinin müdiri R.Quliyev, rayon təhsil şöbəsinin müdiri M.Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədr müavini  N.Bünyadov, gənc şairə M.Musa və başqaları iştirak edirdilər.

Filialın direktoru, professor X.Məmmədov mərasim iştirakçılarını salamladı və bildirdi ki, bu gün təqdimatına toplaşdığımız "Ürək dözmür ayrılığa..." kitabının müəllifi Ziyəddin Sultanov Qarabağ münaqişəsinin başlandığı gündən cəbhə bölgələrində olmuş, ön cərgələrdə düşmənə qarşı mübarizədə döyüşmüş, baş verən hadisələrin canlı şahidi olmuşdur. Qarabağ münaqişəsini və onun dəhşətlərini ürək ağrısı ilə ədəbi tariximizə köçürən Z.Sultanov həmin hadisələrin təsiri ilə dolğun, bitkin, biri digərindən oxunaqlı silsilə əsərlər yaratmışdır. Belə əsərlərdən biri də bu gün işığına toplaşdığımız "Ürək dözmür ayrılığa..." kitabıdır.

200 ildən artıq bir vaxtdır ki, cürbəcür havadarlarının himayəsilə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən erməni daşnaklarının törətdiyi qanlı cinayətlərin ardı-arası kəsilmir. Həmin cinayətkar əməllərin tərkib hissəsi olan Qarabağ münaqişəsi "Ürək dözmür ayrılığa..." kitabının müəllifi Ziyəddin  Sultanovun demək olar ki, ədəbi fəaliyyətinin, yaradıcılıq axtarışlarının bədii qənaətinə, əsərlərinin başlıca mövzusuna və ideya istiqamətinə çevrilmişdir. Kitabda toplanmış povest və hekayələr əli qanlı düşmənə nifrət, vətənə, torpaqlarımız uğrunda şəhid olmuş qardaş-bacılarımızın müqəddəs ruhlarına məhəbbət, sədaqət hissləri ifadə etməkdədir.

Sonra xalqımızın müstəqilliyi, azadlıq mübarizəsi və torpaqlarımızın toxunulmazlığı uğrunda döyüşlərdə həlak olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

"Ürək dözmür ayrılığa..." əsərinin ideya-bədii xüsusiyyətləri" mövzusunda məruzə edən filialın pedaqoji fakültəsinin dekanı, dosent M.Fərzəliyeva öncə Ziyəddin Sultanovun şərəfli, mənalı ömür yolundan, Azərbaycan mətbuatı sahəsində çalışdığı 45 illik ədəbi fəaliyyətindən, çoxlu sayda sanballı əsərlərin, məqalə və oçerklərin müəllifi olmasından fəxarətlə bəhs etdi, sənətkarın özünəməxsus yazı və üslub xüsusiyyətlərindən danışdı.

Filialın ümumi elmi fənlər kafedrasının müdiri T.Kərimli "Ürək dözmür ayrılığa..." əsərinin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda məruzəsində bildirdi ki, sözügedən kitabda yazıçı-publisist Z.Sultanovun müxtəlif illərdə qələmə aldığı əsərlər - Qarabağ münaqişəsinə, yurd itkisinə, həmçinin ölümün gözünə dik baxan el oğullarının şücaətinə həsr olunmuş sənədli povest və hekayələri toplanmışdır.

Məruzəçi qeyd etdi ki, Ziyəddin Sultanovun digər əsərləri kimi "Ürək dözmür ayrılığa..." kitabında da istər yurd yerlərimizin təsvirindəki doğma yurda bağlılıq hissi, istərsə də faciəli həyatını qələmə aldığı Azərbaycan insanının müqəddəs vətən torpağı uğrunda canından keçməsinə bəslədiyi sonsuz məhəbbət  gəncliyin  sağlam ruhda tərbiyələnməsinə əvəzsiz töhfələrini verəcəkdir.

Məruzələr ətrafında filialın ana dili, ədəbiyyat və tədrisi metodikası kafedrasının dosentləri V.Allahverdiyev, S.Məmmədov, gənc şairə, Heydər Əliyev muzeyinin əməkdaşı Məhsəti Musa, Ağcabədi Rayon İH-nin humanitar məsələlər üzrə müavini Ə.Tapdıqov çıxış etdilər.

Sonra "Ürək dözmür ayrılığa..." kitabının müəllifi, yazıçı-jurnalist Ziyəddin Sultanov çıxış edərək mərasim iştirakçılarını salamladı, müzakirə olunan kitabın təqdimat mərasimi üçün zəhmət çəkən, başda rayon icra hakimiyyəti olmaqla hər kəsə, filial kollektivinə və KİV əməkdaşlarına dərin təşəkkürünü bildirdi. Yazıçı oxucu auditoriyasını maraqlandıran suallara cavab verdi.

Tədbiri yekun sözü ilə bağlayan professor X.Məmmədov xalqımızın ağrılı-acılı taleyini yazan və hər sətrində Vətən nisgili duyulan qeyrətli eloğlumuzu yaratdığı mükəmməl əsərin işıq üzü görməsi münasibətilə ürəkdən təbrik etdi, ona ömrünün kamilləşən çağında bar-bəhərli sənətkar ömrü arzuladı. 

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2012.- 27 aprel.-  S.6.