Təhsil Şurasının iclasında musiqi təhsilinin vəziyyəti müzakirə olunub

 

Aprelin 13-də Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecində respublika Təhsil Şurası İdarə Heyətinin genişləndirilmiş iclası keçirildi. Öz yığıncaqlarını hər dəfə təhsilimizin aktual problemlərindən birinə həsr edən Şuranın budəfəki iclasında "Azərbaycan təhsil sistemində musiqi məktəblərinin (təhsilinin) yeri" mövzusunda məsələ müzakirəyə çıxarılmışdı. İclasda Təhsil Şurası İdarə Heyətinin üzvləri ilə yanaşı, ölkəmizdə musiqi təhsilinin inkişafında xüsusi xidmətləri olan musiqişünas və pedaqoq alimlər, mədəniyyət və turizm, təhsil nazirliklərinin mütəxəssisləri, bəzi musiqi məktəblərinin direktorları iştirak edirdilər.

İclası giriş sözü ilə açan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev Azərbaycanın təhsil sistemində musiqi təhsilinin xüsusi yeri olduğunu, bu baxımdan müzakirəyə çıxarılmış mövzunun aktuallıq kəsb etdiyini söylədi və iclasın gündəliyi haqqında məlumat verdi.

Gündəliyə uyğun olaraq öncə təhsildə uzun illər səmərəli fəaliyyətlərinə görə Təhsil Şurası İdarə Heyətinin qərarına əsasən "Ləyaqət" diplomu ilə təltif olunmuş Şuranın İdarə Heyətinin üzvləri, əməkdar müəllim Aliyə Təhmasib və "Tərəqqi" medallı Nəriman Hüseynova layiq görüldükləri mükafatlar verildi.

Sonra Musiqi Kolleci tələbələrinin ifasında konsert proqramı təqdim olundu. Kollecin müxtəlif kurslarında təhsil alan tələbələrin bir-birindən maraqlı musiqi nömrələri iştirakçıların alqışları ilə qarşılandı.

Mövzu ətrafında ilk olaraq Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov çıxış etdi. Azərbaycanda musiqi təhsilinin inkişafında dahi bəstəkar Üzeyir Hacıbəylinin xüsusi rolu olduğunu vurğulayan Nazim Kazımov məhz onun tərəfindən düzgün qurulmuş musiqi təhsili sayəsində ötən əsrdə ölkəmizdə Qara Qarayev, Fikrət Əmirov və digərləri kimi görkəmli sənətkarların yetişdiyini diqqətə çatdırdı. O, mədəniyyətimizin dünyaya tanıtdırılmasında musiqimizin böyük rolu olduğunu deyərək bildirdi ki, bu sahədəki uğurlarımızın əsas səbəbi ölkəmizdə musiqi təhsilinin hələ sovet dönəmindən çoxpilləli mərhələlər şəklində qurulması, ilkin, orta ixtisas və ali musiqi təhsili müəssisələrinin geniş şəbəkəsinin fəaliyyət göstərməsidir.

Musiqi təhsilində uğurlarımızla yanaşı, çoxsaylı problemlərin də olduğuna diqqət çəkən professor Nazim Kazımov bu problemlər arasında orta ixtisas və ali musiqi təhsili müəssisələrinə qəbulun test imtahanları vasitəsi ilə aparılması səbəbindən bir neçə bala görə istedadlı şagirdlərin kənarda qalmasını xüsusi qeyd etdi. Vurğuladı ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası uşaq musiqi məktəbini bitirməyənlərin sənədini qəbul etmir. Bu səbəbdən də çoxlu istedadlı gənc musiqi təhsili ala bilmir. Onun sözlərinə görə, musiqidə, təsviri sənətdə və idmanda test özünü doğrultmur. "Biz istedadlara maneələr yaratdıqca onlar bizdən uzaqlaşır. Əgər belə getsə gələcəkdə biz yaxşı musiqiçiləri, xüsusən də ayrı-ayrı musiqi alətləri üzrə ifaçıları xaricdə axtarmalı olacağıq".

Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi iclasda çıxış edərək musiqimizin real vəziyyəti və perspektivlərinə həsr olunmuş belə tədbirlərin mühüm əhəmiyyət daşıdığını bildirdi. Musiqi sahəsində böyük nailiyyətlərimizin olduğunu deyən S.Kərimi mədəniyyətimizin dünya miqyasında təbliğ olunmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gördüyü işləri, xüsusən də Mehriban xanımın xarici səfərlərə özü ilə musiqi kollektivlərini də aparmasını, onların dünyanın böyük konsert salonlarında çıxışlarını, keçirilən muğam festivallarını yüksək qiymətləndirdi, bütün bunların mədəniyyətimizin tanıdılması baxımından önəmli rol oynadığını söylədi. Çıxışında musiqi təhsilinin bəzi problemlərinə də toxunaraq bildirdi ki, musiqi məktəblərinin konservatoriyadan, ali məktəb, kollec strukturlarından tam ayrı bir strukturun tərkibində fəaliyyət göstərməsi bu müəssisələr arasında zəncirvariliyi qırır. Bu gün ali musiqi təhsili alanların böyük əksəriyyəti musiqi məktəblərində işlə təmin oluna bilmir. Çünki vakant yer yoxdur. Ucqar kəndlərə işləməyə gedən musiqi mütəxəssisləri üçün ümumtəhsil məktəblərində olduğu kimi güzəştlər nəzərdə tutulmur.

S.Kərimi çıxışının sonunda musiqi təhsili ilə yalnız konservatoriyaların məşğul olmasını təklif etdi.

Bəstəkar, professor Oqtay Rəcəbov da çıxışında müasir dövrdə musiqidə nailiyyətlərin olduğunu dilə gətirib, muğamın, aşıq musiqisinin dünya səviyyəsində təbliğ olunmasını təqdirəlayiq hal saydı. Bütün bunların arxasında böyük zəhmətin durduğunu deyən O.Rəcəbov eyni zamanda musiqi təhsilində problemlərin də mövcud olduğunu bildirdi.

Professor Vidadi Xəlilov çıxışında muğamın estetik tərbiyədəki rolundan, musiqi tədrisində milliliyi gözləməyin əhəmiyyətindən bəhs etdi.

İclasda söz alan Mədəniyyət və Turizm Nazirliyi Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev ölkədəki musiqi təhsili müəssisələri, onlarda tədris olunan ixtisaslar haqqında məlumat verərək bildirdi ki, musiqi təhsili bu gün ölkə başçısı cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı  Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuşdur. Bu gün ölkədə həyata keçirilən islahat proqramları çərçivəsində musiqi məktəbləri də inkişaf edir.

Təhsil Nazirliyi Aliorta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Ənvər İmanov isə  musiqi təhsilinin təhsil sistemindəki yerirolundan, musiqi təhsili proqramlarını həyata keçirən musiqi təhsili müəssisələrinin tiplərindən, ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənətimizin inkişafına, görkəmli mədəniyyət və incəsənət xadimlərinə, xüsusən də gənc istedadlara göstərdiyi diqqət və qayğıdan söz açdı. Bildirdi ki, bu ənənə hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Musiqi irsimizin inkişafında xüsusi xidmətləri olan insanlar indi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.

Ə.İmanov qeyd etdi ki, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən mədəni irsimizin qorunması sahəsində son illər xeyli işlər görülmüşdür.

Sonda Ə.Ağayev iştirakçılara minnətdarlığını bildirib, iclasda səsləndirilmiş təkliflərin ümumiləşdirilərək müvafiq strukturlara təqdim olunacağını söylədi.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2012.- 27 aprel.- S.6.